Məhkəmə qərarları › İş №e-2-2(113)-379/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-379/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-379/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “xxxx” açıq səhmdar cəmiyyətinin Cavabdehnə qarşı 85.036,90 manat əsas borcun, 25.777,33 manat cərimənin və 30,40 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” açıq səhmdar cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 85.036,90 (səksən beş min otuz altı manat doxsan qəpik) manat, cərimə kimi 25.777,33 (iyirmi beş min yeddi yüz yetmiş yeddi manat otuz üç qəpik) manat pul vəsaitlərinin və 30.40 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, “xxxx” ASC ilə Cavabdeh MMC arasında “ABB-nin mövcud ATM şəbəkəsi üçün ehtiyyat hissələrinin alınması üzrə” İBAR-2017/004 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh dəyəri 257.773,32 (iki yüz əlli yeddi min yeddi yüz yetmiş üç manat 32 qəpik) manat təşkil edən keyfiyyətli ehtiyyat hissələri ilə ABB-ni təmin edəcəyinə dair bank qarşısında öhdəlik götürmüşdür. Yuxarıda qeyd olunan müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə (Dövlət Satınalmaları haqqında Qanunun 17-ci maddəsinə müvafiq) müəyyən tender prosedurları həyata keçirildikdən sonra bağlanmış, cavabdeh bağlanmış müqavilənin şərtlərinə uyğun şəkildə vicdanlı hərəkət edəcəyinə dair bank qarşısında öhdəlik götürmüşdür. Bank müqavilə şərtlərinə uyğun olaraq cavabdehə ehtiyyat hissələrinin təmin edilməsi üçün ödənilməli olan 257.777,33 manat vəsaitdən 135.579,10 manatını ödədikdən sonra ödənilən məbləğə müvafiq olaraq ehtiyyat hissələri banka təhvil verilmişdir. Həmin ehtiyyat hisələrinin ATM-lərə quraşdırılması zamanı isə avadanlıqların istifadəyə tam yararsız olduğu müəyyən edildiyindən cavabdeh banka dəvət olunmuş, bu barədə ona geniş məlumat verilərək tez bir zamanda ehtiyyat hissələrinin orijinal hissələrlə dəyişdirilməsinin vacibliyi bildirilərək, ABB-nın Respublikada ən geniş ATM şəbəkəsinə malik bank olduğu, əhalinin 60 %-dən çoxunun əmək haqları, sosial müavinətlər, pensiya, dövlət qulluqçularının maaşları, xarici turistlər (məlumat üçün bildiririk ki, ABB “VİZA və “MASTER CARD” beynəlxalq ödəniş sisteminin üzvüdür) və sair kimi çoxsaylı ödənişlərin məhz Beynəlxalq Bank vasitəsilə həyata keçirildiyi, ehtiyyat hissələrinin vaxtında dəyişdirilməyəcəyi təqdirdə bankomatların boş qalacağı, bu isə öz növbəsində müəyyən sosial xaosa səbəb olacağı, buna isə cavabdeh şəxs olaraq Cavabdeh MMC-nin məsuliyyət daşıyacağı izah edilmişdir. İlk danışıqlarda bank tərəfindən ona qarşı edilən iradları qəbul edən cavabdeh, bütün deyilənlərlə tam razılaşdığını, problemi tez bir zamanda həll edəcəyi barədə öhdəlik götürsə də, sonradan ona göndərilən pretenziya məktublarını müxtəlif üsullarla qəbul etməkdən imtina edərək(gah cavabdeh həmin ünvanda yerləşmədiyi barədə poçt xidmətinə yalan məlumat verir, gah da pretenziya məktublarını qəbul etməkdən dolayısı ilə imtina edir) bank qarşısında müqavilə üzrə üzərinə düşən öhdəliklərdən yayınmağa çalışmışdır. Cavabdehlə bank arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən göndərilmiş mallar icraçının tender təklifinə və ya müqvilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların 20 iş günü müddətində aradan qaldırılmasına təminat verir. Həmin müqavilənin 7-ci bəndinə uyğun olaraq göndərilən mallar tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş standartlara, bu cür standartlar göstərilmədiyi (olmadığı) hallarda isə malların mənşə ölkəsində qüvvədə olan standartlara uyğun olmalıdır. İcraçı malların tələb olunan standartlara uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir. Müqavilənin 14-cü bəndində Sifarişçi tərəfindən müqavilənin icrasına texniki nəzarət və sınaq keçirmək hüquqları qeyd edilmişdir ki, burada sifarişçi (onun nümayəndəliyi) heç bir əlavə xərc çəkmədən, müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir. Müqavilənin 14.4-cü bəndinə əsasən Sifarişçi texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilər. Bu halda, İcraçı texniki nəzarətdən və ya sınaqdan keçməyən malları dəyişdirir və ya Sifarişçinin tələblərini təmin edən digər malları təqdim edir. Həmin müqavilənin 17-ci bəndinə əsasən İcraçı bu müqaviləni (və ya onun hər hansı hissəsini) müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi, digər hüquqlara ziyan vurmadan, cərimə sanksiyaları tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi bu müqavilənin qiymətinin 10 faizindən çox olmamalı, (müqavilənin ümumi məbləğinin 10 (on) faizi miqdarında, yəni 25.777,33 (iyirmi beş min yeddi yüz yetmiş yeddi manat otuz üç qəpik) manat məbləğində cərimə ödənişi müəyyən olunur). İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, sifarişciyə təqdim edilmiş avadanlıqların hamısı yeni avadanlıqlardır.İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabehinnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə rədd edilməlidir. İş materiallarında olan satıcı “xxxx” ASC ilə Cavabdeh MMC arasında “ABB-nin mövcud ATM şəbəkəsi üçün ehtiyyat hissələrinin alınması üzrə” İBAR-2017/004 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh dəyəri 257.773,32 manat təşkil edən keyfiyyətli ehtiyyat hissələri ilə iddiaçını təmin edəcəyinə dair bank qarşısında öhdəlik götürmüşdür. Yuxarıda qeyd olunan müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə (Dövlət Satınalmaları haqqında Qanunun 17-ci maddəsinə müvafiq) müəyyən tender prosedurları həyata keçirildikdən sonra bağlanmış, cavabdeh bağlanmış müqavilənin şərtlərinə uyğun şəkildə vicdanlı hərəkət edəcəyinə dair bank qarşısında öhdəlik götürmüşdür. xx xxxx 2017-ci il tarixli, İBAR-2014/004 saylı müqaviləyə 1 saylı əlavəsində gösətrilən və mübahisəsi gedən 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli 30 ədəd EPP v.5 avadanlıqlarını xx xxxxxx 2017-ci il tarixli akta əsasən Cavabdeh MMC tərəfindən Banka təhvil verilmişdir. Mülki işdə olan ekspertiza rəyinin tədqiqatın nəticəsi hissəsindən görünür ki, Cavabdeh MMC tərəfindən Banka təhvil verilmiş xx.xx.2017-ci il tarixdə istifadə olunmuş 30 ədəd 29439329, 29439186, 29439335, 29439185, 29439179, 29439184, 29439196, 29439188, 29439336, 29439175, 29439177, 29439277, 29439337, 29439176, 29439271, 29439313, 29439172, 29439180, 29439183, 29439187, 29439332, 29439327, 29439173, 29439310, 29439314, 29439278, 29439178, 29439171, 29439274, 29439328 nömrəli 30 ədəd EPP v.5 avadanlıqların qablaşdırılmasında və üzərində təhvil verilənə qədər intensiv, daimi istifadə olunması əlamətləri – gövdənin tamlığını pozan batıqlar, cızıqlar, düymələr örtüyündə yeyilmə və digər əlamətlər müəyyən edilməmişdir. Həmin avadanlıqların yeni avadanlıqlarla fərqləndirici əlamətləri müəyyən etmək mümkün omamış. Həmçinin avadanlıqların yaddaşında və cihazların proqram təminatında daha əvvəllər istifadə edilməsi nəticəsində yarana biləcək izlər və əlamətlər saxlanılmır. Avadanlıqlar təhvil verildikdən sonra 15 ədədi ATM-ə tanıtılaraq istifadə edilmişdir, digər 14 ədədi isə yenidir, yəni ki istifadə edilməmişdir. 1 ədəd işlək vəziyyətdə deyildir, 29 ədəd işlək vəziyyətdədir. Göründüyü kimi, cavabdeh tərəfindən öz üzərinə götürüldüyü öhdəliyi tam icra etmişdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 439.1-ci maddəsinə uyğun olaraq pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mübahisəsi aparılan avadanlıqların yararsız olması məhkəmə tədqiqatı dövründə öz təsdiqini tapmadığına görə, cavabdehdin iddiaçının qarşısında hər hansı bir öhdəliyinin qalması sübüta yetirilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə, tələb etdiyi müqavilə dəyərinin 10 faizi miqdarında cərimənin cavabdehdən alınması tələbi əsassızdır. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, alğı-satqı müqaviləsi ilə cavabehin iddiaçının qarşısında hər hansı bir öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməli və iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar