Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4057/2024 09.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız varlanma, kondikasiya iddiasının sübutetmə predmeti, məhkəmə qərardadları varlanmanın hüquqi əsası kimi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1 200 000 manat məbləğində pulun və ödənilmiş 1390 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində faktiki əsas olaraq göstərilmişdir ki, xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehə BA seriyalı XXXX nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Sığorta şəhadətnaməsinə əsasən XXXX ünvanında yerləşən ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 kv.m sahəsi qismən sığorta olunmuşdur. xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində sığorta təminatı verilmiş tikilinin 2-ci mərtəbəsində yerləşən 2000 kv.m sahənin bir hissəsinə qismən zərər dəymişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 184/2021 nömrəli 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsi ilə təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X7 və X8 və cavabdehdən zərərçəkənlərin xeyrinə pul vəsaiti tutulması müəyyən olunmuşdur. Binəqədi Rayon İcra Şöbəsi tərəfindən iddiaçıya 05 aprel 2023-cü il tarixli və 17 aprel 2023-cü il tarixli məktublar göndərilmişdir. İddiaçı xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə bildirmişdir ki, cavabdehin mülkiyyətində (sahibliyində, istifadəsində və ya sərəncamında) olan pul vəsaiti iddiaçıda mövcud deyildir. xx.xx.2023cü il tarixində Binəqədi Rayon İcra Şöbəsinin vəzifəli şəxsləri X4 və X14 tərəfindən qanunsuz və əsassız olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli 130 nömrəli inkasso sərəncamı göndərilmiş və xx.xx.2023-cü il tarixində iddiaçının 1 250 000 manat həcmində investisiya kapitalı Ədliyyə Nazirliyinin bank hesabına köçürülmüşdür. Beləliklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə və hökmünə əsasən cavabdehin tələbkarlar qarşısında yaranmış öhdəliyi iddiaçıdan xx.xx.2023-cü il tarixində tutulmuş pul vəsaiti hesabına təmin edilmişdir. Nəticədə cavabdeh əsassız varlanmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091.1 və 1091.2-ci maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 1 250 000 manat məbləğində pulun və ödənilmiş 1415 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizədə faktiki əsas olaraq göstərilmişdir ki, xx.xx.2023-cü il tarixində Binəqədi Rayon İcra Şöbəsinin vəzifəli şəxsləri X4 və X14 tərəfindən qanunsuz və əsassız olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli 130 nömrəli inkasso sərəncamı göndərilmiş və xx.xx.2023-cü il tarixində iddiaçının 1 250 000 manat həcmində investisiya kapitalı Ədliyyə Nazirliyinin bank hesabına köçürülmüşdür. Həmin tutulan məbləğin 49500 manat hissəsini şərtsiz azadolma məbləği təşkil etmişdir.
7. Ərizədə maddi hüquqi əsas kimi Mülki Məcəllənin 898.1, 898.2 və 898.4-cü maddələri göstərilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin həcminin artırılması barədə ərizə icraata qəbul edilmişdir.
9. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 49500 manat azadolma məbləği və 925 887 manat əsassız sığorta ödənişi olmaqla ümumilikdə 975 387 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
10. Ərizədə faktiki əsas olaraq göstərilmişdir ki: 10.1. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsi bildirmişdir ki, xx.xx.2019-cu il tarixində XXXX, 1 ünvanında fəaliyyət göstərən ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı iddiaçı tərəfindən sığortalı cavabdehə sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. xx.xx.2023-cü il tarixli 850/3 nömrəli məktub isə Binəqədi Rayon İcra Şöbəsinin qanunsuz icra tədbirlərindən yayınmaq üçün göndərilmişdir. Məktubun məzmunundan da görünür ki, sığortaçı konkret olaraq sığorta ödənişinin verilməsindən imtina olunmasını bildirməmişdir. Bundan əlavə, iddiaçının nümayəndəsi göstərmişdir ki, sözügedən sığorta hadisəsi ilə bağlı sığorta sahəsində yardımçı fəaliyyət göstərən mütəxəssis cəlb edilməklə sığorta predmetinə 274 613 manat zərər məbləği müəyyən edilmiş, müəyyən edilmiş zərər məbləği sığortalı ilə müzakirə olunmuş və “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsində sadalanan sənədlər verilmədiyinə görə sığorta kompensasiyasının ödənilməsi işi yekunlaşmamışdır. 10.2. Cavabdeh tərəf də qeyd olunan məhkəmə iclasında təsdiq etmişdir ki, imtina məktubu rəsmi olaraq 2023-cü ilin 05 mayında sığortalıya verilmişdir. Həmin dövrə kimi sığorta ödənişinin verilməsinə dair müzakirələr getmişdir. Ona görə də məhkəmədə iddia qaldırmağa ehtiyac olmamışdır. Bundan sonra icra məmurları tərəfindən inkasso sərəncamı verilmişdir. Ona görə də sığortalı cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi məhkəmə qaydasında tələb edilməmişdir. 10.3. Yazılanlardan görünür ki, xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə baxışının gedişində tərəflər təsdiq etmişlər ki, icra məmurunun inkasso sərəncamının verilməsinə qədər, sığortaçı iddiaçı ilə sığortalı cavabdeh arasında sığorta hadisəsinin tənzimlənməsi istiqamətində işlər (hesablanmış zərər qiymətinin razılaşdırılması, müvafiq sənədlərin təqdim edilməsi və s.) aparılmışdır. Ona görə də iddiaçının sığorta hadisəsini tənzimləyən dövrdə müəyyən etdiyi və məhkəmə iclasında təsdiq etdiyi məbləğ həddində iddia tələbi azaldılmalıdır. 10.4. Məhkəmə baxışı gedişində iddia tələbinin azaldılma əsaslarının əmələ gəlməsinin əsaslandırılması ilə bağlı isə göstərilməlidir ki, xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehə BA seriyalı XXXX nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə (49 500 manat azadolma məbləği razılaşdırılmaqla) 1 250 000 manat sığorta məbləği həddində sığorta müqaviləsi bağlanılmışdır. Sığorta şəhadətnaməsinə (müqaviləsinə) əsasən XXXX, 1 ünvanında yerləşən Cavabdeh əmtəə nişanlı ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 kv.m sahəsi qismən sığorta olunmuşdur. xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində sığorta təminatı verilmiş tikilinin 2-ci mərtəbəsində yerləşən 2000 kv.m sahəyə zərər dəymişdir. xx.xx.2019-cu il tarixində baş vermiş yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Əməliyyat istintaq idarəsində ********* nömrəli cinayət işi başlanılmışdır. 10.5. 12.05.2020-ci il tarixində ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmiş, həmin tarixdə ********* nömrəli cinayət işi vahid istintaqın aparılması üçün birləşdirilərək həmin idarədə cavabdehin rəhbəri (direktoru) X21 və işçisi X22 barəsində cinayət təqibi aparılmışdır. Cavabdeh tərəfindən təqdim və iş materiallarına əlavə edilmiş 27 nömrəli xx.xx.2021-ci il tarixli sığorta tələbindən (ərizə) görünür ki, sığortalı cavabdeh sığortaçı iddiaçıya sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmişdir. Lakin sığorta tələbinə (ərizəyə) “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulan sənədlər əlavə edilməmişdir. İddiaçı tərəfindən təqdim və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis (ekspert) rəyindən görünür ki, sığortaçı tərəfindən cəlb edilmiş və sığorta sahəsində yardımçı fəaliyyət göstərən mütəxəssis (ekspert) XXXX, 1 ünvanında yerləşən Cavabdeh əmtəə nişanlı ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 kv.m sahəsinə yanğın hadisəsi nəticəsində dəymiş zərəri 274 613 manat məbləğində qiymətləndirmişdir. 10.6. 18.11.2021-ci il tarixində sığortaçı tərəfindən Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğa sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı “İcbari sığortalar haqqında” Qanununun 17.1.4-cü maddəsi ilə tələb olunan sənədlərin alınması üçün sorğu ünvanlamışdır. xx.xx.2021-ci il tarixli 16/1-159 nömrəli məktubla (xx.xx.2021-ci ildə iddiaçıya daxil olub) Baş Prokurorluq sorğuya cavab olaraq bildirmişdir ki, 10 dekabr 2019cu il tarixdə XXXX, 1 ünvanında yerləşən cavabdehin ərazisində baş vermiş yanğın hadisəsi ilə əlaqədar başlanmış ********* saylı (192940032 nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmiş və həmin tarixdə ********* nömrəli cinayət işinə vahid istintaqın aparılması üçün birləşdirilmişdir) cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsində tamamlanaraq 03 mart 2021-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərildiyindən cinayət işi üzrə yekun qərarın (hökmün) və digər sənədlərin surətlərinin əldə edilməsi üçün həmin quruma müraciət etməyiniz xahiş olunur. 10.7. 21.02.2022-ci il tarixində sığortaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsi ilə tələb olunan sənədlərin alınması üçün sorğu verilmişdir. Lakin sorğu cavabsız qalmışdır. Cavabdeh yenidən sığorta ödənişinin verilməsinə dair 15 saylı xx.xx.2022-ci il tarixli ərizə ilə iddiaçıya müraciət etmişdir. Bununla bağlı sığortaçı iddiaçı tərəfindən 0622/3 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavabdehə cavab ünvanlanmışdır. Cavab məktubunda Cavabdeh ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə göndərilmiş sorğu məktublarının cavablandırılmaması bildirilmişdir. Bununla yanaşı, sığortaçı iddiaçı sığorta bazarlarına nəzarət edən Azərbaycan Respublikasının Mərkəzi Bankına və sığortalı cavabdehə 0798/3 nömrəli xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, xx.xx.2019-cu il tarixində XXXX, 1 ünvanında yerləşən Cavabdeh ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə hadisənin təfərrüatlarını təsdiq edən yekun qərarın əldə edilməsi məqsədilə sorğu məktubu ünvanlanmışdır və yekun qərar təqdim edildikdən sonra sığorta əməliyyatı həyata keçiriləcəkdir. 10.8. Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində 2022-ci ilin aprel ayında qeyd olunan məzmunda sığortalıya məlumat vermişdir. Yazışmaların aparılması ilə yanaşı, tərəflər sığorta hadisəsinin tənzimlənməsi istiqamətində müvafiq görüşlər də keçirmişlər. Belə ki, xx.xx.2023-cü il tarixli ərizə və etibarnamədən görünür ki, sonuncu danışıqlar cavabdehin səlahiyyətli nümayəndəsi X17 tərəfindən aparılmışdır. İddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, sözügüdən cinayət işi üzrə zərərçəkmişlər X23 və X24 Cavabdeh ticarət mərkəzində baş vermiş yanğınla bağlı görüş üçün müraciət etmişlər (və iddiaçının rəhbər şəxsləri tərəfindən qəbul edilmişlər). Sığorta hadisəsinin tənzimlənməsi üzrə sığortaçı ilə sığortalı arasında danışıqlar gedən zaman Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən iddiaçıya xx/xx-57094-29 nömrəli xx.xx.2023-cü il tarixli sorğu (xx.xx.2024-cü il tarixdə iddiaçıya daxil olmuşdur) verilmişdir. Sorğu ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh MMC-nin sığorta ödənişləri barədə məlumatların göndərilməsi xahiş olunmuşdur. Cavabdeh MMC-yə ödənilməli olan sığorta ödənişlərinin köçürülməsindən əvvəl Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. 10.9. İddiaçı verilən sorğuya 757/3 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərmişdir ki, Cavabdeh MMC-yə dair hər hansı bir sığorta əməliyyatı həyata keçirilməmişdir. Bunlarla yanaşı, sığortalı Cavabdeh MMC-nin cinayət işi üzrə mülki tələbkarları iddiaçıya müraciət edərək sığorta kompensasiyasının sığortalı Cavabdeh MMC-yə ödənilməməsini tələb etmişlər. Cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X11 ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramda belə bir xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən ünvanlanan xx/xx-57094-29 nömrəli xx.xx.2023-cü il tarixli sorğu ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Cavabdeh MMC üçün nəzərdə tutulmuş sığorta vəsaitlərinin iddiaçıya məxsus hansı bankda olan depozit hesabda yerləşməsi və həmin hesab rekvizitləri barədə məlumat verilməsi xahiş olunmuşdur. 10.10. Bununla bərabər iddiaçıya xx/xx-57094-29 nömrəli xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli 0800/3 nömrəli məktubla “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” icra məmurunun xx.xx.2023-cü il tarixli qərarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə hər hansı sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq, iddiaçı xx.xx.2023-il tarixli 799/3 nömrəli məktubla icra məmurunun xx.xx.2023-cü il tarixli xx/xx-57094-29 nömrəli sorğusuna cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC-nin sığorta tələbi araşdırılmış, sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Cavabdeh MMC üçün hər hansı sığorta vəsaitinin iddiaçıya məxsus bankda olan depozit hesabında yerləşdirilməsi nəzərdə tutulmamışdır. İddiaçının icra məmuruna ünvanladığı cavablara baxmayaraq, Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən xx/xx-57094-29 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilmişdir. 10.11. Beləliklə, yuxarıda göstərilən arqumentlərdən və əlavə edilmiş sənədlərdən belə nəticə hasil olunur ki, iddiaçıya “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsində sadalanan sənədlərdən yalnız sığorta tələbi (ərizə) xx.xx.2021-ci il tarixində daxil olmuş, iddiaçı tərəfindən 274 613 manat məbləğində dəymiş zərərə dair xx.xx.2021ci il tarixli mütəxəssis (ekspert) rəyi əldə edilmiş, iddiaçı “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsi ilə tələb olunan sənədlərin alınması üçün səlahiyyətli dövlət orqanlarına sorğular verməsinə baxmayaraq, cavab əldə edə bilməmiş, göndərilən sorğular barədə Cavabdeh MMC-yə rəsmi məlumat vermiş, buna baxmayaraq, sığorta hadisəsi tənzimlənmədiyi halda, icra şöbəsi və Cavabdeh MMC-nin cinayət işi üzrə borcluları tərəfindən sığorta şirkətinə tələb məktubları ünvanlanmışdır. İddiaçı da öz növbəsində qanunvericiliyə uyğun olmayan icra hərəkətlərindən yayınmaq üçün sığortalı Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli məktub ünvanlamış və bu məktubu icra məmurunun diqqətinə çatdırmışdır. 10.12. Sadə dillə, sığortaçı qanunsuz icra hərəkətlərindən yayınmaq üçün icra məmuruna BA seriyalı XXXX nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 manat sığorta məbləğini, göstərilən situasiyada Cavabdeh MMCnin sahibliyində, istifadəsində və ya sərəncamında olan pul vəsaiti olmamasını bildirməyə çalışmışdır. Yəni “İcbari sığorta haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Sığorta şəhadətnaməsi özlüyündə əşya, pul vəsaiti və ya qiymətli kağız deyildir. Qeyd olunanları nəzərə alaraq, 49500 manat azadolma məbləği və Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən pul vəsaitinin tutulmasına qədər iddiaçı ilə cavabdeh arasında danışıqların aparılması işin mübahisəsiz hallarıdır. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim və iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli sığorta sahəsində yardımçı fəaliyyət göstərən mütəxəssisin (ekspert) qiymətləndirmə rəyi iddiaçı tərəfindən təsdiq edilir.
11. Ərizədə maddi hüquqi əsas kimi “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsi göstərilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin həcminin azaldılması barədə ərizə iddiaçı və cavabdehin nümayəndələrinin razılığı əsasında icraata qəbul edilmişdir.
II. Tərəflərin mövqeləri:
13. İddiaçının nümayəndələri Nümayəndə1, X27 və X18 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun izahlar verdilər və eyni zamanda göstərdilər ki, ilkin qiymətləndirmə zamanı sığorta predmetinə 274 613 manat məbləğində zərər dəydiyi təsdiq olunmuşdur, bu səbəbdən də hazırda cavabdehdən həmin məbləğ çıxılmaqla pul tələb edilir.
14. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yazılı izahat təqdim edərək göstərmişdir ki: – Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-457/2023 nömrəli xx.xx.2023cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-319/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadlarından görünür ki, icra məmuru M.Qaragözov xx.xx.2023-cü il tarixdə “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” qərar qəbul etmişdir və qərarla cavabdehin iddiaçıda olan sığorta üçün nəzərdə tutulmuş pul vəsaitinə hər hansı bir sərəncam verilməsinə tələb həcmində məhdudiyyət qoyulmuşdur. Eyni tarixdə əmlakın üzərində həbs qoyulması barədə təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(001)-376/2023 nömrəli qərardadına əsasən icra məmurunun təqdimatı təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədilə cavabdehin iddiaçıda olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1 250 000 manat pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. – Həmin qərardad xx.xx.2023-cü il tarixdə icra olunması üçün Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)- 172/2023 nömrəli qərardadına əsasən, iddiaçının Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(001)-376 /2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş və qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə icra məmuru Qaragözov “borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qərar qəbul etmiş və tələbkarların öz aralarında olan razılığına əsasən 1 250 000 manat pul vəsaiti onlar arasında bölünmüşdür. Göründüyü kimi, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri icra məmuru Qaragözovun xx.xx.2023-cü il tarixdə “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” qərarını, yəni RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1 250 000 manat pul vəsaitinin inkasso edilməsini (tutulmasını) qanuni saymışdır. O cümlədən sözügedən məhkəmə icraatında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, onların sığorta tələbindən imtina edilməsi barədə məlumatı olmamış, bu barədə onlara 2020-ci il tarixdə hər hansı məktub daxil olmamışdır. “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsində tələb olunan sənədlər ərizəyə əlavə edilməmişdir. 2022-ci il tarixli ərizəyə yalnız sığorta şəhadətnaməsinin surəti, 2023-cü il tarixli ərizəyə isə sığorta şəhadətnaməsi və ekspert rəyinin surətinin əlavə edilməsi qeyd edilmişdir. – Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının üç ulduzla (★★★), yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişan verilmiş 2-2(102)-192/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd olunur ki, “İcbari sığortalar haqqında” Qanunun 41.1-ci maddəsinin tələbi baxımından 17.1.4 və 36.3.1-ci maddələrinin müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə nizamlama mütləq şəkildə sığorta hadisəsinin qəsd nəticəsində baş verib-verməməsinin aydınlaşdırılmasını şərtləndirir və 17.1.4-cü maddədə nəzərdə tutulmuş arayışın məcburiliyini təsdiqləyir. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi üçün isə Azərbaycan Respublikasının Konstitusiyasının və cinayət qanunvericiliyinin təməl prinsiplərinə əsasən, konkret şəxsin həmin hadisədə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır (təqsirsizlik prezumpsiyası). Sığorta ödənişinin verilməsindən imtinanın əsasları nəzərdən keçirildikdə qeyd edilən sənədin təqdim edilməsinin (alınmasının) hüquqi əhəmiyyəti daha bariz şəkildə görünür. İstintaqın gedişi zamanı CM-in 225-ci maddəsi ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi, yaxud onun əməlinin cinayət qanununda nəzərdə tutulan qəsdən törədilən başqa cinayət əməli kimi tövsif edilməsi də mümkündür. Digər tərəfdən, CM-in 225-ci maddəsi üzrə barəsində cinayət təqibinə xitam verilmiş şəxsin qəsdən törədilmiş inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi də istisna edilə bilməz. Belə olan təqdirdə isə həmin maddə ilə barəsində cinayət təqibi aparılan şəxsin törətdiyi əmələ “İcbari sığortalar haqqında” Qanunun 36.3.1-ci maddəsindəki qayda baxımından istintaq orqanı və ya məhkəmə tərəfindən verilən hüquqi nəticənin gözlənilməsi zərurətə çevrilir ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən qanunla yol verilən pozisiyadır. – Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktından belə hasil olunur ki, “İcbari sığortalar haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlakın icbari sığortası növündə baş vermiş hadisə üzrə səlahiyyətli orqanın, əsasən məhkəmənin yekun qərarı qəbul edilənə kimi sığorta şirkəti sığorta ödənişini verməməlidir. Yəni sığortaçı “təqsir müəyyən edilən qanuni qüvvəyə minmiş məhkəmə hökmü”nün sığortalı tərəfindən təqdim edilməsini gözləməlidir. Hazırkı mübahisə üzrə cavabdehin rəhbər və texniki işçiləri barəsində cinayət təqibi aparılmışdır. İddiaçıya “İcbari sığortalar haqqında” Qanunun 17-ci, əsasən də 17.1.4-cü maddəsində nəzərdə tutulan və mühüm əhəmiyyət kəsb edən sənədləri təqdim edilməmişdir. Ona görə də bu cür situasiyada sığorta şirkəti sığorta kompensasiyasının ödənilməsi istiqamətində üzərinə düşən öhdəlikləri təqsirli olaraq pozmamışdır. Cavabdeh isə “təqsir müəyyən edilən qanuni qüvvəyə minmiş məhkəmə hökmü”nün sığorta şirkətinə təqdim edilməsini məhkəmə icraatında sübut edə bilmir. İddiaçı Mülki Məcəllənin 935-ci maddəsində öz əksini tapan və sığorta ödənişinin verilməsindən imtinanın əsaslarına istinad etməmişdir. Yəni sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməmişdir. – Əlavə olaraq, Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsində qaldırdığı xx.xx.2024-cü il tarixli “dəbbə pulunun tutulması barədə” iddia tələbində (e-2-2(113)- 3485/2024) göstərmişdir ki, sığorta hadisəsi xx.xx.2019-cu il tarixdə baş vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 1(001)-184/2021 nömrəli icra sənədinin icrasının təmin olunması məqsədilə Cavabdeh MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş üzərinə həbs qoyulmuş 1 250 000 manat pul vəsaiti xx.xx.2023-cü il tarixdə icra məmuru Qaragözov tərəfindən “borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qəbul edilmiş qərarla və tələbkarların öz aralarında olan razılığına əsasən ******* manat pul vəsaiti onlar arasında bölünmüşdür. Hazırkı mübahisəsi gedən e-2-2(113)-4057/2024 nömrəli kommersiya işi üzrə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, RAZ********** nömrəli sığorta müqaviləsi üzrə Binəqədi Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən inkasso edilən məbləğ qanunidir və sığorta kompensasiyasıdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli məktubundan göstərilmişdir ki, müraciətdə qeyd olunmuş hadisə ilə əlaqədar sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə müvafiq sənədi almaq məqsədilə Binəqədi Rayon Məhkəməsinə sorğu göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış sorğu cavablandırıldıqdan və müvafiq sənədlər sığorta şirkətinə təqdim edildikdən sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılacaqdır. – Göründüyü kimi, sığorta bazarının peşəkar iştirakçılarının fəaliyyətləri üzərində nəzarəti həyata keçirən orqan – Mərkəzi Bank sığortalıya, qanuni qüvvəyə minmiş hökmün alınmasından sonra sığorta kompensasiyasının verilməsinə dair müraciətə baxılmasının mümkünlüyünü bildirmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(004)-4492/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd olunmuşdur ki, sözügedən icra sənədi üzrə dəyən zərər tam ödənilməmiş, yəni icra sənədinin tam icra edilmədiyi və icra sənədi üzrə icraata xitam verilmədiyi işin mübahisəsiz halıdır. Sığorta şəhadətnaməsindən də göründüyü kimi, 49 500 manat şərtsiz azadolma məbləğidir. Belə olan halda borclu tərəfindən tələbkarlara ödənilməli olan, lakin azadolma məbləği hesabına ödənilmiş 49500 manat məbləğində pul dəyərində Cavabdeh MMC əsassız varlanmışdır. Belə ki, icra sənədinə xitam verilmədiyindən, tələbkarlara dəymiş zərər tam ödənilmədiyindən 49500 manat borc məbləği həddində Cavabdeh MMC əsassız varlanmışdır. – Beləliklə, yazılanlardan belə hasil olunur ki, xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehə BA seriyalı XXXX nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə bağlanılmış RAZ********** nömrəli sığorta müqaviləsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü təqdim olunmadan, mübahisəli əmlaka dəymiş ziyan qiymətləndirilmədən, 49 500 manat azadolma məbləği çıxılmadan 1 250 000 manat sığorta məbləği həcmində pul vəsaiti inkasso edilmişdir (tutulmuşdur). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(004)-4492/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-nin 49 500 manat azadolma məbləği həddində varlanması işin mübahisəsiz halıdır. Lakin sığorta predmetinə dəymiş zərərin hansı həcmdə olması, o cümlədən bu məbləğin ümumi sığorta məbləğini və real zərər məbləğini keçməsi isə işin mübahisəli halıdır. Ona görə də hazırkı vəziyyətdə 49 500 manat şərtsiz azadolma məbləğindən başqa, cavabdehin sığorta qanunvericiliyinə uyğun olmayan prosedurada əsassız varlanmasının məbləği müvafiq ekspertiza yolu ilə müəyyən edilməlidir.
15. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehin əsassız varlanmadığını, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 184/2021 nömrəli 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən pul məbləğinin cavabdehin deyil, zərərçəkmişlərin xeyrinə tutulduğunu, bu səbəbdən də sonuncuların əsassız varlana biləcəyini bildirdi və yalnız azadolma məbləği (49500 manat) hissəsində iddia tələbini əsaslı hesab etdi. Eyni zamanda göstərdi ki, 1 700 000 manat dəyən zərərin məbləğidir, lakin 6 000 000 manat zərərin dəydiyi ilə bağlı da müstəqil ekspert rəyi mövcuddur və hazırda mübahisələndirilən pul məbləğlərinin tutulmasına məhkəmə qərardadları qanuni əsas yaradır.
16. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili qeyd etdi ki, sığorta məbləği icra məmurunun inkasso sərəncamları əsasında iddiaçıdan tutulduğu üçün sığorta ödənişinin edilməsi ilə bağlı iddiaçıya qarşı iddia tələbi irəli sürülməmişdir.
III. Məhkəmə baxışının hədləri:
17. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əsassız varlanma qaydasında pulun tutulması tələbi ilə bağlı
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları aşağıdakılardan ibarətdir: – xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehə BA seriyalı XXXX nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə daşınmaz əmlakın icbari sığortası qaydasında sığorta müqaviləsi bağlanılmış, XXXX ünvanında yerləşən ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 kv.m sahəsi sığorta olunmuş, sığorta məbləği 1 250 000 manat, azadolma məbləği 49500 manat razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində sığorta obyektinə zərər dəymişdir; – Yanğın hadisəsi ilə bağlı mülki iddialar üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021 nömrəli icra vərəqəsinə əsasən, borclular X7, X8 və Cavabdeh MMC-dən müştərək qaydada 391891 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X12, 389974 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X15, 135800 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X5, 193465 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X19, 193909 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X3, 324866 manat maddi ziyan və 15 manat dövlət rüsumu tələbkar X9, 115083 manat maddi ziyan tutularaq X9, 115083 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X16 və 107804,48 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X6 ödənilməlidir. Adıçəkilən icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən icraata başlanılmış, borclu Cavabdeh MMC-yə 10 gün müddətində icranı könüllü həyata keçirmək təklif olunmuşdur; – xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X4 borclunun üçüncü şəxslərdə olan əmlak (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında qərar qəbul edərək, borclunun 3-cü şəxslərdə olan əmlakı, başqa halda "xxxx" ASC-də olan sığorta üçün nəzərdə tutulmuş pul vəsaitinə hər hansı sərəncam verilməsinə tələb həcmində məhdud qoyulmasını qərara almış və təqdimatla Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, borclunun XXXX ünvanında yerləşən daşınmaz əmlakına dair "xxxx" ASC tərəfindən icbari sığorta şəhadətnaməsi verilərək 1 250 000 manat vəsaitin nəzərdə tutulduğunu və hazırkı vaxtadək heç bir sığorta əməliyyatının həyata keçirilmədiyini bildirilərək, borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Cavabdeh MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1 250 000 manat pul vəsaitinin üzərinə həbs qoyulmuş, həmin qərardaddan iddiaçı tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-172/2023 nömrəli qərardadı ilə təmin edilməmişdir; – Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli 13 nömrəli inkasso sərəncamına əsasən, 1 250 000 manat məbləğində pulun "xxxx" ASC-nin "xxxx" Qapalı Səhmdar Cəmiyyətində olan hesabından tutulması sərəncam edilmiş, inkasso sərəncamı xx.xx.2023-cü il tarixdə tam icra edilmişdir; – Bundan sonra iddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında qərarı” haqqında qərarının qanunsuz və əsassız sayılması, xx.xx.2023-cü il tarixində Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1 və rəisi İlham Həsənovun "xxxx" ASC-nin mülkiyyətində olan və "xxxx" QSC bankda saxlanılan 1 250 000 manat məbləğində pul vəsaitinin köçürülməsinə (alınmasına) dair hərəkətlərinin qanunsuz sayılması, Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1 və rəisi İlham Həsənovun "xxxx" QSC-yə verdiyi xx.xx.2023-cü il tarixli 130 saylı inkasso sərəncamının qanunsuz sayılması, Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X1 və rəisi İlham Həsənovun "xxxx" QSC-yə verdiyi xx.xx.2023-cü il tarixli 130 saylı inkasso sərəncamı ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 8(001)-457/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-319/2023 nömrəli qərardadı ilə təmin edilməmişdir. – İddiaçı "xxxx" ASC cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun vəzifəli şəxsləri X25, X14 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 49 500 manat pul vəsaitinin müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4492/2023 nömrəli iş üzrə 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1990/2024 nömrəli 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, sonuncudan iddiaçının kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2485/2024 nömrəli qərarı ilə təmin edilməmişdir.
21. İddiaçı 49500 manat azadolma məbləği və 925 887 manat əsassız sığorta ödənişi olmaqla ümumilikdə 975 387 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
22. Cavabdeh icra məmurunun inkasso sərəncamı ilə tutulmuş məbləğin ona deyil, zərərçəkmişlərə ödənildiyini, bu səbəbdən də varlanmadığını, həmçinin pulun tutulması və icra məmurunun hərəkətlərinin qanuni hesab edilməsi ilə bağlı məhkəmə qərarlarının olduğunu və bu səbəbdən əsassız varlanmanın baş vermədiyini bildirir.
23. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı əsassız varlanmanın hüquqi təbiətinin, onun mülki hüquq sistemində yerinin şərh edilməsini zəruri hesab edir.
24. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.
25. Mülki Məcəllənin 58-ci fəsli “əsassız varlanma” adlanır. Mülki Məcəllənin 1091-ci maddəsi əsassız varlanmaya anlayış verir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Göründüyü kimi, əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir.
27. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır.
28. Varlanma şəxsin əmlak aktivlərinin artmasında (lucrum emergens) və ya əmlak passivlərinin azalmasında (damnum cessans) özünü göstərə bilər. Əmlak şəxsə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan şəxsin əmlakı dedikdə, əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə kreditor borcu da daxil olmaqla borc və öhdəliklər aiddir.
29. Hazırkı işin hallarından görünür ki, borclu Cavabdeh MMC-nin ayrı-ayrı şəxslərə qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən ödənilməli pul öhdəlikləri mövcud olmuş, iddiaçıdan tutulan və tələb olunan 975 387 manat məbləğində pul məhz həmin öhdəliklərin ödənilməsinə yönəldilmişdir. Başqa sözlə, hazırda cavabdehin varlanması əmlak passivlərinin azalmasında ifadə edilmişdir. Bu mənada cavabdehin pul məbləğinin birbaşa zərərçəkmişlərə ödənməsi səbəbindən özünü varlı hesab etməməsi ilə bağlı mövqeyi doğru deyildir.
30. Digər tərəfdən, əsassız varlanmadan yaranan öhdəliklər də digər öhdəliklər kimi nisbi hüquqlar yaradır. Başqa sözlə, onlar hamı və hər kəsə qarşı deyil, məhz öhdəliyin digər tərəfinə yönəldilə bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Bu səbəbdən iddiaçının zərərçəkmişlərdən əsassız varlanma qaydasında pulun tələb edilməsinə subyektiv hüququ mövcud deyildir və bu barədə cavabdehin etirazları da formal qəbul edilməlidir.
31. Kondikasiya iddiasının digər şərti varlanmanın məhrum olanın hesabına baş verməsidir. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli 13 nömrəli inkasso sərəncamına əsasən 1 250 000 manat məbləğində pulun "xxxx" ASC-nin "xxxx" Qapalı Səhmdar Cəmiyyətində olan hesabından tutulması sərəncam edilmiş, inkasso sərəncamı xx.xx.2023-cü il tarixdə tam icra edilmiş, beləliklə, varlanma məhz iddiaçının öz əmlakından – pul vəsaitindən məhrum olması ilə baş vermişdir.
32. Kondikasiya iddiasının sonuncu şərti kimi bu varlanmanın hüquqi əsasa malik olmaması, yəni bu cür varlanmaya haqq qazandıran müqavilə əsasının və ya qanuni əsasın olub-olmaması və ya varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi çıxış edir.
33. xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehə BA seriyalı XXXX nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə daşınmaz əmlakın icbari sığortası qaydasında sığorta müqaviləsi bağlandığı, xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində sığorta obyektinə zərər dəydiyi işin mübahisəsiz haldır.
34. Məhkəmə əsassız varlanmanın yaranmasını istisna edən müqavilə əsasının olub-olmamasını qiymətləndirərkən iddiaçının xx.xx.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi ilə bağlı cavabdehə 975 387 manat məbləğində sığorta ödənişi vermək öhdəliyinin varlanma baş verərkən və ya daha sonra yaranıb-yaranmamasının araşdırılmasını zəruri hesab edir.
35. “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
36. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
37. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, icbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: sığorta tələbi; sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surəti; bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada); müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd; faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti; bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş digər sənədlər.
38. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
39. Göründüyü kimi, icbari sığorta müqavilələri üzrə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi öhdəliyinin yaranması anı icbari sığorta qanunvericiliyi ilə belə tənzimlənmişdir ki, sığortalı sığorta hadisənin baş verməsindən sonra qanunda nəzərdə tutulmuş zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi barədə sığortaçıya müraciət etməli, sənədlərdən sonuncusunun təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Bununla qanunverici həm sığortalı, həm də sığortaçı üçün icrası məcburi olan konkret vəzifələr müəyyən etmişdir.
40. Eyni zamanda nəzərə alınmalıdır ki, bu zaman Mülki Məcəllənin 898.1 – 898.4-cü maddələrinə əsasən, icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.
41. “İcbari sığortalar haqqında” Qanunun 39.2-ci maddəsinə əsasən, yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə azadolma məbləği müvafiq icbari sığorta müqaviləsində razılaşdırılır.
42. xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehə BA seriyalı XXXX nömrəli sığorta şəhadətnaməsi ilə şərtsiz azadolma məbləği 49500 manat razılaşdırılmışdır.
43. Məhkəmə yuxarıda göstərilənləri işin hallarına tətbiq edərək qeyd edir ki, hazırkı işin hallarından iddiaçının cavabdehə 49500 manat azadolma məbləği və ya 925 887 manat sığorta ödənişi etmək öhdəliyinin yaranması (müqavilə əsasının olması) öz təsdiqini tapmır. Belə ki, iş üzrə sığorta ödənişinin məbləğinin 925 887 manat müəyyən edilərək cavabdehə ödənilməli olması ilə bağlı hər hansı sübut mövcud deyildir. 49500 manat şərtsiz azadolma məbləği isə hər bir halda müəyyən edilən zərər məbləğindən çıxılmalıdır.
44. Digər tərəfdən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021 nömrəli icra sənədinin icrası üzrə icra icraatının gedişində qəbul edilmiş məhkəmə qərardadları da varlanmanın hüquqi əsasını – qanuni əsasını yarada bilməz.
45. Əvvəla, göstərilməlidir ki, həmin qərardadların hazırkı işə münasibətdə heç bir preyudisial əhəmiyyəti mövcud deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
46. Konstitusiya Məhkəməsi də göstərmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: –konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; –bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 24 iyul 2019-cu il tarixli qərarı).
47. Göründüyü kimi, yalnız işə mahiyyəti üzrə baxılmasının yekunu olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin müvafiq şərtlər (obyektiv və subyektiv meyarlar) daxilində digər iş üçün preyudisial əhəmiyyəti ola bilər. Bu səbəbdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021 nömrəli icra sənədinin icrası üzrə icra icraatının gedişində qəbul edilmiş məhkəmə qərardadları hazırkı iş üçün preyudisiallıq təşkil edə bilməz.
48. Bununla yanaşı, mülki prosessual hüquq nəzəriyyəsində məhkəmə qərardadları öz məzmununa və təsirinin xarakterinə görə hazırlayıcı, kəsici, nəticəvi, tamamlayıcı və xüsusi qərardadlara bölünür. Hazırlayıcı qərardadlar işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hazırlanması, prosesin müxtəlif mərhələlər üzrə irəliləməsini təmin edir. Belə qərardadlar iddianın mümkün hesab edilməsi, işin məhkəmə baxışına təyin edilməsi və s. məsələlər üzrə çıxarılır. Kəsici qərardadlar isə prosesin başlanmasına və ya davam etməsinə qanuni maneə yaradırlar. Nəticəvi qərardadlar mübahisəni mahiyyəti üzrə baxılmadan yekunlaşdırır, iddiadan imtinanın qəbul edilməsi, barışıq sazişinin təsdiq edilməsi məqəsədilə çıxarılırlar. Tamamlayıcı qərardadlar yekunlaşmış işlər üzrə prosessual səhvlərin aradan qaldırılması, qətnamənin izah edilməsi, icra icraatına nəzarət çərçivəsində qəbul edilirlər. Xüsusi qərardadlar isə proses iştirakçılarının əməllərində cinayət tərkibinin əlamətləri aşkara çıxarılarsa və s. hallarda qəbul olunurlar.
49. Belə nəticə hasil olunur ki, nəticəvi qərardadlar istisna olmaqla digər kateqoriyadan olan qərardadlar maddi hüquqi qaydada əmlakın dövriyyəsi üçün əsas yaratmaq qabiliyyətinə malik deyillər. Başqa sözlə, həmin qərardadlar obyektlərini təşkil etdikləri əmlakın dövriyyəsinin kauzasını (əsasını) təşkil etmir, mövcud olmayan maddi hüquqi əsası formalaşdırmır, sadəcə olaraq mövcud maddi hüquqi əsası gücləndirilər. Yəni həmin qərardadlar verilən və ya alınan əmlaka hüquqformalaşdırıcı təsir etmək qabiliyyətinə malik olmamaqla, işə mahiyyəti üzrə baxılmasının yekunu olan məhkəmə qətnamələrindən fərqli olaraq əmlakın saxlanılmasının müstəqil əsası kimi çıxış etmirlər.
50. Hazırkı işin hallarından da görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-376/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-172/2023 nömrəli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 8(001)-457/2023 nömrəli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 8(103)-319/2023 nömrəli qərardadları icra icraatının gedişində qəbul edilən tamamlayıcı qərardadlar olmaqla icra məmurunun hərəkətlərində icra haqqında qanunvericiliyin pozulması hallarının olub-olmamasının qiymətləndirilməsi istiqamətində qəbul edilmişdir. Bu mənada həmin qərarlar iddiaçının əmlakı hesabına cavabdehin varlanmasının yalnız maddi hüquqi əsasını gücləndirə bilərlər, həmin əsas olmadığı halda hüquqformalaşdırıcı təsir göstərə bilməzlər. Öz mahiyyətləri etibarilə, adıçəkilən qərardadlar icra icraatına prosessual nəzarətin nəticələridir.
51. Hazırda isə iddiaçının əmlakı hesabına cavabdehin 975 387 manat məbləğində varlanmasının maddi hüquqi əsası mövcud deyildir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli sığorta müqaviləsindən iddiaçının 975 387 manat məbləğində sığorta ödənişi etmək öhdəliyi irəli gəlmir, başqa sözlə, belə bir öhdəlik varlanmanın baş verdiyi tarixdə mövcud olmamış, qətnamə çıxarılan tarixə yaranmamışdır. Həmçinin məhkəmə bu qənaətə gələrkən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, əsassız varlanma institutunun formalaşması məhz ədalət ideyasından irəli gəlir və bu ideyaya xidmət etməlidir. Başqa sözlə, mövcud olmayan maddi hüquqi əsas söykənməklə başqasının hesabına əldə edilən vəsait hər bir halda geri qaytarılmalıdır.
52. Beləliklə, işin halları ilə kondikasiya iddiasının şərtlərinin ödənildiyi, varlanmanın baş verdiyi, bu varlanmanın hüquqi əsasa malik olmaması və varlanmanın məhrum olanın hesabına baş verməsi öz təsdiqini tapır. Eyni zamanda bu hal tərəflər arasında sığorta ödənişinin məbləği barədə mübahisənin olduğu nəzərə alındığında gələcəkdə cavabdehin iddiaçıya qarşı sığorta ödənişinin edilməsi tələbinə dair iddia ilə çıxış etməsinə də maneə deyildir.
53. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
54. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh MMC-dən 975 387 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
55. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsinə görə 1390 manat, ********** nömrəli mədaxil qəbzi əsasında 238,5 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
56. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4057/2024 nömrəli qərardadı ilə artıq ödənilmiş 363 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-yə qaytarılması qərara alınmışdır.
57. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
58. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1265,5 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 975 387 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1265,5 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova