Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4412/2025 05.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə pulun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, BT-C02-210401-005 saylı “Liftlərə texniki xidmət müqaviləsi” (bundan sonra – Xidmət müqaviləsi) bağlanmışdır. Müqaviləyə görə xidmət göstərən (iddiaçı) Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” Yaşayış Kompleksinin 3 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərinə mövcud qayda üzrə texniki xidmət göstərməyi, sifarişçi (cavabdeh) isə göstərilən xidmətlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Xidmət müqaviləsinin: 1.1. 4.1-ci bəndinə əsasən, “Grand Hayat” Yaşayış Kompleksinin 3 nömrəli binasında quraşdırılmış OTİS markalı 6 ədəd liftin hər biri üçün aylıq xidmət haqqı (ƏDV daxil) 100 manat məbləğində müəyyən edilmişdir. 1.2. 4.2-ci bəndinə əsasən, hesabat ayının 3 iş günü ərzində sifarişçi tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş hesab edilir. 1.3. 4.3-cü bəndinə əsasən, Sifarişçi xidmət göstərən tərəfindən təqdim edilmiş aylıq aktlara əsasən, hər ayın 10-dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirir. 1.4. 4.4-cü bəndinə əsasən, xidmət göstərən aylıq ödənişlərin həyata keçirilməsi üçün təqdim etdiyi hesab-fakturaların əlavəsi kimi görülən işlər, o cümlədən avadanlıqların yoxlanılması barədə ətraflı hesabat təqdim etməyi öz öhdəsinə götürür.
2. İş materiallarına əlavə edilmiş və hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli üzləşmə aktında cavabdehin həmin tarixə borcunun 4301,38 manat təşkil etməsi göstərilmişdir.
3. Həmçinin, iddiaçı tərəfindən cavabdehə göstərdiyi xidmətlərə dair 300 manat xidmət haqqının ödənilməsi barədə 288931 saylı, 174,17 manat xidmət haqqının ödənilməsi barədə 212470 saylı, 153,21 manat xidmət haqqının ödənilməsi barədə 563388, 070926, 871504, 526463, 210720, 268496, 300418, 270465, 132932 saylı, 500 manat xidmət haqqının ödənilməsi barədə 125085, 266175, 262844, 556105, 132834 saylı, 39,65 manat xidmət haqqının ödənilməsi barədə 314462 saylı və 129,33 manat xidmət haqqının ödənilməsi barədə 314719 saylı elektron qaimələr (cəmi 4522,04 manat olmaqla) göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixli Liftlərə Texniki Xidmət Müqaviləsinə əsasən 18% ƏDV daxil 4301,38 manat əsas, 500 manat gecikdirilmiş illik 5% məbləğ, 69 manat dövlət rüsumu olmaqla, cəmi 4870,38 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında 01 aprel 2021-ci il tarixdə Liftlərə Texniki Xidmət Müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən cavabdehin 2022-ci ilin fevral, mart ayları, 2023-cü il və 2024-cü il yanvar ayları üzrə göstərilmiş texniki xidmətlərlə bağlı ödənilməmiş 18% ƏDV daxil 4301,38 manat borc öhdəliyi yaranmışdır. Cavabdehin hərəkətsizliyi ilə bağlı iddiaçı cəmiyyətə ziyan dəymiş, bunun nəticəsi olaraq AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 (beş) % həcmində cavabdeh tərəfin 500 manat dəbbə pulu ödəmək öhdəliyi yaranmışdır. Cavabdehin hal-hazırda qeyd olunan Xidmət müqaviləsinə əsasən 18% ƏDV daxil ümumilikdə, 18% ƏDV daxil 4301,38 manat əsas, 500 manat illik 5% ödənilməmiş borcu qalmışdır. Qeyd olunan ödənilməmiş borc məbləği müvafiq elektron qaimə faktura və xx.xx.2025-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Cavabdeh 2 (iki) ildən çox bir müddətdir ki, qeyd olunan borc məbləğini ödəməmişdir. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir. Ancaq hər hansı bir etiraz daxil olmamışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
7. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
22. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya daha çox şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (şüuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununa ümumi anlamda əsasən onun tərəfləri, bağlanması forması, predmeti, tərəflərin öhdəlikləri (məsuliyyəti), ödəniş qaydası və şərtləri, qüvvəsi, qiyməti və digər şərtlər daxildir. Eyni zamanda, hər bir sahəyə aid olan müqavilənin məzmununa həmin müqaviləyə aid olan özünəməxsus, yaxud elə xüsusi şərtlər daxil edilə bilər ki, müqavilənin əsas mahiyyəti həmin şərtlərdən asılı olar.
23. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, BT-C02-210401-005 saylı Xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən “Grand Hayat” Yaşayış Kompleksinin 3 nömrəli binasında quraşdırılmış sərnişin-yük liftlərinə mövcud qayda üzrə texniki xidmət göstərmək, cavabdeh tərəfindən isə göstərilən xidmətlərin dəyərinin bu müqavilənin şərtlərinə uyğun olaraq ödənilməsi təşkil etmişdir. İddiaçı göstərilən xidməti müqaviləyə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının ödənilməyən hissəsini cavabdehdən tələb edir.
24. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olmasının yoxlanılması üçün bu müqavilənin mühüm şərti kimi yerinə yetirilməli işlərin, yəni əvvəldə də qeyd edildiyi kimi sərnişin-yük liftlərinə texniki xidmətin göstərilib-göstərilməməsi, göstərildiyi halda xidmət haqqının cavabdeh tərəfindən ödənilməsi ilə bağlı məsələlərin müəyyən edilməsi zəruridir. Bu şərtlərin yoxlanılması, eyni zamanda hər bir tərəfin öz öhdəliklərinin hansı həcmdə yerinə yetirilməsini də ehtiva edir.
25. Tərəflər arasında bağlanmış müqavilədə iddiaçı tərəfindən xidmətin hansı qaydada təhvil verilməsi, yaxud cavabeh tərəfindən qəbul edilməsi qaydası nəzərdə tutulmasa da, Xidmət müqaviləsinin 4.3-cü bəndinə əsasən, Sifarişçi xidmət göstərən tərəfindən təqdim edilmiş aylıq aktlara əsasən, hər ayın 10-dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirir. Habelə, Xidmət müqaviləsinin 4.4-cü bəndinə əsasən, xidmət göstərən (iddiaçı) aylıq ödənişlərin həyata keçirilməsi üçün təqdim etdiyi hesab-fakturaların əlavəsi kimi görülən işlər, o cümlədən avadanlıqların yoxlanılması barədə ətraflı hesabat təqdim etməyi öz öhdəsinə götürür. Xidmət müqaviləsinin qeyd edilən bəndlərinin təhlilindən görünür ki, təqdim edilən aylıq aktlar və hesab-fakuralar göstərilən xidmətin dəyərinin ödənilməsi ilə bərabər, təhvili kimi də qəbul edilə bilər. Çünki, aylıq aktlar və hesab-fakuralar xidmətin göstərilməsindən sonrakı hərəkətləri təşkil edir. Lakin iddiaçı tərəfindən həmin aktlar və hesab-fakuralar məhkəməyə təqdim edilməsə də, xx.xx.2025-ci il tarixli Üzləşmə aktının mövcudluğu iddiaçını xidmətin təhvil verilməsini sübut sübut etmək vəzifəsindən azad etmiş olur.
26. İş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən digər sübutlarla bərabər həm də, sözügedən müqavilə üzrə xidmətlərin göstərilməsini əks etdirən ƏDV daxil 4522,04 manat pulun ödənilməsi barədə elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, həmin elektron qaimə-fakturaların cavabdeh tərəfindən geri qaytarılması isə məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Həmçinin, hər iki hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli Üzləşmə aktından görünür ki, cavabdeh iddiaçıya xx.xx.2025-ci il tarixinə 4301,38 manat borcunun olduğunu təsdiq etmişdir.
27. Cavabdehin isə öhdəliyi göstərilən xidmətlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəmək olsa da, o, göstərilmiş ödənişləri etməməklə öhdəliyini pozmuşdur. Xidmət müqaviləsinin 4.2-ci bəndində göstərilir ki, hesabat ayının 3 iş günü ərzində sifarişçi tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş hesab edilir. Odur ki, iddiaçı həmin xidmətlər üzrə xidmət haqqı tələb etməkdə haqlıdır.
28. Məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
29. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi, qanunla müəyyən edilməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
30. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 500 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğində hesablanmaqla 215 manat məbləğində (4301,38 x 5% ≈ 215) tutulmasını daha ağlabatan hesab edir.
31. Məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə iddiasının təmin edilən hissəsinə mütənasib olaraq onun tərəfindən ödənilmiş 61 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 01 aprel 2021-ci il tarixli Liftlərə Texniki Xidmət Müqaviləsinə əsasən 18% ƏDV daxil olmaqla, 4301,38 manat əsas, gecikdirilmiş borca illik 5% məbləğində hesablanmaqla 215 manat faiz borcu, 61 manat dövlət rüsumu olmaqla, cəmi 4577,38 (dörd min beş yüz yetmiş yeddi manat otuz səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 8 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı