Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4435/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 1058/17 nömrəli müqavilə üzrə üzrə 46938,11 manat və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 200 xidmət haqqının tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna müraciət olunaraq, ünvan 1 ünvanında inşa olunan 2 (iki) ədəd, 2 (iki) girişli, 20 (iyirmi) mərtəbəli yaşayış binalarının və 2 (iki) səviyyəli zirzəmi ilə 3 (üç) mərtəbəli binalararası qeyri-yaşayış binasının tikintisində istifadə edilən inşaat materiallarının sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanda inşa edilən yaşayış binasının tikintisində istifadə edilən materialların sınağı ilə əlaqədar, cavabdeh ilə iddiaçı arasında 1058/17 nömrəli müqavilə bağlanılmışdır. Müqavilələrin şərtlərinə əsasən, İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək yaşayış binalarının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 1058/17 nömrəli müqavilə üzrə 46 938,11 manat bu günədək İnstitutun hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və iddiaçı təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında bildirdi ki, iddiaçı əlavə vergi öhdəliklərinin yaranmaması üçün elektron qaiməni cavabdehə 6 il sonra təqdim etmiş, cavabdehə vaxtında yalnız 10000 manat borcla bağlı elektron qaimə təqdim edilmiş, cavabdeh tərəfindən borcun bir qismi ödənilmiş, ƏDV ilə bağlı ödəniş edilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli 1058/17 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən icraçı tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərin, standartların tələblərinə uyğun olaraq, sifarişçinin yerinə yetirdiyi tikinti-quraşdırma işlərində istifadə ediləcək tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyalarının layihəyə uyğunluğunun təyin edilməsini nəzərdə tutur.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həvalə edir, icraçı isə ünvan 2 ünvanında inşa olunacaq 2 ədəd, 2 girişli, 2 səviyyəli zirzəmi ilə 20 mərtəbəli 1-3 mərətbələr qeyri-yaşayış) yaşayış binalarının və 2 səviyyəli zirzəmi ilə 3 mərtəbəli binalararası qeyri-yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərinin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədəolan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
9. Müqavilənin 5.1-ci bəndinə əsasən malın ödəmə şərtləri müqaviləyə tərtib olunmuş əlavələrdə başqa şərtlər nəzərdə tutulmadığı halda, hər əlavədə qeyd edilən mallar təhvil verildikdən sonra 1 ay ərzində ödəniş ediləcəkdir.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən binalar üzrə ümumi sınaq sahəsi – 46557,72 m2-dır. Sınaq işlərinin qiyməti hər 1 m2 üçün 1 manat dəyərində razılaşdırılır və (ƏDV-siz) – 46557,72 manat ƏDV 8380,39 manat, cəmi 54938,11 manat təşkil edir.
11. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləği 30 %-i avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icrası tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvilqəbul aktı ilə qəbul edir.
12. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.
13. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-18-11/2-1163/2023 saylı maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixədək həmin müqavilə üzrə xx.xx.2020-ci ildə 8000 manat ödəniş olunub. Cəmi (ƏDV 18 %) daxil olmaqla 2003 manat ödəniş olunub, sifarişçinin (ƏDV – 18%) ilə birlikdə 46938,11 manat + (100 manat mediasiya xərci) manat borcu qalıb.
14. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2017-ci il tarixli hesab fakturaya əsasən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 5000 manat təşkil edir.
15. İddiaçi tərəfindən cavabdehə HQ seriyalı 279020 nömrəli, xx.xx.2017-ci il tarixli elektron qaimə (5000 manat), EAAD seriyalı 801417 nömrəli, xx.xx.2017-ci il tarixli elektron qaimə (5000 manat) təqdim edilmişdir.
16. 01.11.2017-ci il tarixli 215OPXO173050505 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, cavabdeh tərəfindən EAAD seriyalı 801417 nömrəli qaimə üzrə iddiaçıya 4237,29 manat pul ödənilmişdir.
17. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2019-cu ildə 1000 manat məbləğində pul ödənilmişdir.
18. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli 1058/17 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi imzalanmış, iddiaçı üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh öz öhdəliklərini tam şəkildə icra etməmişdir.
27. İddia ərizəsində iddiaçı cavabdehin hazırda borcunun 46938,11 manat olmasını göstərsə də, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə icra edilmiş işlərlə bağlı 10000 manat məbləğində hesab-faktura və elektron qaimə göndərilmiş, cavabdeh tərəfindən ümumilikdə 7237,29 manat ödənilmiş, qalıq borc 2762,71 manat (10000 manat – 7237,29 manat) təşkil edir.
28. İddiaçı qalan borcu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
29. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş EBDS seriyalı, 531689 saylı, xx.xx.2023-cü il tarixli elektron qaiməni hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir.
33. Belə ki, həmin elektron qaimə iddiaçı tərəfindən cavabdehə tərəflər arasında mübahisə yarandıqdan sonra, hazırkı məhkəmə araşdırmasının yekunlaşması ərəfəsində, yəni xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
34. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
35. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
36. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.
37. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında cavabdeh tərəfindən iddiaçıya ƏDV ödənilmədiyini bildirmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2762,71 manat (1525,42 manat əlavə dəyər vergisi, 1237,29 manat əsas borc) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə, qalan 180 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2762,71 manat (1525,42 manat əlavə dəyər vergisi, 1237,29 manat əsas borc) və ödənilmiş 50 manat dövlət rüsumu, ümumilikdə 2812,71 (iki min səkkiz yüz on iki manat yetmiş bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 180 (bir yüz səksən) manat dövlət rüsumu iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova