Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3734/2022 21.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi , iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2280 (iki min iki yüz səksən) manat əsas borc, 2300 (iki min üç yüz) manat həmin borc üzrə yaranmış əlavə maddi zərər, 60 (altmış) manat mediasiya icraatı üzrə ödənilmiş rüsum, 70 (yetmiş) manat məhkəməyə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4710 (dörd min yeddi yüz on) manat pul vəsaitinin cavabdeh, əvvəlki adı ilə "xxxx" MMC, hazırda Cavabdeh MMC-dən (VÖEN:**********) İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və əvvəlki adı ilə "xxxx" MMC, hazırda Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanmış 16 fevral 2018-ci il tarixli Mİ-019/2018 saylı “Texniki Servis xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdehin istifadəsində (mülkiyyətində) olan Mitsubishi “L 200” markalı ** PN *** nömrə nişanlı nəqliyyat vasitəsinə texniki servis xidmətinin göstərilməsini İddiaçı MMC öz öhdəliyinə götürmüşdür. Cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında cavabdeh istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixli Mİ-103009 saylı iş kartı üzrə, xx.xx.2020-ci il tarixli Mİ-1034075 saylı iş kartı üzrə və xx.xx.2020-ci il tarixli Mİ-104077 saylı iş kartı üzrə iddiaçıya məxsus servisdə təmir etdirmiş, lakin həmin təmirlərə görə yaranan 2280 (iki min iki yüz səksən manat) (ƏDV daxil) manat miqdarında servis pulunu İddiaçı MMC-yə ödəməmişdir. Bununla bağlı qarşı tərəfə dəfələrlə həmin borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilsə də heç bir nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə Cavabdeh MMC əvəllər "xxxx" MMC adı altında fəaliyyət göstərmiş, tərəflər arasında müqavilə də "xxxx" MMC-nin o vaxtki direktoru Rəvan Babayev adlı şəxslə imzalanmışdır. Texniki baxış keçirirlməsi üçün avtomobillər qarşı tərəfin sürücüləri tərəfindən gətirilmiş, tərtib edilmiş aktlar həmin sürüclər tərəfindən imzalanaraq təsdiqlənmişdir. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı MMC “icraçı” "xxxx" MMC “sifarişçi” olmaq imzalanmış 16 fevral 2018-ci il tarixli Mİ-019/2018 nömrəli müqaviləyə əsasən “sifarişçi”-nin tapşırığına dair “icraçı” isə öz riski ilə bu müqavilənin şərtləri əsasında və müddəti ərzində aşağıdakı xidmətlərin göstərilməsini öz öhdəsinə götürür: “icraçı”-nın Bakı-Sumqayıt şossesi 6-cı km ünvanında yerləşən servisinə müraciət edən müştərinin qarşılanması, “sifarişçi”-nin tapşırığına əsasən avtomaşının ümumi texniki sazlığının yoxlanılması, “sifarişçi”-nin tapşırığına əsasən avtomaşının ehtiyat hissələrinin və aksessuarların dəyişdirilməsi, “sifarişçi”-nin tapşırığına əsasən avtomaşının təmiri, “sifarişçi”-nin tapşırığına əsasən avtomaşının yuyulması və kimyəvi təmizlik işlərinin görülməsi, “sifarişçi”-nin tapşırığına əsasən digər avtotəchizat və kompleks servis xidmətinin göstərilməsi. Müqavilədə "xxxx" MMC-nin VÖEN-i ********** olaraq qeyd olunmuşdur. "xxxx" MMC-nin direktoru Babayev Rəvan tərəfindən İddiaçı MMC-nin direktoru Əsədov Elçinə ünvanlanan müraciətdə xx.xx.2018-ci il tarixində İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış Mİ-019/2018 nömrəli xidmət müqaviləsinə əsasən “Mitsubishi L200” markalı ** PN *** nömrəli avtomobilə servis göstərilməsi xahiş edilmişdir. Mİ-103009 nömrəli avtomobilə keçirilən texniki baxış və aparılan təmir haqqında aktın surətinə əsasən "xxxx" MMC-nə məxsus “Mitsubishi Triton L200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş 1.688,91 manat məbləğində təmir işləri aparılmış, akt Musayev adlı şəxs tərəfindən imzalanmış və İddiaçı MMC tərəfindən imzalanaraq, möhürlənmişdir. Mİ-103475 nömrəli avtomobilə keçirilən texniki baxış və aparılan təmir haqqında aktın surətinə əsasən "xxxx" MMC-nə məxsus “Mitsubishi Triton L200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş 320,09 manat məbləğində təmir işləri aparılmış, akt Musayev adlı şəxs tərəfindən imzalanmış və İddiaçı MMC tərəfindən imzalanaraq, möhürlənmişdir. Mİ-104077 nömrəli avtomobilə keçirilən texniki baxış və aparılan təmir haqqında aktın surətinə əsasən "xxxx" MMC-nə məxsus “Mitsubishi Triton L200” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş 269,81 manat məbləğində təmir işləri aparılmış, akt Musayev adlı şəxs tərəfindən imzalanmış və İddiaçı MMC tərəfindən imzalanaraq, möhürlənmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən çıxarışdan Cavabdeh MMC-nin ********** nömrəli VÖEN hesabıyla fəaliyyət göstərdiyi məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi yaransa da cavabdeh bu öhdəliyini lazımınca icra etməmiş, nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. Belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 2.280 manat tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq iddiaçı iddia tələbində 2300 (iki min üç yüz) manat məbləğində maddi zərəri də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 2300 (iki min üç yüz) manat məbləğində maddi zərərin vurulduğunu qeyd etsə də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, bununla bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən 60 manat mediasiya xərci və 70 manat ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 2280 (iki min iki yüz səksən) manat əsas borc, 60 (altmış) manat mediasiya xərci, 70 (yetmiş) manat məhkəməyə ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2280 (iki min iki yüz səksən) manat, 60 (altmış) manat mediasiya xərci, 70 (yetmiş) manat məhkəməyə ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3734/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3734/2022
21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver