Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3763/2022 27.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmət haqqı üzrə ödənilməmiş 46540 manat məbləğinin, 2022-ci il ilin 01 may ayınadək həmin məbləğə hesablanmış (bank uçot dərəcəsi) 1796,71 manat faiz-maliyyə sanksiyasının, müqavilənin 7.2 və 7.4 maddələrinə əsasən 3500 manat məbləğinin, 200 manat mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğinin, ümumilikdə 51836 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Sundance Azərbaycan” MMC ilə İddiaçı MMC arasında 12 aprel 2018-ci il tarixli SA.SER/03/18 nömrəli "Obyektlərin mühafizə olunması haqqında” müqavilə imzalanmışdır. İcraçı müqavilənin 5.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qiymət əsasında təhlükəsizlik və mühafizə sahəsində xidmətləri göstərməyi, sifarişçi isə göstərilən xidmətin müqabilində icraçıya haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilədə göstərilən məbləğ icraçının təqdim etdiyi hesab-fakturalar əsasında həmin hesab-fakturaların təqdim edildiyi tarixdən 7 iş günü ərzində ödənilməlidir. Müqavilə ilə müəyyən edilmiş şəkildə hər ay üçün növbəti ayın 5-dək mühafizə xidmətlərinin görülməsi haqqında akt, xidmətlərin dəyərləri barədə tərtib olunmuş hesab-fakturalar və elektron-qaimə sifarişçiyə göndərilmişdir. Lakin, cavabdeh müqavilənin 3.2-ci maddəsinin tələblərini yerinə yetirilməmiş və iddiaçıya aprel 2021-ci il tarixdən 01 may 2022-ci il tarixədək ödənilməmiş 46540 manat borcu yaranmışdır. İlk borc yaranandan dəfərlərlə bu barədə Cavabdeh MMC-yə rəsmi müraciətlər olunmuş, sonda 05 may 2022-ci il tarixdə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilmişdir. Bundan başqa müqavilənin 7.2-ci maddəsinə əsasən “Tərəflərdən hər hansı biri müqavilənin müddətinin bitməsinə 1 ay qalmış yazılı müraciət etməzsə müqavilə növbəti ilə uzadılmış hesab edilir. Müqavilənin 7.4-cü maddəsinə əsasən müəyyən edilmiş xəbərdarlıq müddəti verilmədən müqavilənin sifarişçi tərəfindən vaxtından əvvəl ləğv edilməsinə, müqavilə dəyərinin 1 aylıq məbləğinin bir dəfəyə icraçıya ödənilməsi şərti ilə yol verilir. Cavabdeh müqavilənin müddətinin bitməsinə 1 ay qalmış yazılı müraciət etmədiyinə görə, müqavilə növbəti ilə, yəni 2023-cü ilin 18 aprel ayınadək uzadılmış və cavabdeh yalnız 20 aprel 2022-ci il tarixdə İddiaçı MMC-yə daxil olmuş məktubla müqavilənin birtərəfli ləğv edilməsi barədə rəsmi müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə və X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübu tlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: "Sundance Azərbaycan” MMC ilə İddiaçı MMC arasında bağlanmış 12 aprel 2018-ci il tarixli SA.SER/03/18 nömrəli "Obyektlərin mühafizə olunması haqqında” müqaviləyə əsasən icraçı - İddiaçı MMC sifarişçi – "Sundance Azərbaycan” MMC-nin Girov dağ, Qaraçala ərazisi, 5-ci sahənin girişində olan obyektində sutkalıq NBM üzrə mühafizə xidmətlərini həyata keçirir, sifarişçi isə müqavilə üzrə qiymətlərin razılaşma protokolunda əks olunmuş qiymətlər əsasında ödəmə aparır; 04 may 2022-ci il tarixli EBBV seriyalı, 631642 saylı elektron qaiməyə əsasən 3580 manat, 01 aprel 2022-ci il tarixli EBBT seriyalı, 742279 saylı elektron qaiməyə əsasən 3580 manat, 02 mart 2022-ci il tarixli EBBS seriyalı, 177686 saylı elektron qaiməyə əsasən 3580 manat, 02 fevral 2022-ci il tarixli EBBQ seriyalı, 607651 saylı elektron qaiməyə əsasən 3580 manat, 06 yanvar 2022-ci il tarixli EBBP seriyalı, 223071 saylı elektron qaiməyə əsasən 3580 manat, 01 dekabr 2021-ci il tarixli EBBN seriyalı, 355470 saylı elektron qaiməyə əsasən 3580 manat, 01 noyabr 2021-ci il tarixli EBBL seriyalı, 662135 saylı elektron qaiməyə əsasən 3580 manat, 05 oktyabr 2021-ci il tarixli EBBK seriyalı, 248627 saylı elektron qaiməyə əsasən 3580 manat, 06 sentyabr 2021-ci il tarixli EBBH seriyalı, 628308 saylı elektron qaiməyə əsasən 3580 manat, 03 avqust 2021-ci il tarixli EBBV seriyalı, 631642 saylı elektron qaiməyə əsasən 3580 manat, 09 sentyabr 2021-ci il tarixli EBBE seriyalı, 584967 saylı elektron qaiməyə əsasən 3580 manat, 02 iyun 2021-ci il tarixli EBBC seriyalı, 642107 saylı elektron qaiməyə əsasən 7160 manat ümumilikdə 46540 manat məbləğində xidmət Cavabdeh MMC-yə göstərilmişdir; "Sundance Azərbaycan” MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 01 aprel 2022-ci il tarixli 16/L-22 nömrəli məktuba əsasən 12 aprel 2018-ci il tarixli SA.SER/03/18 nömrəli "Obyektlərin mühafizə olunması haqqında” müqaviləyə 01 may 2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 3 hissədən ibarətdir: - Xidmət haqqı üzrə ödənilməmiş 46540 manat borcun ödənilməsi; - 2022-ci il ilin 01 may ayınadək həmin məbləğə hesablanmış (bank uçot dərəcəsi) 1796,71 manat faiz-maliyyə sanksiyasının ödənilməsi; - Müqavilənin 7.2 və 7.4-cü maddələrinə əsasən 3500 manat məbləğin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndində hesablaşma qaydası müəyyən olunmuşdur. Belə ki, həmin müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, “...müəyyən olunmuş xidmətlərin göstərilməsi ilə bağlı icraçı hər ay üçün, növbəti ayın 5dək həmin xidmətlərin görülməsi haqqında akt, ximətlərin dəyərləri barədə tərtib olunmuş hesab- fakturaları və elektron vergi hesab-fakturam, eləcə də e-qaiməni sifarişçiyə hazırki Müqavilənin 12-ci maddəsində qeyd olunan ünvanına təqdim edir”. 3.2-ci bəndində qeyd olunmuşdur ki, sifarişçi icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara əsasən göstərilmiş xidmətlərin dəyərini, hesab-fakturanı aldığı gündən etibarən 7 (yeddi) bank günü müddətində köçürmə yolu ilə icraçıya ödəyir və ya tərəflərin razılığı ilə borcların qarşılıqlı əvəzləşdirilməsi protokollarına istinadən borclarını azaldır. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə əsasən iddiaçı tərəfindən hesab-faktura və təhvil-təslim aktları cavabdehə göndərilmiş, sonuncu tərəfindən ödənişlər həyata keçirilməmişdir. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlər göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göstərilən xidmətləri qəbul edilməsi və həmin xidmətlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, dəyəri 46540 manat təşkil edən xidmətlər Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən isə ödənişlər aparılmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğlər təqdim olunmuş sübutlarla və elektron qaimələrlə təsdiqini tapdığından iddia ərizəsinin həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin 7.4-cü bəndinə əsasən müəyyən edilmiş xəbərdarlıq müddəti verilmədən müqavilənin sifarişçi tərəfindən vaxtından əvvəl ləğv edilməsinə, müqavilə dəyərinin 1 aylıq məbləğinin bir dəfəyə icraçıya ödənilməsi şərti ilə yol verilir. İş materiallarında olan "Sundance Azərbaycan” MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 01 aprel 2022-ci il tarixli 16/L-22 nömrəli məktubda qeyd olunmuşdur ki, 12 aprel 2018-ci il tarixli SA.SER/03/18 nömrəli "Obyektlərin mühafizə olunması haqqında” müqaviləyə 01 may 2022-ci il tarixdə xitam veriləcəkdir. Bununla da, Cavabdeh MMC tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı İddiaçı MMC-yə xəbərdarlıq müddəti verildiyindən, iddia həmin hissədə əssassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 220 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 46540 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 220 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3763/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3763/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver