Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-43/2022 20.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehin üzərinə iddiaçıya dəymiş ziyanın 3654188,82 manat pul vəsaitinin iddiaçının hesablaşma hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin üzərinə iddiaçıya dəymiş ziyanın 3654188,82 manat pul vəsaitinin iddiaçının hesablaşma hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və ümumi dəyəri ********* manat məbləğində olan xx.xx.2011-ci il tarixli 07 nömrəli müqaviləsinin şərtlərinə əsasən cavabdeh Nəvahi qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi, mebel və avadanlıqların quraşdırılması” işlərin görülməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə-razılaşmaya əsasən müqavilənin ümumi dəyəri 190383410,66 manat müəyyən edilmişdir. Müqavilənin şərtlərində cavabdeh tərəfindən digər işlər ilə yanaşı bir ədəd üç mərtəbəli 350 nəfərlik əsgər yataqxanası və bir mərtəbəli 350 nəfərlik əsgər yeməkxanası binalarının tikintisi nəzərdə tutulmuşdur. Müdafiə Nazirliyi tərəfindən müqavilənin qeyd olunan hissənin icrası üçün cavabdehə üç mərtəbəli 350 nəfərlik əsgər yataqxanası üzrə 4768251,11 manat, bir mərtəbəli 350 nəfərlik əsgər yeməkxanası üzrə 1535444,34 manat, cəmi 6303695,45 manat ödənilmişdir. Müqavilənin 18.1-ci və 18.2-ci bəndlərinə əsasən müqavilənin icrası müddətində “Sifarişçi” aşkar olunmuş qüsurlar haqqında “İcraçı”ya dərhal bildiriş verməlidir. “İcraçı” qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. Müqavilənin icrası zamanı podratçı təşkilat tərəfindən Müdafiə Nazirliyinin “Nəvai-1” hərbi şəhərciyində aparılan tikinti işlərində çoxsaylı qüsur və çatışmazlıqların olması barədə dəfələrlə yazılı və şifahi məlumat verilmişdir. Belə ki, cavabdehə ünvanlanmış Müdafiə Nazirliyi Əsaslı Tikinti şöbəsinin xx.xx.2016-cı il tarixli 369 nömrəli məktubu ilə komissiya tərəfindən bina və qurğulara baxış keçirilərkən aşkar etdiyi nöqsan və çatışmazlıqlar barədə aktı və obyektdə çəkilmiş şəkilləri podratçının nəzərinə çatdıraraq, qısa vaxt ərzində tikinti işlərində yol verilmiş səhvlərin aradan qaldırılması xahiş olunmuşdur. Müdafiə Nazirliyi Əsaslı Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli 192 nömrəli məktubu ilə təkrar olaraq yuxarıda qeyd olunan və əlavə müəyyən olunmuş nöqsanların aradan qaldırılması tələb edilmişdir. Lakin müqavilənin icrası zamanı çatışmazlıqlar aradan qaldırılmamışdır. Müqavilə üzrə görülmüş işlərin qəbulunun təşkil olunması üçün Müdafiə Nazirliyi üzrə verilmiş xx.xx.2017-ci il tarixli 3 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən bina və qurğulara baxış keçirilərkən 1 nömrəli əsgər yataqxanası-qərargah binası (üç mərtəbəli 350 nəfərlik əsgər yataqxanası) üzrə xarici divarlarda, zirzəminin yükdaşıyıcı və arakəsmə divarlarında çatların əmələ gəlməsi ilə müşahidə olunan qeyri-bərabər çökməsi, torpaq qatı ilə təmasda olan bünövrənin düzgün hidroizolyasiya olunmaması (yağıntı suların və nəmişliyin təsirindən zirzəminin əsas və arakəsmə divarlarında suvaq və boya qatın vaxtından əvvəl eroziyaya uğramasına gətirmişdir), hər üç mərtəbədə yerləşən sanitar qovşağı hissəsində su və kanalizasiya xətlərinin quraşdırılması zamanı texniki şərtlərə düzgün əməl olunmaması (çirkab suların alt mərtəbələrin dəmir-beton tavanının daxilinə nüfuz etməsinə gətirmişdir) nəticəsində bütün əsas və arakəsmə divarlarında üfüqi və şaquli çatların əmələ gəlməsi, 3 nömrəli əsgər yeməkxana binası (bir mərtəbəli 350 nəfərlik əsgər yeməkxanası) üzrə torpaq qatı ilə təmasda olan bünövrənin düzgün hidroizolyasiya olunmaması (yağıntı suların və nəmişliyin təsirindən zirzəminin əsas və arakəsmə divarlarında suvaq və boya qatın vaxtından əvvəl eroziyaya uğramasına gətirmişdir), sanitar qovşağı hissəsində su xətlərinin quraşdırılması zamanı texniki şərtlərə düzgün əməl olunmaması (çirkab suların divarların daxilinə nüfuz etməsinə gətirmişdir) divarların yararsız hala düşməsi, kanalizasiya xətlərinin quraşdırılması zamanı texniki şərtlərə düzgün əməl olunmaması (çirkab suların təsirindən zirzəminin beton tavanın nəmləşdirilməsinə gətirmişdir), zirzəminin avtomobil daxil olması üçün nəzərdə tutulmuş girişində drenaj sisteminin quraşdırmaması, üzlük və ağlay daşların keyfiyyətsiz və səliqəsiz döşəməsi, bəzi otaqlarda istilik xətlərinin birləşmə yerlərindən su sızması, havalandırma sisteminin işləməməsi kimi çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunan və digər çatışmazlıqlar barədə yazılmış raportlar sentyabr 2017-ci il tarixli “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda komissiyanın aktı”n ayrılmaz hissəsi olaraq əlavə edilmiş, nüsxələri müqavilə üzrə tərəflərdə saxlanılmışdır. Cavabdehə ünvanlanmış Müdafiə Nazirliyi Əsaslı Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli 359 nömrəli məktubu ilə Nəvahi hərbi şəhərciyində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi, mebel və avadanlıqların quraşdırılması” üzrə işlərində aşkar olunmuş çatışmazlıqlar barədə aktlar (raportlar) podratçı təşkilata təqdim olunmuş, onların qısa müddət ərzində aradan qaldırılması tələb edilmişdir. Çatışmazlıqların aradan qaldırılması üçün tədbirlərin görülməməsi səbəbindən cavabdehə təkrar olaraq Müdafiə Nazirliyi Əsaslı Tikinti şöbəsinin xx.xx.2018-ci il tarixli 104 nömrəli məktubu ilə onların aradan qaldırılması tələb edilmiş, keyfiyyətsiz görülmüş işləri təsdiq edən əlavə sənədlər göndərilmişdir. Lakin qarşılıqlı maraqların qorunması üçün danışıqlar aparılmasına və müvafiq güzəştlər edilməsinə baxmayaraq tikinti-quraşdırma işlərinin gedişatı, işlərin təhvil verilməsi zamanı və zəmanət müddəti ərzində tikinti işləri üzrə müəyyən olunmuş çatışmazlıqların podratçı təşkilat tərəfindən aradan qaldırılmasına nail olunmamışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən yerinə yetirilmiş işlər “İcraçı”nın tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “İcraçı” aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 7-ci bəndinə əsasən göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş standartlarına, bu cür standartlar göstərilmədiyi (olmadığı) hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan standartlarına uyğun olmalıdır. 11.5-ci bəndinə əsasən 12 ay müddətində qüsurlar “İcraçı” tərəfindən heç bir ödəniş tələb etmədən aradan qaldırmalıdır. Podratçı təşkilat tərəfindən vaxtında tədbirlər görülmədiyindən qüsurlar daha da artmış, hər iki binanın yükdaşıyan konstruksiyalarında müxtəlif xarakterli zədələnmələr və konstruksiyaların səthində aşınmalar yaranmışdır. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün binaların istismarının mümkünlüyünün qiymətləndirilməsi məqsədilə Azərbaycan İnşaat və Memarlıq Elmi- Tədqiqat İnstitutuna müraciət olunmuş, yükdaşıyan konstruksiyalarının vəziyyəti haqqında rəy alınmışdır. Rəydə hər iki binanın tikintisi zamanı inşaat norma və qaydalarının kobud pozulması və layihə göstəricilərindən kənarlaşma hallarına yol verilməsi barədə bildirilmiş, aparılmış mühəndis müayinələrinin nəticələrinə əsasən binaların texniki vəziyyəti məhdud işləmə qabiliyyətində olması müəyyən edilmişdir. Qeyd olunan çatışmazlıqlar və binaların texniki vəziyyəti hərbi şəhərciyindən təhlükəsiz istismarında ciddi çətinliklər yaratmışdır. Binalardan gələcəkdə təhlükəsiz istismarını təmin etmək məqsədilə konstruktiv elementlərdə gücləndirmə-bərpa işlərinin smetasının və qiymətlərin müəyyən edilməsi üçün Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli 2690 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “Tikintidə Qiymətqoyma Mərkəzi”nə müraciət olunmuşdur. Mərkəzin xx.xx.2020-ci il tarixli “Müdafiə Nazirliyinin “Nəvai-1” hərbi şəhərciyi kompleksində 3 mərtəbəli 350 yerlik əsgər yataqxanası və 350 nəfərlik əsgər yeməkxanası binalarının əsaslı təmiri” obyekti üzrə nəzərdə tutulmuş təmir-tikinti işlərinin 2020-ci ilin iyul ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəli”nə əsasən gücləndirmə-bərpa işlərinin görülməsi üçün 3654188,82 manat pul vəsaitinin tələb olunması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh heç bir pretenziya almamışdır. Akt var. Komissiyanın 11 üzvü var. 11 üzv tərəfindən imzalanmışdır. Hamısı Müdafiə Nazirliyinin qulluqçularıdır. Daha sonra proyekti cavabdehdən qəbul etmişlər. Tikinti bir neçə il davam etmiş, heç bir pretenziya bildirilməmişdir. Tikinti daim Müdafiə Nazirliyinin nəzarətində olmuşdur. Çünki spesifik tikintidir, standart deyildir. Forma 2 tərtib olunmuş və Forma 2 tərtib olunanda Müdafiə Nazirliyinin əməkdaşları çatışmazlıqlar barədə akt yazmışlar. Akt Nəsirov və Hüseynov tərəfindən, yəni səlahiyyətli şəxslər imzalamışlar. Aktda yazılan çatışmazlıqlar aradan qaldırılandan sonra tikintinin dəyəri ödənilir. İddiaçının mövqeyi anlaşılmazdır, çünki onlar bütün işi qəbul etmişlər. Bütün tikililərdə təbii aşınma ola bilər. Cavabdeh tenderdə qalib olmuşdur. Tenderdə o halda qalib ola bilər ki, Müdafiə Nazirliyinin bütun tələblərinə cavab verir. Tikili Xəzər dənizi kənarında yerləşən böyük bir sahədədir. Müdafiə Nazirliyi nəzərə almalı idi ki, Xəzər dənizinin kənarı rütubətlidir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 07 nömrəli müqavilədən görünür ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya Müdafiə Nazirliyinin Nəvai hərbi şəhərciyində kompleks bina və qurğuların, xarici və ərazidaxili mühəndis kommunikasiya xətlərinin, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi və tikintisini həyata keçirməyi, yerinə yetirilmiş işlər tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işləri və xidmətləri cavabdehdən qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. "xxxx" MMC ilə bağlanmış 07 saylı xx.xx.2011-ci il tarixli müqaviləyə xx.xx.2015-ci il tarixli Əlavə Razılaşmadan görünür ki, tərəflər təsdiq edirlər ki, sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nəvai qəsəbəsində Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi, mebel və avadanlıqların quraşdırılması işlərinin həyata keçirilməsi üçün icraçının ƏDV ilə 190383410,66 (yüz doxsan milyon üç yüz səksən üç min dörd yüz on manat 66 qəpik) manat məbləğində təklifini qəbul etmişdir. İlkin müqavilənin bəndlərində nəzərdə tutulmuş bütün şərtlər əlavə razılaşdırmanın şərtləri kimi qəbul olunur. Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nəvai Hərbi Şəhərciyi Kompleksində yerləşən üç mərtəbəli 350 nəfərlik əsgər yataqxanası və 350 yerlik əsgər yeməkxanası binasının yükdaşıyan konstruksiyalarının texniki vəziyyəti haqqında rəyindən görünür ki, aparılmış mühəndisi-müayinə işləri zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nəvai hərbi şəhərciyi kompleksində yerləşən 3(üç) mərtəbəli 350 yerlik əsgər yataqxanası və 350 yerlik əsgər yeməkxanası binalarmın yükdaşıyan konstruksiyalarında və elementlərində aşağıdakı zədələrə və çatışınamazlıqlara rast gəlinmişdir: əsgər yataqxanası üzrə: binanın daxili uzununa və eninə dəmir-beton lentvarı bünövrəsi yanında şuflar açılan zaman bünövrə altmda və yanlarında suların olması, bünövrədə eni 2mm olan şaquli çatın yaranması müəyyən edildi; binanın daxili uzununa və eninə dəmir-beton lentvarı bünövrəsi izolyasiya edilməyib; zirzəmi mərtəbəsində döşəmədə izolyasiya təbbirləri görülməyib; bina ətrafında yığılan suların kənarlaşdırılması üçün drenaj xətti inşa edilməyib; binanın dam örtüyündən axan yağış sularının su axıdan borularla (jalob) ərazidən kənarlaşdırmaq əvəzinə binanın bünövrəsinə axıdılması müəyyən edildi; zirzəmi, İ, İİ və İİİ mərtəbədə divarlarda və örtükdə nəmişlik, suvaq qatının aşınması, duzlaşma müşahidə edildi; zirzəmi mərtəbəsində döşəmələrin qabarması müəyyən edildi; zirzəmi, İ, İİ və İİİ mərtəbədə yükdaşıyan divarlarda eni 0,1/0,2mm olan şaquli və maili suvaq çallar yaranmışdır; zirzəmi, İ, İİ və İİİ mərtəbədə qazobeton bloklarla tikilmiş arakəsmə divarlarda şaquli, maili və üfiqi çatların yaranması və arakəsmə divarların normativ tələblərə uyğun tikilməməsi müəyyən edildi; binanın dam örtüyü səviyyəsində dəmir-beton döşəmənin üzərində verilmiş 5sm qalınlığında beton qatının temteratur tikişi olan hissəsində beton qatı aralanmışdır; fasadda keramik üzlük daşlarda çatların yaranması müşahidə edildi; planda fasadlar üzrə çatların xarakterik yaranması sxem 12/19-da verilmişdir. Əsgər yeməkxanası üzrə: zirzəmi mərtəbəsində divarlarda nəmişlik, suvaq qatının aşınması, duzlaşması müəyyən edildi; zirzəmi mərtəbəsinin örtüyündə nəmişlik, duzlaşma müşahidə edilir; zirzəmi və İ mərtəbədə döşəmədə izolyasiya təbbirləri görülməyib; zirzəmi və İ mərtəbədə arakəsmə divarlarda eni 1-3 mm olan şaquli, maili və üfiqi çatlar yaranmışdır; dam çardaq örtüyün polad vərəqələrinin vurulmasında qüsurlar vardır; binanın perimetri boyu inşa edilmiş beton sel səkilərin çökməsi müəyyən edildi; planda divarlarda çatların yaranma yerləri sxem 6-7-də verilmişdir. Müdafiə Nazirliyinin “Nəvai-1” hərbi şəhərciyi kompleksində 3 mərtəbəli 350 yerlik əsgər yataqxanası və 350 yerlik əsgər yeməkxanası binalarının əsaslı təmiri obyekti üzrə nəzərdə tutulmuş təmir-tikinti işlərinin 2020-ci ilin iyul ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəlindən görünür ki, xərclər üzrə müqavilə qiymətləri Əlavə dəyər vergisi ilə cəmi 3.654.188,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/30xx-xx/1940 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş rəyinə əsasən, xx.xx.2011 -ci il tarixli 07 nömrəli müqavilənin şərtlərinə əsasən Nəvahi qəsəbəsində "Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi, mebel və avadanlıqların quraşdırılması” müqaviləsi üzrə cavabdeh "xxxx" MMC tərəfindən aparılmış tikinti işləri üzrə nöqsanın olub, dəymiş ziyanın səbəbi tikinti işlərinin düzgün aparılmamasıdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Tikintidə Qiymət Qoyma Mərkəzi tərəfindən verilmiş smetaya əsasən, xx.xx.2011 -ci il tarixli 07 nömrəli müqavilənin şərtlərinə əsasən Nəvahi qəsəbəsində “Mərkəzi silah və sursat anbarlarının kompleks bina və qurğuları, xarici və ərazidaxili kommunikasiya xətləri, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi, tikintisi, mebel və avadanlıqların quraşdırılması" müqaviləsi üzrə cavabdeh “Azərbaycan Bina Tikinti Kompaniyası" MMC tərəfindən aparılmış tikinti işləri üzrə nöqsanların aradan qaldırılması üçün aparılmalı tikinti işlərinin dəyəri 3654188,82 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci il tarixli 07 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya Müdafiə Nazirliyinin Nəvai hərbi şəhərciyində kompleks bina və qurğuların, xarici və ərazidaxili mühəndis kommunikasiya xətlərinin, ərazinin abadlaşdırılması işlərinin layihələndirilməsi və tikintisini həyata keçirməyi, yerinə yetirilmiş işlər tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işləri və xidmətləri cavabdehdən qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh tərəfindən işlər görülmüş və həmin işlər iddiaçı tərəfindən qəbul edilmişdir. İşlər iddiaçı tərəfindən qəbul edikdən sonra işlərdə qüsurlar yaranmış, iddiaçı qüsurların aradan qaldırılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh tərəfindən qüsurlar aradan qaldırılmamışdır. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh öhdəliyi yerinə yetirərək, işləri görmüş, iddiaçı görülmüş işlərin muzdunu cavabdehə ödəmiş, işlərdə qüsurlar yaranmış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi (qüsurların aradan qaldırılması) tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə iddiaçının cavabdehdən podratın nəticəsində yaranmış qüsurlara görə xərcləri tələb etmək hüququ yaranmışdır. Qüsurlarla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən görülmüş işlərdə qüsurların tikinti işlərinin düzgün aparılmaması nəticəsində yaranması Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nəvai Hərbi Şəhərciyi Kompleksində yerləşən üç mərtəbəli 350 nəfərlik əsgər yataqxanası və 350 yerlik əsgər yeməkxanası binasının yükdaşıyan konstruksiyalarının texniki vəziyyəti haqqında rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/30xx-xx/1940 saylı ekspert rəyi ilə təsdiq olunur. Məhkəmə, rəylər ilə razılaşaraq qeyd edir ki, rəylərin məzmunundan və tədqiqatın aparıldığı sənədlərdən görünür ki, ekspertlərin gəldiyi nəticə, onlara ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər və mübahisə predmeti olan binalar yerində tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundurlar və kifayət qədər əsaslandırılmışlar. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən rəylər ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidirlər. Xərcin məbləğinə gəldikdə isə Müdafiə Nazirliyinin “Nəvai-1” hərbi şəhərciyi kompleksində 3 mərtəbəli 350 yerlik əsgər yataqxanası və 350 yerlik əsgər yeməkxanası binalarının əsaslı təmiri obyekti üzrə nəzərdə tutulmuş təmir-tikinti işlərinin 2020-ci ilin iyul ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəlindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/30xx-xx/1940 saylı ekspert rəyindən və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Tikintidə Qiymət Qoyma Mərkəzi tərəfindən verilmiş smetadan müəyyən olunur ki, cavabdeh tərəfindən aparılmış tikinti işləri üzrə qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti işlərinin dəyəri 3654188,82 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan ekspert rəyinə və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli 07 nömrəli müqavilə üzrə görülmüş işlərdə yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan 3654188,82 manat xərc, yəni dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddia təmin edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınmalıdır. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəymiş ziyana görə 3654188,82 manat pul vəsaiti tutularaq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hesablaşma hesabına ödənilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 manat məbləğində dövlət rüsumu dövlət gəlirlərinə alınsın. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-43/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-43/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver