Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3729/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, sübutetmə vəzifəsi, öhdəlikdən kənar ödənilmiş pul, əsassız varlanma, iddia müddəti, iddia müddətinin axımının dayandırılması və kəsilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə artıq ödənilmiş 25071,18 manat məbləğində pulun və ödənilmiş 166 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AZ-PT/2020-057R saylı podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı müqavilədə qeyd edilən xidmətlərin göstərilməsinin sifariş verilməsini və cavabdehə razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada qeyd olunan işləri icra etməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada icra etsə də, cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və ödənilmiş məbləğin artıq qalan hissəsini iddiaçıya geri qaytarmamış və həmin məbləğin qaytarılmasından əsassız olaraq imtina etmişdir. Qeyd edilən artıq ödənişin müəyyən olunması üçün sərbəst auditə müraciət olunmuş, sərbəst audit tərəfindən verilən rəyə əsasən 25071,18 manat məbləğində artıq ödəniş müəyyən olunmuşdur. Öhdəliyin vaxtında icra edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməkdən boyun qaçırmış və məsuliyyətdən yayınaraq əsassız varlanma nəticəsində əldə etdiyi 25071,18 manat pul məbləğinin iddiaçıya ödənilməsindən imtina etmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 390, 442, 445.2, 448.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclaslarında iştirk edən iddiaçının nümayəndələri X2 və Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdilər ki, ünvan 1 ünvanında görülən işlə bağlı bir müqavilə bağlanıb, həmin müqavilə üzrə cavabdehin iddiaçıya olan borcu 25071,18 manat təşkil edir. Hazırda iddia tələbinin faktiki əsasını tərəflər arasında bağlanmış digər müqavilələr təşkil etmir. Həmçinin bildirdi ki, qeyd olunan borcun həcmi auditor tərəfindən tərtib edilmiş və məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli akt ilə təsdiq olunur.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X1 “Forma 2” aktının 02 mart 2021-ci il tarixdə bağlandığını, məhkəməyə 2024-cü ilin may ayında müraciət edildiyini, tərəflər arasında həmin müddət ərzində mediasiya prosesinin də keçirildiyini, beləliklə, iddia müddətinin ötmədiyini bildirdi.
7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə3 xx.xx.2024-cü tarixli hazırlıq iclasında tərəflər arasında bir neçə müqavilə bağlandığını, xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə 25071 manat artıq ödənişi qəbul etdiklərini bildirmiş, daha sonrakı məhkəmə iclaslarında mühasibatlıqla dəqiqləşdirilmə aparıldığını, cavabdehin iddiaçıya borcu olmadığını göstərmişdir. Eyni zamanda qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən ödənişlər tam edilməmiş, ümumilikdə 151 177,3 manat ödəniş edilmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı və cavabdeh arasında bir sıra müqavilələr üzrə üç layihə işlənmişdir. İddiaçının səhvən ödəniş etdiyini bildirdiyi 39667,63 manat əsas və 7140,17 manat ƏDV ödənişinin hansı müqavilə üzrə ödənildiyi müəyyən edilmir. İddiaçının istinad etdiyi audit rəyi isə, demək olar ki, yanlışlıqlarla doludur. Belə ki, təqdim edilən xx.xx.2023-cü il tarixli aktın ikinci səhifəsindəki birinci cədvəldə təhvil aktları əsasında görülən işlərin dəyəri göstərilsə də, 9300 manat dəyərində olan təhvil aktı orada öz əksini tapmamışdır. İkinci cədvəldə isə dörd ödəniş üzrə ödənildiyi deyilən ədədlərin cəmi 140 717,51 olsa da, audit 197 985,10 ədədini çıxartmışdır. Göründüyü kimi, artıq ödənişin olduğu iddia edilən auditin aktı qüsurludur və bu aktı tərtib edən audit məhkəməyə izahat verməlidir. Səhvən ödənildiyi iddia edilən 39 667,63 manat ilə iddia ərizəsində göstərilən məbləğ arasında ciddi fərq vardır. Bundan başqa səhvən ödənildiyi iddia edilən 39 667,63 manat isə ödəniş tapşırığından da göründüy kimi xx.xx.2020-ci il tarixində edilmişdir. Müqavilələrdən əmələ gələn tələblər üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı isə ödənişi səhvən xx.xx.2020-ci il tarixində etmişdir. Tərəflər arasında olan müqavilələr üzrə görülən işlərin ödənişləri, demək olar ki, eyni tarixlərə düşür. İddiaçı isə xx.xx.2020-ci il tarixli AZ- PT/2020-057R saylı müqavilə üzrə artıq ödənilmiş 25071,18 manatı tələb edir. Halbuki təqdim edilən təhvil aktlarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya 154 172,22 manat dəyərində (ƏDV-siz) işlər təhvil verilmişdir (ƏDV daxil 181 923,21). İddiaçı isə təqdim edilən elektron qaimələrə əsasən xx.xx.2020-ci il tarixli AZ-PT/2020-057R saylı müqavilə üzrə 128 116,35 manat pul ödəmişdir. Təqdim edilən sənədlərə əsasən xx.xx.2020-ci il tarixli AZ-PT/2020-057R saylı müqavilə üzrə cavabdehin iddiaçıya hazırda 22 642 manat borcu vardır. Adıçəkilən müqavilə üzrə iddiaçıya heç bir borcun olmaması və göstərilənlər nəzərə alınaraq, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair yekun məhkəmə aktı çıxarılmalıdır.
9. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclaslarında iştirak edərək ərizənin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi.
10. İddiaçı məhkəmənin sonuncu baxış iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında 08 sentyabr 2020-ci il tarixli AZ-PT/2020-057R nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçının sifarişi, müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan iddiaçının təqdim etdiyi layihə sənədlərində, spesifikasiyalarda, texniki tapşırıq və şərtnamələrdə göstərilən şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, iddiaçı isə cavabdehin müqaviləyə uyğun, razılaşdırılmış keyfiyyətdə və miqdarda yerinə yetirdiyi işləri qəbul edib dəyərini müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. – Həmin müqaviləyə 08 sentyabr 2020-ci il tarixli 01 nömrəli əlavə olan qiymətlərin razılaşma protokolu №1 ilə ünvan 2 ünvanında yerləşən İddiaçı binasının tikintisində cəbhə vitraj işlərinin görülməsi ilə bağlı ümumilikdə ƏDV daxil olmaqla 118 967,6 manat dəyərində işin dəyəri razılaşdırılmış, işlərin xx.xx.2020 – xx.xx.2020-ci il tarixlərində görülməsi, iddiaçı tərəfindən avans olaraq ƏDV daxil olmaqla 35690,28 manat məbləğində pulun (müqavilənin dəyərinin 30%-i) ödənilməsi, təhvil-qəbul aktına əsasən “Forma 2” aktlarının təsdiqindən sonra 10 iş günü ərzində qalan məbləğin ödənilməsi şərtləşdirilmişdir. Qeyd edilən protokol üzrə hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 34538,6 manat, 13 noyabr 2020-ci il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 70811,8 manat olmaqla ümumilikdə 105 350,4 manat dəyərində işlər təhvil alınmış, 15 oktyabr 2020-ci il tarixli qüsur aktı ilə cavabdeh tərəfindən əlavə olaraq ƏDV daxil olmaqla 4028,99 manat dəyərində işin görülüdüyü təsdiq edilmişdir. Həmçinin digər təhvil-təslim aktı ilə daha 10974 manat dəyərində iş təhvil alınmışdır. – Həmin müqaviləyə 02 dekabr 2020-ci il tarixli 03 nömrəli əlavə olan qiymətlərin razılaşma protokolu №2 ilə ünvan 2 ünvanında yerləşən İddiaçı binasının tikintisində əlavə cəbhə vitraj işlərinin görülməsi ilə bağlı ümumilikdə ƏDV daxil olmaqla 72307,12 manat dəyərində işin dəyəri razılaşdırılmış, işlərin xx.xx.2020 – xx.xx.2020-ci il tarixlərində görülməsi, iddiaçı tərəfindən avans olaraq ƏDV daxil olmaqla 28922,25 manat məbləğində pulun (müqavilənin dəyərinin 40%-i) ödənilməsi, təhvil-qəbul aktına əsasən “Forma 2” aktlarının təsdiqindən sonra 10 iş günü ərzində qalan məbləğin ödənilməsi şərtləşdirilmişdir. Qeyd edilən protokol üzrə hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 60695,92 manat iş təhvil alınmışdır. – Həmin müqaviləyə 19 yanvar 2021-ci il tarixli 04 nömrəli əlavə olan qiymətlərin razılaşma protokolu №3 ilə ünvan 2 ünvanında yerləşən İddiaçı binasının tikintisində əlavə cəbhə vitraj işlərinin görülməsi ilə bağlı ümumilikdə ƏDV daxil olmaqla 6867,6 manat dəyərində işin dəyəri razılaşdırılmış, işlərin xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərində görülməsi, iddiaçı tərəfindən təhvil-qəbul aktına əsasən “Forma 2” aktlarının təsdiqindən sonra 10 iş günü ərzində işlərin dəyərinin ödənilməsi şərtləşdirilmişdir. Qeyd edilən protokol üzrə hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 2838,608 manat iş təhvil alınmışdır. – Elektron qaimə-fakturalara əsasən, xx.xx.2020-ci il tarixli EBAR 909878 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 34538,6 manat, xx.xx.2020-ci il tarixli EBAT 036710 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 70811,8 manat, xx.xx.2021ci il tarixli EBAW 120255 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 10974 manat, xx.xx.2021-ci il tarixli EBAW 412702 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 7293 manat, xx.xx.2021-ci il tarixli EBAW 413013 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 76790,16 manat dəyərində olmaqla ümumilikdə ƏDV daxil olmaqla 200 407,56 manat dəyərində işin görülməsi üçün tərtib edilmişdir. – Ödəniş tapşırıqları və icra qeydlərinə əsasən, xx.xx.2020-ci il tarixdə 30246 manat əsas məbləğ, 5444,28 manat ƏDV məbləği, xx.xx.2020-ci il tarixdə 21828,47 manat əsas məbləğ və 3929,13 manat ƏDV məbləği, xx.xx.2020-ci il tarixdə 39667,63 manat əsas məbləğ və 7140,17 manat ƏDV məbləği, xx.xx.2020-ci il tarixdə 24510,38 manat əsas məbləğ və 4411,87 manat ƏDV məbləği, xx.xx.2021-ci il tarixdə 5238 manat əsas məbləğ və 942,84 manat ƏDV məbləği, 46293,5 manat əsas məbləğ və 8332,83 manat ƏDV məbləği olmaqla ümumilikdə ƏDV daxil 197 985,1 manat məbləğində ödəniş edilmişdir.
15. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş ümumilikdə ƏDV daxil olmaqla 197 985,1 manat məbləğində puldan xx.xx.2020-ci il tarixli və 13 noyabr 2020-ci il tarixli təhvil-təslim aktlarına əsasən qəbul edilmiş işlərin dəyəri olaraq 105 350,4 (70811,8+35538,6) manat, 15 oktyabr 2020-ci il tarixli qüsur aktı ilə görülmüş işlərin dəyəri olaraq 4028,99 manat, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən qəbul edilmiş işlərin dəyəri olaraq 60695,92 manat və 2838,608 manat çıxılmaqla artıq ödənilmiş 25071,18 (197985,1 – 105 350,4 – 4028,99 – 60695,92 – 2838,608) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
16. Cavabdeh iddiaya etiraz edərək artıq ödəmə olmadığından və mülki qanunvericilikdə müqavilə tələbləri üçün təsbit edilən 3 illik iddia müddəti ötdüyündən iddianın rədd edilməsini xahiş edir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
19. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
20. Podrat müqaviləsi üzrə yerinə yetirilmiş işin qəbul edilməsindən bəhs edən Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
21. Məhkəmə qeyd edir ki, təqdim edilən təhvil-təslim aktlarına əsasən, xx.xx.2020ci il tarixdə ƏDV daxil olmaqla 34538,6 manat, 13 noyabr 2020-ci il tarixdə ƏDV daxil olmaqla 70811,8 manat, daha sonra 10974 manat, xx.xx.2021-ci il tarixdə ƏDV daxil olmaqla 60695,92 manat və 2838,608 manat olmaqla cəmi 179 858,928 manat və 15 oktyabr 2020-ci il tarixli qüsur aktı ilə ƏDV daxil olmaqla 4028,99 manat, ümumilikdə isə 183 887,918 manat dəyərində işlər təhvil alınmışdır. Lakin iddiaçı cavabdeh tərəfindən görülmüş işlərin ümumi həcmini hesablayarkən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 10974 manat dəyərində işi nəzərə almamışdır.
22. Belə olan halda, iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin həcminin 14097,18 (iddiaçının tələb etdiyi 25071,18 manat - nəzərə alınmayan işin dəyəri 10974 manat) manat olduğu müəyyən olunur. Bu səbəbdən qalan məbləğin cavabdehdən tutulması hissəsində iddia əsassız olduğundan rədd edilməlidir.
23. Cavabdeh 14097,18 manat məbləğin iddiaçı tərəfindən başqa müqavilə üzrə öhdəliyin icrası məqdəsi ilə ödənilməsini isə sübut edə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
24. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
25. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
27. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddia müddətinin tətbiq edilməsi üçün iddiaçının subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
28. Hazırkı halda isə iddiaçı 14097,18 manat məbləğində pulun tutulması hissəsində əsassız varlanma qaydasında subyektiv hüquqa malikdir, həmin subyektiv hüquq isə cavabdeh tərəfindən pozulmuşdur.
29. Lakin Mülki Məcəllənin 372-ci maddəsinə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
30. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir.
31. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
32. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
33. Göründüyü kimi, Mülki Məcəllənin 1095-ci maddəsi ilə əsassız varlanmadan yaranan iddia tələbləri üzrə qısaldılmış iddia müddəti müəyyən edilmiş, həmin müddətin əsassız varlanma obyektini qaytarmaq tələblərində məhrum olana öz hüququ məlum olduğu andan 2 il təşkil etdiyi təsbit edilmişdir. Bu mənada iddiaçının subyektiv hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu müddət iddia müddətinin başlanğıc anının hesablanması üçün müəyyən edilməlidir.
34. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
35. Məhkəmə qeyd edir ki, işlərin təhvil alınması ilə bağlı sonuncu təhvil-təslim aktları xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, sonuncu ödəniş isə xx.xx.2021-ci il tarixdə edilmişdir. Belə olan halda, xx.xx.2021-ci il tarixi iddiaçının hüququnun pozulduğunu bildiyi an hesab olunmalıdır. Belə ki, iddiaçıya artıq xx.xx.2021-ci il tarixində ümumilikdə ƏDV daxil 197 985,1 manat ödəniş edildiyi və təhvil-təslim aktları və qüsur aktı əsasında 183 887,918 manat həcmində işlərin görüldüyü məlum idi. Başqa sözlə, iddiaçının hazırkı tələbi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdə başa çatmalı idi.
36. Məhkəməyə təqdim edilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, mediasiya prosesinin tətbiqi barədə təklifin tarixi xx.xx.2022-ci il olmuş, həmin təklif xx.xx.2022-ci il tarixdə poçt rabitəsi vasitəsilə cavabdehə göndərilmiş və çatdırılmışdır.
37. Mülki Məcəllənin 379-cu maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
38. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (35.1). Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur (35.2).
39. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
40. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
41. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında mediasiya prosesi məhz mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2022-ci il tarixdən başlanmış hesab olunmalıdır.
42. Digər tərəfdən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilmiş hesab olunur və 35.2-ci maddəyə uyğun olaraq iddia müddətinin axımı bərpa edilir.
43. İş materiallarında əlavə edilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9/2023-00304 nömrəli arayış xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir.
44. Beləliklə, tərəflər arasında mediasiya prosesi xx.xx.2022 – xx.xx.2023-cü il dövrlərini əhatə etmişdir.
45. Mülki Məcəllənin 379.3-cü maddəsinə əsasən, iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
46. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.
47. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başlamış, iddia müddətinin axımının dayandırılması üçün əsas iddia müddətinin son altı ayında mövcud olmaqda davam etdiyindən (mediasiya prosesinin xx.xx.2022 – xx.xx.2023-cü il dövrlərini əhatə etdiyi nəzərə alındıqda) iddia müddətinin axımı dayandırılmış, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın verildiyi 22 fevral 2023-cü il tarixdən müddətin axımı davam etmiş və müddətin qalan hissəsi altı aya qədər uzanaraq 22 avqust 2023-cü il tarixdə başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmiş, beləliklə, iddia müddətini ötürmüşdür.
48. Digər tərəfdən, cavabdehin qanuni təmsilçisinin xx.xx.2024-cü il tarixdə borc məbləğini qəbul etməsi də iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilməz. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göründüyü kimi, iddia müddətinin axımı yalnız iddia müddəti ərzində kəsilə bilər. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə borcun qəbul edilməsi, hətta borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkət kimi yozulsa belə, iddia müddətinin axımının kəsilməsi ilə nəticələnməmişdir.
49. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 14097,18 manat məbləğində pulun tutulması tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir.
51. İddiaçı həmçinin ödənilmiş 166 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova