Məhkəmə qərarları › İş №e-2-2(113)-4217/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4217/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4217/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 123900 manat əsas borc kimi, 185.850 manat əsas borcu gecikdirməyə görə, 33992 manat qarantiyaya (zəmanət kəsintisi) görə, 400 manat mediasiya xərci, 635 manat dövlət rüsumu, cəmi 344.142 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 24 iyul 2021-ci il tarixdə FNX-AMZ-01 saylı “Xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin podrat müqaviləsi olması özünü onun giriş hissəsində cavabdehin “Sifarişçi”, iddiaçının isə “İcraçı” adlandırılması, “Müqavilənin predmeti” adlanan 1-ci bölməsində “İcraçı”nın “Sifarişçi”nin sifariş verdiyi “Crescent Development” layihəsi üzrə xidmətləri (təməl və divarların ECB membranla hidroizolyasiyası) yerinə yetirməyi,“Sifarişçi”nin isə bu xidmətlərin müqabilində ”İcraçı”ya xidmət haqqını ödəməyi öhdəsinə götürməsində təzahür etdirir. Xidmətlər üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə əlavə edilən “X1” özəksini tapmışdır. “İcraçı” - olaraq üzərimizə düşən öhdəlikləri yerinə yetirmiş, müxtəlif tarixli təhvil-təslim aktları (2 nömrəli forma) əsasında görülmüş işlər “Sifarişçi” təhvil verilmiş və cavabdeh tərəfindən görülmüş işlərə görə ödənilməli oln məbləğin təxminən 5/6 hissəsi ödənilmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdən ödəməli olduqları məbləğin 123. 900.00 (bir yüziyirmi üç min doqquz yüz manat 0 qəpik) manat hissəsini ödəməmişdir. İddiaçı ilə cavabdeh xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr üçün üzləşmə aktı tərtib etmiş, hər iki MMC-nin direktorunun imzası MMC-lərin möhürü ilə cavabdehin iddiaçıya 123.900 manat borclu olması təsdiq olunmuşdur. Lakin buna baxmayaraq həmin borc hal-hazıra kimi ödənilməmişdir. xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya borcu 123.900 manat (ƏDV daxil) manat təşkil etmişdir. İddiaçı xidmətin dəyərinin ödənilməsinin gecikdirilməsini cavabdeh tərəfindən sonuncu ödənişin aparıldığı xx.xx.2022-ci il tarixdən hal-hazıra kimi, yəni 10 ay müddəti üçün qəbul edir. Belə olduqda ödənişin gecikdirilməsi 300 gün təşkil edir. 300 gün üçün hər günə 0,5 faiz olmaqla borc məbləğinin 150 faizi məbləğində gecikdirilməyə görə ödəniş ödənilməlidir. 123 900 manatın 150 faizi isə 185.850 manata bərabərdir. Ona görə də cavabdehin iddiaçıya 123900 manat xidmət haqqının ödənilməsini gecikdirməyə görə əlavə olaraq 185.850 manat əlavə ödəniş etməlidir. Bundan əlavə, 24 iyul 2021-ci il tarixdə FNX-AMZ-01 saylı “Xidmət müqaviləsi”nə Əlavənin (Qiymət razılaşma Protokolu №1) sonunda 4-cü bənddə qeyd olunanlara əsasən “Retention (zəmanət kəsintisi) 5 % olmaqla müqavilə imzalandığı tarixdən etibarən 12 (on iki) ay müddətə kimi nəzərdə tutulmuşdur. İddiaçı müqavilədə nəzərdə tutulan və nəzərdə tutulmayan, lakin “Sifarişçi” tərəfindən icrası tələb olunan işləri yerinə yetirmişdir. Müqavilənin 3.2.4-cü maddəsinə əasəsn “Sifarişçi” həmin müqavilədə nəzərdə tutulmayan işlərin görülməsini “İcraçı”dan tələb etdikdə əlavə işlərə görə muzd ödəmək öhdəliyi daşıyır. Təhvil-təslim aktları və Üzləşmə aktından da müəyyən edildiyi kimi iddiaçı cavabdehin sifarişi ilə cəmi 679 852, 26 (altı yüz yetmiş doqquz min səkkiz yüz əlli iki manat 26 qəpik) manat məbləğində işi yerinə yetirmiş və son işlərin yerinə yetirilib təhvil verilməsindən on altı ay müddət keçmişdir. Ona görə də cavabdeh zəmanət kəsintisi kimi iddiaçıya 679 852, 26 manatın 5% məbləğində, yəni 33 992 (otuz üç min doqquz yüz doxsan iki) manat əlavə pul ödəməlidir. Bundan əlavə, iddiaçı mübahisənin mediasiya vasitəsi ilə həll olunması üçün cavabdehə müvafiq təklif göndərmiş, sonradan 16 saylı mediasiya təşkilatına müraciət etmiş və 25 iyun 2023-cü il tarixdə cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə mediasiya baş tutmamış və məhkəmə müraciət etmək üçün müvafiq arayış verilmiş, iddiaçı mediasiya xərci kimi 400 manat ödəmişdiHr.əmin 400 manat məbləğ cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəhayət, iddiaçıya məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 635 manat məbləğində dövlət rüsumui ödəmişdir. Dövlət rüsumu kimi ödənilmiş 635 manat məbləğ cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə,cavabdehdən 123900 manat əsas borc, 185.850 manat əsas borcu geçikdirməyə görə 0,5 % , 33 992 manat qarantiyaya (zəmanət kəsintisi) görə, 400 manat mediasiya xərci, 635 manat dövlət rüsumu, cəmi 344.142 manat tutulub iddiaçıya ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış 33992 manat dəbbə pulu, habelə müqavilənin əlavəsinə əsasən hesablanmış 185850 manat məbləğində pul zəmanət kəsintisinə görə tələb edilir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 24 iyul 2021-ci il tarixli FNX-AMZ-01 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifariş verdiyi Crescent Development layihiəsi üzrə xidmətləri (təməl və divarların ECB membranla hidroizolyasiyası) yerinə yetirməyi, sifarişçi isə bu xidmətlərin müqabilində icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlər üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə əlavə edilən X2 öz əksini tapacaqdır.

9. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçının yerinə yetirildiyi işlər, işlərin yerinə yetirilməsi haqqında təhvil-təslim aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır.

10. Müqavilənin 4.3-cü bəndinə əsasən xidmətin dəyəri bu müqavilənin 4.2-ci bəndində göstərilmiş gündən gec ödənildikdə sifarişçidən hər gecikdirilmiş günə görə 0,5 % həcmində əlavə ödəniş tələb olunacaqdır.

11. Müqavilənin 4.3-cü bəndinə əsasən xidmətin dəyəri bu müqavilənin 4.2-ci bəndində göstərilmiş gündən gec ödənildikdə sifarişçidən hər gecikdirilmiş günə görə 0,5 % həcmində əlavə ödəniş tələb olunacaqdır.

12. Müqavilənin 9.5-ci bənidənə əsasən icraçı işləri bu müqaviləyə əlavə(lər)də göstərilən müddət ərzində yerinə yetirmədikdə, sifarişçiyə müqavilə qiymətinin 0,05 faiz həcmində sifarişçiyə dəbbə pulu ödəyir.

13. Müqaviləyə 01 saylı xx.xx.2021-ci il tarixli Əlavə X2n görünür ki, tərəflər görüləcək işlərin qiymətləri barədə razılaşmışlar. Elektrik, su, işıqlandırma, ayaqaltı və yemək xərcləri sifarişçi tərəfindən təmin edilir. Retention (zəmanət kəsintisi) 5 % olmaqla müqavilə imzalandığı tarixdən etibarən 12 ay müddətə nəzərdə tutulmuşdur.

14. Müqaviləyə 02 saylı xx.xx.2021-ci il tarixli Əlavə X2n görünür ki, ümumilikdə 31762,59 ABŞ dolları (ƏDV daxil) xidmətlərin göstərilməsi razılaşdırılmışdır.

15. Müqaviləyə 03 saylı xx.xx.2021-ci il tarixli Əlavə X2n görünür ki, ümumilikdə 8890,10 ABŞ dolları (ƏDV daxil) xidmətlərin göstərilməsi razılaşdırılmışdır.

16. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixində yerinə yetirilən işlər haqqında 01 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ- 01 nömrəli xidmət müqaviləsinə əsasən 236000 manat məbləğində mal təhvil verilmişdir.

17. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixində yerinə yetirilən işlər haqqında 02 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ- 01 nömrəli xidmət müqaviləsinə əsasən 59000 manat məbləğində mal təhvil verilmişdir.

18. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixində yerinə yetirilən işlər haqqında 03 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ- 01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 76700 manat məbləğində mal təhvil verilmişdir.

19. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2021-ci il tarixində yerinə yetirilən işlər haqqında 04 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ- 01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 100300 manat məbləğində mal təhvil verilmişdir.

20. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixində yerinə yetirilən işlər haqqında 05 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ- 01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 100300 manat məbləğində mal təhvil verilmişdir.

21. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixində yerinə yetirilən işlər haqqında 06 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ- 01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 48373,71 manat məbləğində mal təhvil verilmişdir.

22. İddiaçı və cavabdeh arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixində yerinə yetirilən işlər haqqında 07 nömrəli arayışdan görünür ki, 24 iyul 2021-ci il tarixli FNX-AMZ- 01 nömrəli xidmət müqaviləsinə əsasən ümumilikdə 59178,55 manat məbləğində mal təhvil verilmişdir.

23. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-xx.xx.2022-ci il dövrü üzrə üzləşmə aktından görünür ki, xx.xx.2021-ci il tarixli FNX-AMZ-01 saylı xidmət müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya borcu 123900 manat təşkil edir.

24. İddiaçı tərəfindən cavabdehə EBCM 309528 nömrəli xx.xx.2022-ci il tarixli, EBCM 308654 nömrəli xx.xx.2022-ci il tarixli, EBBM 509846 nömrəli xx.xx.2021-ci il tarixli, EBCM 308262 nömrəli xx.xx.2022-ci il tarixli, EBBL 000692 nömrəli xx.xx.2021-ci il tarixli, EBBK 534015 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 995189 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir.

25. İddiaçıya məxsus sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdehin ƏDV sub-uçot hesabından iddiaçının sub-uçot hesabına xx.xx.2021-ci il tarixdə 36000 manat, xx.xx.2021-ci il tarixdə 9000 manat, xx.xx.2021-ci il tarixdə 11700 manat, xx.xx.2021-ci il tarixdə 153000 manat, xx.xx.2022-ci il tarixdə 3600 manat,xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 7406,28 manat köçürülmüşdür.

26. Cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə 41145,98 manat, xx.xx.2022-ci il tarixli ********** nömrəli əməliyyat üzrə məlumata əsasən 10000 manat, xx.xx.2022-ci il tarixli ********** nömrəli əməliyyat üzrə məlumatla 20.000 manat, xx.xx.2021-ci il tarixli **********95 nömrəli qəbzlə 85000 manat, xx.xx.2021-ci il tarixli 000İCZ********** nömrəli ödəniş tapşırığı ilə 65000 manat, xx.xx.2021-ci il tarixli FT21285MXDA1/BNK nömrəli ödəniş tapşırığı ilə 50000 manat, xx.xx.2021-ci il tarixli 000İCZ********** nömrəli ödəniş tapşırığı ilə 200000 manat ödəniş edilmişdir.

27. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 24 iyul 2021ci il tarixli FNX-AMZ-01 nömrəli podrat müqaviləsi imzalanmış, iddiaçı öz öhdəliklərini lazımınca yerinə yetirsə də, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya 24 iyul 2021-ci il tarixli FNX-AMZ-01 nömrəli podrat müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

34. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

35. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

36. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 24 iyul 2021-ci il tarixli FNX-AMZ-01 nömrəli podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 123900 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 123900 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

37. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 24 iyul 2021-ci il tarixli FNX-AMZ-01 nömrəli müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış 185.850 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

38. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

39. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

40. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

41. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 6000 manat məbləğində müəyyən edilməlidir.

42. Bununla yanaşı, iddiaçı cavabdehdən zəmanət kəsintisinə görə hesablanmış 33992 manat məbləğində vəsaitin ödənilməsi tələbini də irəli sürmüşdür.

43. Belə ki, xx.xx.2021-ci il tarixli müqaviləyə 01 saylı xx.xx.2021-ci il tarixli Əlavə X2n görünür ki, tərəflər görüləcək işlərin qiymətləri barədə razılaşmışlar. Retention (zəmanət kəsintisi) 5 % olmaqla müqavilə imzalandığı tarixdən etibarən 12 ay müddətə nəzərdə tutulmuşdur.

44. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olmaqla yanaşı, zəmanət kəsintisinə görə vəsaitin müqavilə imzalandığı tarixdən etibarən 12 ay müddətə ödənilməsi nəzərdə tutulmuş, həmin müddət xx.xx.2022-ci ildə bitmişdir.

45. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.

46. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 123900 manat məbləğində əsas borc, 6000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

49. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/16-01264 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc və 235 manat dövlət rüsumu ödənilmişdir.

50. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 635 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 123900 (bir yüz iyirmi üç min doqquz yüz) manat məbləğində əsas borc, 6000 (altı min) manat dəbbə pulu və ödənilmiş 635 (altı yüz otuz beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 130535 (bir yüz otuz min beş yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar