Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3693/2025 29.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, müqavilənin xitamı, avans) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005/AZZA №-li interyer dizayn xidmətləri üzrə müqaviləyə xitam verilməsi, ödənilmiş 17300 manat məbləğin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 005/AZZA №-li interyer dizayn xidmətləri üzrə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İcraçı (Cavabdeh) Sifarişçinin (İddiaçı QSC) tələblərinə uyğun xidmətlər üzrə “X1”ndə İnzibati Binanın ikinci mərtəbəsinin ofis hissəsinin və bütün sahələrinin həmin mərtəbədə yerləşən yeməkxananın interyer dizaynına aid xidmətləri yəni, sahələrin tikinti planları, mebellərin yerləşmə planı, elektrik planı, tavan planı, döşəmə planı, divar açılışı, kafel və metlax açılışı, dolab bloklarının hazırlanması üçün çertyojları, şüşə bloklarının elementlərinin sıyahısının verilməsini yerinə yetirməyi, tam hazır vəziyyətdə xidmətləri Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə İcraçıya təhvil aldığı xidmətlərin müqabilində bu Müqavilədə üzrə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği ofis hissəsi 12 azn/m2 nəzərə almaqla 1350 m2 yəni 16200 manat, yeməkxana hissəsi 5 azn/m2 nəzərə almaqla 220 m2 yəni 1100 manat, ümumilikdə 17300 manat olmuşdur. 30 avqust 2022-ci il tarixli elektron qaimədən görünür ki İddiaçı QSC tərəfindən müqavilə üzrə Cavabdeh 17300 manat tam olaraq ödənilmişdir. Ödənişin tam şəkildə təhvil-təslim aktları təhvil verilmədən edilməsi İcraçının xahişi əsasında mümkün olmuşdur. Sifarişçi tərəfindən ödənişin tam həcmdə ödənilməsinə baxmayaraq, müqavilə üzrə yerinə yetirilməli işlər bu günə qədər icra edilməmişdir, yəni xidmətlər təhvil verilməmiş, müqavilənin 2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Halhazırda, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün razılaşdırılmış müddətdən iki ildən çox vaxt keçdiyindən müqavilənin 12-ci maddəsinə əsasən müqaviləyə xitam verilməsini və müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək məcburiyyətindədirlər. İddiaçı QSC tərəfindən məhkəməyə qədər nizamlama (pretenziya) qaydasında verilmiş 07 aprel 2025-ci il tarixli məktuba cavabdeh tərəfindən cavab verilməmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı QSC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 005/AZZA №-li interyer dizayn xidmətləri üzrə müqavilə şərtlərinin yerinə yetrirlməməsi səbəbindən geri qaytarılması tələb edilən 17300 manat məbləğin İddiaçı QSC-yə qaytarılmasını yerinə yetirməkdən yayınır. İddiaçı QSC daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005/AZZA No-li interyer dizayn xidmətləri üzrə müqaviləyə xitam verilməsi, ödənilmiş 16600 manat məbləğin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin azaldılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində 17300 manat məbləği tələbi 30 avqust 2022-ci il tarixli elektron qaiməyə əsaslanmışdır. İddiaçı tərəfin maliyyə bölməsindən təqdim olunmuş 26 may 2022-ci il tarixli 5241 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən xx.xx.2022-ci il tarixli, 005/AZZA №-li interyer dizayn xidmətləri üzrə müqaviləsi üzrə 10700 manat avans ödəniş edilmişdir. Digər, 05 mart 2022-ci il tarixli 2880 nömrəli ödəniş tapşırığından görünür ki, xx.xx.2022-ci il tarixli, 005/AZZA №-li interyer dizayn xidmətləri üzrə müqaviləsi üzrə "xxxx" QSC tərəfindən 5900 manat avans ödəniş edilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən 30 avqust 2022-ci il tarixli elektron qaimədə 17300 manat məbləği göstərilsə də, xx.xx.2022-ci il tarixli, 005/AZZA №-li interyer dizayn xidmətləri üzrə müqaviləsi üzrə "xxxx" QSC tərəfindən cəmi 16600 manat məbləğində avans ödəniş edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişdir ki, tərəflə xidmət müqaviləsi bağlanılmışdır. İlkin cüzi işlər görülsə də, lakin tamamlanmamışdır. Qarşı tərəf onlarla anlaşma etməmiş, sonradan Almaniyaya gedib əlaqəni kəsmişdir. İddiaçı həmin işləri başqa şəxsə icra etdirmişdir. Məhkəməyə iddia ərizəsi təqdim edərkən maliyyə bölməsindən düzgün məlumat verilmədiyinə görə sonradan iddia tələblərini dəqiqləşdirmişlər. Sonuncu tələblərinə əsasən, onlar tərəfindən 2 dəfə ödəniş həyata keçirilmişdir: 10700 manat avans ödəniş və 5900 manat avans ödəniş. Odur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005/AZZA No-li interyer dizayn xidmətləri üzrə müqaviləyə xitam verilməsi, ödənilmiş 16600 manat məbləğin “Azza" QSC-yə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehə məhkəmə baxış iclası barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etmədiyini, buna görə də işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı QSC (Sifarişçi) ilə Cavabdeh (İcraçı) arasında bağlanmış 24 fevral 2022-ci il tarixli 005/AZZA nömrəli müqavilədən görünür ki, İcraçı, Sifarişçinin tələblərinə uyğun xidmətlər üzrə “X1”ndə İnzibati Binanın ikinci mərtəbəsinin ofis hissəsinin və bütün sahələrinin həmin mərtəbədə yerləşən yeməkxananın interyer dizaynına aid xidmətləri yəni, sahələrin tikinti planları, mebellərin yerləşmə planı, elektrik planı, tavan planı, döşəmə planı, divar açılışı, kafel və metlax açılışı, dolab bloklarının hazırlanması üçün çertyojları, şüşə bloklarının elementlərinin sıyahısının verilməsini yerinə yetirməyi, tam hazır vəziyyətdə xidmətləri Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə İcraçıya təhvil aldığı xidmətlərin müqabilində bu Müqavilədə üzrə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 2.1-ci maddəsinə əsasən, müqavilənin ümumi məbləği ofis hissəsi 12 azn/m2 nəzərə almaqla 1350 m2 yəni 16200 manat, yeməkxana hissəsi 5 azn/m2 nəzərə almaqla 220 m2 yəni 1100 manat, ümumilikdə 17300 manat olmuşdur. Bu müqavilənin 2.2-ci maddəsinə əsasən, müqavilə üzrə ödəmələr köçürmə yolu ilə həyata keçiriləcəkdir. Bu müqavilənin 2.3-cü maddəsinə əsasən, bu müqavilənin mövzusunda qeyd olunan xidmətlər İcraçı tərəfindən müqavilə imzalanan gündən 2 (iki) ay ərzində yerinə yetiriləcəkdir. Bu müqavilənin 12.1-ci maddəsinə əsasən, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, narazı Tərəf digər Tərəfə yazılı bildiriş verməklə müqaviləni dərhal bütövlüdə və ya qismən ləğv edə bilər. Bu müqavilənin 12.2.1-ci maddəsinə əsasən, İcraçı müqavilədə nəzərdə tutulmuş xidmətlərin icrasını özünün və ya işçilərinin, kontragentlərinin, təmsilçilərinin təqsirindən 60 (altmış) gündən artıq müddətə gecikdirdikdə müqavilə xitam edilə bilər. EBCС seriyalı, 817572 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 17300 manat məbləğində görülmüş işlərin dəyəri Cavabdeh tərəfindən “Azza" QSC-yə ödənilməsi üçün təqdim edilmişdir. 05 mart 2022-ci il tarixli 2880 nömrəli ödəniş tapşırığına əsasən, “Azza" QSC tərəfindən Cavabdeh hesabına 5900 manat pul vəsaiti köçürülmüşdür. 26 aprel 2022-ci il tarixli 5241 nömrəli ödəniş tapşırığına əsasən, “Azza" QSC tərəfindən Cavabdeh hesabına 10700 manat pul vəsaiti köçürülmüşdür. “Azza" QSC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı hazırkı məktub alınan tarixdən 5 (beş) iş günü ərzində müqaviləyə birtərəfli qaydada xitam verilmiş hesab olunmasını, hazırkı məktubun həmçinin bildiriş kimi qiymətləndirilməsini bildirmiş və 17300 manat pul vəsaitinin 5 (beş) iş günü ərzində müqavilədə göstərilmiş bank hesabına geri qaytarılmasını tələb etmişdir. xx.xx.2025-ci il tarixli **********29 saylı mədaxil qəbzinə əsasən “Azza" QSC tərəfindən dövlət büdcəsinə 142 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq smrətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir.....Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...”. Həmçinin həmin Qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 24 fevral 2022-ci il tarixli 005/AZZA nömrəli Layihə-Dizayn xidməti üzrə müqaviləyə əsasən podrat münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş muzdu cavabdehə avans şəkilində öncədən ödəsə də, cavabdeh tərəfindən müqavilə üzrə işlər tam icra edilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin ödəniş tapşırığı ilə iddiaçının cavabdehə 10700 və 5900 avand ödənişlər etdiyi təsdiq olunur. Hazırda iddiaçı müqavilədə nəzərdə tutulmuş işləri başqa şəxsə icra etdirdiyi üçün artıq həmin müqaviləyə marağı qalmamışdır. Cavabdeh iddiya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının avans şəkilində ödədiyi muzdu cavabdehdən tələb etmək hüququ vardır. İddia tələbinin birinci hissəsi icarə müqaviləsinin ləğv edilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinə cavabdeh müqaviləni əhəmiyyətli dərəcə pozduğu üçün faktiki olaraq xx.xx.2025-ci il tarixli pretenziya ilə xitam verildiyindən xx.xx.2022-ci il tarixli, 005/AZZA №-li interyer dizayn xidmətləri üzrə müqavilə xx.xx.2025-ci il taixdən xitam verilmiş hesab edilməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, onun hərəkətləri nəticəsində iddiaçının müqaviləyə marağının itdiyini, iddiaçının ödənilmiş avansın geri qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 16600 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın təmin olunmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş 142 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005/AZZA №li interyer dizayn xidmətləri üzrə müqaviləyə xitam verilmiş hesab edilsin. Cavabdeh 16600 (on altı min altı yüz) manat borc və ödənilmiş 142 (yüz qırx iki) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3693/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3693/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver