Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4375/2023 07.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 13 sentyabr 2019-cu il tarixli, AUD_066/19 saylı müqavilə üzrə 28320,00 ABŞ dolları (ƏDV daxil); 24 fevral 2020-ci il tarixli, AUD_015/20 saylı müqavilə üzrə ödənilməmiş 7080,00 ABŞ dolları (ƏDV daxil); 26 fevral 2020-ci il tarixli, AUD_018/20 saylı müqavilə üzrə 4720,00 ABŞ dolları (ƏDV daxil) və 01 oktyabr 2019-cu il tarixli, FAS_007/19 saylı müqavilə üzrə ödənilməmiş 1699,20 manat (ƏDV daxil) məbləğində borcun və 400 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqqın tutularaq ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 13 sentyabr 2019-cu il tarixli, AUD_066/19 saylı müqavilə üzrə 28320,00 ABŞ dolları (ƏDV daxil), 24 fevral 2020ci il tarixli, AUD_015/20 saylı müqavilə üzrə ödənilməmiş 7080,00 ABŞ dolları (ƏDV daxil), 26 fevral 2020-ci il tarixli, AUD_018/20 saylı müqavilə üzrə 4720,00 ABŞ dolları (ƏDV daxil) və 1 oktyabr 2019-cu il tarixli, FAS_007/19 saylı müqavilə üzrə ödənilməmiş 5239,20 manat (ƏDV daxil) məbləğində borcun və 400 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqqın tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, eyni iddia predmeti ilə bağlı olaraq öncədən də məhkəməyə müraciət edilmişdir, Bakı-Kommersiya Məhkəməsinin e-2-2(113)- 2205/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir, Bakı- Apellyasiya Məhkəməsinin 2-2(103)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-2205/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia isə baxılmamış saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya Məhkəməsinin Qətnaməsinin ləğvinə və iddianın baxılmamış saxlanmasına əsas İddiaçı tərəfindən MPM-nin 259.0.1-ci maddəsinin tələblərinə riayət edilməməsi olmuşdur, yəni Apellyasiya instansiyasında Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı “Auditor xidməti” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinə riayət etmədən iddia ilə məhkəməyə müraciət etdiyindən iddia MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinə riayət etmiş və bununla bağlı olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasından iddiaçıya xx.xx.2023-cü il tarixli, 10-1/02-162 saylı müvafiq cavab (məktub/arayış) göndərilmişdir. MPM-nin 260.4-ci maddəsinə görə İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı tərəf olaraq mübahisənin məhkəmədə həll edilməsi məqsədi ilə yenidən məhkəməyə müraciət edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında 7 noyabr 2005ci il tarixində ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçmişdir. İddiaçı ilə Cavabdeh arasında müxtəlif tarixlərdə bir sıra müqavilələr bağlanmışdır: 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir), 01 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” Müqavilə, 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” Müqaviləsi, 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı Xidmət Müqaviləsi. 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı Xidmət Müqaviləsinə əsasən iddiaçı cavabdehə 2019, 2020 və 2021-ci illər üzrə X3 Standartları (bundan sonra: MHBS) əsasında hazırlanmış maliyyə hesabatlarının auditini aparmalı və yekun audit hesabatı təqdim etməli, cavabdeh də öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. 01 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı Xidmət Müqaviləsinə əsasən iddiaçı 1 oktyabr 2019-cu il tarixinə X1 uyğun olaraq Müştərinin biznesinin ədalətli bazar dəyərinin müəyyənləşdirilməsini həyata keçirməli, cavabdeh isə öz növbəsində İddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı Xidmət Müqaviləsinə əsasən iddiaçı 16 saylı MHBS-in tətbiqi ilə bağlı məsləhət xidmətini həyata keçirməli, cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. 26 fevral 2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsinə əsasən iddiaçı cavabdeh tərəfindən sifariş edilən ("xxxx" MMC ilə bağlı) mühasibat uçotu üzrə yaranmış suallar ilə əlaqəli məsləhət xidmətlərini həyata keçirməli, cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməli idi. Xidmətlərin yekun nəticələri olaraq, iddiaçı tərəfindən cavabdehə 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilədən irəli gələrək audit rəyi, 1 oktyabr 2019cu il tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gələrək qiymətləndirmə hesabatı, 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” müqaviləsindən irəli gələrək 16 saylı MHBS ilə əlaqəli elektron hesabat və 26 fevral 2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsindən irəli gələrək audit rəyi vaxtında icra olunaraq təqdim olunmuşdur. Buna baxmayaraq, xidmətlər üzrə xidmət haqları bu günə qədər ödənilməmişdir. Tərəflər arasında uzunmüddətli və qarşılıqlı etimada söykənən biznes əlaqələri mövcud olduğundan yaranmış vəziyyətlə bağlı öncə cavabdehin müvafiq nümayəndələrinə şifahi formada müraciətlər edilmişdir. Şifahi müraciətlərdən sonra kifayət qədər vaxtın keçməsini nəzərə alaraq, 03 dekabr 2020-ci il tarixində elektron məktub formasında cavabdehin nümayəndələrinin rəsmi elektron poçt hesablarına yazılı müraciət olunmuşdur. Bütün müraciətlər cavabsız qalması yekunda iddiaçını cavabdehin qanuni nümayəndəsi cənab Samir Mollayevə 17 dekabr 2020-ci il tarixli BT 219 saylı Xidmətlər üzrə yaranmış borcun ödənilməsi ilə bağlı məktub ünvanlamağa vadar etmişdir. Məktubun birinci hissəsində 2019 və 2020-ci illər ərzində imzalanmış Xidmət Müqavilələri üzrə icra olunmuş xidmətlərə görə yaranmış borc məbləği nəzərə çatdırılmışdır. Məktubun ikinci hissəsində isə cənab Samir Mollayevdən 2020-ci ilin auditi ilə bağlı münasibət bildirməyini xahiş edilmişdir. Belə ki, tərəflər arasında imzalanmış 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı Xidmət Müqaviləsinə əsasən 2019, 2020 və 2021-ci illər üzrə bitən dövrün auditi iddiaçıya həvalə olunmuşdur. Xidmət Müqaviləsi üzrə 2020-ci ilin auditi 11 yanvar 2021-ci il tarixində başlamalı və 12 mart 2021-ci il tarixində audit hesabatı təqdim olunmaqla bitməli idi. Lakin 2019-cu ilin auditinin bitməsinə, eyni zamanda digər xidmət müqavilələri üzrə görülmüş işlərin təhvil verilməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü xidmət haqqını vaxtında ödəmə öhdəliyini icra etməmişdir. Xidmət haqlarının vaxtında ödənilməməsi ilə bağlı cavabdehə müraciətlər edilmiş, pretenziyalar təqdim edilmişdir. Lakin cavabdeh borcunu ödəməmişdir. İddiaçının öz öhdəliklərini vaxtında, lazımi qaydada icra etməsinə dair kifayət qədər dəlillər vardır ki, hər biri Məhkəməyə təqdim olunacaqdır. Xidmətlərin bəziləri cavabdehin iddiaçının əməkdaşları üçün ayırdığı ofis sahəsində (Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 25) həyata keçirilmişdir. Müxtəlif vaxtlarda cavabdehin nümayəndələri tərəfindən elektron məktub və ya telefon əlaqəsi vasitəsilə ünvanlanan Xidmət Müqavilələrinin predmetinə daxil olan suallar cavablandırılmış, işlər tam icra olunaraq iddiaçı tərəfindən təhvil verilmişdir. İddiaçı tərəfindən lazımi qaydada icra olunmuş işlərə görə cavabdehə müxtəlif vaxtlarda hesabfakturalar təqdim olunmuşdur. Xidmət Müqavilələri üzrə İddiaçı QSC tərəfindən ümumilikdə 5239,20 AZN (ƏDV daxil) və 40120,00 ABŞ dolları (ƏDV daxil) məbləğlərində xidmətlər göstərilmiş, lakin həmin xidmət haqları ödənilməmişdir. Sonuncu dəfə cavabdehə 29 mart 2022-ci il tarixdə pretenziya göndərilmiş, cavabdeh 30 mart 2022-ci il tarixdə həmin pretenziyanı almışdır. Lakin pretenziyada müəyyən edilən müddət ərzində borcu ödəməmişdir. Bundan əlavə mediasiya qaydasında mübahisənin həll edilməsinə cəhd göstərilmiş ancaq həmin cəhd də bir nəticə verməmişdir.Göründüyü kimi iddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da, onun cavabdehə şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, cavabdehin xidmət müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində iddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir.
3. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13 sentyabr 2019-cu il tarixli, AUD_066/19 saylı müqavilə üzrə 28320,00 ABŞ dolları (ƏDV daxil); 24 fevral 2020-ci il tarixli, AUD_015/20 saylı müqavilə üzrə ödənilməmiş 7080,00 ABŞ dolları (ƏDV daxil); 26 fevral 2020-ci il tarixli, AUD_018/20 saylı müqavilə üzrə 4720,00 ABŞ dolları (ƏDV daxil) və 01 oktyabr 2019-cu il tarixli, FAS_007/19 saylı müqavilə üzrə ödənilməmiş 1699,20 manat (ƏDV daxil) məbləğində borcun və 400 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş haqqın tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli Müqavilələr üzrə görülmüş işləri təhvil verilməsinə baxmayaraq, xidmət haqqının ödənilməməsinin göstərmişdir. İddiaçı QSC tərəfindən cavabdehə 5239,20 manat ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 20.060 manat ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli və 48 144 manat ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli (cəmi 73443, 20 manat) Elektron Qaimələr təqdim etmiş və həmin qaimə fakturalar cavabdeh tərəfindən təsdiq edilmişdir. Mülki qanunvericilik başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddiaçı tərəfindən qeyd olunan elektron qaimə fakturalar cavabdeh tərəfindən təsdiq edildiyi gündən öhdəliyi icra etmək tələbinin irəli sürmək hüququ əmələ gəlmiş və həmin andan iddia müddətinin axımı başlamışdır. Göründüyü kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi xüsusatlar tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli Müqavilələr üzrə görülmüş işlərə görə xidmət haqqının ödənilməməsi, yəni müqavilə tələblərindən irəli gəlir və iddiaçı tərəfindən xidmət haqqının ödənilməsi barədə cavabdehə təqdim edilmiş elektron qaimələr əsasında ödənişlərin həyata keçirilməməsi halı iş üzrə iddiaçıya məlum olsada o, pozulmuş hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş üç il ərzində (iddiaçı tərəfindən elektron qaimələrin təqdim edilməsindən üç il üç ay keçdikdən sonra məhkəməyə müraciət edilmişdir) məhkəməyə müraciət etməmişdir.
5. İddiaçı iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etirazla məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixli AUD_066/19 saylı "Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) xx.xx.2020-ci il tarixli 214488 saylı elektron qaimənin tarixindən 5 gün sonra, xx.xx.2020-ci il tarixdən, xx.xx.2019-cu il tarixli FAS_007/19 saylı "Məsləhət xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə xx.xx.2020-ci il tarixli 573187 saylı elektron hesab-faktura və xx.xx.2020-ci il tarixli 909344 saylı elektron qaimənin tarixindən 5 gün sonra, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixli AUD_015/20 saylı "Məsləhət xidmətləri” Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimənin tarixindən 5 gün sonra xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimənin tarixindən 10 gün sonra xx.xx.2020-ci il tarixdən başlamışdır. İddia müddətinin axımı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər mediasiya prosesi tətbiq edildiyi dövr ərzində dayandırılmışdır. Növbəti dəfə iddia müddətinin axımı xx.xx.2022-ci il tarixində müvafiq iddia tələbi ilə ilk dəfə iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunan zaman dayandırılmış, xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin X2 ilə müddətin axımı davam etməyə başlamışdır. xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməklə iddia müddətinin axımı yenidən dayandırılmışdır. xx.xx.2023-cü il tarixinə xx.xx.2019-cu il tarixli AUD_066/19 saylı "Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) üzrə 6 ay, xx.xx.2019-cu il tarixli FAS_007/19 saylı "Məsləhət xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə 4 ay, xx.xx.2020-ci il tarixli AUD_015/20 saylı "Məsləhət xidmətləri” Müqaviləsi üzrə 6 ay, 26 fevral 2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsi üzrə 6 ay iddia müddəti qalmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə etirazın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat vermiş və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 379.1-ci maddəsinə əsasən iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
11. “Mediasiya haqqında” Qanun: 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. “X7” QSC “auditor”, “Socar AQŞ” “müştəri” olmaqla imzalanmış 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) “audit xidmətlərinin göstərilməsi” müqaviləsinə əsasən auditor X4 əsasında audit aparmaqla müştərinin maliyyə hesabatlarının auditini aparacaq və yekun audit hesabatını Azərbaycan və İngilis dillərində hazırlayacaqdır (bundan sonra “Audit Hesabatı”) - bundan sonra həmçinin “Xidmətlər” adlandırılacaq. Xidmətlər aşağıdakıları əhatə edir: - “SOCAR-AQŞ" MMC - 31 dekabr 2019-cu, 2020- ci və 2021-ci il tarixlərində bitən illər üzrə MHBS maliyyə hesabatları. 2.2-ci bəndə əsasən Auditor Xidmətlərin nəticələri haqqında Rəhbərliyə Məktub hazırlayacaqdır. Audit hesabatları və Rəhbərliyə Məktubdan əlavə Auditor Xidmətlərin göstərilməsi nəticəsində digər iş nəticələrini, o cümlədən Müştərinin tələbi ilə yazılı məlumatları (hesabatlar və digər sənədlər, habelə həm şifahi, həm də yazılı məsləhətlər) təqdim edə bilər və onlar bundan sonra birgə olaraq “Digər nəticələr" adlandırılacaq. 5.1-ci bəndə əsasən xidmətlər üçün peşəkar haqqın ümumi məbləği vergilər xaric olmaqla 72,000 (yetmiş iki min) ABŞ dolları təşkil edir. Bu qiymət hazırkı Müqavilədə nəzərdə tutulan vəzifələrin Müştəri tərəfindən yerinə yetirilməsi gümanına əsaslanır. Auditordan xidmətlərin göstərilməsi üçün lazım olan saatların sayının artırılmasını tələb edən hər hansı hallar (o cümlədən auditor qeyri-dəqiq məlumat aldığı və ya Xidmətlərlə bağlı səhv fərziyyələr etmək məcburiyyətinə məruz qaldığı və ya Müştəri Auditorun tələb etdiyi məlumatı vaxtında çatdırmadığı hallar) yarandığı təqdirdə Auditor Miiştəri ilə razılaşdırılacaq əlavə ödəniş almaq hüququna sahibdir. Bütün əlavə işlər və ya ödənişlər dərhal Müştəriyə bildirilir və onunla razılaşdırılır. Razılaşdırılmış əlavə işlər və ödənişlər hazırkı Müqaviləyə əlavələr şəklində sənədləşdirilir. Xidmətlərin göstərilməsinə görə auditora iş başladığı zaman - 12,000 ABŞ dolları; 31 dekabr 2019-cu il tarixində başa çatmış il üçün layihə hesabatının verildiyi zaman - 7,200 ABŞ dolları; 31 dekabr 2019-cu il tarixində başa çatmış il üçün yekun hesabat verildiyi zaman - 4,800 ABŞ dolları; iş başladığı zaman - 12.000 ABŞ dolları; 31 dekabr 2020-ci il tarixində başa çatmış il üçün layihə hesabatının verildiyi zaman - 7.200 ABŞ dolları; 31 dekabr 2020-ci il tarixində başa çatmış il üçün yekun hesabat verildiyi zanıaıı - 4,800 ABŞ dolları; iş başladığı zaman - 12.000 ABŞ dolları; 31 dekabr 2021-ci il tarixində başa çatmış il üçün layihə hesabatının verildiyi zaman - 7,200 ABŞ dolları; 31 dekabr 2021-ci il tarixində başa çatmış il üçün yekun hesabat verildiyi zaman - 4.800 ABŞ dolları;
13. “X7” QSC “icraçı”, “Socar AQŞ” “müştəri” olmaqla imzalanmış FAS 007/19 nömrəli 1 oktyabr 2019-cu il tarixli “məsləhət xidmətinin göstərilməsi” müqaviləsinə əsasən icraçı, müştəri tərəfindən təqdim olunan məlumat əsasında müqaviləyə tətbiq olunan aşağıdakı xidmətləri həyata keçirəcəkdir: 1 oktyabr 2019-cu il tarixinə X1 uyğun olaraq Müştərinin biznesinin ədalətli bazar dəyərinin müəyyənləşdirilməsi. Hazırkı müqavilə əsasında icraçı tərəfindən göstərilən məsləhət xidmətləri və qiymətləndirmə hesabatının hazırlanması birlikdə “Xidmətlər” adlanacaq.
14. İddiaçı QSC “icraçı”, Cavabdeh “sifarişçi” olmaqla imzalanmış 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı xidmət müqaviləsinə əsasən bu müqavilənin predmeti sifarişçi tərəfindən sifariş edilən mühasibat uçotu üzrə məsləhət xidmətlərinin müəyyən olunmuş müddətdə və müəyyən edilmiş haqq müqabilində icraçı tərəfindən keçirilməsidir.
15. “X7” QSC “icraçı”, “Socar AQŞ” “müştəri” olmaqla imzalanmış 24 fevral 2020-ci il tarixli AUD_015/20 nömrəli məsləhət xidmətləri müqaviləsinə əsasən iraçı, 16 saylı MHBSin tətbiqi ilə bağlı məsləhət xidməti həyata keçirməyi öz öhdəsinə götürür. Müştəri icraçıya təqdim olunan məlumatın dəqiq və tam olmasına və icraçı tərəfindən istifadə edilmiş məlumatlara görə istifadəçilər qarşısında məsuliyyət daşıyır. Müştəri həmçinin 16 saylı MHBS-in tətbiqi zamanı istifadə olunacaq mühakimələrə görə də məsuliyyət daşıyır. İcraçı Xidmətlərin göstərilməsində mülahizələr və hər hansı subyektiv yanaşma irəli sürməyəcəkdir. 2.2-ci bəndə əsasən xidmətlərin görülməsi 25 fevral 2020-ci il tarixində başlayacaq və 13 mart 2020-ci il tarixində başa çatacaq.
16. “X7” QSC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, “Socar AQŞ” tərəfindən xx.xx.2019-cu il tarixində 17.760 manat qeyd olunan hesaba mədaxil olmuşdur.
17. Cavabdeh MMC barəsində tərtib edilmiş “mənfəət və ya zərər və digər məcmu gəlir haqqında konsoldasiya edilmiş hesabat”da qeyd olunmuşdur ki, 2019-cu il üzrə 8.683,758 manat zərər olmuşdur.
18. “X7” QSC tərəfindən tərtib edilmiş 209/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 5.664 ABŞ dolları, 208/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab faktura üzrə 8.496, 207/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 14.160, 206/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 3.540, 205/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 3.540, 204/2020 nömrəli 17 mart 2020-ci il tarixli hesab fakturaya əsasən 4.720, 596/2019 nömrəli 20 dekabr 2019-cu il tarixli hesab fakturaya əsasən 5.239 manat Cavabdeh MMC-yə təqdim edilmişdir.
19. İddiaçı QSC tərəfindən təqdim edimiş xx.xx.2022-ci il tarixli 03/22 nömrəli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı məsləhət xidməti üzə ümumilikdə 7.080 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 04/22 nömrəli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı xidmət müqaviləsi üzə ümumilikdə 4.720 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 02/22 nömrəli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 1 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı məsləhət xidməti üzrə ümumilikdə 5.239,2 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 01/22 nömrəli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı xidmət müqaviləsi üzə ümumilikdə 28.320 ABŞ dolları borcu vardır.
20. İddiaçı QSC tərəfindən təqdim edimiş xx.xx.2023-cü il tarixli 02/23 saylı Maliyyə arayışına əsasən 1 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı məsləhət xidmətinin göstərilməsi haqqında müqavilə üzrə xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya 3540 manat ödəniş olmuş, həmin müqavilə üzrə borc məbləği 1440 manat əsas borc, 259,20 manat ƏDV olmaqla, ümumilikdə 1699,20 manat təşkil etmişdir.
21. EBAF seriyalı 573187 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 20.956,80 manat, EBAJ seriyalı 213795 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 20.060 manat, EBAİ seriyalı 909344 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 5.239,2 manat, EBAJ seriyalı 214488 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 48.144 manat məbləğin ödənilməsi üçün İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.
22. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Məmmədəli oğlunun müraciətinə verilmiş 30 iyun 2022-ci il tarixli **********63800 nömrəli cavabda qeyd olunmuşdur ki, İddiaçı QSC tərəfindən təqdim edilmiş, EBAJ seriyalı 213795 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura xx.xx.2020, EBAİ seriyalı 909344 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura xx.xx.2022, EBAF seriyalı 573187 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə-faktura xx.xx.2020-ci il tarixlərində "xxxx" MMC tərəfindən “Asan İmza” vasitəsilə təsdiqlənmişdir.
23. Ramil Məhərrəmov və Vadim Abdulayev arasında 11 yanavr 2020-15 yanvar 2020 tarixlərində aparılmış yazışmalarda İddiaçı QSC tərəfindən "xxxx" MMC-nin müəssisə qiymətləndirmələri müzakirə edilmişdir.
24. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı “Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir), 01 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı “Məsləhət xidmətlərinin göstərilməsi haqqında” Müqavilə, 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı “Məsləhət xidmətləri” Müqaviləsi, 26 fevral 2020-ci il tarixli AUD_018/20 saylı Xidmət Müqaviləsi imzalanmışdır. İddiaçı cavabdehə 13 sentyabr 2019-cu il tarixli AUD_066/19 saylı Xidmət Müqaviləsinə əsasən 2019, 2020 və 2021-ci illər üzrə X3 Standartları əsasında hazırlanmış maliyyə hesabatlarının auditini aparmağı və yekun audit hesabatı təqdim etməyi, 01 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı Xidmət Müqaviləsinə əsasən 1 oktyabr 2019-cu il tarixinə X1 uyğun olaraq Müştərinin biznesinin ədalətli bazar dəyərinin müəyyənləşdirilməsini həyata keçirməyi, 24 fevral 2020-ci il tarixli AUD_015/20 saylı Xidmət Müqaviləsinə əsasən 16 saylı MHBS-in tətbiqi ilə bağlı məsləhət xidmətini həyata keçirməyi, 26 fevral 2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsinə əsasən cavabdeh tərəfindən sifariş edilən ("xxxx" MMC ilə bağlı) mühasibat uçotu üzrə yaranmış suallar ilə əlaqəli məsləhət xidmətlərini həyata keçirməyi, cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını vaxtında ödəməyi öhdələrinə götürmüşlər.
25. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
26. İddiaçı cavabdehə xidmətlərin göstərildiyini və müqavilələr üzrə iddia müddətinin keçmədiyini iddia edir, cavabdeh isə müqavilələr üzrə iddia müddətinin keçdiyinə görə iddia müddətinin tətbiq edilməli olmasını bildirir.
27. İddia üzrə tələb olunan borclar tərəflər arasında bağlanmış müqavilələr üzrə yaranmış və göstərilən tələbin həmin müqavilələrdən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
28. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün iddia müddətinin axımının başlanma və qurtarma anları araşdırılmalıdır.
29. İddia müddətinin axımının başlanma anı ilə bağlı məhkəmə qeyd edir ki, elektron qaimənin təsdiq edilmə müddətini (5 gün) nəzərə aldıqda, borclar üzrə iddia müddətinin axımı xx.xx.2019-cu il tarixli AUD_066/19 saylı "Audit xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə (müqavilənin daxili nömrəsi sonradan AUD_028/19 olaraq dəyişdirilmişdir) xx.xx.2020-ci il tarixli 214488 saylı elektron qaimənin tarixindən 5 gün sonra, xx.xx.2020-ci il tarixdən, xx.xx.2019-cu il tarixli FAS_007/19 saylı "Məsləhət xidmətlərinin göstərilməsi haqqında” Müqavilə üzrə xx.xx.2020-ci il tarixli 909344 saylı elektron qaimənin tarixindən 5 gün sonra, xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixli AUD_015/20 saylı "Məsləhət xidmətləri” Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimənin tarixindən 5 gün sonra xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il AUD_018/20 saylı Xidmət Müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimənin tarixindən 5 gün sonra xx.xx.2020-ci il tarixdən başlamışdır.
30. İddia müddətinin qurtarma anı ilə bağlı məhkəmə qeyd edir ki, iddia müddəti xx.xx.2020-ci il tarixli 214488 saylı elektron qaimə üzrə xx.xx.2023-cü il tarixədək (xx.xx.2020-xx.xx.2023), xx.xx.2020-ci il tarixli 909344 saylı elektron qaimə üzrə xx.xx.2023-cü il tarixədək, (xx.xx.2020-xx.xx.2023), xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimə üzrə xx.xx.2023-cü il tarixədək (xx.xx.2020-xx.xx.2023), xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimə üzrə xx.xx.2023-cü il tarixədək (xx.xx.2020-xx.xx.2023) olmuşdur.
31. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər 8 gün tərəflər arasında mediasiya prosesi tətbiq olunduğundan iddia müddətinin axımı göstərilən dövrdə dayanmışdır. Bununla iddiaçının tələb üzrə iddia müddətlərinin üzərinə 8 (səkkiz) gün əlavə olunduğunda iddia müddəti xx.xx.2020-ci il tarixli 214488 saylı elektron qaimə üzrə xx.xx.2023-cü il tarixədək (xx.xx.2023+8 gün), xx.xx.2020-ci il tarixli 909344 saylı elektron qaimə üzrə xx.xx.2023-cü il tarixədək, (xx.xx.2023+8 gün), xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimə üzrə xx.xx.2023-cü il tarixədək (xx.xx.2023+8 gün), xx.xx.2020-ci il tarixli 213795 saylı elektron qaimə üzrə xx.xx.2023-cü il tarixədək (xx.xx.2023+8 gün) olmuşdur.
32. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 02/23 saylı Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən 1 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı məsləhət xidmətinin göstərilməsi haqqında müqavilə üzrə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 909344 saylı elektron qaimədən xx.xx.2021-ci il tarixdə iddiaçıya 3540 manat ödəniş olmuşdur ki, bu hal göstərilən elektron qaimə üzrə iddia müddətinin axımını kəsmiş və göstərilən elektron qaimə üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlanmaqla xx.xx.2024-cü il tarixədəkdir. Bu halda məhkəmə hesab edir ki, 1 oktyabr 2019-cu il tarixli FAS_007/19 saylı məsləhət xidmətinin göstərilməsi haqqında müqavilə üzrə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 909344 saylı elektron qaimə üzrə borc məbləğinə münasibətdə iddia müddəti tətbiq oluna bilməz.
33. İddiaçı göstərilən tələblə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bu halda iddiaçının tələb etdiyi 13 sentyabr 2019-cu il tarixli, AUD_066/19 saylı müqavilə üzrə 28320,00 ABŞ dolları (ƏDV daxil), 24 fevral 2020-ci il tarixli, AUD_015/20 saylı müqavilə üzrə 7080,00 ABŞ dolları (ƏDV daxil), 26 fevral 2020-ci il tarixli, AUD_018/20 saylı müqavilə üzrə 4720,00 ABŞ dolları (ƏDV daxil) məbləğlər üzrə iddia müddəti (hər üç müqavilə üzrə iddia müddətləri xx.xx.2023-cü il tarixdə bitmişdir) 2 ay 27 gün (xx.xx.2023 – xx.xx.2023) keçmişdir.
34. İddiaçı tərəfindən iddia müddəti keçmiş müqavilələr üzrə müddətin axımının kəsilməsinə dair cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
35. Məhkəmə iddia müddəti ilə bağlı iddiaçının iddia tələbi ilə ilk dəfə müraciət etdiyi və məhkəmədə olduğu müddət barədə gətirdiyi dəlilə münasibətdə qeyd edir ki, həmin iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır ki, bu halda iddia müddəti heç bir dəyişkənliyə uğramadan ümumi qaydada davam etmişdir. Belə ki, iddia irəli sürülənədək başlanmış iddia müddəti qüvvədə qalır və ümumi iddia müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, iddianın ilk dəfə məhkəmədə olduğu müddət dayandırılmış müddət kimi nəzərə alına bilməz.
36. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə tələb olunan 13 sentyabr 2019-cu il tarixli, AUD_066/19 saylı müqavilə üzrə 28320,00 ABŞ dolları (ƏDV daxil), 24 fevral 2020-ci il tarixli, AUD_015/20 saylı müqavilə üzrə 7080,00 ABŞ dolları (ƏDV daxil), 26 fevral 2020-ci il tarixli, AUD_018/20 saylı müqavilə üzrə 4720,00 ABŞ dolları (ƏDV daxil) məbləğlər hissəsində iddia rədd edilməlidir.
37. Məhkəmə iddia tələbinin 01 oktyabr 2019-cu il tarixli, FAS_007/19 saylı müqavilə üzrə ödənilməmiş 1699,20 manat (ƏDV daxil) məbləğində borca münasibətdə qeyd edir ki, cavabdehin həmin müqavilə üzrə xidmətlərin göstərilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə xidmətlərin göstərilməsi barədə göndərilmiş elektron qaimənin ləğvi ilə müraciət etməməsi, eyni zamanda həmin müqavilə üzrə ödənişlər etməsi belə qənaətə gəlməyə əsas verir ki, göstərilən müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin edilməlidir.
38. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından məlum olur ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci mediator X5 məxsus bank hesabına köçürülmüşdür.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
41. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcindən dövlət rüsumunun iddiaçıya aid edilməli məbləğ çıxılmaqla, qalan 107,57 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
42. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01 oktyabr 2019-cu il tarixli, FAS_007/19 saylı müqavilə üzrə 1699,20 manat (ƏDV daxil) məbləğində borc və mediasiya xərcinə görə 107,57 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
43. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 01 oktyabr 2019-cu il tarixli, FAS_007/19 saylı müqavilə üzrə 1699,20 manat (ƏDV daxil) məbləğində borc və mediasiya xərcinə görə 107,57 manat Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev