Məhkəmə qərarları › İş №e-2-2(113)-4272/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4272/2023

16.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4272/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliyi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 41188 (qırx bir min yüz səksən səkkiz) manat borc və rusum kimi ödənilən 213 manat və mediasiyaya ödədiyi 200 manat olmaqla, cəmi 41602 (qırz bir min altı yüz iki) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 13 iyul 2018-ci il tarixli, ASFX18/224 saylı xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı Özbəkistan Respublikasında icrasını həyata kecirdiyi “M39” Daşkənd- Termez magistral yolunun yenidən qurulması lahiyəsində yolun torpaq qatının işlənməsi ilə əlaqədar işlərin icrasıyla 1 (bir) ay üçün vergilər və digər ödəmələr daxil olmaqla, 2940 (iki min döqquz yüz qırx) manat xidmət haqqı ödəməlidir. Müqaviləyə edilmiş xx.xx.2019-cu il tarixli, 1 saylı əlavəyə əsasən 1 (bir) ay üçün 2942 manat xidmət haqqı ödənilməlidir. İddiaçı müqavilədə göstərilən işləri hər ay, yəni 2022-ci ilin may ayınadək işləyib yerinə yetirmişdir. İş icraçısı kimi 2019-ci ilin oktyabr, noyabr və dekabr aylarında və həmçinin 2020-ci ilin yanvar, iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr və 2021-ci ilin yanvar, fevral, mart, aprel aylarında işləri tam keyfiyyətli yerinə yetirib təhvil versə də, cavabdeh müqavilə şərtlərini yerinə yetirməmiş, 14 ay üçün 41188 (qırx bir min yüz səksən səkkiz) manat ödəməmiş xidmət haqqı borcu qalmışdır. Bu barədə cavabdeh təşkilata dəfələrlə müraciətlər etsə də, nəticə alınmamışdır. Həmçinin mübahisənin məhkəmədən kənar həlli ilə bağlı medasiya orqanına müraciət etmiş, lakin cavabdeh tərəf iştirak etmədiyi üçün mediasiya prosesinə xitam verilmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdeh "xxxx" ASC-dən 14 ay üçün tam dəqiq xidmət haqqının köcürülmədiyini nəzərə alaraq 46843 manat əsas borc və rusum pulu olan 231 manat (mediasiya daxil) olmaqla, cəmi 47074 (qırx yeddi min yetmiş dörd) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, həmin təşkilatda iş icrası kimi 30 mart 2017-ci il tarixdən 2021-ci ilin 02 may tarixinə kimi işləmişdir. Sifarişçi olan cavabdeh təşkilatın Özbəkistan, Qazaxıstan Respublikalarında tikinti lahiyə işlərində fasiləsiz işləmişdir. Hazırda cavabdeh təşkilat "xxxx" ASC tərəfindən 13 iyul 2018-ci il tarixli ASFX 18/237 saylı xidmət müqaviləsi üzrə göstərdiyi xidmətlərə görə xidmət haqqı ona tam olaraq ödənilməmişdir. Belə ki, cavabdeh təşkilat dəfələrlə ödənişləri gecikdirilmiş qaydada vermişdir. Həmin ödənişlər "xxxx" ASC vasitəsilə aparılmış və ödənişlərin hansı aylara aid olması barədə ona məlumat verilməmişdir. Həmin vaxtlarda ölkədən kənarda olmuşdur. Ümumiyyətlə, xidmət haqları vaxtlı-vaxtında verilmədiyindən hansı ayların ödənilmədiyini əvvələr dəqiqləşdirə bilməmişdir. Cavabdeh ona axırıncı dəfə 08 sentyabr 2021-ci ildə bank vasitəsi ilə 3385 (üç min üç yüz səksən beş) manat ödəniş etmişdir. Cavabdehlə bağladığı 13 iyul 2018-ci il tarixli ASFX 18/224 saylı xidmət müqaviləsi üzrə ona 2019-cu ildə cəmi 5 ay üçün 14045 (on dörd min qırx beş) manat, 2020-ci ildə cəmi 5 ay üçün 13634 (on üç min altı yüz otuz dörd) manat, 2021-ci ilin 4 ayı üçün cəmi 7770 (yeddi min yeddi yüz yetmiş) manat ödəniş edilmişdir. Beləliklə, cavabdeh ona 35449 (otuz beş min dörd yüz qırx doqquz) manat bank köcürmələri aparmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh 2019-cu ildə 7 ay üçün, 2020-ci ildə 7 ay üçün ödəniş aparmamışdır. 2021-ci ilin 4 ayı üçün cəmi 7770 (yeddi min yeddi yüz yetmiş) manat ödənilmişdir. Beləliklə, 2019-cu ilin yanvarından 2021-ci ilin 08 sentyabrına kimi cəmi 35449 manat xidmət haqqı bank vasitəsi ilə köcürülmüşdür. "xxxx" ASC-nin ona 14 ay üçün 46843 (qırx altı min səkkiz yüz qırx üç) manat ödənilməmiş borcu qalmışdır. Ona görə də əvvəlki iddia tələbinin həcmini artıraraq və dəqiqləşdirərək, cavabdehdən 14 ay üçün aylara görə tam dəqiq xidmət haqqının köcürülmədiyini nəzərə alıb, 46843 manat əsas borc və rusum pulu olan 231 manat (mediyasiya daxil olmaqla) olmaqla, cəmi 47074 (qırx yeddi min yetmiş dörd) manat pul vəsaitinin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-yə qarşı xidmət haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 41188 manat məbləğində vəsaitin, rüsum kimi ödənilən 213 manat vəsaitin, mediasiyaya ödənilən 200 manat pulun, cəmi 41602 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı səbəblərdən iddianı qanunsuz və əsassız hesab edirlər. İddiaçı ilə cavabdeh arasında 13 iyul 2018-ci il tarixli, ASFX18/224 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı/iddiaçı sifarişçinin/cavabdehin Qazaxstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində tikinti sahəsində işlərin icrasını və nəzarətini öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçıya 1 ay üçün 2900 manat xidmət haqqı ödənilir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı xidmətləri həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra ödənilir. Müqavilənin 2.5-ci bəndinə əsasən icraçının layihədəki işlərin icrası və nəzarəti ilə əlaqədar layihəyə gedib-gəlmə xərcləri (təyyarə bileti) 6 ayda bir dəfə olmaqla, sifarişçi tərəfindən ödəniləcəkdir. Əgər icraçı qeyd olunan müddətdən tez öz istəyi ilə geri dönmək istəyərsə, nəqliyyat xərcləri icraçının özü tərəfindən ödəniləcəkdir. İddiaçı məhkəməyə işlərin icra olunmasına dair təhvil-təslim aktları təqdim etməmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-yə qarşı xidmət haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 41188 manat məbləğində vəsaitin, rüsum kimi ödənilən 213 manat vəsaitin, mediasiyaya ödənilən 200 manat pul olmaqla, cəmi 41602 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında 13 iyul 2018-ci il tarixli, ASFX18/224 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı/iddiaçı sifarişçinin/cavabdehin Qazaxstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsində tikinti sahəsində işlərin icrasını və nəzarətini öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçıya 1 ay üçün 2900 manat xidmət haqqı ödənilir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı xidmətləri həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. Müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra ödənilir. Müqavilənin 2.5-ci bəndinə əsasən icraçının layihədəki işlərin icrası və nəzarəti ilə əlaqədar layihəyə gedib-gəlmə xərcləri (təyyarə bileti) 6 ayda bir dəfə olmaqla, sifarişçi tərəfindən ödəniləcəkdir. Əgər icraçı qeyd olunan müddətdən tez öz istəyi ilə geri dönmək istəyərsə, nəqliyyat xərcləri icraçının özü tərəfindən ödəniləcəkdir. İddiaçı məhkəməyə işlərin icra olunmasına dair təhvil-təslim aktları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 373.1-cı maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-nin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-nin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. MM-nin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. MM-nin 375.2ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsini xahiş edir.

8. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

9. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. İş materiallarından görünür ki, sifarişçi qismində "xxxx" ASC ilə icraçı İddiaçı arasında xx.xx.2017-ci il tarixli, ASFX 17/049 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyala keçirdiyi “M 39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində yolun torpaq qatının işlənilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 (bir) ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 2525 manat xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək nağd və ya bank köçürmə yolu ilə icraçıya ödənilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ödəniş nağd qaydada aparıldıqda, icraçı aldığı xidmət haqqına görə sifarişçiyə Azərbaycan Respublikasının mövcud və müvafiq qanunvericiliyində nəzərdə tutulmuş ciddi hesabat blankı olun “mədaxil qəbzi” və ya “kassa mədaxil orderi” təqdim etməlidir. “Mədaxil qəbzi” və ya “kassa mədaxil orderi” təqdim edilmədən sifarişçi tərəfindən xidmət haqqı ödənilməyəcəkdir. Vergi və digər ödənişlər icraçı tərəfindən onun öz hesabına həyata keçiriləcəkdir.

11. Sifarişçi qismində "xxxx" ASC ilə icraçı İddiaçı arasında xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyala keçirdiyi Almatı layihəsində tikinti sahəsində işlərin icrasını öz üzərinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 (bir) ay üçün 2900 manat xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında “təhvil-təslim aktı” imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən vergi və digər ödənişlər icraçı tərəfindən onun öz hesabına həyata keçiriləcəkdir.

12. Tərəflər arasında bağlanmış 13 iyul 2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli, 1 nömrəli əlavə bağlanmışdır. Həmin əlavəyə əsasən tərəflər razılığa gəlmişlər ki, xx.xx.2017-ci il tarixli, ASFX 17/003 nömrəli xidmət müqaviləsinin 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “sifarişçi icraçıya 1 (bir) ay üçün 2942 (iki min doqquz yıız qırx iki) manat xidmət haqqı ödəyir.” “Müqavilənin digər bəndləri dəyişməz olaraq qalır”.

13. "xxxx" ASC tərəfindən təsdiq edilərək tərtib edilmiş İddiaçı məxsus AZ07MUGA**********00088AZM00 nömrəli hesabdan çıxarışdan müəyyən edilir ki, sözügedən hesaba xx.xx.2019-cu il tarixdə 2525 manat (ödənişin təyinatı kimi xx.xx.2017ci il tarixli, ASFX 17/049 nömrəli xidmət müqaviləsinə əsasən 2017-ci ilin aprel ayı üçün), xx.xx.2019-cu il tarixdə 2525 manat (ödənişin təyinatı kimi xx.xx.2017-ci il tarixli, ASFX 17/049 nömrəli xidmət müqaviləsinə əsasən 2017-ci ilin iyun ayı üçün), xx.xx.2019-cu il tarixdə 1738 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsi qeyd olunmuşdur), xx.xx.2019-cu il tarixdə 2331 manat (ödənişin təyinatı kimi xx.xx.2017-ci il tarixli, ASFX 17/049 nömrəli xidmət müqaviləsinə əsasən 2017-ci ilin oktyabr ayı üçün), xx.xx.2019-cu il tarixdə 2137 manat (ödənişin təyinatı kimi xx.xx.2017-ci il tarixli, ASFX 17/049 nömrəli xidmət müqaviləsinə əsasən 2017-ci ilin iyun ayı üçün), xx.xx.2019-cu il tarixdə 2854 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2019-cu ilin iyun ayı üçün), xx.xx.2019cu il tarixdə 2698 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2019-cu ilin iyul ayı üçün), xx.xx.2019-cu il tarixdə 2854 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2019-cu ilin sentyabr ayı üçün), xx.xx.2020-ci il tarixdə 2942 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2019-cu ilin noyabr ayı üçün), xx.xx.2020-ci il tarixdə 993,51 manat (pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək), xx.xx.2020-ci il tarixdə 2416 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2019-cu ilin mart ayı üçün), xx.xx.2020-ci il tarixdə 2853 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2019-cu ilin aprel ayı üçün), xx.xx.2020-ci il tarixdə 2875 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2019-cu ilin may ayı üçün), xx.xx.2020-ci il tarixdə 2615 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2020-ci ilin yanvar ayı üçün), xx.xx.2020-ci il tarixdə 993,51 manat (pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək), xx.xx.2020-ci il tarixdə 2875 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2019-cu ilin may ayı üçün), xx.xx.2021-ci il tarixdə 993,51 manat (pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək), xx.xx.2021-ci il tarixdə 2853 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2019-cu ilin aprel ayı üçün), xx.xx.2021-ci il tarixdə 550 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən avans ödənişi), xx.xx.2021-ci il tarixdə 1300 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən avans ödənişi), xx.xx.2021-ci il tarixdə 2405 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2021-ci ilin aprel ayı üçün, Özbəkistan Respublikası), xx.xx.2021-ci il tarixdə 2000 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2021-ci ilin fevral ayı üçün, Özbəkistan Respublikası), xx.xx.2021-ci il tarixdə 3365 manat (ödənişin təyinatı kimi xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsinə əsasən 2021-ci ilin yanvar, fevral, mart ayları üçün, Özbəkistan Respublikası) ödəniş edilmişdir.

14. İddiaçı C01856952 nömrəli ümumvətəndaş pasportundan və “AZEMİS” Elektron məkhəmə infosrmasiya sistemində hazırkı iş üzrə İddiaçı “sərhədkeçmə məlumatları” bölməsindən müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycandan Almatı şəhərinə çıxış etmiş, xx.xx.2018-ci il tarixdə Aktau şəhərindən Azərbaycana giriş etmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycandan Almatı şəhərinə çıxış etmiş, xx.xx.2020-ci ildə Almatı şəhərindən Azərbaycana giriş etmiş, xx.xx.2020-ci ildə Moskvaya çıxış etmiş, xx.xx.2020-ci ildə İstanbuldan Azərbaycana giriş etmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycandan Daşkənd şəhərinə çıxış etmiş, xx.xx.2022-ci il tarixdə Daşkənd şəhərindən Azərbaycana giriş etmişdir.

15. İddiaçı tərəfindən "xxxx" ASC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

18. 18. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında iki müqavilə, xx.xx.2017-ci il tarixli, ASFX 17/049 nömrəli xidmət müqaviləsi (Özbəkistan Respublikasında icrası həyala keçirilən “M 39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsi ilə bağlı) və xx.xx.2018-ci il tarixli, ASFX 18/224 nömrəli xidmət müqaviləsi (Qazaxıstan Respublikasında icrası həyata keçirilən Almatı layihəsi ilə bağlı) bağlanmışdır. İddiaçı məhz ikinci müqavilə ilə bağlı cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilmədiyini bildirərək, hazırkı iddia tələbini irəli sürmüşdür.

19. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

20. Belə ki, iddiaçı 13 iyul 2018-ci il tarixli ASFX 18/237 saylı xidmət müqaviləsi üzrə göstərdiyi xidmətlərə görə ödənilməmiş qalan məbləğin ona ödənilməsini tələb edir. Həmin müqavilə cavabdehin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi Almatı layihəsi ilə bağlı olmuşdur. Həmin layihə üzrə iddiaçının xidmət göstərdiyi iş materialları ilə müəyyən olunur. Belə ki, həmin hal təqdim olunan bank hesabından çıxarışlardan da müəyyən olunur, yəni iddiaçı həmin layihə üzrə işləri icra etmiş və ona ödənişlər edilmişdir. İddiaçı müəyyən aylar üzrə xidmət göstərdiyini, lakin həmin xidmətlərə görə haqqın ödənilmədiyini bildirərək, ödənilməmiş qalan pul vəsaitlərinin cavabdehdən tutulmasını xahiş etmişdir.

21. Tələbin sübutu qismində məhkəməyə yalnız müqavilə və bank hesabından çıxarış təqdim olunmuşdur. Məhkəmənin qənaətinə əsasən həmin sübutlar iddianın təmin olunması üçün yetərli sayıla bilməz. Belə ki, iddiaçı tərəfindən mübahisəli aylar üzrə xidmətlərin göstərilməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

22. Eyni zamanda, müəyyən olunduğu kimi, iddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycandan Almatı şəhərinə çıxış etmiş, xx.xx.2018-ci il tarixdə Aktau şəhərindən Azərbaycana giriş etmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycandan Almatı şəhərinə çıxış etmiş, xx.xx.2020-ci ildə Almatı şəhərindən Azərbaycana giriş etmiş, xx.xx.2020-ci ildə Moskvaya çıxış etmiş, xx.xx.2020-ci ildə İstanbuldan Azərbaycana giriş etmiş, xx.xx.2022ci il tarixdə Azərbaycandan Daşkənd şəhərinə çıxış etmiş, xx.xx.2022-ci il tarixdə Daşkənd şəhərindən Azərbaycana giriş etmişdir.

23. Beləliklə, göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdən Almatı şəhərindən çıxmış, ondan sonrakı dövrdə Qazaxstan Respublikasında olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddiaçı Almatı layihəsi üzrə (icra yeri Qazaxstan olmuşdur) iddia etdiyi 2021-ci ilin 02 may tarixinə kimi xidmət göstərdiyini sübuta yetirə bilməmişdir. İş materiallarına əsasən iddiaçı sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ölkədən çıxmış, 2020-ci ilin yanvar ayına görə ona həmin layihə üzrə 2615 manat ödəniş edilmişdir. Eyni zamanda iddiaçı mübahisələndirdiyi 2019cu ilin yanvar və fevral aylarında Qazaxstan Respublikasında olmamışdır. 2019-cu ilin qalan 3 ayı üzrə iddiaçı tərəfindən xidmətin göstərilməsi təsdiqini tapmır. Belə ki, əvvəla, müqavilədə nəzərdə tutulan xidmətin göstərildiyini təsdiq edən təhvil-təslim aktları məhkəməyə təqdim olunmur. Bundan başqa, məhkəmənin qənaətinə əsasən mart, aprel, may, iyun, iyul, daha sonra sentyabr, noyabr, daha sonra yanvar ayının ödənişlərini edən iddiaçı tərəfindən arada avqust, oktyabr və dekabr aylarını buraxaraq ödənişlər etməməsi də inandırıcı görünmür. Həmin aylar üzrə xidmətin göstərilməsi öz təsdiqini tapmır. Bundan başqa, 2020-ci ilin qalan ayları üzrə cavabdehdən xidmət haqqının tutulması hissəsində iddianı yuxarıda qeyd edilən səbəblərdən məhkəmə əsassız sayır. Bəzi aylar üzrə ödənişlərin tam edilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, xidmətlərin göstərilməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə həmin hissədə də iddianı əsassız sayır. Belə ki, məsələn, 2020-ci ilin yanvar üzrə cavabdeh tərəfindən iddiaçıya 2615 manat ödəniş edilmişdir. Həmin ayın 29-u iddiaçı Azərbaycan Respublikasına giriş etmişdir, yəni bütöv ay üzrə xidmət göstərilməmişdir. xx.xx.2018-ci il tarixli müqavilənin 2.1, 2.2-ci bəndlərində icraçıya 1 ay üçün 2900 manat (sonrakı dəyişikliyə əsasən 2942 manat) xidmət haqqının həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edilməklə ödənilməsi nəzərdə tutulur. Ona görə aylar üzrə xidmət tam göstərilmədiyinə görə xidmət haqqı da tam ödənilməyə bilərdi.

24. Cavabdehin iddiaçının hesabına digər köçürmələri Özbəkistan layihəsi üzrə olmuşdur ki, hazırkı iddia ərizəsində həmin layihə üzrə münasibətlər mübahisələndirilmir.

25. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsassızdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.

27. İddia rədd olunduğundan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar