Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3824/2025 03.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6472,80 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azcargo Logistics and Management Services MMC ilə “X2” MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, AT YD 98/20 saylı Yükdaşıma xidmətlərinin göstərilməsi barədə müqavilə üzrə İddiaçı MMC nəzərdə tutulmuş qaydada sifarişləri yerinə yetirmiş və müqavilə üzrə yaranmış borc tam şəkildə ödənilməmişdir. Tərəflər arasında tərtib edilmiş 03 oktyabr 2022- ci il tarixli 0741/09/1 nömrəli akta əsasən (ƏDV daxil olmaqla) 2558 manat ödənilməmiş məbləğ, 02 noyabr 2022-ci il tarixli 0741/10/1 nömrəli akta əsasən ödənilməmiş 3327,40 manat, 17 noyabr 2022-ci il tarixli 0741/11/1 saylı Akta əsasən isə 587,40 manat ödənilməmiş məbləğlər hazırkı tarixə kimi ödənilməmişdir. Dəfələrlə cavabdeh şirkətə müraciət edilməsinə baxmayaraq bu günə kimi pul öhdəlikləri yerinə yetirilməmişdir. Tərəfimizdən mübahisənin məhkəmədənkənar qarşılıqlı razılıq əsasında həll edilməsi üçün pretenziya göndərilmiş, lakin heç bir müsbət nəticəsi olmamışdır və bu bir daha onu göstərir ki, Müqavilədə göstərilən bütün öhdəlikləri tam və qüsursuz şəkildə həyata keçirilsə də lakin xidmət haqqı tam ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəf dəfələrlə borcun ödəniləcəyini vəd etsə də, hər hansı vəsait ödənilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümken hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AT-YD 98/20 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi barədə” müqaviləyə görə görə, İcraçı Sifarişçinin sifarişi əsasında ona məxsus yükləri və avadanlıqları daşımaqla yükdaşıma xidmətləri, texnika və avtomobilləri daşımaqla evakuasiya xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində İcraçıya bu Müqavilənin 4-cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 4.3-cü bəndinə görə göstərilmiş xidmətlər (görülmüş işlər) tərəflərin imza və möhürləri ilə təsdiq edilən təhvil və üzləşmə aktları ilə təsdiq edilir. Təhvil və üzləşmə aktları ilə təsdiq edilmiş xidmət haqqını 10 (on) bank günü ərzində sifarişçi tərəfindən icraçıya nağd ödəmə və köçürmə yolu ilə ödənilir.
9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBCG 360543 nömrəli 2558 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 618218 nömrəli 587,40 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCİ 479662 nömrəli 3327,40 elektron qaiməfakturalar təqdim olunmuşdur.
10. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
11. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AT-YD 98/20 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi barədə” müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
14. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
15. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, AT-YD 98/20 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi barədə” müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında yük daşınmaları həyata keçirilmiş, mallar iddiaçı tərəfindən təyinat yerinə çatdırıldıqdan sonra cavabdeh tərəfindən qeyd-şərtsiz qəbul edilmiş, daşıma ilə bağlı hər hansı irad bildirilməmiş, lakin həmin xidmətlərə görə yaranmış 6472,80 manat borc cavabdeh tərəfindən ödənilməmişdir.
16. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 85 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6472,80 manat məbləğində pul, 85 manat dövlət rüsumu, ümumilikdə 6557,80 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova