Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4369/2025 16.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə pulun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, ATS/FS-109/2024 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən icraçı (cavabdeh) sifarişçiyə (iddiaçıya) əlavədə göstərilən xidmətləri razılaşdırılmış şərtlərlə göstərməyi, sifarişçi isə həmin xidmətlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1. 2.2.7-ci bəndinə əsasən, hazırkı müqavilə üzrə xidmətlərin göstərilməməsi və ya vaxtından əvvəl xitam verilməsi nəticəsində sifarişçiyə vurulan zərəri ödəmək və ödənilmiş məbləği geri qaytarmaq icraçının öhdəliyidir. 1.2. 3.1-ci bəndinə əsasən, xidmətlərin yerinə yetiriməsi müddətləri müqavilənin əlavələrində müəyyən edilir. 1.3. 4.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən icraçı tərəfindən göstərilən xidmətlərin dəyəri, hesablaşma qaydası və yerinə yetirilməsi müddətləri müqavilənin əlavələri ilə müəyyən edilir. 1.4. 6.1-ci bəndinə əsasən, bu müqavilə üzrə xidmətlərin nəticələrinin təhvil verilməsi və qəbul edilməsi tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imalanan və bu müqaviləyə əlavə olunmuş təhvil-təslim aktı əsasında rəsmiləşdirilir. 1.5. 9.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə zərəri tam həcmə ödəyir. 1.6. 9.3-cü bəndinə əsasən, sifarişçidən bilavasitə asılı olan səbəblərə görə baş vermiş gecikmə halları istisna olmaqla, icraçı tərəfindən xidmətlərin yerinə yetirilməsinin müqavilə ilə müəyən olunmuş müddətdə başa çatdırılması gecikdirildikdə, icraçı hər gücikmə günü üçün bu müqavilənin ümumi dəyərinin 0,1%-i həcmində sifarişçiyə dəbbə pulu ödəməlidir. 1.7. 14.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 05 sentyabr 2025-ci il tarixədək qüvvədədir.
2. Tərəflər xx.xx.2024-cü il tarixli, ATS/FS-109/2024 nömrəli xidmət müqaviləsinə 1 saylı Əlavə olan Qiymətlərin razılaşdırılması Protokolu ilə cəmi 33394 manat (28300 manat əsas + 5094 manat ƏDV olmaqla) məbləğində xidmətlərin göstərilməsi razılaşdırılmışdır. Hər iki tərəfdən imzalanmış və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş Əlavənin: 2.1. 3-cü bəndi ilə icra müddəti 25 gün müəyyən edilmişdir. 2.2. 4-cü bəndinə əsasən, xidmətin 50% dəyəri avans olaraq ödənilir, digər 50% isə xidmət sifarişçiyə təhvil verildikdən sonra və hər iki tərəfdən təhvil-təslim aktı imzalandıqdan sonra elektron-qaimə faktura əsasında 15 gün müddətində icraçının bank hesabına köçürmə yolu ilə ödənilir.
3. 16.09.2024-cü il tarixli 1 saylı hesab fakturada cəmi 16697 manat (14150 manat əsas borc üzrə və 2547 manat ƏDV üzrə olmaqla) məbləğində pulun icraçıya avans olaraq ödənilməsi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 14150 manat məbləğində əsas, eyni tarixli digər ödəniş tapşırığı ilə 2547 manat məbləğində ƏDV ödənişi cavabdehin hesabına köçürülmüşdür.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 14150 manat əsas, 2547 manat ƏDV, 3000 manat cərimə olmaqla, ümumilikdə 19697 manat və 150 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış 05 Sentyabr 2024-cü il tarixli, ATS/FD-109/2024 saylı Müqaviləyə əsasən ona xidmət göstəriləcəyi və həmin müqavilə üzrə xidmətin dəyərinin 50%-i avans olaraq ödənilməsi nəzərdə tutulduğu üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 14150 manat əsas və xx.xx.2024-cü il tarixdə 2547 manat ƏDV məbləği ödənilmişdir. Lakin qeyd olunan Müqavilənin 1 saylı Əlavəsində işin icra müddətinin 25 gün qeyd olunmasına baxmayaraq hələ də iş cavabdeh tərəfindən icra olunmamışdır. İddiaçı tərəfindən görüləcək iş üçün ödənilən avans məbləğinin geri qaytarılması cavabdehin direktorundan dəfələrlə tələb edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Cavabdeh iddiaçıya qeyd edilən məbləğdə borcunu hələ də ödəməmişdir. Bunun nəticəsində şirkət dövriyyə vəsaitini azaltmaq məcburiyyətində qalmış və bu da öz növbəsində müəssisənin gəlirinin əldən çıxmasına səbəb olmuşdur. Mülki Məcəllənin 443.4- cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Buna uyğun olaraq cavabdehin iddiaçıya ümumilikdə 16697 manat məbləğində vurmuş olduğu zərəri nəzərə alaraq cavabdehdən 3000 manat məbləğində dəbbə pulunun tutulması xahiş edilir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinn məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
22. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa ümumi anlamda əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər bir sahəyə aid olan müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.
23. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, ATS/FS-109/2024 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini icraçının sifarişçiyə əlavədə göstərilən xidmətləri razılaşdırılmış şərtlərlə göstərməsi, sifarişçinin isə həmin xidmətlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməsi təşkil etmişdir. Mübahisə iddiaçıya görə razılaşdırılmış xidmətin haqqının onun tərəfindən ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən xidmətlərin yerinə yetirilməməsi bağlıdır. İddiaçı öz öhdəliyini lazımınca icra etdiyini iddia edərək ödənilmiş xidmət haqqının və ona vurulmuş zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb edir.
24. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olmasının yoxlanılması üçün bu müqavilənin mühüm şərti kimi yerinə yetirilməli işlərin, yəni əvvəldə də qeyd edildiyi kimi cavabdeh tərəfindən xidmətlərin göstərilib-göstərilməməsi və xidmət haqqının iddiaçı tərəfindən ödənilməsi ilə bağlı məsələlər müəyyən edilməlidir. Bu şərtlərin yoxlanılması, eyni zamanda hər bir tərəfin öz öhdəliklərinin hansı həcmdə yerinə yetirilməsini də ehtiva edir.
25. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, tərəflər xidmətlərin nəticələrinin təhvil verilməsi və qəbul edilməsini onların səlahiyyətli nümayəndələri tərəfindən imalanan və bu müqaviləyə əlavə olunmuş təhvil-təslim aktı əsasında rəsmiləşdirilməsi ilə şərtləndirmişlər. 25.1. Belə ki, müqavilənin 6.2, 6.3 və 6.4-cü bəndinə əsasən, icraçı xidmətlərin nəticələrini əks etdirən təhvil-təslim aktını 2 nüsxədə sifarişçiyə təqdim edir, sifarişçi xidmətləri qəbul edərək əgər onlarda hər hansı qüsur, nöqsan və ya çatışmazlıq aşkar edilməzsə xidmətlərin təhvil verildiyi tarixdə müvafiq təhvil-təslim aktlarını imzalayıb, bir nüsxəsini icraçıya qaytarır. Aktın imzalandığı tarix faktiki olaraq xidmətlərin təhvil verilməsi tarixi hesab olunur. Sifarişçi bu müqavilə üzrə təhvil verilən xidmətlərdə və ya onların nəticəsində hər hansı qüsur, nöqsan və ya çatışmazlıq aşkar edərək təhvil-təslim aktını imzalamaqdan imtina etdikdə 15 gün müddətində bu cür qüsur, nöqsan və ya çatıçmazlıqların siyahısı və onların aradan qaldırılması müddətləri və tarixi müəyyən edilərək müvafiq akt (qüsur aktı) tərtib edir.
26. Müqavilənin qeyd edilən bəndlərindən də görünür ki, xidmətin göstərilməsi ilə bağlı iki tərəfli təhvil-təslim aktının tətib edilməsi cavabdehin ödəliyinin icrası, xidmətin 50% dəyərinin avans olaraq, digər 50% isə xidmət sifarişçiyə təhvil verildikdən sonra və hər iki tərəfdən təhvil-təslim aktı imzalandıqdan sonra elektron-qaimə faktura əsasında 15 gün müddətində icraçının bank hesabına köçürməsi siə iddiaçının öhdəliyinin icrası məqamı kimi nəzərdə tutulmuşdur.
27. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 14150 manat məbləğində əsas, eyni tarixli digər ödəniş tapşırığı ilə 2547 manat məbləğində ƏDV ödənişi cavabdehin hesabına köçürülmüşdür. Həmin sənədlər yuxarıda şərh edilənlər əsasında iddiaçı tərəfindən öz öhdəliyinin ilkin mərhələdə icra edilməsi anlamına gəlməyə tam əsas verir.
28. Cavabdehin isə öhdəliyi həmin təhvil-təslim aktı əsasında razılaşdırlmış xidmətləri icra etməli olsa da, bu barədə hər hansı təhvil-təslim aktı iş materiallarına əlavə edilməmişdir. Məhkəmə belə hesab edir ki, cavabdeh razılaşdırılmış xidmətləri göstərilməmiş, bununla da öhdəliyini icra etməmişdir.
29. Məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
30. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanılmış müqavilənin 9.3-cü bəndində cərimənin tətbiq edilməsinin əsasları göstərilmişdir.
31. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 3000 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 700 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
32. Məhkəmə hesab edir ki, iddiaçının əsas tələbi üzrə iddiası təmin edildiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 14150 manat əsas, 2547 manat ƏDV borcu, 700 manat cərimə olmaqla, ümumilikdə 17397 (on yeddi min üç yüz doxsan yeddi) manat və ödənilmiş 150 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı