Məhkəmə qərarları › İş №e-2-2(113)-3929/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3929/2024

22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3929/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 99,80 manat pul vəsaitinin və 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 28, 50 saylı mənzil Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi icbari qaydada sığortalanmışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 28, 50 saylı mənzilə çirkab su borusundan su sızması nəticəsində zədələnmişdir. Həmin əmlaka dəymiş ziyanın məbləği 350 manat məbləğində müəyyən edilmiş, dəymiş zərər məbləğdən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği və 0.20 qəpik bərpa məbləği çıxılmaqla , 99.80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalanmış mənzilin mülkiyyətçisi olan X1 bank hesabına 11417 nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 99.80 manat məbləği ödənilmişdir. Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatda əmlaka dəymiş zərərin məbləği 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Əmlaka dəymiş ziyanın səbəbi araşdırılaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 28, 50 saylı mənzilə ümumi dik çirkab su borusundan su sızması nəticəsində sözügedən mənzilin mətbəx sahəsinə ziyan dəymişdir. Bu hadisə 114 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda öz əksini tapmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş 114 saylı MKİS-nin məktubunda göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 iyun tarixli , 586 nömrəli Fərmanı il təsdiq edilmiş`` Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı`` na əsasən su təchizatı, kanalizasiya şəbəkə və qurğularının idarə edilməsini təkmilləşdirmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012ci tarixli, 345 saylı Sərəncamı ilə nazirlik, komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı, kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri ``Azərsu`` ASC-nin balansına verilmişdir. Hesab edirik ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış X2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 28, 50 saylı mənzilə dəymiş ziyanın ödənilməsi üçün "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Pirverdiyeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 28, 50 saylı mənzilə həmin mənzilin üzərində yerləşən 56 saylı mənzilin (mənzil sahibi Məlikova Sevda) çirkab su borusundan su sızmışdır. Həmin borunun hadisə zamanı cavabdehin işçiləri tərəfindən təmir edilməsi 114 saylı MKİS tərəfindən tərtib edilmiş aktda da öz təsdiqini tapmışdır.

4. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı tərəfindən tərtib edilmiş sığorta aktına əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 28, 50 saylı mənzilə dəymiş zərər 350 manat təşkil edir, zərər qonşudan gələn çirkab suları nəticəsində zədələnmişdir.

8. İddiaçı tərəfindən X2 xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 99,80 manat sığorta ödənişi verilmişdir.

9. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən X2 dəymiş zərərin məbləği 350 manat təşkil edir.

10. 114 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 28, 50 saylı mənzildə yaşayan X1 müraciətinə əsasən ona məxsus mənzilə baxış keçirilmiş, baxış zamanı aşkar edilmişdir ki, mənzilin mətbəxində ümumi çirkab su borusunun tutulması nəticəsində çirkab suları axmış, çirkab su borusu X8 İdarəsinin işçiləri tərəfindən təmir işləri görülməsi nəticəsində bu hal baş vermişdir. Nəticədə 50 saylı mənzilin mətbəxinə ziyan dəymişdir.

11. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

15. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

16. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

17. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

21. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

22. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

23. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

24. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

25. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

26. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb əsaslı olmadığından təmin edilməməlidir.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X3 arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığorta müqaviləsi bağlanmış, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi (su basma) baş vermiş, hadisə nəticəsində sığortalıya 350 manat zərər dəymiş, həmin zərərə görə iddiaçı tərəfindən sığorta müqaviləsinin şərtlərinə əsasən 250 manat azadolma məbləği çıxılmaqla, ümumilikdə 99,80 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamına əsasən “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" Açiq Səhmdar Cəmiyyətinin balansına verilmişdir.

29. Sudan istifadə qaydalarının 2.1-ci maddəsinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək cavabdehin vəzifəsidir.

30. Məhkəmə hesab edir ki, sığorta hadisəsi cavabdehin təqsiri nəticəsində baş verməmişdir.

31. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 114 saylı akta əsasən sığortalı T.Güləmirovun mənzilinin üstündə yerləşən 56 saylı mənzilin mətbəxindən çirkab suları axması nəticəsində baş vermişdir.

32. İddiaçı həmin hadisənin cavabdehin əməkdaşlarının təqsirli hərəkətləri nəticəsində baş verdiyini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 75-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

34. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş cavabdehin Nizamnaməsinə əsasən X5 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri (istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.

36. Nizamnamənin 2.1.5-ci bəndinə əsasən balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindən biridir.

37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 28 saylı evin 56 saylı mənzilin daxili təchizatı və kanalizasiya sistemi cavabdehin balansında deyildir, həmin mənzildən çirkab sularının axıdılmasında cavabdehin təqsirli olması isə məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır.

38. Bu səbəbdən dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

48.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar