Məhkəmə qərarları › İş №e-2-2(113)-4459/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4459/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4459/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, əsassız varlanma) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə (bundan sonra – cavabdeh) qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə əsassız olaraq ödənilmiş 1683.93 manat məbləğin, 60 manat mediasiya xərci məbləğinin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində X2 idarə etdiyi "xxxx" ASC-də “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət icbari sığortası” növü üzrə sığortalanmış “Hyundai İX 35” markalı ** KZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yolhərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçı tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” qaydaları ilə sığorta təminatı almış qeyri-yaşayış obyektinə dəyərək ona ciddi zərər vurmuşdur. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və 4488/CFİ-203/2018-2019 saylı sığorta aktına əsasən Bakı şəhəri, 28 May küçəsi ilə Puşkin küçəsində yerləşən qeyri-yaşayış obyektinə dəymiş zərərlə bağlı, 1683.93 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Verilən məlumata görə, sözügedən daşınmaz əmlakı "xxxx" ASC ilə bağlamış olduğu sığorta müqaviləsinə əsasən sığortalamış və qəza nəticəsində obyektə dəymiş zərərə görə sığorta ödənişi almışdır. ünvan 1 ünvanında yerləşən Bakı şəhər Ticarət Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin 225 saylı köşkün yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı X3 İddiaçı ASC-dən, həmçinin "xxxx" ASC-dən eyni əmlaka dəymiş zərərə görə sığorta ödənişi alması nəticəsində əsassız varlanma halı yaranmışdır.

3. Cavabdeh iddiaya yazılı etiraz (iddia müddətinin tətbiq edilməsi barədə ərizə) təqdim edərək göstərmişdir ki, Bakı şəhəri, 28 May küçəsi ilə Puşkin küçəsində yerləşən kioska dəymiş zərərə görə "xxxx" ASC tərəfindən ödənilən 1683 manat məbləğində ödənişin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli Pretenziya (bildiriş) və iddia ərizəsi Birliyə xx.xx.2023-cü il tarixdə daxil olmuş, daha əvvəl hər hansı bir məktub ünvanlarına çatmamışdır. Qaldırılmış iddia ilə bağlı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı mediasiya təşkilatında müəyyən edilmiş görüşdə iddianın araşdırılması və razılıq əldə edilməsinə cəhd üçün nümayəndələri iştirak etmiş, lakin iddiaçı tərəfdən heç kim iştirak etməyərək mübahisələrin yalnız məhkəmədə aparılacağına və danışıqların mümkünsüz olduğunu mobil telefon vasitəsi ilə bildirilmişdir. Həmçinin iddiaçının nümayəndəsi tərəflərindən işin araşdırılması üçün onlarda mövcud olan sənədlərin surətini onlara təqdim edəcəyini bildirilsə də, sonradan hər hansısa bir sənəd onlara təqdim edilməmişdir. Nəticədə iddiaçı "xxxx" ASC tərəfindən köşkə dəymiş zərərə görə təyin edilmiş 1776.00 manat zərərlə bağlı aktın əldə edilməsi və ödənişin hansı hesablamaya əsasən aparıldığını müəyyən etmək mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, xx.xx.2017-ci il tarixdə Yeraltı keçidlər üzrə Ticarət Birliyi ilə "xxxx" ASC arasında “Daşınmaz Əmlakın İcbari Sığortası” Şəhadətnaməsi (BA № 817406 seriyalı RAz **********, sığorta məbləği 14430 manat) və “ Əmlakın Yanğından və X5 Sığortası” Şəhadətnaməsi (Kioskın içində olan digər avadanlıqlara, əşyalara və mallara görə, Na AZ 051687, sığorta məbləği 2500 manat) ilə sığorta müqaviləsi bağlanaraq sığortalanmışdır. Aparılan araşdırmalara əsasən əldə olunmuş nəticələrə əsasən bəlli olur ki, “Paşa Sığorta" ASC-də olan zərər aktına əsasən zərərin məbləği 4000.00 manat, “Azsığorta" ASC-də olan zərər aktına əsasən zərərin miqdarı 1733.00 manat təşkil edir ki, buda ziddiyətin yaranmasına səbəb olur. Necə ola bilər ki, eyni obyekdə eyni hadisə ilə müxtəlif zərərlər dəysin. Burda yanlışlıqlar olduğu bəlli olur. “Azsığorta" ASC tərəfindən tərtib olunmuş zərər aktı Birliyin iştirakı olmadan keçirilmiş ekspertiza ilə müəyyən olunmuş və ekspertizanın nəticəsi ilə Birlik tanış olunmamışdır (“Azsığorta" ASC-nin və “Paşa Sığorta" ASC-nin zərər aktları cavabdehə "xxxx" ASC-nin hüquqşünası ilə görüş zamanı hüquqşünas tərəfindən göstərilmişdir). Sənədlər əldə olunmadığına görə yeni bir qənaətə gəlmək olur ki, "Paşa Sığorta” ASC tərəfindən ödənilən 2666.67 manat məbləğ kioskun özünə dəyən zərərə görə, “Azsığorta" ASC tərəfindən ödənilən 1683.00 manat zərər kioskun içində olan digər avadanlıqlara və mallara görə dəyən zərərə ğörə ödənilmiş məbləğdir. Bu fakt iddiaçı tərəfdə iddia ilə bağlı hər hansı bir müvafiq sənəd, heç bir əsas olmadan, mövcud sənədləri araşdırmadan qanunvericiliyə zidd qaldırdığı iddianın əsassız və imtina edilməli olduğunu göstərir. Əlavə olaraq bildirilir ki, qaldırılmış iddia üzrə iddia müddəti də bitmişdir. Qəza nəticəsində kioska dəymiş zərərin məbləği avtonəqliyyat vasitəsinin sığorta müqaviləsinin mövcud olduğu "xxxx" ASC tərəfindən verilən məlumata görə 4000 azn hesablanmış və 2666.67 azn ödəniş aparılmışdır. Müvafiq hesablamaya əsas verən sənədlərin surətinin (zərər aktınn) əldə edilməsi üçün tərəflərindən "xxxx" ASC-yə rəsmi qaydada ərizə ilə müraciət edilsə də, mövcud sənədlərin arxivləşdirildiyi bildirilərək bu günədək onlara təqdim edilməmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hüquqlarının pozulmasını 2023-cü ilin yay aylarında subroqasiya qaydasında pulun ödənilməsi ilə bağlı "Paşa Sığorta” ASC-yə müraciət etdikdə bilmişlər. Belə ki, sonuncu onlara həmin sığorta hadisəsi nəticəsində cavabdehə tərəflərindən sığorta ödənişinin verildiyini bildirdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Daha əvvəl hüquqlarının pozulması barədə məlumatsız olmuşlar.

5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz edib iddiaya dair yazılı etirazın (iddia müddətinin tətbiq edilməsi barədə ərizə) məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi əsassız olmaqla yanaşı həm də iddia müddətinin keçməsinə görə rədd olunmalıdır. Belə ki, "Paşa Sığorta” ASC tərəfindən onlara sığorta hadisəsindən qısa müddət sonra, 2018-ci ilin dekabr ayında, hətta iddiaçıdan daha əvvəl sığorta ödənişi verilmiş, bu barədə iddiaçının da məlumatı olmuşdur. Belə ki, onlara dəymiş zərər çox olduğu halda iddiaçı tərəfindən aşağı hesablandığı üçün cavabdeh hər iki sığorta ödənişini almışdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edirlər.

6. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

7. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Daşınmaz əmlakın icbari sığortası haqqında BA 817406 nömrəli şəhadətnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus daşınmaz əmlak 14430 manat məbləğində sığorta edilmişdir.

10. AZ 051687 nömrəli əmlakın yanğından və X5 sığortası şəhadətnaməsindən görünür ki, cavabdehə məxsus ticarət köşkü xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 2500 manat məbləğində sığorta edilmişdir.

11. İddiaçı tərəfindən tərtib edilmiş 09 yanvar 2019-cu il tarixli 4488/CFİ-203/2018- 2019 nömrəli sığorta aktından görünür ki, cavabdehin Bakı şəhəri, 28 may küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixdə yerüstü nəqliyyat vasitəsinin dəyməsi nəticəsində 1733,93 manat məbləğində zərər müəyyən edilmiş və cavabdehə 50 manat azadolma məbləği çıxılmaqla 1683,93 manat məbləğində sığorta ödənişi edilmişdir.

12. "xxxx" MMC tərəfindən verilmiş 1442 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Muğan B 28 May və Puşkin küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə avtoqəza hadisəsinin baş verməsi nəticəsində 1733,93 manta məbləğində zərər dəyməsi müəyyən edilmişdir.

13. xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 1683,93 manat məbləğində pul ödənilmişdir.

14. 21.01.2019-cu il tarixli İXP ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

15. 21.01.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İbıza Minik markalı 90NR430 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydaları pozmaqla inzibati xəta törətmiş və 60 manat məbləğində cərimə edilmişdir.

16. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 03 yanvar 2019-cu il tarixli 01 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin 225 saylı köşkündə yol-nəqliyyat hadisəsi nəticəsində 1733 manat ziyan dəymiş, dəmin ziyanın birliyin “Atabank”ın Gənclik Filialında olan hesabına ödənilməsinə sərəncam verilməsi xahiş edilmişdir.

17. Cavabdeh tərəfindən "xxxx" ASC-yə göndərilmiş 18 dekabr 2018-ci il tarixli 35 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinin 225 saylı köşkündə yol-nəqliyyat hadisəsi nəticəsində 4000 manat ziyan dəymiş, dəmin ziyanın birliyin “Atabank”ın Gənclik Filialında olan hesabına ödənilməsinə sərəncam verilməsi xahiş edilmişdir.

18. İddiaçı tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsinə əsasən sığortalanmış və qəza nəticəsində obyektə dəymiş zərərə görə sığorta ödənişi alınmışdır.

19. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır.

22. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

23. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

24. 1092.1-ci maddəsinən əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

25. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi baş vermiş, həmin sığorta hadisəsi nəticəsində cavabdehə xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən 1683,93 manat sığorta ödənişi verilmişdir. Həmin sığorta hadisəsi nəticəsində zərərçəkən cavabdehə əlavə olaraq 2018-ci ilin dekabr ayında "xxxx" ASC tərəfindən də sığorta ödənişi verildiyindən iddiaçı cavabdehdən əsassız varlanma nəticəsində əldə edilmiş 1683,93 manat pulun geri qaytarılmasını tələb edir.

26. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iki illik iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir.

27. Belə ki, iddiaçı 1683.93 manat məbləğində pul vəsaitindən məhrum olmuş, həmin vəsait cavabdeh tərəfindən əldə edilmiş, həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olmamışdır. Hazırda iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb edir.

28. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

29. Materiallardan görünür ki, iddiaçı tərəfindən 1683.93 manat məbləğində pul vəsaiti cavabdehin hesabına xx.xx.2019-ci il tarixdə köçürülmüşdür. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə xx.xx.2021-ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin materiallardan görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 2 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

30. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).

31. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”.

33. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

34. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

35. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia müddəti tətbiq olunmaqla iddia tələbi təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" ASC-nin cavabdeh Bakı şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyinə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar