Məhkəmə qərarları › İş №e-2-2(113)-3861/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3861/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3861/2022 24.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı “pul tələbi, yaşayış binasının təhvil verilməsi” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı pul tələbi və yaşayış binasının təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi üzrə həmin müqavilənin 3.2 və 3.6 -cı maddələrində nəzərdə tutulmuş öhdəliklərin cavabdehin yerinə yetirilməsini təmin etmək məqsədilə, cavabdeh "xxxx" MTK-nın ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının satışından və istismarından əldə etdiyi xalis gəlirindən 100 000 (yüz min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi və həmin yaşayış binasının istismarının İddiaçı MMC-yə təhvil verməsinin təmin olunması barədə qətnamə çıxarılmasını, eyni zamanda cavabdeh "xxxx" MTK-nın vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibinin əlamətlərinin müəyyən edildiyindən iş üzrə xüsusi qərardad çıxarıb aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 25 iyul 2005-ci il tarixdə Podrat müqaviləsi bağlanılmışdır. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı "xxxx" MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1.2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı "xxxx" MTK-nın bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə sifarişçi İddiaçı MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh və müqavilə üzrə podratçı "xxxx" MTK öhdəliklərini yerinə yetirməmiş və hər biri vasitə ilə bundan yayınmağa çalışmışdır. Belə ki, cavabdeh "xxxx" MTK ilə müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş 8.000 kv.m yaşayış və qeyri yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı mülki mühakimə qaydasında mübahisə olmuş və qüvvədə olan məhkəmə qətnamələrinə əsasən qeyd olunan ölçüdə yaşayış və qeyri yaşayış sahələrinin dəyərinin cavabdehdən tutularaq, cəmiyyətə ödənilməsi qət olunsa da bu günədək həmin qətnamələrin icrası təmin olunmamışdır. Qüvvədə olan məhkəmə qətnamələrinin icrasını cavabdeh "xxxx" MTK-nın rəhbərliyi qəsdən təmin etməmiş, MTK-nın rəhbərliyinin tez-tez dəyişdirməklə, məsuliyyətdən və icra sənədinin icrasının təmin olunmasından yayınmışlar. Cavabdehlə olan müqavilənin 3.2-ci bəndində müəyyən olunmuş “4 bloklu, 16 mərtəbəli binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-ni” və müqavilənin 3.6-cı bəndi il müəyyən olunmuş “binanın tikintisi başa çatdıqdan sonra "xxxx" MTK bina üzərində olan bütün hüquqlarını itirir və binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə İddiaçı MMCyə təhvil verməsi ilə bağlı öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh "xxxx" MTK-nın təsisçiləri və onun müxtəlif vaxtlarda sədri olmuş şəxslər cavabdehlər X3, X7, X4 MTK-nın kreditorları qarşısında borclarını tam ödəmədikləri halda, onun bütün əmlaklarını mənimsəmə (özlərinin və ailə üzvlərinin adlarına rəsmiləşdirməklə) yolu ilə ələ keçirmişlər və beləliklə MTK-nın faktiki hər hansı gəlir əldə etmədiyi bildirilsə də MTK-nın təsisçiləri və sədrliyini həyata keçirmiş cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədən, kreditorlarına olan borclarının ödənilməsini təmin etmədən, külli miqdarda gəlirlər əldə etmişlər. Necə ola bilər ki, MTK hər hansı gəlir əldə edə bilmir, lakin həmin MTK-nın təsisçiləri və onun sədrləri bu MTK-nın əmlakları hesabına külli miqdarda gəlirlər və dəyərləri ümumilikdə milyonlarla qiymətləndirilən əmlaklar əldə edirlər. Bundan başqa, cavabdeh MTK müqavilədə müəyyən olunmuş yaşayış binasını artıq 2020-ci ildən tikib başa çatdırmasına baxmayaraq, həmin binanın istismarı ilə bağlı üzərinə götürdüyü öhdəliyi (podrat müqaviləsinin 3.6-cı bəndi) də yerinə yetirməmiş, onun istismarının İddiaçı MMC-yə təhvil verilməsini təmin etməkdən imtina etmişdir. Beləliklə, cavabdeh "xxxx" faktiki hüquqdan sui - istifadə edib, müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina etməklə qanunsuz olaraq gəlir əldə etmiş və əhəmiyyətli zərər vurmuşdur. Qeyd olunduğu kimi, cavabdehlə olan podrat müqaviləsinin İddiaçı MMC-yə aid hissədə öhdəlikləri tam olaraq icra olunsa da, cavabdeh tərəf müqavilə üzrə yuxarıda qeyd olunan bu öhdəliklərini yerinə yetirməmişdir. Nəzərə alınmalıdır ki, podrat müqaviləsi üzrə cavabdehin ödəməli olduğu yaşayış və qeyri yaşayış sahələrinin, həmçinin binanın tikintisindən əldə etdiyi xalis gəlirin 33%-nin və binanın gələcək istismarının da iddiaçıya təhvil verilməsi ilə bağlı dəyəri iddiaçı tərəfindən əvvəlcədən cavabdehə ödənilmişdir. Faktiki olaraq cavabdehlə olan podrat müqaviləsinin bir hissəsi üzrə cavabdehin ödhəliyinin yerinə yetirilməsi ilə bağlı icra mərhələsində olan məhkəmə qətnamələri olsa da, cavabdehlə məhkəmə çəkişmələri davam edir və müqavilə üzrə öhdəliklərin tam olaraq yerinə yetirilməsinə nail olunmamışdır. Yəni, qüvvədə olan podrat müqaviləsi üzrə cavabdehin öhdəlikləri natamam (icra edilməsi təmin olunmasa da, öhdəliklərin bir hissəsinin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması və dəyərinin ondan tutulması barədə qüvvədə olan məhkəmə qətnamələrinin olması nəzərə alınmaqla) yerinə yetirilmişdir. Cəmiyyət tərəfindən cavabdehlə olan podrat müqaviləsi üzrə cavabdehin cəmiyyətə ödəməli olduğu əmlakların və yerinə yetirməli olduğu xidmətlərin dəyəri əvvəlcədən tam olaraq ödənildiyindən, həmin müqavilə üzrə ödənilməli olan 33% gəlirə və yaşayış binasının gələcək istismarını həyata keçirməyə cəmiyyətin qanunla qorunan hüquqları vardır. Tələb edilən yaşayış binasının satışından və istismarından əldə edilən xalis gəlirin 33%-i dedikdə 500.000 manatdan yuxarı məbləğ başa düşülür ki, bu məbləğin konkret hesablanması barədə hər hansı bir məlumat olmadığına görə, binanın satışından və istismarından əldə edilən xalis gəlirin 33%-i nin əvəzinə "xxxx" MTK-dan cəmi 100.000 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb edirlər. Cəmiyyətlə cavabdeh MTK arasında podrat müqaviləsi olsa da, faktiki olaraq cəmiyyətin cavabdehin fəaliyyətini yoxlamaq və hansı miqdarda gəlir əldə etməsini müəyyən etmək səlahiyyəti və imkanı xaricində olması nəzərə alınmalı və bu məhkəmədə müvafiq ekspertizalar təyin etmək yolu ilə müəyyən edilməlidir. Ona görə də cavabdehlə bağlanmış podrat müqaviləsinin qüvvəyə mindiyi gündən hazırkı vaxtadək olan dövr ərzində cavabdeh "xxxx" MTK-dan ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının satışından və istismarından əldə etdiyi xalis gəlirindən 100.000 manat tutularaq cəmiyyətə ödənilməsi təmin olunmalıdır. Hazırkı halda cavabdeh "xxxx" MTK-nın rəhbərliyini həyata keçirmiş şəxslərin əməllərində MTKnın əmlaklarını qanunsuz yolla-dələduzluq, mənimsəmə və israfetmə, vəzifədən suiistifadə etmə, sənədlərin saxtalaşdırılması, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına qəsdən mane olma, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, səhlənkarlıq və sair cinayət tərkibinin elementləri olduğundan iş üzrə xüsusi qərardad çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “sifarişçi” "xxxx" MMC “podratçı” "xxxx" MTK “podraçı” olmaqla imzalanmış 25 iyul 2005-ci il tarixli müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən "xxxx" “MMC”nə Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində verilmiş 1.68 ha ərazinin 0.40 ha sahəsində yüksəkmərtəbəli binanın yayihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Layihəyə əsasən dörd bloklu, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyətlərini "xxxx" MMC "xxxx" MMC-nə verir. 3.1-ci bəndə əsasən “podratçı” Yeni Günəşli qəsəbəsində "xxxx" MMC-nə məxsus ərazinin 0.40 ha sahəsində 4 bloklu, 16 mərtəbəli binanın tikintisini bütünlüklə öz üzərinə götürür və həmin tikintini 2007ci ilin sonunadək təhvil verilməsinə zəmanət verir. 3.2-ci bəndə əsasən müqaviləyə və tərəflər arasında əldə olunmuş razılığa əsasən “podratçı” 4 bloklu, 16 mərtəbəli binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1,2,3, otaqlı mənzillə qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla 8000 kv.m sahəni əvəzi ödənilmədən “sifarişçi”-yə verir. 3.6-cı bəndə əsasən binanın tikintisi başa çatdıqdan sonra "xxxx" MTK bina üzərində olan bütün hüquqlarını itirir və binanın gələcək ekspulatasiyasını bütünlüklə "xxxx" MMC-nə təhvil verir. Bakı Apellyasiya Məhkəməsinin X2 2-2(103)-543/2017 nömrəli 24 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-304/2017 saylı 23 may 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-304/2017 saylı 23 may 2017-ci il tarixli qətnaməsi tərəflər arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha hissəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasındakı 180 kv.m qeyri-yaşayış sahəsinin "xxxx" MMC-yə naturada təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-ya həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə 180 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq 63.392 manat pul məbləğinin cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilməməsi saxlanılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş, 08 may 2018-ci il tarixdə icraya göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında podrat müqaviləsi imzalanmış, müqavilə üzrə İddiaçı MMC Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində verilmiş 1.68 ha ərazinin 0.40 ha sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisi işlərinin aparılması səlahiyyətlərini Cavabdehnə vermiş, Cavabdeh MTK binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1,2,3 otaqlı mənzillə qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla 8.000 kv.m sahəni əvəzi ödənilmədən “sifarişçi”yə verməyi öhdəsinə götürmüşdür. Hazırda ididiaçı cavabdehin binanın satışı və istismarından əldə etdiyi xalis gəlirindən əldə olunan vəsaitdən pulun tutulması və yaşayış binasının istismarının təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddia tələbinin yaşayış binasının satışından və istismarından əldə etdiyi xalis gəlirindən 100 000 (yüz min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı yaşayış binasının tikintisindən əldə olunan gəlirdən iddiaçının 33% xalis gəlirdən pay tələb etmə hüququ öz təsdiqini tapsa da, iddiaçı iddia tələbində qeyd olunan məbləğin əsaslı olmasını sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Eyni zamanda iddia tələbində yaşayış binasının istismarının İddiaçı MMC-yə təhvil verməsinin təmin olunmasını da qeyd etmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə binanın tikintisi başa çatdıqdan sonra binanın istismarının bütünlüklə A.R. & Ko” MMC-yə təhvil verilməsini Cavabdeh öz üzərinə götürmüşdür. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda iddiaçı Cavabdeh MTK-nın vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibinin əlamətlərinin müəyyən edildiyindən iş üzrə xüsusi qərardad çıxarıb aidiyyəti üzrə prokurorluğa göndərilməsini də xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iddiaçının vəsatətinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibinin əlamətlərinin müəyyən edildiyini bildirsə də qeyd olunan şəxslərin konkret olaraq kimlər olduğunu bildirməmiş, eləcə də həmin şəxslərin hansı hərəkətlərinin cinayət tərkibi yaratdığını bildirməmiş, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının istismarı Cavabdehndən alınaraq, İddiaçınə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar