Məhkəmə qərarları › İş №e-2-2(113)-429/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-429/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-429/2024 02.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı X6 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən X2 xeyrinə 24.866 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş 150 gün üçün 5.146,50 manat dəbbə pulunun, vəkilə hüquqi yardıma görə ödənilən 120 manat məbləğin və 210 manat dövlət rüsumunun, cəmi 30.342,50 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 ilə "xxxx" ASC arasında şəhadətnamə əsasında 080569 nömrəli" əmlakın yanğından və digər əlavə risklərdən könüllü sığortası" müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Səbuhi Abbasova məxsus Mingəçevir şəhəri A.Şaiq küçəsində yerləşən mebel istehsalı üçün xammal toplanan anbarda olan 75.000 manat məbləğində sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixində baş vermiş leysandan qaynaqlanan subasma sığorta hadisəsi nəticəsində anbarda olan mallar su altında qalaraq sığortalıya 35813 (otuz beş min səkkiz yüz on üç) AZN məbləğində ziyan dəymişdir. Qeyd olunan ziyan məbləği Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna, daşınan və daşınmaz əmlakın qiymətləndirilməsi səlahiyyətlərinə dair A.R. Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 saylı fərmanına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2003-cü ildə qeydiyyata alınmış 1003-M-1-447 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə ilə fəaliyyət göstərən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 68 nömrəli rəyi ilə öz təsdiqini tapır. Baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" şirkətinə məlumat verilmiş və şirkət tərəfindən hadisə baş verən yerə baxış keçirilmiş, hadisə sığorta hadisəsi olaraq qeydə alınmışdır. Qeyd olunanlara və Abbasov Səbuhi şəxsən məsələ ilə bağlı mərkəzi banka yazılı müraciət etməsinə baxmayaraq "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 1576/3 saylı cavab məktubunda qeyd olunmuşdur ki, sözü gedən daşınmaz əmlaka dəymiş zərərin müəyyən olunması üçün sığorta sahəsində yardımçı fəaliyyət göstərən ekspert cəlb olunmuş və həmin ekspertin xx.xx.20223-cü il tarixli rəyinə əsasən dəymiş zərər 4000 ( dörd min) manat məbləğində müəyyən edilmişdir. Eyni zamanada sığorta şirkətinin məktubunda 4000 manat ziyan məbləğindən müqavilə qaydasına əsasən 1500 manat azadolma məbləği çıxılmaqla 2500 manat sığorta ödənişinin hesablandığı bidirilmişdir. Göründüyü kimi sığorta şirkəti heç bir əsaslı səbəb olmadan sığortalıya faktiki dəymiş ziyandan təxminən 20 dəfə az sığorta ödənişi hesablamışdır. Zərər məbləğinin az qeyd olunmasının başlıca səbəbi şirkət tərəfindən müqaviləyə qismən sığorta müqaviləsi kimi qiymət verilməsi olmuşdur. İlk növbədə bildiririk ki, şirkət nümayəndələrinin şifahi deməsinə əsasən əgər qismən sığorta kimi qiymətləndirilmişdirsə cavab məktubunda bu barədə qeyd olunmaması təzad və təəccüb yaradır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 izahat verərək iddianı qismən qəbul etdiyini, "xxxx" MMC-nin 05 iyun 2023-cü il tarixli, 295 nömrəli rəyinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasan sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. Məhkəmə qeyd edir ki, X3 məxsus ünvan 1 ünvanında yerləşən anbardakı MDF məhsulları, mebel üçün xam mal, aksessuarlar siğorta məbləği 75.000 manat olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh ASC tərəfindən siğortalanması və xx.xx.2023-cü il tarixində sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır.

9. İşin mübahisələndirilən halı ancaq dəymiş ziyanın məbləği yəni, sığorta ödənişinin məbləği ilə bağlıdır.

10. İddiaçı tərəf 24.866 manat məbləğində zərər dəydiyini bildirir və "xxxx" MMC tərəfindən verilmiş rəyə və xx.xx.2023-cü il tarixində Abbasov Səbuhi tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış ərizəyə istinad edir.

11. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, sığorta hadisəsi nəticəsində dəymiş ziyanın məbləği 35.813 manat təşkil edir.

12. Bu xüsusda məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin siğorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrinə daxil edilmədiyini nəzərə alaraq, siğortalanan əmlakı və siğorta risklərini qiymətləndirmək səlahiyyəti mövcud deyildir.

13. Ona görə də, Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi əmlaka dəymiş ziyanın məbləğinin müəyyən edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz.

14. Bundan sonra, iddiaçı tərəf xx.xx.2023-cü il tarixində Abbasov Səbuhi tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış ərizəyə istinad edir.

15. Bu xüsusda Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədə qeyd edilmiş və iddianın həcmi azaldıldıqdan sonra tələb edilən 24.866 manat ziyan məbləği də, mötəbər sübut kimi qiymətləndirilə bilməz.

16. Belə ki, qeyd edilən sənəd iddiaçı yəni, sığortalının özü tərəfindən birtərəfli qaydada tərtib edilmiş və hər hansı bir qiymətləndirmə və rəy olmadan hesablanmış məbləğdir.

17. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Mingəçevir şəhəri, Abdulla Şaiq küç.yerləşən X4 məxsus mebel sexində xx.xx.2023-cü il tarixində baş vermiş subasma hadisəsi nəticəsində daşınar əmlaka 9.198 manat məbləğində zərər dəymişdir.

18. Ona görə də, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-429/2043 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə - iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin rəyinə və flash karta, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə və diskə müqayisəli şəkildə baxış keçirməklə xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X3 məxsus olan tikinti materiallarına dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

19. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/Ə1285/2024 nömrəli məktubu ilə “hadisə yeri saxlanılmadığından baxış zamanı yararsız vəziyyətə düşmüş və yaxud zədələnmiş tikinti materiallarının çeşidini və miqdarını müəyyən etmək mümkün olmadı.” səbəbi ilə məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir.

20. Ona görə də, Məhkəmə hazırkı işə, mövcud olan sübutlar əsasında baxılmasını zəruri hesab etmişdir.

21. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu MMC hüquqi şəxs olan müstəqil ekspert kimi reyestrə daxil edilmişdir.

22. Ona görə də, Məhkəmə hesab edir ki, sığorta hadisəsi üzrə dəymiş zərərin məbləği müəyyən edilərkən Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu MMC tərəfindən verilən rəy mötəbər sübut kimi qiymətləndirilməlidir.

23. İddiaçı tərəf isə, dəymiş ziyanın 24.866 manat olduğunu bildirsə də, qeyd olunan halı əsaslandıra bilməmiş və bu barədə sübutarı Məhkəməyə təqdim etməmişdir.

24. Yuxarıda da, qeyd edildiyi kimi, Məhkəmə Ekspertizası və Kriminalistika Bürosu MMC xx.xx.2023-cü il tarixli rəyində dəymiş zərərin məbləğini 9.198 manat müəyyən etmişdir.

25. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il 080569 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən könüllü sığortası şəhadətnaməsindən görünür ki, zəlzələ, yanğın, sel və subasma riskləri münasibətdə hər bir hadisə üzrə ümumi sığorta 2 faizi şərtsiz azadolma məbləği (indiki halda 1.500 manat) təşkil edir.

26. Ona görə, Məhkəmə hesab edir ki, 7.698 manat (9.198-1.500 (azadolma məbləği)) məbləğində sığorta ödənişi Cavabdeh ASC tərəfindən X3 ödənilməlidir.

27. Məhkəmə 5.146,5 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

28. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

29. Məhkəmə qeyd edir ki, işə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X3 ünvaladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sığorta şirkəti dəymiş ziyanı 4000 manat qiymətləndirmiş və azadolma məbləği çıxıldıqdan sonra 2.500 manat pulun verilməsinə razı olmuşdur.

30. Yəni, hazırda Məhkəmə tərəfindən tutulan məbləğlə Məhkəməyədək cavabdeh razı olmamış və sığorta ödənişinin verilməsini gecikdirmişdir.

31. Hazırkı işin hallarından görünür ki, 7.698 manat sığorta ödənişinə münasibətdə 350 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir

32. Məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 120 manat məbləğində pul da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 100,48 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

Nəticə:

35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 7.698 (yeddi min altı yüz doxsan səkkiz) manat məbləğində siğorta ödənişi və 350 (üç yüz əlli) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 8.048 (səkkiz min qırx səkkiz) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar