Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4347/2022 21.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) "xxxx" MMC (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6057,7 manat əsas, 16295,14 manat dəbbə pulu, cəmi 22353,91 manat, eyni zamanda ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli texnikanın icarə müqaviləsinə əsasən iddiaçı asfalt yolun təmiri və çəkilməsində istifadə edilən qreyder, katok və s. texnikanı sürücü ilə (operatorla) birlikdə istismar edilməsi üçün cavabdehə icarəyə vermişdir. Texnikanın icarədə olduğu və istismar edildiyi hər gün və iş saatları göstərilməklə müvafiq siyahı tərtib edilmişdir. Bundan əlavə, müqavilənin şərtlərinə uyğun istismar aktları tərtib edilmiş, tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən icarə haqqı növbəti ayın 5-nə qədər ödənilməlidir. Müqavilənin 2.8-ci bəndinə əsasən ödəniş gecikdirilərsə, hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1 faizi həcmində dəbbə pulu (cərimə) ödənilir. Cavabdeh ödənişləri gecikdirmiş və tezliklə ödəyəcəyini vəd etməsinə baxmayaraq, borc öhdəliyinin icrasından boyun qaçırır. Bu səbəbdən, 2022-ci il iyunun 01-i vəziyyətinə cavabdehin 6057,7 manat əsas, 16295,14 manat dəbbə pulu (cərimə) iddiaçıya borcu vardır. Bu barədə üzləşmə aktı tərtib edilərək cavabdehə göndərilmişdir. Borclu, borcu şifahi etiraf etdiyi halda, üzləşmə aktını tərtib etməkdən və borcu ödəməkdən müvafiq əsas göstərmədən boyun qaçırır. Bununla əlaqədar cavabdehə pretenziya məktubu göndərilmişdir. Məktuba cavab verilməmişdir. Cavabdeh həmçinin mediasiya sessiyasında iştirak etməkdən yayınmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, dəbbə pulunun müəyyən edilməsini Məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə qismən etiraz edib iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərindən qəbul aktlarına qol çəkilsə də, onlara verilmiş texnika nasaz vəziyyətdə olmuş, onlardan qabaqcadan nəzərdə tutulduğu kimi istifadə edilə bilməmişdir. Bu səbəbdən onların iddiaçıya ödəməli olduğu əsas borclarının məbləği təxminən 3000 manat təşkil edir. Bundan əlavə, yaranmış gecikmələr məhz texnikada olan problemlərlə bağlı olduğu üçün onlardan cərimənin tələb edilməsi də əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 09 iyul 2021-ci il tarixli xx-xx/2021 saylı texnikanın icarə müqaviləsinə əsasən icarəyəverən, istifadəsində olan 1 ədəd – qreyder, 1 ədəd – katok texnikaları operator və mexanik ilə birlikdə icarəyə verir. İcarəçi isə həmin texnikanın icarəyə götürür və bu müqavilədə müəyyən edilmiş məbləğ və qaydada icarə haqqını icarəyə verənə ödəyir. Müqavilənin 2.8-ci bəndinə əsasən icarəçi ödənişi gecikdirdiyi halda gecikmiş hər gün üçün ödənilməmiş məbləğin 1 % mislində cərimə sanksiyası ödəməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilənin 1.1-ci bəndində qeyd edilmiş texnikanın hər 1 ay (26 gün/10 saat) icarəsi üçün aşağıdakı məbləğdə icarə haqqını icarəyə verənə ödəyir.
1. Avtogreyder Caterpillar 120H, D/N 10AC419-8500 ƏDV xaric, Bazar və bayram günləri, həmçinin gündə 10 saatdan əlavə işləyərsə - bir iş saatı 49 manat ƏDV xaric.
2. Vərdənə (katok) CAT CS 663 E2, D/N 10AC421 – 6000 ƏDV xaric, Bazar və bayram günləri, həmçinin gündə 10 saatdan əlavə işləyərsə - bir iş saatı 35 manat ƏDV xaric. Müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləni imzaladıqdan dərhal sonra ilk ayın icarə haqqının 25 %, 3625 manat ƏDV xaric avans ödənilir. Ödənilmiş avans məbləği son ayın icarə haqqından tutulur. Müqaviləyə 01 saylı 09 iyul 2021-ci il tarixli Əlavəyə əsasən müqavilənin 3.5-ci bəndinə dəyişiklik olunaraq, “mobilizasiya haqqı icarəçi tərəfindən icarəyə verənə ödənilir:
1. Avtogreyder Caterpillar 120H D/N 10AC419 – 320 ƏDV xaric, 2. Vərdənə (katok) CAT CS 663 E2, D/N 10AC421- 285 ƏDV xaric” kimi qeyd olunmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx-xx/2021 saylı icarə müqaviləsinə əsasən texnikaların icarəyə qəbulu haqqında 01 nömrəli 03 avqust 2021-ci il tarixli akta əsasən tərəflər texnikanın (sürücülər daxil olmaqla) xx-xx/2021 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq 2021-ci ilin iyul ayında icarəyə verildiyini və tərəflərin bir-birlərinə qarşı heç bir iradının olmadığını təsdiq etmişlər. Göstərilmiş xidmətlərin ümumi dəyərinin 12072,31 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli xx-xx/2021 saylı icarə müqaviləsinə əsasən texnikaların icarəyə qəbulu haqqında 02 nömrəli 16 avqust 2021-ci il tarixli akta əsasən tərəflər texnikanın (sürücülər daxil olmaqla) xx-xx/2021 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq 2021-ci ilin avqust ayında icarəyə verildiyini və tərəflərin bir-birlərinə qarşı heç bir iradının olmadığını təsdiq etmişlər. Göstərilmiş xidmətlərin ümumi dəyərinin 7238,86 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. İddiaçı cavabdehlə arasında bağlanmış xx.xx.2021-xx.xx.2022-ci dövrlər üzrə dövriyyə və borc qalıqları üzrə üzləşdirmə aktı tərtib edərək imzalayıb möhürləmiş, lakin cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. Aktda xx.xx.2022-ci il tarixinə cavabdehin iddiaçıya 6057,97 manat borcunun olması göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 16 mart 2022-ci il tarixli 037 nömrəli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx-xx/2021 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə sasən qalıq 6057,97 manat borcunu xx.xx.2022-ci il tarixədək cavabdehdən ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən cavabdehə verilmiş xx.xx.2021-ci il tarixli 022/21 nömrəli hesab faktura ilə 12072,31 manat, xx.xx.2021-ci il tarixli 029/21 nömrəli hesab faktura ilə 7238,85 manat üzrə icarə haqqı ödənilməlidir. xx.xx.2022-ci il tarixli borc haqqında arayışdan görünür ki, xx-xx/2021 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən 2022-ci il iyunun 1-dək cavabdehin iddiaçıya borcu 22353,91 manat (əsas borc 6057,7 manat, gecikdirilməsinə görə cərimə borcu isə 16295,4 manat) təşkil edir. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx-xx/2021 saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən görülən işlər üzrə ümumi məbləğ 16970,36 manat, həmin məbləğin 5133,87 manat məbləği əsas borc, 924,10 manatı isə ƏDV borcu təşkil edir. Həmin məbləğin 11836,49 manat (xx.xx.2021-ci ildə 3625 manat, xx.xx.2021-ci ildə 605 manat, xx.xx.2021-ci ildə 5606,49 manat, xx.xx.2021-ci ildə 2000 manat olmaqla) ödənilmiş, qalıq borc 5133,87 manat əsas, 924,10 manat ƏDV təşkil edir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin avadanlıqların icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 6057,7 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6057,7 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh avadanlıqlarda qüsurların olması səbəbindən aktlarda qeyd edilən məbləğdə deyil, daha aşağı məbləğdə borcun ödənilməli olmasını bildirsə də, məhkəmə onun bu arqumenti ilə razılaşmır, belə ki, tərəflərin möhürləri və qanuni nümayəndələrinin imzaları ilə təsdiq edilmiş avadanlıqların qəbul aktlarında texnikaların icarəyə qəbul edildiyi və tərəflərin hər hansı iradının olmaması göstərilmiş, bundan əlavə, icarə müddətində avadanlıqlarda hər hansı problemin olmasının qarşı tərəfə bildirildiyini və ya həmin texnikalarda olan qüsurların aradan qaldırılmasının icarədardan tələb edildiyini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən hesablanmış 16295,14 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 300 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6057,70 manat əsas borc, 300 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24 may 2022-ci il tarixli MŞB/6-2340 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 6057,70 (altı min əlli yeddi manat yetmiş qəpik) manat əsas borc, 300 (üç yüz) manat dəbbə pulu və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova