Məhkəmə qərarları › İş №e-2-2(113)-4251/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4251/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4251/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "borcun ödənilməsi" tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 80.757,39 müqavilə üzrə geri ödənilməli məbləğin, 400 manat məhkəməyə müraciət üçün çəkilmiş xərcin, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 700 manat, bütövlükdə 81.857,39 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021ci il tarixində 216.00-SE-AİS-TPH-220621 nömrəli, layihə sənədlərinə təsdiq alınması haqqında müqavilə imzalanmışdır. Müqavilə üzrə icraçı olan Cavabdeh MMC layihə sənədlərinə təsdiq alınması ilə bağlı xidmətlər göstərməli idi. 29 İyun 2022-ci ildə Tərəflər Müqaviləyə yekun hesablaşma və xitam protokolu imzalanmışdır. Həmin Protokola əsasən icraçının müqavilə üzrə yerinə yetirdiyi işlərin dairəsi müəyyənləşdirilmişdir və aşağıdakı kimidir: - Ticarət mərkəzinin daxili və xarici kommunikasiyalarının layihə smeta sənədlərinin hazırlanması; - AR FHN TTNDA TDEBİ tərəfindən layihə sənədlərinin ekspertizasının həyata keçirilməsi və müvafi rəsmi ödənişi etməklə rəyin alınması. Protokolla müəyyən edilmişdir ki, icraçı tərəfindən yerinə yetirilən işlərin ümumi dəyəri ƏDV xaric 26.242,61 manatdır. Qarşılıqlı razılığa əsasən bu məbləğin Sifarişçi tərəfindən 8 sentyabr 2021-ci il tarixində ödənilmiş 112.000 manatlıq avans məbləğindən çıxılması və yerdə qalan 85.757,39 manat vəsaitin 2022-ci ilin iyul ayının sonunadək icraçı tərəfindən sifarişçiyə geri qaytarılması qərara alınmışdır. Sözügedən protokolla müəyyənləşdirilmiş vəsaitin geri qaytarılma vaxtından doqquz aydan çox vaxt keçməsinə baxmayaraq "xxxx" MMC tərəfindən İddiaçınə yalnız 25 iyun 2023-cü il tarixində 5.000 (beş min) manat vəsait ödənilmişdir. Hazırda ödənilməli məbləğ 80.757,39 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. - Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (Sifarişçi) ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 216.00-SE-AİS-TPH-220621 nömrəli, layihə sənədlərinə təsdiq alınması adlı müqavilə bağlanmışdır.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçinin tapşırığı əsasında icraçı bu müqavilənin şərtlərinə uyğun olaraq, Bakı şəhəri, Qala qəsəbəsi, Mərdəkan şossesinin cənub-şərq hissəsində yerləşən ticarət mərkəzinin layihəsinin AR FHN DYNX tərəfindən layihə sənədlərinin ekspertizasının həyata keçirilməsi və layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizası nəticələri barəsində rəyin alınmasını, tikinti işləri başa çatandan sonra isə X4 alınmasını, AR FHN X2 Görülməsi və X3 Agentliyi tərəfindən qazanxananın layihə sənədlərinin ekspertizasının həyata keçirilməsi və müvafiq rəsmi ödənişi etməklə layihə sənədlərinə texniki təhlükəsizlik baxımından Ekspertiza Rəyinin alınmasını, tikinti işləri başa çatdıqdan sonra isə X4 alınmasını, AR FHN TTNDA TDEBİ tərəfindən layihə sənədlərinin ekspertizasının həyata keçirilməsi və müvafiq rəsmi ödənişi etməklə rəyin alınmasını, tikinti işləri başa çatandan sonra isə X4 alınması üçün lazımi tədbirlərin görülməsini öz üzərinə götürmüşdür.

11. Həmin müqavilənin 3.2-ci maddəsinə avans ödənişi ƏDV xaric 112000 manat sifarişçi tərəfindən müqavilə imzalandığı gündən 7 təqvim günü ərzində köçürmə yolu ilə icraçının bank hesabına köçürülür. Ödəniş icraçı tərəfindən təqdim edilən hesabfakturaya əsasən olunur.

12. Müqavilə hər iki hüquqi şəxsin rəhbərinin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

14. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

16. İşdə olan tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 216.00-SE-AİS- TPH-220621 nömrəli layihə sənədlərinə təsdiq alınması haqqında müqaviləyə yekun hesablaşma və xitam protokolundan görünür ki, icraçı tərəfindən ticarət mərkəzinin daxili və xarici kommunikasiyalarının layihə smeta sənədlərinin hazırlanması və AR FHN TTNDA TDEBİ tərəfindən layihə sənədlərinin ekspertizasının həyata keçirilməsi və müvafi rəsmi ödənişi etməklə rəyin alınması xidmətləri yerinə yetirilmişdir və bu işlərin dəyəri ümumilikdə, ƏDV xaric 26.242,61 manat təşkil edir.

17. Qeyd edilən protokolun 4.4-cü bəndindən görünür ki, ƏDV xaric 112.000 manat avans ödənişi xx.xx.2021-ci il tarixində icraçının bank hesabına köçürülmüşdür.

18. Həmin Protokola əsasən, tərəflər razılığa gəlirlər ki, sifarişçi tərəfindən həyata keçirilmiş avans ödənişi olan ƏDV xaric 112000 manat məbləğindən görülmüş işlərin dəyəri olan 26.242,61 manat məbləği çıxılmaqla, yerdə qalan 35.357,39 manat məbləğ vəsait xx.xx.2022-ci il tarixinədək, yekun qalıq 50.400 manat vəsait isə 2022-ci ilin iyul ayının sonuna kimi icraçı tərəfindən yekun hesablaşma və xitam protokoluna əsasən sifarişçinin bank hesabına geri qaytarılmalıdır.

19. xx.xx.2022-ci il tarixli Protokol hər iki hüquqi şəxsin imza və möhürləri ilə təsdiq edilmişdir.

20. Göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixli yekun hesablaşma və xitam protokolunu imzalamaqla sifarişçi tərəfindən ƏDV xaric 112000 manat avans ödənişi xx.xx.2021-ci il tarixində icraçının bank hesabına köçürüldüyünü, 85.757,39 manat vəsaitin sifarişçiyə geri qaytarılmalı olduğunu qəbul etmişdir.

21. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 25 iyun 2023-cü il tarixində 5000 manat pul vəsaitini ödədiyini bildirir.

22. Ona görə də, məhkəmə hesab edir ki, yekun hesablaşma və xitam protokolunda qeyd edilmiş yekun 85.757,39 manat məbləğdən 25.06.23-cü il tarixində ödənilmiş 5.000 manat pul çıxılmalı və 80.757,39 (85.757,39-5000) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. İş materiallarında olan MŞB/xx/xx/001291 nömrəli, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki İddiaçı tərəfindən Bakı 16 saylı Mediasiya Təşkilatına mediasiya xərci olaraq 400 manat məbləğində pul ödənmişdir.

24. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.

25. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 700 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

26. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, vəkil xərcinin əvəzi olaraq Bakı şəhəri 21 saylı Vəkil Bürosuna 700 manat məbləğində pul ödənmişdir.

27. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 700 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 80.757 (səksən min yeddi yüz əlli yeddi) manat, 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 700 (yeddi yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar