Məhkəmə qərarları › İş №e-2-2(113)-4367/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4367/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4367/2022 10.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC cavabdeh “X1 Company" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 734647,57 manat məbləğində əsas borc, 154275,96 manat faiz borcu olmaqla, ümumilikdə 888923,53 manat borcun, 1179 manat ödənilmiş dövlət rüsumunun və 400 manat mediasiya rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 may 2018ci il tarixində 1-ci və 2-ci mərhələlər üzrə “Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinə dair HP 018/0518 saylı podrat müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə müvafiq olaraq öhdəsinə götürdüyü işləri tam icra edərək təhvil vermiş, HP 018/0518 saylı və əvvəlki müqavilələr üzrə görülmüş işlərin təhvil-təsliminə dair xx.xx.2018-ci il tarixdə 3540504.05 azn əsas məbləğ,637290.73 azn ƏDV məbləği olmaqla ümumi 4177794,78 azn məbləğə təhviltəslim aktı imzalanmışdır. Cavabdeh tərəfindən təhvil verilmiş işlərin ümumi dəyərindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 637290,73 azn ƏDV məbləği, 2805856,48 azn əsas məbləğ ödənilməklə 734647,57 azn əsas məbləğ üzrə borc qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı ASC-nin 2019-2022-ci illər üçün mövcud olan illik uçot dərəcəsinə uyğun olaraq 154275,96 manat faiz olmaqla, ümumilikdə 888923,53 manat tərəflərindən dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında podrat müqaviləsi imzalanmış, həmin işlər forma 2 və forma 3 əsasında təhvil verilmiş, lakin görülmüş işlərinin dəyərinin ƏDV hissəsi tam şəkildə ödənilməsinə baxmayaraq əsas borcun bir hissəsi ödənilməmiş qalmışdır, bundan əlavə borc onlara vaxtında ödənilməmiş, buna görə də cavabdehdən əlavə olaraq faiz borcunun ödənilməsi tələb edilir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh (sifarişçi) ilə “X2” MMC (hazırkı İddiaçı MMC) (podratçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli HP 018/0518 saylı podrat müqaviləsinə əsasən podratçı sifarişçi tərəfindən təqdim olunmuş iş həcmləri və layihə cizgilərinə əsasən Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması (Sabirabad rayonu üzrə İ və İİ mərhələ) layihəsi çərçivəsində işlərini bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən smetaya uyğun yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən podrat işləri podratçıya bu müqavilə imzalandıqdan sonra 3 iş günü ərzində təqdim edilməli, sifarişçi və podratçı tərəfindən təsdiq edilməli olan iş proqramına uyğun şəkildə podratçı tərəfindən icra ediləcək və başa çatdırılacaqdır. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin ümumi məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan ƏDV daxil 2.422.420,53 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqavilə üzrə podratçıya ödəniləcək məbləğ hər ay podratçı tərəfindən hazırlanmış və sifarişçi tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktları (Forma-2, Forma-3) əsasında ödəniləcəkdir. Podratçı görülmüş işlərə dair aktları təqdim etdiyi gündən etibarən sifarişçi 5 iş günü ərzində həmin aktlara münasibətini bildirməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfdən azı 2 nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirilir. Müqaviləyə 01 may 2018-ci il tarixli 1 saylı Əlavəyə əsasən bəndlər üzrə yekun məbləğ ƏDV daxil 2.422.420,53 manat təşkil edir. “X2” MMC (hazırkı İddiaçı MMC) tərəfindən verilmiş HP 018/0518 nömrəli subpodratçının görülmüş işlərə dair qəbul aktından (Forma 3) görünür ki, müqavilə üzrə ümumi ödəniləcək məbləğ ƏDV daxil olmaqla 4.177.7794,78 manat təşkil edir. Cavabdeh ilə “X2” MMC (hazırkı İddiaçı MMC) arasında bağlanmış xx.xx.2018-ci il tarixli HP 018/0518 nömrəli Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması (Sabirabad rayonu üzrə, İ və İİ mərhələ) layihəsi çərçivəsində (mal-material xaric) görülmüş işlərə dair qiymət razılaşma aktına (Forma 2) əsasən işlərin ümumi məbləği ƏDV daxil olmaqla 4.177.794,78 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş İC 650206 nömrəli xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturasından görünür ki, görülmüş işlər üçün məbləğ 439222,2000 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş HY 275017 nömrəli xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturasından görünür ki, görülmüş işlər üçün məbləğ 3784461,4500 manat təşkil edir. “Turanbank ASC-nin Ağstafa filialı tərəfindən verilmiş 2019-cu il tarixli çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 50000 manat, xx.xx.2019-cu il tarixdə 470.000 manat, xx.xx.2019-cu il tarixdə 450720 manat xx.xx.2018-ci il tarixli HP 018051 8 saylı müqaviləyə əsasən görülmüş tikinti quraşdırma işlərinə görə ödəniş edilmişdir. "xxxx" ASC-nin Qazax filialı tərəfindən verilmiş 2019-cu il tarixli çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli HP 018051 8 saylı müqaviləyə əsasən ümumilikdə ******* manat məbləğində pul ödənilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixli HP 018051 8 saylı müqavilə üzrə cavabdeh tərəfindən ümumilikdə 644290,73 manat məbləğində ƏDV ödənilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 85 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında 01 may 2108-ci il tarixində 1-ci və 2-ci mərhələlər üzrə “Sabirabad və Salyan rayonlarında yerləşən qış otaqlarında meliorativ tədbirlərin aparılması” layihəsinə dair HP 018/0518 saylı podrat müqaviləsi bağlanmışdır. İcraçı tərəf olan iddiaçı müqavilənin şərtlərinə müvafiq olaraq öhdəsinə götürdüyü işləri tam icra edərək təhvil vermiş, HP 018/0518 saylı və əvvəlki müqavilələr üzrə görülmüş işlərin təhvil-təsliminə dair xx.xx.2018-ci il tarixdə 3540504,05 manat əsas məbləğ, 637290,73 manat ƏDV məbləği olmaqla, ümumi 4177794,78 manat məbləğə təhvil-təslim aktı imzalanmışdır. Təhvil-təslim aktlarına əsasən cavabdehə xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində ƏDV daxil 4223683,13 manat dəyərində elektron vergi hesab-fakturası vurulmuşdur. Bu məbləğdən 2019-cu il ərzində Turanbankın Qazax filialinda olan hesaba ******* manat, Ağstafa filialında olan hesaba 970720 manat əsas məbləğ və ƏDV-nin depozit hesabına 644290,73 manat vəsait ödənilmişdir. Ümumilikdə, ******* manat əsas və 644290,73 manat ƏDV ödənilməklə 3489010,73 manat ödəniş edilmiş, 734672,4 manat borc qalmışdır. Bundan əlavə ödənişin gecikməsinə görə Milli Bankın 8 faiz uçot dərəcəsi əsas götürülərək 2,67 ay üçün 154275,96 manat ziyan hesablanmışdır (734672,4*0,08-2.67). İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, yaranmış borcun təcili şəkildə ödənilməsi tələb edilmiş, əks təqdirdə Məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli HP 018/0518 nömrəli podrat müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə həmin müqavilə üzrə iddiaçıya 734647,57 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 734647,57 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 734647,57 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 154275,96 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 154275,96 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində və maliyyə arayışında göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 154275,96 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 734647,57 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat, iddia ərizəsi Məhkəməyə verilərkən əlavə olaraq 1179 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiya xərci və əlavə ödənilmiş 779 manat dövlət rüsumu, ümumilikdə 1179 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı hazırkı iddia ərizəsi verilərkən 400 manat artıq dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, artıq ödənilmiş 400 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 734647,57 (yeddi yüz otuz dörd min altı yüz qırx yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 1179 (bir min bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən artıq ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar