Məhkəmə qərarları › İş №e-2-2(113)-3829/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3829/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3829/2022 04.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən xx.xx.2004-cü il tarixli, 597 saylı müqavilə üzrə yaranmış 110200,17 manat borc məbləği və 400 manat ödənilmiş ilkin mediasiya sessiyası haqqının ümumilikdə 110600,17 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2 Bankı” (hazırki Cavabdeh ASC) ilə İddiaçı MMC arasında xx.xx.2004-cü il tarixli, 597 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə X5 2009-cu ilin fevral ayı üzrə hesabat dövrünə əsasən ödənilməmiş 110200,17 manat borcu mövcud olmuşdur (Azərikardın xx.xx.2021-ci il tarixli 06-01/360 nömrəli maliyyə arayışına əsasən). Borcla bağlı xx.xx.2017-ci il və xx.xx.2021-ci il tarixlərində Kapital Banka müraciət edilsə də qarşı tərəf borcun ödənilməsindən imtina etmişdir. Hazırda ümumi borc (dekabr ayı da daxil olmaqla) ƏDV daxil 110200,17 manat təşkil edir. Cavabdeh ASC iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində iddiaçı ilə bank arasında xx.xx.2004-cü il tarixdə 597 saylı müqavilə imzalandığını, həmin müqaviləyə əsasən ödənilməmiş borcunun qaldığını qeyd edir, qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən bank kartların istehsal olunmasını, yayılmasını və xidmət göstərilməsini İddiaçıa tapşırır, İddiaçı isə bu tapşırığın yerinə yetirilməsi məqsədilə özünün daxili imkanlarına uyğun olaraq banka xidmət göstərir. Bank bu müqavilə ilə müəyyən olunmuş xidmət haqqını Azərikarda vaxtında ödəmək öhdəliyini öz üzərinə götürür. Hazırda iddiaçı özü tərəfindən tərtib olunmuş hesab-faktura və maliyyə arayışına əsasən bankın iddiaçıya borclu olduğunu bildirir. Lakin iddiaçı tələbini əsaslandırdığı hallara dair sübutları təqdim etməmişdir. Belə ki, iddiaçı hesab-faktura və maliyyə arayışına əsasən borcun qaldığını iddia etsə də, qeyd olunan müqavilənin həqiqətən mövcudluğu, həmin müqavilə üzrə xidmətin göstərilməsi üçün bank tərəfindən sifarişin olunub-olunmaması, olunduğu halda həmin xidmətin göstərilib- göstərilməməsi, kartların bank tərəfindən təhvil alınması barədə sübutlar təqdim olunmamışdır. İddiaçı MMC (bundan sonra - iddiaçı) tərəfindən Cavabdeh ASC-yə (bundan sonra - bank və ya cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd edilmiş səbəblərə əsaslanaraq hesab edirik ki, iddiaçının iddia ərizəsi iddia müddəti üzürsüz səbəbdən buraxıldığı üçün rədd olunmalıdır. İddiaçı iddia ərizəsində iddiaçı ilə bank arasında xx.xx.2004-cü il tarixdə 597 saylı müqavilə imzalandığını, həmin müqaviləyə əsasən ödənilməmiş borcunun qaldığını qeyd edir. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən bank kartların istehsal olunmasını, yayılmasını və xidmət göstərilməsini İddiaçıa tapşırır, İddiaçı isə bu tapşırığın yerinə yetirilməsi məqsədilə özünün daxili imkanlarına uyğun olaraq banka xidmət göstərir. Bank bu müqavilə ilə müəyyən olunmuş xidmət haqqını Azərikarda vaxtında ödəmək öhdəliyini öz üzərinə götürür. Göründüyü kimi, müqavilə xx.xx.2004-cü il tarixdə 05 il müddətinə bağlanıldığından iddia müddətinin axımı xx.xx.2009-cu il tarixində başlanmış xx.xx.2012-ci il tarixdə başa çatmışdır. Əgər hesab etsək ki, tərəflər arasında müqavilə münasibəti müqavilənin 7.2-ci bəndinə əsasən növbəti 5 ilə də uzadılmışdır, bu zaman da, iddia müddətinin axımı xx.xx.2014-cü ildən başlanmış olur və xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X6 etiraza və iddia müddətinin tətbiqi barədə ərizəyə uyğun izahat verərək tələbin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 yanvar 2004-cü il tarixli İddiaçı MMC ilə “X2 Bankı” (bundan sonra Cavabdeh ASC) arasında bağlanmış müqavilədən görünür ki, bank emissiya etdiyi və/və ya xidmətində olduğu həm ölkə daxili, həm də beynəlxalq bank kartları (ödəniş kartları) ilə bağlı özünün bütün proqramları üzrə kompleks xidmət göstərilməsini, yəni bu kartların istehsal olunmasını, yayılmasını və xidmət göstərilməsini bu müqavilənin şərtlərinə əsasən İddiaçı MMC-yə tapşırır, İddiaçı MMC isə bu tapşırığın yerinə yetirilməsi məqsədilə özünün daxili imkanlarına uyğun olaraq banka xidmət göstərir. 03 dekabr 2021-ci il tarixli 06-01/360 nömrəli maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh ASC arasında bağlanmış 597 saylı xx.xx.2004-cü il tarixli müqaviləyə dair vergi hesab fakturaları üzrə Cavabdeh ASC-nin borcu 110200,17 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, iddia rədd edilməlidir, belə ki, iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında bağlanılmış müqavilə və maraqlı tərəf olan İddiaçı MMC tərəfindən tərtib edilən maliyyə arayışı təqdim olunsa da, tələbdə göstərilən 110200,17 manat məbləğində borcun mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı, məhkəmə Cavabdeh ASC-nin iddia müddətinin tətbiqinə dair müraciəti ilə bağlı qeyd edir ki, iddia müddəti yalnız subuta yetirilmiş tələbə münasibətdə tətbiq edilə bilər, hazırki iş üzrə isə iddiaçı 110200,17 manat məbləğində borcun mövcudluğunu subuta yetirə bilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı xx.xx.2004-cü il tarixli, 597 saylı müqavilə üzrə yaranmış 110200,17 manat borc məbləği və 400 manat ödənilmiş ilkin mediasiya sessiyası haqqının ümumilikdə 110600,17 manat məbləğində pulun xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı xx.xx.2004-cü il tarixli, 597 saylı müqavilə üzrə yaranmış 110200,17 manat borc məbləği və 400 manat ödənilmiş ilkin mediasiya sessiyası haqqının ümumilikdə 110600,17 manat məbləğində pulun xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar