Məhkəmə qərarları › İş №e-2-2(113)-4149/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4149/2025

18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4149/2025 18.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nazim oğluna qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, mülki məsuliyyətin icbari sığortası, hüquqi şəxsin öz işçisi tərəfindən törədilmiş delikt üçün məsuliyyəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nazim oğluna qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı Sığorta Şirkəti ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 Nazim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada subroqasiya qaydasında “Mercedes Citan” markalı 99PB962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üçün 5000 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumu, 0,56 manat xidmət haqqının iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC-yə məxsus, lakin yol vərəqəsi ilə sonuncunun işçisi olmuş Cavabdeh2 Nazim oğlu tərəfindən idarə olunan “Daewoo BS090” markalı 10TG389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Citan” markalı ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. 084592 saylı sığorta aktından və İcbari Sığorta Bürosudan çıxarışdan görünür ki, “Daewoo BS090” markalı 10TG389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman iddiaçıda xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər müddətdə “avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalı olmuşdur. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, “Mercedes Citan” markalı 99PB962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyat hissələri və görülən işlər olmaqla ümumilikdə 5550 manat ziyan dəymişdir. 2.2. 08.05.2020-ci il tarixli 64 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta Şirkəti tərəfindən “Mercedes Citan” markalı 99PB962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı tərəfindən daxil olan məktub əsasında X3 hesabına köçürülmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi məlumatlarına əsasən, “Daewoo BS090” markalı 10TG389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 MMC-yə məxsus olmuşdur. Yol vərəqəsinə əsasən, sığortalanmış nəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 Nazim oğluna xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinə qədər icazə verilmişdir. xx.xx.2020-ci il tarixli məktuba əsasən, Cavabdeh2 Nazim oğlu nəqliyyat vasitəsinin qiymətləndirilmə prosesinə dəvət edilmişdir. Dövlət Miqrasiya Xidmətinin məktubuna əsasən, Gürcüstan vətəndaşı xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh2 Nazim oğlu sonuncu dəfə Sabunçu rayonu, ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Cavabdeh2 Nazim oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.7-ci maddələri ilə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 2.3. Lakin cavabdehin inzibati tənbeh verilmə müddəti başa çatdığından İXP seriyalı ******* saylı qərarla Cavabdeh2 Nazim oğlu barəsində başladılan inzibati xəta haqqında iş xitam edilmişdir. Yəni cavabdeh barəsində başladılan inzibati xətaya dair işə cavabdeh təqsirsiz olduğu üçün yox, sadəcə müddət başa çatdığından xitam verilmişdir. Hər bir halda mülki zərərin Cavabdeh2 Nazim oğlu tərəfindən yetirildiyi aşkardır və bu işdə olan digər sənədlər – polis orqanına verilən izahat, hadisə sxemi və sair ilə də sübut olunur. Cavabdeh2 Nazim oğlu hadisə zamanı sığortalı nəqliyyat vasitəsini sürücülük hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyinə, habelə belə şəxsə nəqliyyat vasitəsini idarə etmək üçün təqdim etdiyinə görə Cavabdeh2 Nazim oğluna və onun işçisi olduğu Cavabdeh1 MMC-yə qarşı subroqasiya qaydasında geriyə tələb hüququ yaranmışdır. Beləliklə, zərərçəkən nəqliyyat vasitəsinə görə sığorta ödənişi ödənildiyindən iddiaçının cavabdehlər Cavabdeh2 Nazim oğlu və Cavabdeh1 MMC-yə qarşı Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ yaranmışdır. Cavabdehlərə məhkəməyə qədər mübahisənin danışıq yolu ilə həll edilməsi üçün yazılı müraciət (pretenziya) göndərilməsinə baxmayaraq, geri dönüş edilməmişdir. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 936, 1099-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X4 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, Cavabdeh2 Nazim oğlunun sürücülük vəsiqəsi olmadığına görə iddiaçının subroqasiya hüququ yaranmışdır. Cavabdehlər arasında faktiki olaraq əmək müqaviləsi olmuş, yol vərəqəsinə əsasən Cavabdeh2 Nazim oğlu digər cavabdeh üçün sərnişin daşımışdır.

6. Cavabdeh2 Nazim oğlu əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, idarə etdiyi nəqliyyat vasitəsi D kateqoriyalı nəqliyyat vasitəsidir, lakin sürücülük vəsiqəsinin müddəti keçmişdir. Gürcüstan Respublikasında vəsiqənin müddətinin uzadılması üçün əlavə imtahan verilmir, sadəcə müraciət edilməsi kifayətdir.

7. Məhkəmənin sualların cavab olaraq Cavabdeh2 Nazim oğlu göstərdi ki, hadisə zamanı Cavabdeh1 MMC-nin əmək müqaviləsi üzrə işçisi olmamışdır. Aralarında xidmət münasibəti olmuş, hər daşımaya görə xidmət haqqı almışdır. Dəymiş zərər isə şişirdilmişdir.

8. İddiaçı və Cavabdeh2 Nazim oğlu məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir

9. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri Cavabdeh1 MMC-nin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Daewoo BS090” markalı 10TG389 dövlət qeydiyyat nişanlı avtobus avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış, Cavabdeh2 Nazim oğlu 10 mart 2020-ci il tarixdə həmin avtomobili yol vərəqəsi əsasında idarə edərkən Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi (X2 yanında) daxilində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Citon” markalı 99PB962 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Cavabdeh2 Nazim oğlu barəsində Bakı Şəhəri Baş X8 İdarəsi tərəfindən 10 mart 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibat xəta protokolu tərtib edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 3(011)-439/2020 nömrəli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh2 Nazim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən təqsirli şəxs kimi “Daewoo BS090” markalı 10TG389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 Nazim oğlu, zərər vurulan nəqliyyat vasitəsi kimi isə “Mercedes Citon” markalı 99PB962 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tanınmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən “Mercedes Citon” markalı 99PB962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 5550 manat qiymətləndirilmiş, Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan avtomobil təsərrüfatının xx.xx.2020-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixli sığorta aktına müvafiq olaraq 5000 manat sığorta ödənişi iddiaçı tərəfindən X3 bank hesabına köçürülmüşdür.

14. İddiaçı, sürücünün sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi səbəbindən həmin sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulmasını xahiş edir.

15. Cavabdeh2 Nazim oğlu iddiaya etiraz edərək, dəymiş zərərin şişirdildiyini göstərir.

16. Cavabdeh1 MMC hazırkı mübahisəyə prosessual maraq göstərmir.

17. Məhkəmə mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir.

18. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

20. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində göstərilmişdir.

21. İddiaçının istinad etdiyi hallardan (Cavabdeh2 Nazim oğlunun sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi) müəyyən olunur ki, o, subroqasiya hüququnun yaranmasını həmin Qanunun 25.1.3-cü maddəsi ilə əsaslandırmışdır.

22. Həmin maddənin tələblərinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi (bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır) halında yaranır.

23. Məhkəmə hesab edir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur.

24. Belə ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Daewoo BS090” markalı 10TG389 dövlət qeydiyyat nişanlı avtobusun idarə edilməsi zamanı nəqliyyat vasitəsinin sürücüsü olmuş Cavabdeh2 Nazim oğlunun təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “Mercedes Citon” markalı 99PB962 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt sürücü Cavabdeh2 Nazim oğlu müvafiq nəqliyyat vasitəsini idarə etməyə hüququnun olmaması – sürücülük vəsiqəsinin müddəti başa çatdığına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 332.7-ci (ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsinə uyğun olaraq təqsirli bilinmiş və iddiaçı avtomobillərə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.

25. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi subroqasiya hüququnun yaranma əsası, yəni “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi” ilə bağlıdır. Bu maddədə “hüququ olmayan şəxs” deyiləndə “nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs” nəzərdə tutulur. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin avtomobil idarə edilməsi ilə bağlı nəzəri və təcrübi bilikləri olmadığından sığorta hadisəsinin baş verməsi riski artır və sığortaçının əsaslı mənafeləri pozulur. Göstərilən qaydalar eyni zamanda sürücülük hüququ verən sənədin müddətinin keçməsinə dair hallara da aid edilir.

26. Hazırda isə Cavabdeh2 Nazim oğlunun sürücülük vəsiqəsinin D kateqoriyası üçün xx.xx.2005 – xx.xx.2020-ci il tarixlərində qüvvədə olduğu iş materialları ilə müəyyən edilir.

27. Məhkəmə zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyətin Mülki Məcəllənin 1099-cu maddəsi və ya 1108-ci maddəsi ilə təsbit edilmiş qaydada ödənilməsi ilə bağlı isə aşağıdakıları qeyd edir.

28. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

29. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər ... nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir.

31. Hazırkı iş üzrə Cavabdeh2 Nazim oğlu Cavabdeh1 MMC-nin yol vərəqəsi əsasında nəqliyyat vasitəsini idarə edən sürücüsü olmuş, yol vərəqəsi şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı ilə bağlı verilmiş, xx.xx.2020 – xx.xx.2020-ci il tarixlərini əhatə etmiş, inzibati xəta icraatı üzrə materiallara əsasən sürücü bilavasitə sərnişin daşımasını həyata keçirərkən müvafiq yol-nəqliyyat hadisəsi baş vermişdir. Konstitusiya Məhkəməsi adıçəkilən qərarında göstərmişdir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər.

32. Belə olan halda məhkəmə hesab edir ki, zərər mülki hüquqi müqavilə üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulduğundan zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət Mülki Məcəllənin 1096 və 1099-cu maddələrinə əsasən müəyyən edilməlidir.

33. Bu baxımdan məhkəmə hesab edir ki, “Daewoo BS090” markalı 10TG389 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü və işəgötürəni iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.

34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı işdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən əsaslar mövcuddur və iddiaçı ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb etməkdə haqlıdır.

35. Cavabdeh2 Nazim oğlunun iddianın obyekti ilə bağlı etirazlarına uyğun olaraq “X7” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə iş materiallarında olan xx.xx.2020-ci il tarixli hesabatda əks olunan təmir-bərpa işlərinin (avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə və iş materiallarında olan fotoşəkillərə baxış keçirilməklə) görülməsi üçün nə qədər vəsaitin (ehtiyat hissələrinin dəyəri ilə işçilik haqqı ayrılıqda göstərilməklə) tələb olunduğunun müəyyən edilməsi məqsədilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci tarixli e-2-2(113)-4149/2025 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 0285 nömrəli ekspert rəyinə əsasən, “Mercedes Citon” markalı 99PB962 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5260 manat göstərilmişdir.

36. Məhkəmə nəzərə alır ki, iddia obyektini təşkil edən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) müvafiq məbləğlərin müəyyənləşdirilməsində həlledicidir.

37. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərdən subroqasiya qaydasında tutulmalı məbləğ 5000 manat təşkil edir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Nazim oğlundan müştərək qaydada 5000 manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

39. İddiaçı eləcə də ödənilmiş 70 manat dövlət rüsumu, 0,56 manat xidmət haqqının cavabdehdən tutulmasını xahiş etmişdir.

40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 70 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

41. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən görünür ki, ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 250 manat təşkil edir.

42. İddiaçının istinad etdiyi 0,56 manat xidmət haqqı isə iş materialları ilə təsdiq edilmir.

43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Göstərilənlərə əsasən və iddianın təmin edildiyini nəzərə alaraqn məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Nazim oğlundan müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə, 250 manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Nazim oğlundan müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nazim oğlundan müştərək qaydada 5000 manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nazim oğlundan müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 250 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nazim oğlundan müştərək qaydada tutularaq tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN – **********, "xxxx" ASC, müxbir hesab – AZ82NABZ********************, bank kodu – 505141, SWİFT – PAHAAZ22, hesab – AZ12PAHA40060AZNHC**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar