Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3891/2021 21.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Fərzalı oglunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili VəkilTapdıq oglunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı 05 aprel 2021-ci il tarixli, 01/PC-2021 saylı Subpodrat müqaviləsi üzrə ödənilmiş ƏDV daxil 24780 manat məbləğində avansın, cavabdeh tərəfindən üfuqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi üçün iddiaçının yerinə yetirdiyi işlərin ƏDV daxil 34514.06 manat 06 qəpik məbləğində vəsaitin və 5000 manat cərimə borcunun, cəmi 64294.06 manat 06 qəpik borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 05 aprel 2021-ci il tarixli, 01/PC-2021 saylı Subpodrat müqaviləsi üzrə ödənilmiş ƏDV daxil 24780 manat məbləğində avansın, cavabdeh tərəfindən üfuqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi üçün iddiaçının yerinə yetirdiyi işlərin ƏDV daxil 34514.06 manat 06 qəpik məbləğində vəsaitin və 5000 manat cərimə borcunun, cəmi 64294.06 manat 06 qəpik borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 05 aprel 2021-ci il tarixli, 01/PC-2021 saylı Subpodrat müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən Cavabdeh MMC “Ceyranbatan gölünün şimalşərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin aradılması (1-ci mərhələ)” layihəsi çərçivəsində kanal və dəmir yolu keçidinin altından üfüqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi işlərinin yerinə yetirilməsini təmin etməliydi. Həmin müqavilənin 2.2-ci bəndinin tələbinə görə İddiaçı ASC sifariş etdiyi işlərə görə 30 % həddində avans məbləği ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçi İddiaçı ASC 2.2-ci bəndinin tələbinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmiş və Cavabdeh MMC-yə ƏDV daxil 24780 manat məbləğində avans köçürmüşdür. Yuxarıda qeyd olunan müqavilə əsasında işə başlayan cavabdeh müəssisə görülmüş işləri razılaşdırılmış qaydada deyil, yəni səhvə yol verərək çəkilmiş boru xəttinin nəzərdə tutulmuş dərinlikdən 35 sm aşağıdan keçirmişlər və bunun nəticəsində işin sonunda həmin borunun birləşdirilməli olan kanalizasiya xəttinə birləşdirilməsi mümkün olmamışdır. Yol verilmiş səhvlə əlaqədar Cavabdeh MMC-yə bildirildikdə sonuncu tərəfindən səhvə yol verilməsi halının olmaması və boru xəttinin 35 mm aşağı düşməsinin səbəbi kimi qurunt sularının və naməlum sərt cisimlərin qazma baltasının almaz dişlərini qırmasını göstərmişdir. Bununla bağlı, 07.05.2021-ci il tarixli, 1 saylı Akt tərtib olunmuşdur və Cavabdeh MMC-nin iş ustası Ş.Cavadovun iştirakı ilə həmin Akt imzalanmışdır. Müqavilənin 5.3 bəndinin tələbinə görə Podratçıya vaxt verilmişdir, lakin borunun aşağı olan başının qaldırıcılar vasitəsi ilə qaldırmaq mümkün olmamışdır. Hansı ki, Cavabdeh MMC-nin səhvi nəticəsində dəmir yolunun altı hər an uça bilərdi. Müqavilənin bu bəndinin tələb vaxtı keçdiyindən "xxxx" QSC-nin qəti tələbindən sonra , 11.05.2021-ci ildə açıq üsulla qazma işini başlamışdır. İddiaçı ASC və digər şəxslərin iştirakı ilə Cavabdeh MMC tərəfindən çəkilmiş borunun yan və üst tərəfi açılmış və nəticədə hər-hansı qurunt sularının və ya sərt naməlum cisimlərin mövcud olması təsdiqini tapmamışdır. Borunun altından çıxan qurunt yalnız və yalnızİİ və İİİ-cü qrup torpaq olmuşdur. Bu hal İddiaçı ASCnin əməkdaşları, Cavabdeh MMC-nin nümayəndəsi Ş.Cavadovun, Sumqayıt şəhər X3 (4 saylı) rəisi N.Mustafayevin və iş icraçısı S.Caltıkovun iştirakı ilə tərtib edilmiş 11.05.2021-ci il tarixli, 2№-li Aktla təsdiq edilmiş və həmin akt iştirak edənlərin imzası ilə təsdiqlənmişdir. Lakin, Cavabdeh MMC-nin nümayəndəsi Ş.Cavadov həmin aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra, İddiaçı ASC dövlət tərəfindən sifariş olunmuş işləri təhvil vermək üçün və dəmir yolu xəttinin işlək vəziyyətdə olmasının təmin etmək məqsədi ilə Cavabdeh MMC tərəfindən görülməli olan işləri özü icra etmiş, əlavə işçi heyəti və maliyyə vəsaiti cəlb etməklə səhv çəkilmiş boru xəttini torpaqdan çıxarmış, onu izolyasiya etmiş və müəyyən texniki üsullarla işin sonunda qoşulmalı olan kanalizasiya xəttinə qoşulmasını təmin etmişdir. Nəticədə, Cavabdeh MMC tərəfindən görülməli olan lakin səhv görülmüş işlərin və yerinə yetirilməsi üçün İddiaçı ASC vaxt və maliyyə itkisinə, o cümlədən bunun nəticəsi olaraq ƏDV daxil əlavə 34514.06 manat məbləğində vəsait xərcləməklə maddi ziyana məruz qalmışdır. Qeyd olunan vəsaitinin xərclənməsini təsdiqlənməsi üçün İddiaçı ASC-nin iş icraçısı C.Babayevin , İ.Kazımov və "xxxx" ASC-in texniki nəzarətçisi Ağalarov Elnurun imzası ilə rəsmiləşdirilmiş 25.05.2021-ci il tarixli 3 №-liakt tərtib olunmuşdur. Lakin, bütün bunlara baxmayaraq Cavabdeh MMC tərəfindən qeyd olunan avansın və dəymiş ziyanın ödənilməsi təmin edilməmişdir. Belə bir halın mövcudluğu qanunvericiliklə qorunan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 3.2.2-ci bəndinin tələbinə görə sufarişçinin (hazırda iddiaçı) podratçının (hazırda cavabdeh) uyğunsuzluqlarını podratçıdan öz hesabına dərhal aradan qaldırmaqla bağlı tələb etmə hüququ müəyyən edilmişdir. Həmin müqavilənin 3.2.3-cü bəndinin tələbinə görə podratçının, təqsiri üzündən vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb etmək hüququ müəyyən edilmişdir. İstinad olunan müqavilənin 3.4.2-ci bəndinin tələbinə görə işin keyfiyyətinə tam zəmanət vermək podratçının vəzifəsi kimi müəyyən edilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1994-cü il tarixli, 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Əsas tikintidə podrat müqavilələri haqqında” Qaydaların 1.6-ci maddəsinin tələbinə görə mülkiyyət formasından asılı olmayaraq tikinti-quraşdırma, layihə-tikinti və başqa təşkilat və ya müəssisələr, həmçinin tikintinin yerinə yetirilməsində iştirak edən ayrı-ayrı fiziki və hüquqi şəxslər və yaxud öz üzərlərinə işlərin koordinasiya edilməsi funksiyasını götürmüş vasitəçi təşkilatlar Podratçı ola bilərlər. Tikinti-quraşdırma işlərinin bir hissəsinin yerinə yetirilməsi üçün əgər müqavilədə işin yalnız podratçı tərəfindən yerinə yetirilməsi nəzərdə tutulmamışsa Podratçı, başqa subpodrat təşkilatları cəlb edə bilər. Belə hallarda işlərin müəyyən edilmiş müddətdə, lazımi keyfiyyətlə yerinə yetirilməsi üçün Sifarişçi qarşısında bütün məsuliyyəti Baş Podratçı daşıyır və o subpodratçı qarşısında Sifarişçi kimi çıxış edir. İddiaçının nümayəndəsi və vəkili VəkilTapdıq oglu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uygun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X4 oglu iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında baglanmış 05 aprel 2021-ci il tarixli Subpodrat müqaviləsindən görünür ki, Podratçı sifarişçinin sifarişinə əsasən və hazırki müqavilənin şərtlərinə uygun Ceyranbatan gölünün şimal-şərq hissəsində yağış və tullantı sularının idarə olunması sisteminin aradılması layihəsi çərçivəsində kanal və dəmir yolu keçidinin altından üfüqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi işlərinin yerinə yetirilməsini, sifarişçi isə bunun əvəzində müəyyən edilmiş işin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 20 aprel 2021-ci il tarixıi hesab fakturanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 05 aprel 2021-ci il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən 24780 manat məbləgində avans ödənilmişdir. 25 may 2021-ci il tarixli Aktdan görünür ki, cavabdehin üfüqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi işlərinin yerinə yetirilməsi üçün iddiaçı tərəfindən 34514.06 manat məbləgdə xidmət işlər yerinə yetirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 05 aprel 2021-ci il tarixli, 01/PC-2021 saylı Subpodrat müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən Cavabdeh MMC “Ceyranbatan gölünün şimal şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin aradılması (1-ci mərhələ)” layihəsi çərçivəsində kanal və dəmir yolu keçidinin altından üfüqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi işlərinin yerinə yetirilməsini təmin etməyi İddiaçı ASC sifariş etdiyi işlərə görə 30 % həddində avans məbləği ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən işlər görülmüş, iddiaçı tərəfindən həmin işin görülməsi üçün 24780 manat məbləgində avans ödənilmişdir. Qeyd olunanlar işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı iddia edir ki, cavabdeh tərəfindən görülmüş iş qüsurlu olmuşdur, belə ki, cavabdeh görülmüş işləri razılaşdırılmış qaydada deyil, yəni səhvə yol verərək çəkilmiş boru xəttinin nəzərdə tutulmuş dərinlikdən 35 sm aşağıdan keçirmişlər və bunun nəticəsində işin sonunda həmin borunun birləşdirilməli olan kanalizasiya xəttinə birləşdirilməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, podratın nəticəsində qüsurlar olduqda, onların aradan qaldırılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763-cü maddəsində öz əksini tapmışdır. Maddənin məzmunundan göründüyü kimi, məmulatın qüsuru podratçının hesabına aradan qaldırılır. Belə ki, məmulatda qüsur müəyyən edən sifarişçi onun aradan qaldırılması üçün podratçı tərəfindən əlavə icra tələb edə bilər. Əlavə icranın predmetini podratçı tərəfindən qüsurların aradan qaldırılması təşkil edir. Hazırki iş üzrə podratın nəticəsində qüsurların aradan qaldırılması ilə bağlı iddiaçının cavabdehdən əlavə icra tələb etməsi və bununla bağlı müəyyən vaxt verməsi məhkəmə tədqiqatı zamanı müəyyən olunmamış, habelə iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qüsurla olsa belə işlər görülmüşdür ki, bu halda cavabdeh tərəfindən həmin işlərin görülməsi üçün müəyyən xərclər çəkilmişdir, iddiaçı tərəfindən isə görüləcək işlərin dəyəri tam deyil, yalnız 30 faizi olmaqla avansı ödənilmişdir. Məhkəmə cavabdeh tərəfindən işlərin görülməsini və işlərin görülməsi üçün çəkilmiş xərcləri nəzərə alaraq, iddiaçı tərəfindən cavabdehə ödənilmiş avansın geri tələb olunmasını əsaslı hesab etmir və buna görə də iddia həmin hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı 05 aprel 2021-ci il tarixli, 01/PC-2021 saylı Subpodrat müqaviləsi üzrə ödənilmiş ƏDV daxil 24780 manat məbləğində avansın, cavabdeh tərəfindən üfuqi qazma üsulu ilə diametri 1000 mm-lik boru xəttinin keçirilməsi üçün iddiaçının yerinə yetirdiyi işlərin ƏDV daxil 34514.06 manat 06 qəpik məbləğində vəsaitin və 5000 manat cərimə borcunun, cəmi 64294.06 manat 06 qəpik borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3891/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3891/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver