Məhkəmə qərarları › İş №e-2-2(113)-4434/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4434/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4434/2023 16.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı AR FHN-nin Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı AR FHN-nin Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı AR FHN-nin Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 1122/16 sayı müqavilə üzrə 37 328,12 manat və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 200 manat xidmət haqqı, ümumilikdə 37528,12 manat məbləğin Cavabdehn hesabından tutularaq, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S. Ə. Dadaşov adına ElmiTədqiqat və Layihə-X2 İnstitutuna müraciət olunaraq, Sumqayıt şəhəri, X4 rayonu ərazisi, Sülh küçəsində inşa olunan iki ədəd yaşayış binasının tikintisində istifadə edilən inşaat materiallarının sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanda inşa edilən yaşayış binasının tikintisində istifadə edilən materialların sınağı ilə əlaqədar, cavabdeh ilə S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu arasında 1122/16 nömrəli müqavilə bağlanılmışdır. Müqavilələrin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər yerinə yetirilərək yaşayış binalarının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 1122/16 nömrəli müqavilə üzrə yaranmış qalıq borc 37328,12 (otuz yeddi min üç yüz iyirmi səkkiz, 12 qəpik) manat bu günədək İnstitutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S. Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-X2 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu arasında xx.xx.2016cı il tarixli, 1122/16 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həvalə edir, icraçı isə Sumqayıt şəhəri, X4 rayonu ərazisi, Sülh küçəsi ünvanında inşa olunacaq 3 (bir) ədəd eyni tipli, 1 (bir) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli (1-ci mərtəbə qeyri-yaşayış) binalardan ibarət yaşayış kompleksinin tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən ünvanda inşa olunacaq 3 (bir) ədəd eyni tipli, 1 (bir) girişli, 16 (on altı) mərtəbəli (1-ci mərtəbə qeyri-yaşayış) binalardan ibarət yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin binanın, əlavə razılaşdırma əsasında dinamiki parametrlərinin təyini nəzərdə tutulub. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ümumi sınaq sahəsi – 59451,00 m2dir. Sınaq işlərinin hər m2 üçün - 1.00 manat dəyərində razılaşdırılır və müqavilənin ümumi qiyməti (ƏDV-siz) – 59451,00 manat, ƏDV-18% - 10751,18 manat olmaqla, cəmi: 70152,18 manat təşkil edir. Həmin müqavilənin 3.3-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icraçı tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvil-qəbul aktı ilə qəbul edir. Həmin müqavilənin 3.5-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrıayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.

9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 3-18-11/2-1164/2023 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC şirkəti ilə institut arasında xx.xx.2018-ci il tarixdə 1122/16 saylı müqavilə üzrə ümumi ƏDV - 18 % daxil olmaqla 70152,18 manat dəyərində müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixədək həmin müqavilə üzrə (ƏDV - 18 %) daxil olmaqla xx.xx.2017-ci il 9440 manat ödəniş olunmuşdur. Sifarişçinin ƏDV - 18 % ilə birlikdə 37328,12 manat borcu qalmışdır.

10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutu tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

11. 19.12.2019-cu il tarixli 753/19 nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbulu aktına əsasən 31034,79 manat, xx.xx.2018-ci il tarixli 796/18 nömrəli akta əsasən 24780 manat məbləğində işlərin görülməsini Cavabdeh MMC tərəfindən qəbul edilmiş və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir

12. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Borcun mövcudluğu iş materialları və tərəflər arasında tərtib edilmiş təhvil-qəbul aktı ilə öz təsdiqini tapır.

13. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

14. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

15. Digər tərəfdən MPM-in:

16. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

17. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

19. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

20. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Odur ki, hazırkı qiyabi qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 1122/16 sayı xx.xx.2016-cı il tarixli sınaq işlərinin aparılmasına dair müqavilə üzrə 37 328,12 manat borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq iddiaçı AR FHN-nin Tikintidə X3 Agentliyinin S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X2 İnstitutuna ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar