Məhkəmə qərarları › İş №e-2-2(113)-3865/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3865/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3865/2022 01.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə, Vəkil və X1, cavabdehin nümayəndəsi X3 və X4 iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı görülmüş işlərə görə yaranmış borcun və zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh ASC arasında bağlanmış MFF032-T3-NCB-1.02 nömrəli, 20 fevral 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının inşası ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş 90155 kv.metr asfalt işləri və digər işlərin dəyəri olan 2397371,88 manat (ƏDV-siz) pul vəsaitinin və həmin müqavilə üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə İddiaçı ASC-nin hesabından Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3631862,4 manat pul vəsaitinin, ümumilikdə 6029234,28 manat məbləğinin Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh ASC arasında bağlanmış MFF032-T3-NCB-1.02 nömrəli 20 fevral 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC tərəfindən dəyəri ƏDV daxil 29472094,14 manat olan Ağdaş şəhərində kanalizasiya kollektorlarının inşası işləri görülmüşdür. Müqavilə dəyərinin 79,98%-i (23571780,71 manat) X10 tərəfindən, 20,02%-i (2,02%-i əsas vəsait üstəgəl 18%-i ƏDV olmaqla bərabər 5900313,43 manat) Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən olmaq şərti ilə ödənilməli idi. Müqavilənin bitmə tarixi Azərbaycan Respublikası Höküməti ilə X10 arasında imzalanmış 28 oktyabr 2014-cü il 3079-AZE saylı kredit sazişinin bitmə tarixinə uyğun olaraq 31 may 2018-ci il nəzərdə tutulmuşdur. Bu müqaviləyə əsasən 21 fevral 2018-ci il tarixində təqdim edilən avans ödəniş sertifikatı üzrə X10 tərəfindən 19 mart 2018-ci il tarixində 3394768,24 manat, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 29 mart 2018-ci il tarixində 202283,83 manat əsas məbləğ və 647469,37 manat ƏDV ödənilmişdir, 20 mart 2018-ci il tarixindən 31 may 2018-ci il tarixinə qədər təqdim edilən 5 ödəniş sertifikatına əsasən X10 tərəfindən 18 aprel 2018-ci il tarixində ******* manat, 01 iyun 2018-ci il tarixində 2213278,83 manat, 24 iyul 2018-ci il tarixində 7878490,77 manat, 26 sentyabr 2018-ci il tarixində 2981784,26 manat və 29 sentyabr 2018-ci il tarixində 2357178,16 manat ödənilmişdir. X10 müqavilə üzrə öz pay hissəsini ödədiyi tarixlərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir ödəniş aparılmadığına görə iddiaçıya məxsus hesabdan Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq 3631862,4 manat silinmişdir. Yuxarıda qeyd olunmuş 5 ödəniş sertifikatı üzrə qalan hökumət payını və ƏDV hissəsini Azərbaycan Respublikası Maliyyə Nazirliyi bir dəfəyə 5050560,24 manat (ƏDV ilə birlikdə) 08 yanvar 2019-cu ildə ödəmişdir. Müqavilənin icrası zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi vaxtında ödənişləri həyata keçirmədiyinə görə iddiaçıya 3631862,4 manat ziyan dəymişdir. Eyni zamanda, Ağdaş şəhərinin su və kanalizasiya xəttlərinin tamamlanması və rəsmi açılış tədbirinə hazırlamaq barədə razılaşmaya əsasən Cavabdeh ASC-nin sifarişi əsasında bu müqavilə üzrə 90155 kv.metr asfalt işləri və digər işlərin 2019-cu ilin sentyabr ayında təsdiq edilmiş akt əsasında Cavabdeh ASC-yə təhvil verilmişdir. Lakin, qarşılıqlı təsdiqlənmiş akt əsasında Cavabdeh ASC-nin TOOM ilə F2-nin dəyəri 2397371,88 manat (ƏDV-siz) olduğu dəqiqləşdirilsə də, F2-nin təsdiq olunması prosesi Cavabdeh ASC tərəfindən bu günə qədər süni olaraq uzaldılır və ödənişlər həyata keçirilmir. Cavabdeh ASC tərəfindən həmin işlərin dəyəri hazırki vaxtadək İddiaçı ASC-yə ödənilməmiş, Cavabdeh ASC tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmişdir. Nəticədə ümumilikdə, İddiaçı MMC-yə 6029234,28 manat zərər dəydiyi üçün həmin məbləğ Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, Cavabdeh ASC ilə İddiaçı ASC arasında bağlanmış MFF032-T3-NCB-1.02 nömrəli 20 fevral 2018-ci il tarixli müqaviləyə əsasən cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə, Cavabdeh ASC-dən 3631862,4 manat (ƏDV-siz) məbləğinin, İddiaçı ASC tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2397371,88 manat (ƏDV-siz) məbləğinin Cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh ASC-nin təqdim etdiyi LWC-2018/14 saylı 04 aprel 2018-ci il tarixli “İşlər üzrə satınalma müqaviləsi” və həmin müqavilənin xitamı ilə bağlı 05 sentyabr 2018-ci il tarixli “Xitam razılaşması”na münasibətdə qeyd etmişdir ki, həmin xitam razılaşmasında göstərilmişdir ki, müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10681109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənilmişdir. Müqavilə üzrə razılaşdırılmış iş həcminin çoxluğu və işlərin mürəkkəbliyi səbəbindən, podratçı tərəfindən iş öhdəliklərinin tam və vaxtında başa çatdırılması qeyrimümkün olduğuna görə tərəflər müqaviləyə xitam vermək barədə razılığa gəlmişlər. Göründüyü kimi iş üzrə Cavabdeh ASC tərəfindən 18 iyul 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə təqdim edilmiş müqavilə LWC-2018/14 saylı olmaqla 04 aprel 2018-ci il tarixdə imzalanmış müqavilədir və həmin müqaviləyə 05 sentyabr 2018-ci il tarixli “Xitam razılaşması” ilə xitam verilmişdir. Amma iddaçı ilə cavabdeh arasında bağlanmış MFF032- T3-NCB-1.02 saylı 20 fevral 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC tərəfindən dəyəri ƏDV daxil 29472094,14 manat olan “Ağdaş şəhərində kanalizasiya kollektorlarının inşası” işləri görülmüşdür. Müqavilə dəyərinin 79,98%-i (23571780,71 manat) X10 tərəfindən, 20,02%-i (2,02%-i əsas vəsait üstəgəl 18%-i ƏDV olmaqla bərabər 5900313,43 manat) Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən olmaq şərti ilə ödənilməli idi. Cavabdeh ASC tərəfindən həmin işlərin dəyəri hazırki vaxtadək İddiaçı ASC-yə ödənilməmiş, Cavabdeh ASC tərəfindən üzərinə düşən öhdəlik yerinə yetirilməmişdir. Odur ki, iddaçı İddiaçı MMC tərəfindən 04 iyul 2022-ci il tarixdə məhkəmədə məhz MFF032-T3-NCB-1.02 saylı müqavilə və həmin müqavilədən sonra imzalanmış razılaşma üzrə 2019-cu ildə görülmüş işlərin dəyərinin ödənilməsi haqqında iddia qaldırılmışdır. Yuxarıda göstərilənlərdən də bəlli olur ki, iddaçı İddiaçı MMC 18 iyul 2022-ci il tarixdə elektron kabinet vasitəsilə Cavabdeh ASC tərəfindən təqdim edilmiş LWC-2018/14 saylı 04 aprel 2018-ci il tarixli “İşlər üzrə satınalma müqaviləsi” üzrə görülmüş işlər barədə deyil, MFF032-T3-NCB-1.02 saylı müqavilə üzrə və həmin müqavilədən sonra imzalanmış razılaşmaya əsasən 2019-cu ildə görülmüş işlərin dəyərinin ödənilməsini tələb edir. Amma Cavabdeh ASC tərəfindən 18 iyul 2022-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmiş LWC-2018/14 saylı “İşlər üzrə satınalma müqaviləsi”nin xitam edilməsi haqqında “Xitam razılaşması” 05 sentyabr 2018-ci il tarixdə imzalanmışdır, İddiaçı MMC-nin tələb etdiyi ödəniş isə 2019-cu ildə görülmüş işlərlə bağlıdır, yəni xitam razılaşmasından bir neçə ay sonra görülmüş işlərlə bağlıdır. 19 iyul 2022-ci il tarixdə elektron kabinet vasitəsilə əlavə edilən iki ədəd foto-sxem və əlavə ediləcək foto şəkillər İddiaçı MMC-nin əməkdaşlarının MFF032-T3-NCB-1.02 saylı müqavilədən sonra imzalanmış razılaşmaya əsasən 2019-cu ildə gördükləri işlərlə bağlı iş prossesində çəkilmişdir. Odur ki, Cavabdeh ASC tərəfindən təqdim edilmiş LWC-2018/14 saylı 04 aprel 2018-ci il tarixli “İşlər üzrə satınalma müqaviləsi” və həmin müqavilənin xitam edilməsi barədə razılaşma hazırki iddia üzrə sübut kimi nəzərə alınmamalıdır. Tərəflər arasında əlavə razılaşma yalnızca bir dəfə bağlanmışdır. Kollektor müqaviləsi ilə kanalizasiya xətlərinin bərpası işləri icra olunmuşdur. Büdcə layihəsi isə kollektor müqavilə və görülən işləri əhatə etməli idi. İşlər təhvil verilən zaman onlara məlum oldumuşdur ki, digər görülməli işləri başqa şirkət icra etməli idi, lakin icra edilməmişdir. Həmin işlər şifahi razılaşma əsasında görülmüşdür. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən beş ödəniş sertfikatı təqdim edilmişdir. ƏDV əvəzi olaraq vergi orqanı tərəfindən vəsait silinmişdir. Silinmiş vəsait iddiaçının öz vəsaiti olmuşdur. İşlər 2019-cu il sentyabr ayında təsdiq edilmiş akt əsasında Cavabdeh ASC-yə təhvil verilmsə də, asvalt işlərinin də dəyəri 2 saylı forma arayışın təsdiq olunması süni surətdə uzadılmışdır. Maliyyə Nazirliyi kredit sazişini imzalayan dövlət orqanı, Cavabdeh ASC həmin işlərin görülməsi üzrə icraçı olmuşdur. Cavabdeh Maliyyə Nazirliyin pulun ödənilməsinə dair göstərişin verilməsinə dair müraciət etməli idi. Vergi orqanı tərəfindən silinmiş məbləğ Maliyyə Nazirliyi tərəfindən sonradan ödənilmişdir, lakin sərəncamla götürüldüyündən 50 faiz məbləğ yəni, 18000000 manat hissədə sanksiya tətbiq edilmişdir. İddiaçının nümyəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə bildirmişdir ki, daşınmaz əşyalarla bağlı iddia müddəti 6 il təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında Ağdaş şəhərində kanalizasiya kollektorunun inşası ilə əlaqədar 20 fevral 2018-ci il tarixli MFF032-T3-NCB- 1.02 saylı müqavilə bağlanmışdır. Bu müqavilə üzrə ƏDV məbləği olan 3631862,4 manat məbləği isə AR Maliyyə Nazirliyi tərəfindən 08 yanvar 2019-cu ildə ödənilmişdir. Müqavilənin 50-ci bəndinə əsasən ödənişlər 28 gün ərzində həyata keçirilmədikdə növbəti tarixdən etibarən gecikmiş ödənişlər üzrə faiz məbləği hesablana bilər. Göründüyü kimi sözügedən müqavilədə nəzərdə tutulan məbləğlərlə bağlı bütün ödəmələr həyata keçirilmişdir. Bundan əlavə ƏDV məbləğinin sonuncu ödəniş tarixi 08 yanvar 2019-cu ildə həyata keçirildiyindən bu mübahisə ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni 08 yanvar 2022-ci ilədək müddətdə mübahisə hesab etdiyi məbləği tələb edə bilərdi. ƏDV əvəzi olaraq silinmiş tələb üzrə iddia müddəti ötürülmüş və buna görə də həmin tələb üzrə iddia müddəti tətbiq edilməlidir. Digər tərəfdən iddiaçı iddia ərizəsində Ağdaş şəhərində kanalizasiya kollektorlarının inşası ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş 90155 kv.metr asfalt işləri və digər işlərə görə 2397371,88 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. iddiaçı sözügedən müqaviləyə istinad etsə də, asflat işləri üzrə tərəflər arasında heç bir əlavə razılaşma bağlanmamışdır. Qanunvericiliyin tələbinə əsasən öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. İddiaçının iddia ərizəsində asfalt və digər işlər üzrə tələb etdiyi məbləğin əsasının nədən ibarət olması sual doğurur. Həmçinin, həmin işlər üzrə iddiaçı tərəfindən Cəmiyyətə Forma 2, Forma 3, hesab-faktura, elektron qaimələr təqdim edilməmişdir və bu məbləğ Cavabdeh ASC-nin mühasibat uçot sənədlərində öz təsdiqini tapmamışdır. Görülmüş işlərin Cavabdeh ASC tərəfindən sifariş olunmasına dair hər hansı bir sübut təqdim olunmamışdır. Göstərilənlər bir daha təsdiq edir ki, iddia tamamilə əsassızdır və iddia tələbi yalnız iddiaçının heç bir sübutu olmayan mülahizələrinə əsaslanır. İş materiallarında olan: - LWC-2018/14 nömrəli, 04 aprel 2018-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinə əsasən sifarişçi – Cavabdeh ASC və podratçi – “X11 ve Ticaret” ASC Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanması işlərini 21714000 manat (ƏDV daxil) məbləğində icra etməyi qəbul etmişdir. Podratçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanması işlərinin yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər podratçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uvğun olmadıqda, podratçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. - LWC-2018/30 nömrəli, 16 mart 2018-ci il tarixli “İşlər üzrə satınalma” müqaviləsinin xüsusi şərtlərinə əsasən müqavilənin icra müddəti 29 dekabr 2018-ci il tarixinədək müəyyən edilmişdir. - 20 fevral 2018-ci il tarixli, MFF-032-T3-NCB-1.02 nömrəli müqaviləyə 24 aprel 2018-ci il tarixli 1 saylı Düzəlişə əsasən “Layihənin uğurla tamamlanması və kanalizasiya sisteminin funksionallığının təmin edilməsi məqsədilə ... iş həcmləri cədvəlinə fərqli diametrlərdə ümumi uzunluğu 19909,05 m olan kanalizasiya xəttinin əlavə olunması ilə əlaqədar müqavilə müddəti dəyişdirilmədən müqaviləyə dəyişiklik edilməsi zərurəti yaranmışdır.” Müqavilənin yekun dəyəri 29484234,54 manat təşkil etmişdir. - Cavabdeh ASC və “X11 ve Ticaret” ASC arasında bağlanmış LWC-2018/14 nömrəli, 05 sentyabr 2018-ci il tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10681109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənilmişdir. - 07 iyun 2018-ci il tarixli 07/07-1/2/9014 nömrəli Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisinə dair Cavabdeh ASC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış məktubuna əsasən müqavilənin yekun dəyəri 29484234,54 manat təşkil etmişdir. - 30 sentyabr 2019-cu il tarixə qədər Ağdaş rayon küçələrinə İddiaçı ASC tərəfindən vurulan asfalt örtüyünün iş həcmləri barədə arayışa əsasən vurulan asfalt örtüyü 91452 kv.metr təşkil edir. - Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2018-ci il tarixli Sərəncamına əsasən Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 22000000 manatı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır. İddia tələbi 2 hissədən ibarətdir: - İddiaçı ASC tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2397371,88 manat (ƏDV-siz) məbləğində pul vəsaitinin; - cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3631862,4 manat məbləğində pul vəsaitinin ödənilməsi. Cavabdehin iddiaya etirazını aşağıdakı xüsusatlarla əsaslandırmışdır: - MFF032-T3-NCB-1.02 nömrəli, 20 fevral 2018-ci il tarixli müqavilə üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən bütün ödənişlər 08 yanvar 2019-cu il tarixdə həyata keçirilmişdir; - müqavilə ilə müəyyənləşdirilməli olan işlərin görülməsinə dair Forma-2 və Forma-3 sənədləri, podratçı tərəfindən təqdim edilməli olan elektron qaimə, invoys və digər zəruri sənədlərin heç biri mövcud deyildir; - görülən işlərin dəyərinin 2397371,88 manat olduğu bildirilsə də, həmin işlərin hansı qaydada hesablanması və buna dair müvafiq sənədlər təqdim olunmamışdır. - işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən olunmalı və smeta xərclərini nəzərdə tutan sənədlər hazırlanmalı olduğu halda bu sənədlər mövcud deyildir. - ƏDV əvəzi olaraq silinmiş 3631862,4 manat pul vəsaitinin tələb olunması ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçı asfalt işləri və digər podrat işlərinin gördüyünü iddia etsə də, məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki görülmüş işlər və onların dəyəri yazılı sübutlarla ("Forma 2" aktlar, iddiaçının işlərin görülməsi ilə bağlı çəkdiyi xərcləri təsdiq edən ödəniş sənədləri və s.) öz təsdiqini tapmalı idi. Digər konsensual müqavilələrdən fərqli olaraq, podrat müqaviləsi bağlandığı anda icra edilə bilməz, çünki işlərin görülməsi ilə bağlı müəyyən vaxt sərf etmək lazımdır ki, tələb olunan nəticə əldə edilsin. Podrat müqaviləsinin predmetini görülmüş işlərin nəticələri təşkil edir. İşlərin görülməsi, podratçının öz vəzifəsinin icra edilməsi üçün ilk öncə müqavilə bağlanılır, burada hansı işlərin görülməsi (podratla bağlı smetanın tərtibi) və müddəti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. MM-nin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin “Podratçının öhdəlikləri” adlanan 6-cı bəndində də qeyd olunmuşdur ki, “Podratçı müqavilə üzrə işlərin icrası zamanı layihədə nəzərdə tutulmamış hər hansı işi yerinə yetirmir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 754.1 və 754.2-ci maddələrinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Normanın məzmunundan göründüyü kimi təqribi smetadan kənaraçıxma halında belə podratçı yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, yəni, muzd razılaşdırılmalıdır. 2-ci şərt isə ondan ibarətdir ki, kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Lakin işlərin gedişatı zamanı podratçı tərəfindən sifarişçiyə məlumat verilməsi ilə bağlı hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin, Cavabdeh ASC və “X11 ve Ticaret” ASC arasında bağlanmış LWC- 2018/14 nömrəli, 04 aprel 2018-ci il tarixli müqaviləyə dair xitam razılaşmasına əsasən müqavilə üzrə sifarişçi tərəfindən ƏDV daxil olmaqla 10681109,35 manat məbləğində ödəniş həyata keçirilməklə podratçı tərəfindən görülən işlərin əvəzi tam olaraq ödənildiyi, müqaviləyə 06 sentyabr 2018-ci il tarixdən xitam verildiyi təsdiqini tapır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.11-6-cı maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi qeyd olunmuşdur. 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Qeyd olunan normaların məzmununa əsasən və tərəflərin hər ikisinin də vergi ödəyicisi olan hüquqi şəxs olması nəzərə alınmaqla elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, iddiaçı tərəfindən bu tələbə əməl olunması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflər arasında yazılı formada deyil, şifahi razılaşmanın olması qəbul olunsa belə, işlər görülməmişdən əvvəl layihənin smeta dəyəri müəyyən olunması, smeta xərclərini nəzərdə tutan, işlərin görülməsini, 2397371,88 manat məbləğində pul vəsaitinin xərclənməsini əsaslandıran sənədlər də məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən sübut olaraq məhkəməyə müxtəlif hüquqi şəxslərlə bağlanmış müqavilələr və digər sənədlər təqdim olunsa da, həmin sənədlərin hazırkı mübahisəyə aidiyyatının olması müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Akelik Group” ASC tərəfindən Ağdaş şəhərində kanalizasiya kollektorlarının tikintisi ilə bağlı 2019-cu ilin sentyabr ayında görülmüş asfalt işləri və digər işlərin dəyəri olan 2397371,88 manat (ƏDV-siz) məbləğində pul vəsaitinin tutulması hissəsində təmin oluna bilməz. Məhkəmə cavabdehin nümayəndəsinin iddianın digər hissəsinə (cavabdehin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vaxtında ödəniş aparılmadığına görə Dövlət Vergi Xidməti tərəfindən ƏDV əvəzi olaraq silinmiş 3631862,4 manat məbləğində pul vəsaitinin ödənilməsi) münasibətdə ilkin olaraq iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İddia müddəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün müddətin axımının hansı vaxtdan hesablanmalı olduğu müəyyən edilməlidir. MFF032-T3-NCB-1.02 nömrəli, 20 fevral 2018-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş tarixi 08 yanvar 2019-cu ildir. Yəni, borcu etiraf etməsini göstərən hərəkət sonuncu dəfə 08 yanvar 2019-cu il tarixdə icra olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan 3 il ərzində, yəni 08 yanvar 2022-ci ilədək həmin məbləğin ödənilməsi ilə bağlı iddia irəli sürülə bilərdi. Cavabdehin iddianı müddətinin tətbiqi ilə bağlı ərizəyə etirazının əsasını o təşkil edir ki, daşınmaz əşyalarla bağlı iddia müddəti 6 il təşkil etdiyindən müddət ötürülməmişdir. Lakin məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır. Belə ki, müqavilənin predmetini hər hansı bir daşınmaz əmlak deyil, podrat müqaviləsi üzrə işlərin görülməsi təşkil edir. İddianın bu hissəsinin əsasını təşkil edən hal ondan ibarətdir ki, ödənişin aparılması Maliyyə Nazirliyi tərəfindən gecikdirilmişdir. İşin hallarından da görünür ki, Cavabdeh ASCnin mübahisə predmeti olan müqavilə üzrə pul vəsaiti ödəmək öhdəliyi nəzərdə tutulmamış, görülmüş işlərin dəyəri Maliyyə Nazirliyi tərəfindən ödənilmişdir. Yəni, müqavilə öhdəlikləri tam yerinə yetirilmədiyi, gecikdirilməklə yerinə yetirildiyi təqdirdə belə buna görə Cavabdeh ASC məsuliyyət daşıya bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edilməli və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı görülmüş işlərə görə yaranmış borcun və zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar