Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4151/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 72919 ABŞ dolları məbləğində əsas borc, 127124,11 ABŞ dolları məbləğində dəbbə pulu, mediasiya prosesində iştirak etməklə bağlı ödənilən 400 manat və eləcə də 230 manat dövlət rüsumu olmaqla, ümumilikdə 200043,11 ABŞ dolları və 630 manat məbləğinin Cavabdeh MMCdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında olan razılaşmaya əsasən cavabdeh “Çayxona № 1” restoran şəbəkəsinin “Dəniz Mall” Ticarət Mərkəzində açılması üçün icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin həmin restoranlar şəbəkəsinin konseptinə uyğun təmir edilməsi İddiaçı MMC-yə həvalə etməklə, İddiaçı MMC-yə həmin təmirlə əlaqədar olaraq 789149,22 pul ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, təmirin konspetinə uyğun və eləcə də “Vasilchuki” tələbi ilə bəzi tikinti malları konseptə uyğun olaraq sifarişçi və ya françayzinqin sahibi təqdim etməli idi. Təmir işlərinin investisiyasının bir qismini “Vasilchuki” şirkəti, bir qismini isə Cavabdeh MMC maliyyələşdirməli idi. Pulların bir qisminin xaricdən gəlməsi səbəbi ilə Cavabdeh MMC-nin təklifi ödənilməli olan pul məbləği iki yerə bölünərək, bir öhdəlik üzrə 2 müqavilə bağlanmış, həmin müqavilələrdən biri ilə ödənişlər nağdsız şəkildə, yəni bank hesabına köçürmə yolu ilə, digəri isə nağdsız şəkildə həyata keçirilməli idi. 18.05.20-2 nömrəli 18 may 2020-ci il tarixli və iş 18.05.20 nömrəli 18 may 2020-ci il tarixli müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC (podratçı) Cavabdeh MMC-nin (sifarişçi) xeyrinə müqavilə ilə müəyyənləşdirilmiş işləri görməli, Cavabdeh MMC isə görülən işlərin müqabilində 432395 ABŞ dolları ödəniş həyata keçirilməli idi. Müqavilə ilə İddiaçı MMCnin üzərinə düşən bütün öhdəliklər icra edilmişdir, görülmüş işlər sifarişçi Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Lakin müqavilədə nəzərdə tutulan ödənişlər (avans, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli və son ödənişlər) gecikdirilmiş, eyni zamanda müqavilədə göstərilən Cavabdeh MMC tərəfindən ödənilməli olan 432395 ABŞ dolları məbləğindən 72919 ABŞ dollarında məbləğ borc qalmışdır. Cavabdeh MMC tərəfindən müqavilənin 2.3 və 8.4-cü bəndlərinin tələbləri pozulmuş, nəticədə Cavabdeh MMC-nin İddiaçı MMC qarşısında 72919 ABŞ dolları məbləğində məsuliyyəti yaranmışdır. Belə ki, müqavilə şərtləri əsasında İddiaçı MMC-nin üzərinə düşən bütün öhdəliklər icra edilmiş, götürülmüş işlər şifarişçi Cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Belə ki, müqavilənin 8.4-cü maddəsinə əsasən işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçı öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məbləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin, Cavabdeh MMC tərəfindən müqavilədə göstərilən məbləğlərin gecikdirilməsi (ödənməməsi) səbəbi ilə İddiaçı MMC müqavilə göstərilən öhdəliklərin icrası, işçilərin əmək haqqılarının və digər xərclərin ödənişini həyata keçirmək üçün "xxxx" ASC ilə 29 dekabr 2020-ci il tarixli, DC00072193-04 nömrəli kredit müqaviləsi bağlanmış və 60000 manat borc götürülmüşdür. Cavabdeh MMC-nin İddiaçı MMC-yə əsas borc olaraq 72919 ABŞ dolları, dəbbə pulu olaraq 127124,11 ABŞ dolları məbləğində borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Dəniz mall” ticarət mərkəzində yerləşən qeyri-yaşayış binasının təmiri ilə bağlı həqiqətən 18 may 2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında mübahisə ortaya çıxmışdır və ona hazırda Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılmaqdadır. Tərəflər arasında iddia edilən kimi nağd şəkildə muzdun ödənilməsi ilə bağlı müqavilə bağlanmamışdır. Aydındır ki, podrat müqaviləsinin bağlanma prosesi bir günə yekunlaşmır. Tərəflərin nümayəndələri, texniki işçiləri müqavilə şərtləri ilə bağlı müzakirələr aparırlar. İddiaçının məhkəməyə təqdim edərək əsasında pul tələb etdiyi “müqavilə” layihədən, imzalanmasına baxmayaraq, başqa bir şey deyildir. İddiaçı elektron məhkəmə sisteminə ona nağd şəkildə pul ödənişini təsdiqləyən kassa məxaric sənədlərini təqdim etmişdir. Həmin ödənişlərin varlığı tərəflər arasında iddia edilən müqavilənin bağlandığını təsdiq etmir. Ona görə ki, podrat müqaviləsi üzrə işlərin görülməsi zamanı razılaşdırılmış smetadan kənara çıxmaların ola biləcəyi aşkardır. Həmin kənarlaşmaların əvəzi cavabdeh tərəfindən ödənilmişdir. Dolayısı ilə, qeyd edilən ödənişlər yuxarıda (1-ci bənddə) qeyd edilən podrat müqaviləsi üzrə həyata keçirilmişdir. 18 may 2020-ci il tarixli, 18.05.20-2 nömrəli müqaviləyə nəzər salsaq görərik ki, müqavilədə muzdun nağd şəkildə ödəniləcəyinə dair hər hansı göstəriş yoxdur. Əksinə, Müqavilənin 2.3.3-cü bəndinə görə, “Sifarişçinin Podratçıya ödəmə öhdəliyi Sifarişçinin bank hesabından vəsait çıxarıldığı tarixdən yerinə yetirilmiş sayılır”. İddaçı, iddia ərizəsi və təqdim etdiyi digər sənədlərdə bu müqavilə üzrə ödənişlərin “nağd şəkildə” ediləcəyinə dair bir müqavilə bəndinə istinad edə bilməmişdir. Müqavilənin 2.3.3-cü bəndi isə, tam əksini deyir: ödəniş nağdsız edilməlidir. Müqavilədə muzdun əvvəlcədən ödənilməsinə dair heç bir bənd yoxdur. Əgər nağd şəkildə ödənişlər, iddiaçının iddia etdiyi kimi, bu müqavilə üzrə həyata keçirilmişdisə, onda bu hal, müqavilədə nəzərdə tutulmalı idi. Digər tərəfdən, kassa məxaric sənədlərində də, bu müqaviləyə istinad yoxdur. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İş materiallarında iddiaçının bağlandığını iddia etdiyi müqavilə üzrə işləri gördüyünü və cavabdehə təhvil verdiyini təsdiq edən heç bir sübut yoxdur. Halbuki, iddiaçının özünün tələbinin əsası kimi istinad etdiyi müqavilənin 5-ci bəndinə görə, görülmüş işlərin qəbuluna dair yazılı akt tərtib edilməli, burada görülmüş işlərin dəyəri də öz əksini tapmalı idi. Tərəflər arasında baş tutmuş məhkəmə işi üzrə Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 114433 ABŞ dolları əsas və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120000 ABŞ dolları pul tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 24 may 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 51433 ABŞ dolları əsas borc tutulmuş, qətnamə 5567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qismən rədd edildikdən sonra belə bir tələblə çıxış edilmişdir. İş materiallarında olan: Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, e-2-2(113)-3633/2021 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı iddiasının rədd, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, Cavabdeh MMC-dən 114433 ABŞ dolları əsas borc və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,52 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 18.05.20-2 nömrəli, 18 may 2020-ci il tarixli podrat müqaviləsinə əsasən podratçı İddiaçı MMC Bakı şəhəri Dənizkənarı bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzinin “Vasilchuki” restoranında tikintiquraşdırma və bəzək işləri yerinə yetirməli, sifarişçi Cavabdeh MMC isə əvəzində müqavilədə olan ödəniş qrafikinə əsasən müxtəlif vaxtlarda altı ödənişlə ƏDV daxil 432395 ABŞ dolları məbləğində pulu podratçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 18 may 2020-ci il tarixdə bir öhdəlik üzrə iki podrat müqaviləsi bağlanmışdır. Hər iki müqavilə üzrə İddiaçı MMC tərəfindən ümumilikdə 789149,22 ABŞ dolları həcmində işlərin görülməsi nəzərdə tutulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, e-2-2(113)-3633/2021 nömrəli qətnaməsi ilə 18 may 2020-ci il tarixli, 18.05.20 nömrəli müqavilə üzrə Cavabdeh MMC-dən 114433 ABŞ dolları əsas borc və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,52 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hazırki mübahisə predmeti olan 18.05.20-2 nömrəli müqavilə üzrə podrat işləri yekunlaşsa da, cavabdeh tərəfindən cəmi 359476 ABŞ dolları ödənilib, ödənilməyən məbləğ 72919 ABŞ dolları təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1 və 5.1.1-ci bəndlərindən görünür ki, işlərin təhvil verilməsi KS-2 sertifikat, KS-3 sertifikat və icra sənədləri əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Lakin tərəflər arasında işlər və xidmətlərin sifarişçiyə təhvil verilməsini təsdiq edən müvafiq qaydada imzalanacaq sənədlərin mövcud olmaması işin faktiki halları ilə təsdiqini tapsa da, cavabdeh tərəfindən razılaşdırılmış həcmdə və keyfiyyətdə işlərin görülməsi mübahisələndirilmir. Buna baxmayaraq, mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin bir hissəsi nağd şəkildə həyata keçirilmişdir. Bunu iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş kassa məxaric orderləri təsdiq edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Hazırkı mübahisə üzrə hüquqi nəticənin mövcud olması, yəni, işin görülərək başa çatdırılması mübahisə doğurmur. Cavabdehin iddia tələbinə etirazını o hal təşkil edir ki, 18.05.20-2 nömrəli müqavilə imzalandığına baxmayaraq, layihədir. Həmçinin, məhkəməyə təqdim olunmuş nağd şəkildə pul ödənişini təsdiq edən kassa məxaric sənədləri tərəflər arasında iddia edilən müqavilənin bağlandığını təsdiq etmir. Həmin ödənişlər smetadan kənara çıxmalara görə ödənilmiş məbləğlərdir. Yəni, həmin ödənişlər 18.05.20 nömrəli podrat müqaviləsi üzrə həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, etirazın dəlilləri aşağıda göstərilənlərə görə əsassızdır. İlkin olaraq onu qeyd etmək lazımdır ki, mübahisə predmeti olan müqavilə layihə kimi nəzərdə tutulsa idi, sifarişçi və podratçı tərəfindən imzalanması mümkün deyildi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. İşin faktiki halları ilə təsdiq olunur ki, tərəflər arasında bir deyil, 2 müqavilə bağlanmış, hətta mübahisə predmeti olan müqavilə üzrə ödənişlər də aparılmışdır. Cavabdehin nümayəndəsi həmin ödənişlərin aparılmasını smetadan kənara çıxma kimi qiymətləndirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər vaxtı-vaxtında icra olunmadığından, "xxxx" MMC tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunmuş, Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, e-2- 2(113)-3633/2021 nömrəli qətnaməsi ilə 18 may 2020-ci il tarixli, 18.05.20 nömrəli müqavilə üzrə Cavabdeh MMC-dən 114433 ABŞ dolları əsas borc və 5567 ABŞ dolları dəbbə pulu, cəmi 120000 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,52 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, e-2-2(113)-3633/2021 nömrəli qətnaməsi qismən ləğv edilərək, hər iki iddianın qismən təmin edilməsi, Cavabdeh MMC tərəfindən görülən işlər üçün İddiaçı MMC-yə ödənilməli olan 114433 ABŞ dollar məbləğindən 63000 ABŞ dolları məbləğində dəbbə pulu çıxılması və yekun olaraq Cavabdeh MMC-dən 51433 ABŞ dolları məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməsi, Bakı Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, e-2-2(113)-3633/2021 nömrəli qətnaməsinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 5567 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan mübahisəyə baxılarkən də, cavabdehin nümayəndəsi tərəfindən smetadan kənara çıxmalarla bağlı hər hansı məlumat verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü maddəsinə əsasən işlərin dəyərinin ödənilmə müddəti pozulduğu halda podratçı öhdəliyin icra olunacağı gündən sonra 15-ci gündən başlayaraq ödəniş daxil olduğu günə qədər gecikmiş hər iş günü üçün sifarişçidən vaxtında ödənilməyən məbləğin 0,3% həcmində dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Lakin məhkəmə 72919 ABŞ dolları məbləğində əsas borca tənasübsüz olaraq 127124,11 ABŞ dolları məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İşin hallarından görünür ki, öhdəliklərin yerinə yetirilmədiyi iddiaçıya məlum olduğu andan, hətta 1-ci müqavilə üzrə iddia ərizəsi ilə müraciət olunarkən hazırkı müqavilə üzrə də məhkəməyə müraciət etmək imkanı olsa da, bu imkandan istifadə etməmiş, 19 iyul 2022-ci il tarixdə müraciət etmiş, bununla da zərərin həcminin artmasına şərait yaratmışdır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 127124,11 ABŞ dolları məbləğində dəbbə pulunun məbləği azaldılaraq 4000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 242 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 72919 ABŞ dolları məbləğində əsas borc və 4000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 76919 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 242 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4151/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4151/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver