Məhkəmə qərarları › İş №e-2-2(113)-3978/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3978/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3978/2022 13.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25687 manat məbləğinin, əlavə 5 faiz hesablanmaqla 1284 manat məbləğinin, 10000 manat əldən çıxmış fayda və iddia ərizəsinə görə ödənilmiş 201 manat dövlət rüsumunun, ümumilikdə 37172 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: ********** arasında 15 aprel 2021-ci il tarixli, xx/xx/2021 saylı Xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən icraçı olaraq İddiaçı MMC tərəfindən sifarişçi - Cavabdeh MMC-nin sosial şəbəkələrdə reklamım təşkil edir və sifarişçinin instagram, facebook səhifələrinin idarə edilməsi xidməti göstərilir. Sifarişçinin isə öz növbəsində göstərilmiş xidmətlərin dəyərini vaxtında ödəmək öhdəliyi vardır. Bu müqavilə üzrə xidmət göstərilməyə davam edərkən, Cavabdeh MMC-nin yeni sifarişi əsasında qiymətləri və görüləcək işlərin həcmi şirkətin rəhbər işçiləri tərəfindən şifahi və yazılı şəkidə (danışıqlar və yazışmalar vasitəsi ilə) razılaşdırılıb təsdiq edilərək İddiaçı MMC tərəfindən 01 sentyabr 2021-ci il tarixindən etibarən Bakı şəhərinin müxtəlif yerlərində Led monitor, bilbordlarda və oxşar qurğularda reklam yerləşdirmək xidməti göstərilməyə başlanılmışdır. Bu xidmətlərin göstərilməsi ilə bağlı müqavilə və əlavələr İddiaçı MMC tərəfindən imzalanmış, möhürlənmiş və Cavabdeh MMC-yə imza və möhürlənməsi üçün göndərilmişdir. Şirkət rəhbərliyi tərəfndən imzalanmış və möhürlənmiş müqavilə və əlavələrinin bir nüsxəsinin geri göndərilməsi dəfələrlə tələb edilməsinə baxmayaraq geri qaytarılmamışdır. Xidmət göstərildikdən 1 ay sonra xidmət haqqını tələb etdiyimizdə Cavabdeh MMC-nin rəhbərliyi xaricdə olduğunu qeyd edərək xidməti davam etdirməyimizi xahiş etmiş və ödənişlərin Bakıya geri döndüyü zaman həyata keçiriləcəyini bildirilmişdir. İkinci ay bitdikdən sonra da göstərilən xidmətin qarşılığında ödəniş həyata keçməmişdir. Hər dəfə maddi və mənəvi səbəblər irəli sürülərək görüş tarixini uzadaraq xidmətlərin üçüncü ay da davam etdirilməsini və ödənişlərin ən qısa zamanda ödəniləcəyi bildirilmişdir. Üçüncü ayın sonunda, yəni 30 noyabr 2021-ci il tarixində ödənişin edilmədiyini görən icraçı İddiaçı MMC sifarişçi şirkətin rəhbərliyindən xidmət haqqını istədikdə, rəhbərliyik xidmətin dayandırılmasım xahiş etmişdir. Beləliklə 01 dekabr 2021-ci il tarixində qeyd olunan xidmət dayandırılmışdır. 3 ay müddətində göstərilən xidmətin müqabilində Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi 24590 manat borcu yaranmışdır. Bu borcun yaranmasının əsas səbəbi İddiaçı MMC-nin sifarişçi şirkətə qarşı olan etibardan sui-istifadə edilməsi olmuşdur. Bu borcun ödənilməsi ilə bağlı sifarişçi şirkətin rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, hər dəfə müxtəlif vədlər verilərək vaxt qazanılmış, sonrakı tarixlərdə görüşə gələcəkləri, ödənişi həyata keçirəcəkləri bildirilmiş, müxtəlif vədlər verilərək ödənişlərdən yayınılmış və nəticə etibarı ilə heç bir ödəniş edilməmişdir. Sosial şəbəkələrdə reklamla bağlı xidmətin göstərilməsi ilə bağlı da 20 noyabr 2021 – 20 dekabr 2021-ci il tarixləri arasında 1 aylıq xidmət haqqı (1079 manat) hələ də ödənilməmiş olaraq qalır. Bildiririk ki, İddiaçı MMC tərəfində Cavabdeh MMC-nin sifarişi əsasında işlər 3 ay ərzində (xx.xx.2021-xx.xx.2021) tam şəkildə görülmüş və faktiki olaraq sifarişçi şirkətə tam olaraq təhvil verilmişdir. Lakin, ümumi olaraq yaranmış cəmi 25687 manat məbləğində borc ödənilməmiş qalmaqdadır. Cavabdeh MMC 25687manatı, əsas borca görə əlavə 5% hesablanmaqla, 1284 manat məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Operativ xidmət göstərən, daim müasir standartlarla çalışan bir şirkət kimi xidmət haqqının vaxtında ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, əmək haqqı və 5.) vaxtında edilməsində çox böyük çətinliklər yaratdı, həmçinin bir sıra layihələrdə şirkət olaraq iştirakını mümkünsüz hala gətirdi. Yaranmış bu çətinlik şirkət daxilində gərginlik yaratdı və işçilər arasında motivasiyanın aşağı düşməsinə səbəb oldu. Bu səbəbdən əldən çıxmış fayda minimum 10000 manat olaraq dəyərləndirilir. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin azaldılması ilə məhkəməyə müraciət edərək 25687 manat məbləğinin, əlavə 5 faiz hesablanmaqla 1284 manat məbləğinin və iddia ərizəsinə görə ödənilmiş 201 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 aprel 2021-ci il tarixli müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığına əsasən İnstagram və Facebook səhifələrinin paralel idarə edilməsi dəyəri aylıq 660 manat təşkil edən xidmətlərin göstərilməsini öz öhdəsinə götürmüşdür. EBBO seriyalı, 812816 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 1079 manat dəyərində xidmətlər Cavabdeh MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından göründüyü kimi 15 aprel 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya tam ödənilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.2-ci bəndlərinə əsasən “..müqavilə imzalandığı gündən (20 aprel 2021 - 20 iyun 2021) qüvvəyə minir və 3 ay müddətində qüvvədədir. Tərəflər arasında bu müqavilə üzrə münasibətlər, bütün şərtlər yerinə yetirildikdən (Əlavələr üzrə şərtlər də daxil olmaqla) və tam qarşılıqlı hesablaşma aparıldıqdan sonra pozulur.” Cavabdeh MMC tərəfindən iddia tələbi qismən, 1079 manat məbləğinin tutulması hissəsində qəbul olunur. Bu hal, İddiaçı MMC-yə ünvanlanmış 06 iyun 2022-ci il tarixli məktubda öz əksini tapır. Bununla belə cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsi gecikdirildiyinə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində isə 201 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 25687 manat məbləğində pul vəsaiti və müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 1284 manat faiz borcu olmaqla ümumilikdə 26971 manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu qismində ödənilmiş vəsaitin əvəzi qismində 201 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar