Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4447/2023 20.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subagent müqaviləsi, əsas borc, əldən çıxmış fayda və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən İddiaçı xeyrinə 15753,98 manat borcun, 2362 manat əldən çıxmış faydanın və mediasiya prosesinin aparılması üçün ödənilmiş 200 manat xidmət haqqının, cəmi 18315,98 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə razılaşma olmuş və bunun əsasında İddiaçı MMC-nin (agent) vasitəsi ilə sərnişin daşımaları üzrə dövlətlərarası və regionalarası reysləri yerinə yetirən aviaşirkətlərin aviabiletlərinin satışını, xarici ölkələrə turların və sanatoriyalara putyovkaların satışlarını təşkil etmişdir. Bununla bağlı İddiaçı MMC və "xxxx" MMC arasında üzləşmə aktı mövcud olmuş və "xxxx" MMC şirkəti tərəfindən də təsdiqlənmişdir. Hazırda həmin Sifarişlə bağlı "xxxx" MMC-nin Delta Group LTD MMC-yə 15753,98 manat borcu yaranmışdır. Bununla bağlı cavabdehə həm elektron vergi xidmətindən, həmçinin poçt vasitəsilə və elektron məhkəmə vasitəsilə məktublar göndərilməsinə baxmayaraq borc cavabdeh tərəfindən qaytarılmamışdır. Əladən çıxmış fayda qismində cavabdehdən illik 5% olmaqla ümumilikdə 2362 manatın alınması xahiş olunur. Belə ki, 2 ildən çoxdur ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ziyan vurmaqdadır
3. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən aviabiletlər üzrə uçuşlar həyata keçirilməmiş və geri qaytarılmışdır. Belə ki, uçuşların həyata keçirilməməsinin səbəbləri iddiaçıya çox gözəl məlumdur. Qeyd olunan aviabiletlərin bir qisminin geri qaytarılması barədə üzləşməni və geri qaytarılmış biletlər siyahısını əlavə edilir. Belə ki, həmin sənəddə 7943,14 manat dəyərində biletlərin geri qaytarılması qeyd olunub. Məhkəməyə 3 sənəd göndərildiyi, həmin sənədləri qarşı tərəf şirkətin mühasibi cavabdeh şirkətin mühasibinə email vasitəsilə göndərmişdir. Cədvələ nəzərə yetirildikdə artıq qarşı tərəf özü də etiraf edir ki, məbləğ iddia ərizəsində olduğu kimi deyil. Ümumiyyətlə bütün biletlər geri qaytarılıb. Son iki biletlər tərəflərindən təqdim edilən sənədlərdən fərqlənir. Əslində həmin biletlərlə bağlı da uçuş baş tutmayıb. Çünki tarixlərə fikir verdikdə Kiyevə olan bilətlərdir və 18 mart 2022-ci il tarixlərdə artıq Ukraynada müharibə başlamışdı. 2-ci sənəd üzrə onlara geniş cədvəl göndərilir və tarixlərə diqqət yetirildikdə tam həmin dövrləri əhatə edir. (Составил(а): KHALİFAZADA SHAHLA xx.xx.2023 14:34:48 xx.xx.2020 - xx.xx.2022) Həmi sənəddə isə cavabdeh MMC-nin həmin dövrlərdə cəmi 1235.45 manat qalıq borcu olduğu qeyd olunub. Sual yaranır, əgər cavabdeh MMC-nin iddia ərizəsində göstərildiyi kimi 15753.98 manat borcu var idisə niyə bu sənəddə cəmi 1235.45 manat qalıq borcu olduğu qeyd olunmuşdur. 3-cü bir ziddiyətli sənəddə ( 01 yanvar 31 dekabr 2021-ci il ) isə 9046,29 manat borc olduğu qeyd olunub. Göründüyü kimi iddiaçının iddia etdiyi məbləğlə bağlı kifayət qədər ziddiyətli məqamlar vardır. Bu səbəblərdən də iddianı tamamilə qəbul etmədiklərini, iddianın mötəbər sübutlara söykənmədiyini əsas gətirərək məkəmədən iddia ərizəsinin rədd olunması xahiş edilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaya etirazı tamamilə əsassızdır. Belə ki, cavabdehə verilən biletlər qaytarılmayan biletlərdir və tərəflər arasında biletlərin qaytarılması və ya hər-hansı biletin dəyərinin güzəşt olunması barədə razılaşma yoxdur. Borc məbləği 15753,98 manat təşkil edir və həmin məbləğə dair cavabdeh şirkətin imza və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı mövcüddür.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia ərizəsinə verdiyi etiraza uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında həqiqətən də müqavilə bağlanmışdır. Həmin uçuşlar baş vermədiyinə görə, biletlər geri qaytarılmışdır. 2020-ci il tarixində pandemiya ilə əlaqədar olaraq uçuşlar həyata keçirilməmişdir. Bu səbəbdən də biletlərin hamısı geri qaytarılmışdır. Ona görə də cavabdehin iddiaçıya heç bir borcu yoxdur.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Lakin, həm iddiaçının, həm cavabdehin nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdilər.
7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə “Palma-ENK Tarvel Company” şirkəti arasında bağlanmış xx.xx.2009-cu il tarixli 66 saylı “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” müqaviləyə əsasən:
10. Müqavilənin 1-ci bəndinə əsasən müqavilənin əsas mövzusu agentin tapşırığı ilə subagentin aşağıda qeyd olunan əməliyyat və xidmətləri yerinə yetirməsidir:
11. - sərnişin daşımaları üzrə dövlətlərarası və regionlararası reysləri yerinə yetirən aviaşirkətlərin, gələcəkdə daşıyıcı adlandıracaq və X1 sənədlərində bu daşımaların satışını təşkil etmək və həyata keçirmək;
12. – subagentin fəaliyyətinin normal aparılması məqsədilə ona lazımi ciddi uçot blanklarının (JUB), möhür və ştampların ayrılması və avtomatlaşdırılması bron sisteminə qoşulmasını təmin etmək.
13. – sanatoriyalara putyovkaların satışını həyata keçirmək.
14. Müqavilənin 6-cı bəndinə əsasən aviadaşımaların satışından əldə olunan vəsait vaxtında və aşağıda göstərilən komission mükafalatdırılması çıxmaq şərti ilə tam şəkildə Agentə çatdırılmadıqda, subagent yubadılan hər gün üçün köçürülməmiş məbləğin 0,5% həcmində cərimə ödəyir.
15. Müqavilənin 8-ci bəndinə əsasən əgər müqavilə müddətinin bitməsinə 30 gün qalmış tərəflərdən hər hansı biri müqavilənin fəaliyyətinin dayandırılması barədə müraciət etməsə, müqavilənin müddəti daha bir təqvimili üçün uzadılmış hesab edilir.
16. ABB Bankın Abşeron filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda "xxxx" MMC-nin cari manat hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi "xxxx" MMC tərəfindən cəmi 75500 manat məbləğində ödəniş edilmişdir.
17. "xxxx" MMC-nin aviabiletlərin satışı cədvəlindən görünür ki, xx.xx.2019xx.xx.2023 aralığında biletlərin satışı cəmi 20155,58 manat təşkil etmişdir.
18. 20.07.2020-ci il tarixli aviabiletlərin geri qaytarılması adlı cədvəldə geri qaytarılmış biletin cəmi məbləği 7943,14 manat olduğu qeyd olunmuşdur.
19. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən (01-31 dekabr 2020) Üzləşmə aktına əsasən xx.xx.2021-ci il tarixinə cəmi borc məbləği 15.753,98 manat qeyd olunmuş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.
20. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
21. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
23. İşdən göründüyü kimi tərəfər arasında xx.xx.2009-cu il tarixli 66 saylı “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” müqavilə bağlanılmışdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli 66 saylı “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” müqavilə əsasən cavabdeh aviadaşımalar üzrə edilmiş satışlardan əldə edilmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyini üzərinə götürmüş, lakin müqavilə üzrə ödənilməmiş 15753,98 manat borc məbləği qalmışdır.
29. Borc məbləğinin mövcudluğuna dair (01-31 dekabr 2020) üzləşmə aktı imzalanmış və həmin akt üzrə xx.xx.2021-ci il tarixinə cəmi borc məbləği 15753,98 manat qeyd olunmuş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.
30. Beləliklə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və buna dair sübutlar da iş materiallarına əlavə olunmuşdur.
31. Cavabdeh tərəf isə müqavilə üzrə yaranmış borc məbləğini qəbul etmədiklərini biletlərin bir qisminin geri qaytarıldığını və buna dair bir tərəfli qaydada tərtib olunmuş cədvəli sübut qismində məhkəməyə təqdim etmişdir. Lakin, həmin tərtib edilmiş cədvəlin hər iki tərəfdən qəbul edilməsi və məlumatların düzgünlüyü məhkəmə gedişi zamanı cavabdeh sübuta yetirilə bilməmiş və iddiaçı tərəfindəndə qəbul edilməmişdir.
32. Yəni, cavabdeh iddia etsə də ki, uçuşların baş tutmamasına görə biletlərin qaytarılması iddiaçı tərəfindən qəbul edilmişdir və qaytarılan biletlərin cədvəlini e-mail vasitəsi ilə məhz iddiaçı tərəfindən cavabdehə göndərilmişdir, buna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. (Təqdim olunan sadə cədvəllər nə iddiaçı, nə də cavabdeh tərəfindən təsdiq edilməmiş, məhkəmə tərəfindən cavabdehə dəfələrlə şərait yaradılmasına baxmayaraq tərəflər arasında biletlərin qaytarılmasına dair işğuzar yazışmalar da təqdim edilməmişdir). Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədə belə, biletlərin qaytarılması şərti mövcüd olmamışdır.
33. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında biletlərin satışı üzrə təsdiq olunmuş üzləşmə aktında borc məbləği müəyyən olunduğu üçün və həmin akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edildiyi üçün iddiaçının 15.753,98 manat borc məbləğinin cavabdehdən tutulması tələbi əsaslı və qanunidir.
34. Məhkəmə iddia tələbinin digər hissəsini təşkil edən “2362 manat məlbəğində əldən çıxmış faydanın caabdehdən tutulması” tələbinin təmin edilməməsi qənaətinə gəlir.
35. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
37. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldən çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldən çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldən çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.
38. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.
39. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.
40. Azərbaycan Respublikası MPM-nin:
41. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir.
44. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2009-cu il tarixli müqavilə üzrə 15753,98 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
47. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən “subagent aviadaşımalara biletlərin satışı hüququnun verilməsi barədə” xx.xx.2009-cu il tarixli müqavilə üzrə 15753,98 (on beş min yeddi yüz əlli üç manat 98 qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz on) manat tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova