Məhkəmə qərarları › İş №e-2-2(113)-3853/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3853/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3853/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195000 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddiaçıya məxsus 2 ədəd “vaqon” və 1 ədəd armaturkəsən dəzgahın iddiaçıya qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 sentyabr 2019-cu ildə iddiaçı ilə cavabdeh arasında “Podrat müqaviləsi” bağlanmışdır. Müqavilə üzrə Cavabdeh MMC sifarişçi, İddiaçı MMC isə Podratçıdır. Müqavilənin 1.1.-ci bəndinə əsasən “Podratçı öz riski ilə Sifarişçiyə məxsus Binəqədi rayonu ərazisində təqdim olunmuş layihə əsasında ölçüləri 120x24x9 olan metal emalı sexini körpülü kranın quraşdırılmasından və sexkənarı ərazinin abadlaşdırılmasından başqa bütün işləri görməyi qiyməti 195000 manat (ƏDV-siz) olmaqla öhdəsinə götürür. Göstərilən işlərin yerinə yetirilməsi üçün “Sifarişçi” razılaşdırılmış müddətə işin görülməsinə maneçilik törədən amilləri aradan qaldırmaqla obyekti tam hazır vəziyyətdə “Podratçı”nın öhdəsinə təhvil verməyi öhdəsinə götürür”. Müqavilənin 2.4-cü bəndinə əsasən “Sifarişçi ümumi görüləcək işin dəyərinin 30% əvvəlcədən, işin ortasında 30% və qalan 40% hissəsini iş görüldükdən sonra “Podratçı”nın təqdim etdiyi sənədlərə uyğun 5 gün müddətində ödəməyi öhdəsinə götürür”. Aralarında olan müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən sifariş olunmuş müqavilədə nəzərdə tutulmuş işlər Podratçı vaxtında və yüksək keyfiyyətlə icra olunmuşdur. Yerinə yetirilmiş podrat işləri (Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş işlər) Sifarişçinin təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə əsasında icra edilmiş, işin icrası mərhələləi şəkildə Layihə cizgilərinə uyğun tamamlanaraq Sifarişçiyə təhvil verilmişdir. Bütünlükdə Müqavilədə nəzərdə tutulmuş qurğunun tikinti-quraşdırma işləri sözügedən layihə sənədlərinə tam uyğun şəkildə icra olunaraq Cavabdeh MMC-ə təhvil verilmişdir. Sifarişin icrasının gedişində Müqavilənin 2.4-cü bəndinə nəzərdə tutulmuş ödənişlər cavabdeh tərəfindən icra edilməmiş, lakin qarşılıqlı etimad və əməkdaşlıq şəraitində işlədiylərindən, cavabdehin istəyi ilə, onun maliyyə imkanlarının çatışmazlığı nəzərə alınmışdır. Belə ki, cavabdeh müəssisənin rəhbərliyi Müqaviləyə uyğun olaraq ödənişləri icra etməyə maliyyə çətinliy səbəbindən imkanı olmadığını bidlirmiş və işlərin görülməsini xahiş etmişdir. Bununla bağlı aralarında işgüzar danışıqları olmuş, razılaşmışlar ki, iddiaçı üzərinə düşəni yerinə yetirəcək, cavabdeh isə imkanı daxilində ödənişləri edəcək, hər bir halda, ən geci işlərin tam başa çatmasından sonra ödəniş ediləcəkdir. Sifarişin icrası – yəni, nəzərdə tutulan qurğunun tikinti-quraşdırma işləri tam başa çatdırılaraq təhvil verildikdən sonrakı danışıqlarında artıq hazır olan qeyri-yaşayış obyektinin müvafiq dövlət orqanı tərəfindən istismara qəbul edildiyindən sonra ödənişin birdəfəlik icra olunacağı bildirilmişdir. Artıq müqavilə üzrə işləri icra etmişlər, əməkdaşlıqlarının tam uğurla başa çatdırılması üçün əlindən gələni etmiş və öz vəsaiti hesabına işləri başa çatdıraraq istismara hazır vəziyyətdə təhvil vermişdir. Obyektin istismarına dair Podratçıdan asılı olan bütün zəruri tədbirlər görülmüş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı Regional Tikinti Müfəttişliyinin rəisi – Bəxtiyar Tağıyevin, Sifarişçinin nümayəndəsi Əlimürsəl İsmayılovun, Podratçının nümayəndəsi Nümayəndə1 və Layihəçinin nümayəndəsi Elşad Əsədovun imzaları və adıçəkilən Müfəttişlik və müəssisələrin möhürləri ilə təsdiq olunan “Obyektin istismarına hazırlıq” Aktı ö/005931 Sifarişçiyə təhvil verilmişdir. Bununla son olaraq Podratçı tərəfindən tam icra olunmuş sifariş başa çatdırılaraq obyekt Sifarişçiyə təhvil verilmiş hesab olunmuşdur. Bundan sonra icra olunmuş işin dəyərinin ödənilməsinə dair danışıqlarda yenə də maliyyə çətinliyi üzündən qısa müddət gözləmək xahiş olunmuşdur. Təkrar danışıqlarda ödənilməli vəsaitə dair e-hesab faktura təqdim etmək razılaşdırılmış, xx.xx.2022-ci tarixdə ƏDV-siz 181000 manat məbləğin ödənilməsinə dair e-vergi hesab fakturası cavabdeh müəssisəyə təqdim olunmuşdur. E-Vergi hesab fakturası cavabdeh müəssisə tərəfindən qəbul olunmuşdur. Lakin keçən 9 aydan artıq müddət ərzində ödənilməli vəsait cavabdeh tərəfindən ödənilməmişdir. Sifariş edilmiş işlərin öz vəsaiti hesabına icra edilməsi və bu zaman işlərin icrasında üçüncü şəxslər qarşısında öhdəliyinin yaranması müəssisənin də maliyyə çətinliyinə səbəb olmuşdur. Bu səbəbdən müqavilə üzrə borcun ödənilməsini daha uzun müddətə gözləmək artıq mümkünsüz hala gəlmişdir. Dəfələrlə müraciətdən sonra, nəhayət, cavabdeh müəssisəyə “Görülmüş işlərin dəyərinin ödənilməsinə dair Pretenziya (Təklif)” göndərilmiş, cavabdehin borclu olduğu cəmi ƏDV-siz 195000 manat görülmüş işlərin dəyərinin Pretenziyanı aldıqdan 7 iş günü müddətində ödənilməsi xahiş olunmuşdur. Pretenziyanın AVİS sistemi vasitəsilə göndərilməsinə və cavabdeh tərəfindən alınmasına baxmayaraq, təklif olunan müddət ərzində cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Bununla əlaqədar, mübahisənin məhkəməyə qədər, mediasiya qaydasında həlli məqsədilə, qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh tərəfə təklif göndərilmiş, cavabdeh mediasiya təklifinə də adekvat cavab verməmiş, ondan sonra, Bakı 8 saylı mediasiya Təşkilatın müraciət olunmuşdur. Bakı 8 saylı Mediasiya Təşkilatının dəvəti ilə cavabdeh müəssisənin nümayəndəsi Əlimürsəl İsmayılov mediasiya sessiyasında iştirak etmiş, borcun ödənilməsinə dair verilmiş təklifə cavabdeh tərəfin nümayəndəsi müsbət cavab verməmiş və mediasiyanın davam etdirilməsini istəməmişdir. Bu barədə mediator tərəfindən arayış verilmişdir. Hesab edir ki, cavabdeh müəssisə tərəfindən müqavilə öhdəlikləri pozulduğuna və yerinə yetirilmiş işin dəyərinin ödənilməsindən yayındığına, eləcə də mübahisənin məhkəmədənkənar həlli üçün bütün mümkün tədbirlər görüldüyünə, lakin razılıq əldə olunmadığına görə, hazırki tələblə məhkəməyə müraciət etməyə haqlıdır.

3. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195000 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddiaçıya məxsus 2 ədəd “vaqon” və 1 ədəd armaturkəsən dəzgahın iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öhdəlik götürdüyü işi görməmişdir Belə ki, iddiaçı tərəfindən obyektdə heç bir iş görülməmişdir və tikinti həyata keçirilməmişdir. İddiaçının özünün də elektron kabinetə əlavə etdiyi bir-biri ilə uzlaşan şəkillər və bünövrə planından göründüyü kimi, Bakı şəhəri Binəqədi rayonu ərazisində təqdim edilmiş layihə əsasında metal emalı sexi tikintisi mövcud deyildir. Belə ki, adından və sxemlərdən də göründüyü kimi, plan tikiliyə deyil, yalnız bünövrəyə aiddir, ərazidə də heç bir tikili inşa edilməmişdir. Bu isə iddiaçı tərəfindən üzərinə düşən öhdəliklərin icra edilmədiyini təsdiq edir. Belə olan halda isə, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir məbləğdə pul ödənilməli deyildir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, təhvil verilmə heç bir sənəddə öz əksini tapmamışdır. Ödəniş qaydasına əsasən ilkin olaraq 30% ödəniş olunmalı idi. Əgər heç bir ödəniş olunmasaydı, nəyə görə podratçı işə başlamışdır. Müqavilədə xidmətlərin, konkret nəzərdə tutulan işlərin hansı müddətdə təhvil verilməsi barədə heç bir maddə əks olunmamışdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

9. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”: 5.5. Tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

11. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinə əsasən iddiaçı öz riski ilə cavabdehə məxsus Binəqədi rayonu ərazisində təqdim olunmuş layihə əsasında ölçüləri 120x24x9 olan metal emalı sexini körpülü kranın quraşdırılmasından və sexkənarı ərazinin abadlaşdırılmasından başqa bütün işləri görməyi qiyməti 195000 manat (ƏDV-siz) olmaqla, göstərilən islərin yerinə yetirilməsi üçün cavabdeh razılaşdırılmış müddətə işin görülməsinə maneçilik törədən amilləri aradan qaldırmaqla obyekti tam hazır vəziyyətdə iddiaçının öhdəsinə təhvil verməyi öhdələrinə götürmüşlər.

13. xx.xx.2022-ci il tarixli ö/005931 saylı İstismara hazırlıq aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci küçə, 22C ünvanda 1 mərtəbəli qeyriyaşayış binasının sifarişçisi X1, podratçısı İddiaçı MMC, layihəçisi "xxxx" MMC olmaqla, tikinti xx.xx.2020-ci il tarixdə başlanmış, xx.xx.2022-ci il tarixdə qurtarmış, akt digər şəxslərlə yanaşı iddiaçının və cavabdehin möhürləri ilə təsdiq edilmişdir.

14. 7 ədəd Aktdan görünür ki, iddiaçı tərəfindən görülmüş işlər cavabdeh tərəfindən qəbul edilmişdir.

15. xx.xx.2022-ci il tarixli EBCH seriyalı 040095 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 213580.00 manat dəyərində 192*24*9 ölcüdə metal emalı sexinin xx.xx.2019-may 2022-ci il ərəfəsində tikintisi işlərinin görülməsinə dair elektron qaimə cavabdehə təqdim edilmişdir.

16. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı öz riski ilə cavabdehə məxsus Binəqədi rayonu ərazisində təqdim olunmuş layihə əsasında ölçüləri 120x24x9 olan metal emalı sexini körpülü kranın quraşdırılmasından və sexkənarı ərazinin abadlaşdırılmasından başqa bütün işləri görməyi qiyməti 195000 manat (ƏDV-siz) olmaqla, göstərilən islərin yerinə yetirilməsi üçün cavabdeh razılaşdırılmış müddətə işin görülməsinə maneçilik törədən amilləri aradan qaldırmaqla obyekti tam hazır vəziyyətdə iddiaçının öhdəsinə təhvil verməyi öhdələrinə götürmüşlər.

17. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

18. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli Podrat müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən tikintisi başa çatdırılmış binaya dair xx.xx.2022-ci il tarixli ö/005931 saylı İstismara hazırlıq aktı tərtib edilmiş və həmin akt digər şəxslərlə yanaşı iddiaçının və cavabdehin möhürləri ilə təsdiq edilmişdir.

19. İddiaçı cavabdehə müqavilənin dəyəri olan ƏDV-siz 195000 manat məbləğin ödənilmədiyini iddia edir, cavabdeh isə iddiaçı tərəfindən heç bir iş görülmədiyini və tikinti həyata keçirilmədiyini bildirir.

20. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, görülmüş işlərin cavabdehə təhvil verildiyini sübut qismində təqdim edilmiş elektron qaimə, İstismara hazırlıq aktı və işlərin qəbul edilməsinə dair aktlarla təsdiq edilir.

21. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ö/005931 saylı İstismara hazırlıq aktından göründüyü kimi iddiaçı tərəfindən tikintisi başa çatdırılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci küçə, 22C ünvanda 1 mərtəbəli qeyri-yaşayış binasına dair İstismara hazırlıq aktı tərtib edilməsi və həmin akt digər şəxslərlə yanaşı cavabdehin möhürü ilə təsdiq olunması müəyyən olunur.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

24. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

25. Mülki qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır.

26. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən tikintisi başa çatdırılmış binanın İstismara hazırlıq aktı tərtib edilmişdir ki, yuxarıda göstərilən qanunvericilikdən göründüyü kimi həmin akt tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirir.

27. Göründüyü kimi iddiaçı tərəfindən podrat müqaviləsi üzrə tikintisi başa çatdırılmış bina cavabdeh tərəfindən qəbul edilmiş, hətta həmin bina müvafiq dövlət orqanlarının yoxlamasından keçməklə istismarına icazə verilmiş və bununla bağlı sözügedən akt tərtib olunmuşdur.

28. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, istismara hazırlıq aktı, elektron qaimə-fakturanın mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə, hətta görülmüş işlərin qüsurlu və ya tam icra edilməməsinə dair məlumatın mövcud olmaması, iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

29. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia borcun tutulması hissəsində əsaslıdır və iddia göstərilən hissədə təmin edilməlidir.

30. İddiaçı ona məxsus 2 ədəd “vaqon” və 1 ədəd armaturkəsən dəzgahın iddiaçıya qaytarılması barədə tələbi ilə bağlı iddia tələbinin həcminin artırılması barədə ərizəsində qeyd etmişdir ki, həmin “vaqon”lar və dəzgah (avadanlıq), müqavilənin icrası zamanı cavabdehin ərazisinə aparılmış və müqavilə üzrə işlərin yerinə yetirlməsi zamanı istifadə olunmuşdur, hazırda cavabdehin ərazisində qalmışdır. Yəni, həmin “vaqon”lar və avadanlıq (armaturkəsən dəzgah) iddiaçıya məxsus olmaqla, podrat müqaviləsinin icrası məqsədilə iş yerinə gətirilmişdir, işlərin tam başa çatmasınadək orada istifadə olunmuşdur. Sonradan, mediasiya ərəfəsində həmin avadanlıqların geri qaytarılacağı vəd olunsa da, hazırki vaxtadək qaytarılmamışdır.

31. Lakin iddiaçı göstərilən iddia tələbinin əsasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Odur ki, məhkəmə hesab edir ki, iddia göstərilən hissədə öz təsdiqini tapmadığından təmin oluna bilməz.

34. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195000 manat pul tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən görülmüş işin dəyəri olaraq ƏDV-siz 195000 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar