Məhkəmə qərarları › İş №e-2-2(113)-3850/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3850/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3850/2025 11.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, podrat, qarışıq müqavilə, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli VVS/2302/22 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 80198,75 manat məbləğ, 37480 manat məbləğində cərimə, ümumilikdə 117678,75 manat pul vəsaiti, 320 manat vəkil xərcinin və ödənilmiş 408 (dörd yüz səkkiz) manat dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,tərəflər arasında xx.xx.2022-ci il tarixli VVS/2302/22 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı Buzovna İstirahət mərkəzinin fasad işlərini görməli, lazımi materialları almalı, cavabdeh isə görülmüş işlərin və alınmış mal-materialın dəyərini iddiaçıya ödəməlidir. Görülməli olan işlər, alınmalı olan materiallar müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarda əksini tapmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini tam icra etmiş və müqavilənin əlavələrində göstərilən bütün işləri cavabdehə təhvil vermişdir. Həmin işlərin və alınmış materialların ümumi dəyəri ƏDV daxil olmaqla 802.358,75 AZN təşkil etmişdir. Bununla bağlı cavabdehə 6 ayrı e-qaimə göndərilmişdir. Həmin e qaimələr üzrə ödənişlərin müəyyən hissəsi həyata keçirilsə də 80.198,75 AZN hissəsi (ƏDV daxil olmaqla) hazırki vaxtadək cavabdeh tərəfindən ödənilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən xidmətlərin təhvil verilməsinə, bununla əlaqədar təhvil-təslim aktlarının imzalanmasına və e-qaimənin cavabdehə göndərilməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərini pozmuş, xidmətlərin dəyərini tam ödəməmiş, müqavilə üzərə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Həmin Müqavilənin 3.4-cü bəndinə uyğun olaraq müqavilənin tələblərini pozan tərəf ümumi məbləğin 0,5%-i olmaqla ümumi cərimə və öhdəliyin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,05 %-i məbləğində cərimə ödəməyi öz üzərinə götürür. Sonuncu e-qaimənin göndərildiyi xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək 80198,75 manatlıq hissənin ödənilməməsi ilə bağlı hər gün üçün 40 manat olmaqla (məbləğin 0.05 %-i) 37480 manat (937gün x 40manat) məbləğində cərimə ödəməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1,386.1,385, 442, 448.1, 752.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, cavabdehin iddia tələbi üzrə qəbul etmədiyi cərimə məbləği birbaşa tərəflər arasında bağlanılmış müqavilədə nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə uyğun olaraq cavabdeh cərimə ödəməyi öz üzərinə götürür. Tərəf uzun müddət ödəniş etməmişdir. Sonda iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul etdiyini, cərimə məbləği ilə razı olmadığını qeyd etmişdir. Daha sonra cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə əsas məbləği qəbul etdiyini, lakin cərimə məbləğini qəbul etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı, icraçı) ilə Cavabdeh (alıcı, sifarişçi) arasında bağlanmış xx.xx.2022ci il tarixli VVS/2302/22 nömrəli müqaviləsindən görünür ki, iddiaçı Buzovna İstirahət mərkəzinin fasad işlərini görməli, lazımi materialları almalı, cavabdeh isə görülmüş işlərin və alınmış mal-materialın dəyərini iddiaçıya ödəməlidir. Müqavilənin 1.2-ci bəndinə əsasən malların təsviri, həcmi, qiymətlər yerinə yetirilmə şərtləri və müddəti, digər şərtlər və təfsilatlar tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri X2 göstərilmişdir. Həmin Müqavilənin 3.4-cü bəndinə uyğun olaraq müqavilənin tələblərini pozan tərəf ümumi məbləğin 0,5%-i olmaqla ümumi cərimə və öhdəliyin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,05 %-i məbləğində cərimə ödəməyi öz üzərinə götürür. xx.xx.2022-ci il tarixli VVS/2302/22 nömrəli alqı-satqı müqaviləsinin X4 əsasən tərəflər arasında müxtəlif adlı, markalı (çeşidi, növü) və ölçülü malların həcmi, göstəriləcək xidmətlərin dəyəri kimi ümumilikdə ƏDV xaric 491213,06 manat razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli VVS/2302/22 nömrəli alqı-satqı müqaviləsinin Əlavə1 Zəmanət müddətinə əsasən müxtəlif növdə olan materilların işçilik zəmanəti 5 il olmaqla onların hər birinin sertifikatları müştəriyə təhvil veriləcək. xx.xx.2022-ci il tarixli VVS/2302/22 saylı X7 № 02 əsasən “Müqavilənin ümumi qiyməti" göstərilən yeni Əlavə İşlər üzrə X1 təfərrüatlı təsvir edilmiş ümumi qiyməti ilə 97455,62 manat məbləğinə artıralaraq (ƏDV xaric), AZN 588668,68 manat kimi müəyyən edilir və əlavə işlərin göstərilən xidmətlərin və materiaların siyahısına ümumi dəyəri 114997,63 manat təşkil edən Şüşə (6/6 lamine tem per her ikisi sh efaf) Bağlantı aksesuarları Paslanmaz alt U profil 40X40 mm Şüşə arası dərz sillkon Məhəccər paslanmaz boru /Qalıqlıq 2 mm Məhəccər bağlantı Keramogranit montajı, Alüm inium X10, Tyvek, Yapışdırıcı Silikon, Daş Yunu, Tyvek, Yapışdırıcı Silikon ( saudaflex 40FC 600ml boz ) Keramogranit montajı, Alüm inium X10, Tyvek, Yapışdırıcı silikon, Daş Yunu, Tyvek, Yapışdırıcı silikon ( saudaflex 40FC 600ml b o z) əlavə edilir. Razılaşmanın 3-cü maddəssinə əsasən X9 №.02 tərəflərin təsdiqindən sonra onun özündə göstərilən tarixdən qüvvəyə minir və Müqavilənin ayrılmaz hissəsi hesab olunur. Razılaşmanın 43-cü maddəssinə Müqavilə və bu Əlavə Razılaşma №.02 bir bütöv müqavilə hesab edilir və bir bütöv müqavilə kimi şərh edilir. xx.xx.2022-ci il tarixli VVS/2302/22 saylı X7 № 03 əsasən müqavilədə "Müqavilənin Predmeti”- nin 1.1 - ci hissəsi "Müqavilənin ümumi qiyməti” göstərilən yeni Əlavə İşlər üzrə X1 təfərrüatlı təsvir edilmiş iimumi qiyməti ilə 17900 manat məbləğinə artıralaraq (ƏDV xaric), 606568,68 manat kimi müəyyən edilir və əlavə işlərin göstərilən xidmətlərin və materiaların siyahısına ümumi dəyəri 21122 manat təşkil edən İzo Doğramalar üçün X5: Dəmir qutu profil 60x40x3 Aksesuar: Dəmir Ankeraj (U-100), Anker Bolt M 10 X6 (Şüşələrin arxa tərəfi) Silikon: SOUDAL Alt konstruksiya Keramogranit Profil: Qutu profil 100x50x3 Ankeraj (U-100) Arakəsmələr/əlavə şüşə işi və Qapı quraşdırılm ası Şüşə: 6 mm şəffaf temperli + 12 HB + 6 mm şəffaf temperli 2 X8 əlavə edilir. Müqavilənin "X3”- na "Əlavə işlər” əlavə olunmuşdur. xx.xx.2022-ci il tarixli VVS/2302/22 saylı X7 № 04 əsasən müqavilədə "Müqavilənin Predmeti”- nin 1.1 - ci hissəsi "Müqavilənin ümumi qiyməti” göstərilən yeni Əlavə İşlər üzrə X1 təfərrüatlı təsvir edilmiş iimumi qiyməti ilə 633970,68 manat məbləğinə artıralaraq (ƏDV xaric), 606568,68 manat kimi müəyyən edilir və əlavə işlərin göstərilən xidmətlərin və materiaların siyahısına ümumi dəyəri 32334,36 manat təşkil edən: X6 (Şüşələrin arxa tərəfi) Silikon: SOUDAL Alt konstruksiya Keramogranit Profil: Qutu profil 100x50x3 Ankeraj (U-100) Arakəsmələr/əlavə şüşə işi və Qapı quraşdırılm ası Şüşə: 10 mm şəffaf temper olunmuş tək şüşə əlavə edilir. xx.xx.2022-ci il tarixli VVS/2302/22 saylı X7 № 05 əsasən Müqavilədə “Müqavilənin Predmeti”- nin 1.1 - ci hissəsi “Müqavilənin ümumi qiyməti” göstərilən yeni Əlavə İşlər üzrə X1 təfərrüatlı təsvir edilmiş ümumi qiyməti 1800 manat məbləğinə artıralaraq (ƏDV xaric), 635770,68 kimi müəyyən edilir və əlavə işlərin göstərilən xidmətlərin və materiaların siyahısına ümumi dəyəri 2124 manat təşkil edən: Köşebendlərin quraşdırılması. Material dəmir Ölçü - 25 x 25 Antipas daxildir. Dam üçün keçid qapısının quraşdırılması. Material dəmir, aksesuar, membran, membran yapışdırıcı Ölçü: 600x600 mm Qapı üçün əlavə pompanın quraşdırılm ası, istehsalçı ölkə: Türkiyə İstehsalçı: Kale əlavə edilir. xx.xx.2022-ci il tarixli VVS/2302/22 saylı X7 № 06 əsasən Müqavilədə “Müqavilənin Predmeti”- nin 1.1 - ci hissəsi “Müqavilənin ümumi qiyməti” göstərilən yeni Əlavə İşlər üzrə X1 təfərrüatlı təsvir edilmiş ümumi qiyməti ilə 300 manat məbləğinə artıralaraq (ƏDV xaric), 636070,68 manat müəyyən edilir və əlavə işlərin göstərilən xidmətlərin və materiaların siyahısına ümumi dəyəri 354 manat təşkil edən: Qapı üçün əlavə pompanın quraşdırılması, istehsalçı ölkə: Türkiyə İstehsalçı: Kale əlavə edilir. xx.xx.2022-ci il tarixli VVS/2302/22 saylı X7 № 07 əsasən Müqavilədə “Müqavilənin Predmeti”- nin 1.1 - ci hissəsi “Müqavilənin ümumi qiyməti” göstərilən yeni Əlavə İşlər üzrə X1 təfərrüatlı təsvir edilmiş ümumi qiyməti ilə 43894,36 manat məbləğinə artıralaraq (ƏDV xaric), 679965,04 manat müəyyən edilir və əlavə işlərin göstərilən xidmətlərin və materiaların siyahısına ümumi dəyəri 51795,35 manat təşkil edən: Alt Konstruksiya: Daşyunu,Tyvek, Ankeraj, Anker Bolt, izo qapıların quraşdırılması, Common name of the service Miqdar/ Unit 189.90 23.60 Şüşə məhəccərlərin quraşdırılması. Şüşə, baza profili, aksesuarlar, iç və çöl qapaqlar, U profili. Şüşə - 8 mm + 8 mm şəffaf lamine hər iki üzü temperli. əlavə edilir. xx.xx.2025-ci il tarixli qəbzə əsasən Alyans Rayon vəkil Bürosunun hesabına 320 manat ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək 80198,75 manat məbləğində pul vəsaitinin 3 gün ərzində ödənilməsini xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. EBBV nömrəli, 416865 seriyalı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 236000 manat dəyərində mallar, EBBX seriyalı, 715184 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 212400 manat dəyərində mallar, EBBZ seriyalı, 200749 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 59000 manat dəyərində mallar, EBCB seriyalı, 109671 nömrəli,xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 59000 manat dəyərində mallar, EBCC seriyalı, 582963 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 450 manat dəyərində mallar, EBCG seriyalı, 701432 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 176958.75 manat dəyərində yola salınmış malların,görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir. 2022-ci ilin aprel ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 236000 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir. 2022-ci ilin may ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 212400,01 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir. 2022-ci ilin iyun ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 59000 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir 2022-ci ilin iyul ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 59000 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir 2022-ci ilin avqust ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayış və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 59000 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir 2022-ci ilin sentyabr ayı daxilində yerinə yetirilən işlərin müqavilə qiyməti ilə dəyəri haqqında arayışa əsasən 176916,29 manat dəyərində və yerinə yetirilən işlərin siyahısına əsasən subpodratçı İddiaçı MMC tərəfindən 176958,76 manat dəyərində podratçı Cavabdeh MMC-yə xidmətlər göstərilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 408 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qarışıq formada podrat və alqı-satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş müvafiq işləri öz materialları ilə yerinə yetirsə də və müqavilə üzrə müəyyən materialları təhvil versə də, cavabdeh tərəfindən görülmüş işlərə görə nəzərdə tutulmuş muzd və satılmış materialların dəyəri iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işləri və satdığı materialları qəbul etsə də, şərtləşdirilmiş muzdu və aldığı materialların dəyərini ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən görülən işlərlə bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Həmçinin cavabdehin nümayəndəsi əsas borcu qəbul etdiyini bildirmişdir. Buna görə də Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən iddiaçının icra etdiyi işin müqabilində cavabdehdən muzdun ödənilməsini, Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən isə satdığı malların dəyərini tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yerinə yetirilmiş işlərə və aldığı materiallara görə 80198,75 manat məbləğində pul vəsaitini ödəmədiyini, iddiaçının razılaşdırılmış muzdun ödənilməsini və satdığı materialların dəyərini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti, cavabdehin nümayəndəsinin əsas borcu qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 80198,75 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 37480 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 4000 manat müəyyən olunmalıdır. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 320 manat vəkil xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 408 manat dövlət rüsumunun 342,60 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 80198,75 manat əsas borc,4000 manat cərimə, ümumilikdə 84198 (səksən dörd min yüz doxsan səkkiz) manat 75 (yetmiş beş) qəpik, hüquqi xidmətinə görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) və ödənilmiş dövlət rüsumunun 342 (yüz yetmiş iki) manat 60 (altmış) qəpiyin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar