Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4365/2024 18.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC (VÖEN: **********) ilə "xxxx" MMC arasında bağlanmış təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair 01 Yanvar 2017-ci il tarixli müqavilə üzrə 2.310,00 (iki min üç yüz on manat, sıfır qəpik) manat əsas borc, 415,80 (dörd yüz on beş manat, səksən qəpik) manat ƏDV olmaqla cəmi 2.725,80 (iki min yeddi yüz iyirmi beş manat, səksən qəpik) manat pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2.772,80 manat (iki min yeddi yüz yetmiş iki manat, səksən qəpik) məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. 30 iyul 2024-cü il tarixdə iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
4. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.
IV. Məhkəmənin mövqeyi:
6.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;
7. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır.
V. Nəticə: 8.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kənan Hüseynov