Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-446/2024 10.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subpodrat müqaviləsi, hüquqi həqiqət, sübutetmə vəzifəsi, tərəflər arasında formalaşmış işgüzar praktika, qanuni faiz, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 2019-cu il tarixli müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq 67028 manat, faiz məbləği olaraq 6702,8 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı MMC 2018-ci ilin noyabrında təsis edilmişdir. Müəssisə yanğın təhlükəsizlik sistemlərinin quraşdırılması sahəsində ixtisaslaşmış olmaqla bu sahədə kommersiya fəaliyyətini həyata keçirir. İddiaçı ilə cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin sifarişi üzrə daxili yanğınsöndürmə sisteminin, havalandırma sisteminin, tüstüsorma sisteminin, yanğın siqnalizasiya sisteminin quraşdırılmasını, bu işlərin həyata keçirilməsi üçün zəruri olan materialların tam təchizatını həyata keçirmək və bunun müqabilində razılaşdırılmış xidmət haqqı almaq tərəflər arasında razılaşdırılmışdır. 2.2. Adıçəkilən müqavilə ilə əlaqədar iddiaçı tərəfindən 8 obyektə, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Mənzil-Tikinti Kooperativinə (VÖEN **********) subpodrat qaydasında işlər görülmüşdür. Göstərilən xidmətlər, eyni zamanda işlərin həcmi müqavilənin razılaşma protokollarında təsbit edilmişdir. Ümumilikdə görülən işlərlə bağlı 1 nömrəli xx.xx.2019-cu il tarixli ƏDV-siz dəyəri 5000 manat təşkil edən, 2 nömrəli xx.xx.2019-cu il tarixli ƏDV-siz dəyəri 22779 manat təşkil edən, 3 nömrəli xx.xx.2019-cu il tarixli ƏDV-siz dəyəri 70000 manat təşkil edən, 4 nömrəli xx.xx.2020-ci il tarixli ƏDV-siz dəyəri 43000 manat təşkil edən, 5 nömrəli xx.xx.2020-cu il tarixli ƏDV-siz dəyəri 1054 manat təşkil edən, 6 nömrəli xx.xx.2020-ci il tarixli ƏDV-siz dəyəri 26000 manat təşkil edən, 7 nömrəli xx.xx.2020-ci il tarixli ƏDV-siz dəyəri 13000 manat təşkil edən və 8 nömrəli xx.xx.2020-cu il tarixli ƏDV-siz dəyəri 7500 manat təşkil edən razılaşma protokolları imzalanmış, cavabdehə 1 nömrəli xx.xx.2019-cu il tarixli protokol üzrə EAAZ 751680, 2 nömrəli xx.xx.2019-cu il tarixli protokol üzrə EBAA 019636, 3 nömrəli xx.xx.2019-cu il tarixli protokol üzrə EBAE 261332, EBAP 426871, EBAQ 449632, EBBV 972191, 4 nömrəli xx.xx.2020-ci il tarixli protokol üzrə EBAF 576478, EBAK 506161, EBBW 696296 seriya və nömrəli elektron qaimələr göndərilmişdir. 2.3. 1 nömrəli xx.xx.2019-cu il tarixli, 2 nömrəli xx.xx.2019-cu il tarixli, 3 nömrəli xx.xx.2019-cu il tarixli, 4 nömrəli xx.xx.2020-ci il tarixli, 5 nömrəli xx.xx.2020-cu il tarixli protokollar üzrə işlər tam qaydada, 6 nömrəli xx.xx.2020-ci il tarixli protokol üzrə 19200 manat dəyərində, 7 nömrəli xx.xx.2020-ci il tarixli protokol üzrə 10474 manat dəyərində, 8 nömrəli xx.xx.2020-cu il tarixli protokol üzrə 1000 manat dəyərində işlər görülmüşdür. İşlərin görülməsi ilə bağlı “Forma 2”-lər tərtib edilmiş, lakin cavabdehin rəhbəri Qanuni nümayəndə dəfələrlə təklif edilməsinə baxmayaraq, sonuncu tərəfindən “Forma-2”-lər imzalanaraq işlər təhvil alınmamışdır. 2.4. Eyni zamanda 1 nömrəli və 2 nömrəli protokol üzrə işlərin dəyəri tam həcmdə, 3 nömrəli protokol üzrə 37700 manat dəyərində, 4 nömrəli protokol üzrə 27000 manat dəyərində, 6 nömrəli protokol üzrə 10000 manat dəyərində, 8 nömrəli protokol üzrə 3000 manat dəyərində ödəniş edilmiş, 5 nömrəli və 7 nömrəli protokollar üzrə, ümumiyyətlə, ödəniş edilməmişdir. Ümumilikdə protokollar üzrə cəmi 188 333,54 manatlıq işlərin, xidmətlərin görülməsi nəzərdə tutulmuş, 172 507 manat dəyərində işlər icra olunmuş, buna müvafiq olaraq 105 479 manat ödəniş edilmişdir. Görülmüş işlərlə bağlı cavabdehin iddiaçıya 67028 manat ödənilməmiş vəsaiti qalmışdır. 2.5. Uzun müddət həmin vəsaitin tələb edilməsinə baxmayaraq, cavabdeh öhdəliklərini icra etməmiş və borclu olduğu vəsaiti ödəməmişdir. İşin mediasiya sessiyasında həlli ilə bağlı Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin mediasiya qaydasında həll mümkün olmamışdır. Bundan əlavə cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilərək 67028 manat pulun 1 gün müddətində ödənilməsi tələb edilmiş, cavabdeh göstərilən müddətdə tələbi icra etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3, 425, 442, 445.7, 752, 756-cı və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi X5 məhkəmə iclaslarında iştirak edərək iddianı müdafiə etdi və qeyd etdi ki, İddiaçı MMC 2018-ci il tarixdə fəaliyyətə başlamış və yağından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri sahəsində ixtisaslaşmışdır və bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən iki xüsusi lisenziyaya malikdir. İddiaçının sabiq direktor müavini Anar Davudov vasitəsilə 2019-cu ilin sonlarında cavabdehin direktoru Qanuni nümayəndə ilə əlaqə qurulmuş, cavabdehin podratçı olduğu işlərdə sonuncunun lazımi maddi-texniki imkanı olmadığından subpodratçı olmaq təklif edilmiş, iddiaçı da həmin təklifi qəbul etmişdir. Nəticədə tərəflər arasında 12 sentyabr 2019-cu il tarixli podrat müqaviləsi imzalanmış, həmin müqavilə ümumi müqavilə kimi nəzərdə tutulmuş, cavabdehlə görüləcək hər bir iş üçün adıçəkilən müqaviləyə protokollar imzalanmışdır. Lakin görülmüş işlərin dəyəri tam olaraq ödənilməmişdir. Cavabdehlə əlaqəni iddiaçı adından Anar Davudov aparmışdır. Cavabdehin direktoru hər hansı təhviltəslim aktına, “Forma-2”-yə ehtiyac olmadığını bildirmiş, elektron qaimənin ödənişlər üçün kifayət olduğunu vurğulamışdır. Bu səbəbdən də görülmüş işlərin təhvil-təslimi ilə bağlı tərəflər arasında ikitərəfli akt mövcud olmamışdır. Eyni zamanda elektron qaimə-fakturalar da işlər görüldükdən dərhal sonra deyil, cavabdeh xahiş etdikcə göndərilmişdir. Belə ki, tərəflər arasında belə bir şifahi razılaşma olmuşdur ki, cavabdehə baş podratçılardan vəsait köçdükcə, iddiaçı məlumatlandırılacaq, elektron qaimə göndəriləcəkdir. Cavabdeh bir müddət görülmüş işlərin dəyərini ödəsə də, sonradan ödənişləri dayandırmış, görülmüş işlərin dəyərini ödəməmişdir.
6. Məhkəmənin işlərin təhvil-təslimi ilə bağlı suallarına münasibətdə iddiaçının nümayəndəsi – qanuni təmsilçisi bildirdi ki, işlərin təhvil-təslimi yazılı qaydada aparılmamışdır. İddiaçı subpodratçı olduğundan görülmüş işlər baş podratçının sahə rəislərinə təhvil verilmişdir. Ümumiyyətlə, cavabdehin podratçı təşkilat kimi hər hansı nümayəndəsi xidmət sahələrində olmamışdır. Yalnız cavabdeh tərəfindən görülmüş işlərin dəyərinin ödənilməyəcəyinə əminlik yarandıqdan sonra iddiaçı tərəfindən görülmüş işlərlə bağlı birtərəfli aktlar tərtib edilmişdir.
7. Məhkəmənin 12 sentyabr 2019-cu il tarixli müqaviləyə 12 sentyabr 2019-cu il tarixli 1 nömrəli və 17 sentyabr 2 nömrəli protokollarla bağlı suallarına cavab olaraq qanuni təmsilçi göstərdi ki, adıçəkilən protokollar əsasında Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişçi, "xxxx" MMC-nin baş podratçı olduğu 13 saylı uşaq bağçasının daxili yanğınsöndürmə və havalandırma sistemləri quraşdırılmış, görülən işlərin dəyəri EAAZ 751680 və EBAA 019636 seriya və nömrəli elektron qaimələr əsasında tam ödənilmişdir. Həmin iki protokol üzrə hazırda heç bir iddia tələbi mövcud deyildir.
8. Məhkəmənin 06 dekabr 2019-cu il tarixli 03 nömrəli protokolla bağlı suallarına münasibətdə qanuni təmsilçi qeyd etdi ki, həmin protokol əsasında Rusiya şirkəti olan "xxxx" MMC-nin dərman zavodu üçün işlər görülmüşdür. Görülmüş işlərin dəyəri 70000 manat təşkil etmiş, cavabdeh tərəfindən ƏDV xaric 32200 manat avans qaydasında, 5500 manat isə EBAP 426871 və EBAQ 449632 seriya və nömrəli elektron qaimələr əsasında ödənilmişdir. Beləliklə, adıçəkilən işlərin dəyərindən 32300 manatlıq hissə ödənilməmişdir. Eyni zamanda 03 nömrəli protokol üzrə ƏDV xaric 22300 manat dəyərində görülmüş işlərin təsdiq olunması üçün EBBV 972191 seriya və nömrəli elektron qaimə tərtib olunaraq cavabdehə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiqlənmişdir. ƏDV xaric 10000 manat dəyərində görülmüş işlər üçün isə elektron qaimə tərtib edilməmişdir. 3 nömrəli protokol üzrə işlər 2020-ci ilin mart ayında təhvil verilmişdir.
9. Məhkəmənin 28 yanvar 2020-ci il tarixli 04 nömrəli protokolla bağlı suallarına münasibətdə qanuni təmsilçi göstərdi ki, həmin protokol əsasında Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında baş podratçı "xxxx" MMC-nin inşa etdiyi 6 saylı binanın 1 və 2-ci seksiyalarında havalandırma sistemləri quraşdırılmışdır. Görülmüş işlərin ümumi dəyəri ƏDV xaric 43000 manat olmuş, ƏDV xaric 15000 manat avans qaydasında, 12000 manat EBAF 576478 seriya və nömrəli elektron qaimə üzrə ödənilmişdir. Ödənilməmiş 16000 manat işlər üçün EBBW 696296 seriya və nömrəli elektron qaimə cavabdehə göndərilmiş, həmin qaimə dəfələrlə ləğv edildikdən sonra yalnız 2022-ci ilin 7-ci ayında sistem tərəfindən təsdiq edilmişdir. 4 nömrəli protokol üzrə işlər 2020-ci ilin mart ayının sonunda təhvil verilmişdir.
10. Məhkəmənin 29 yanvar 2020-ci il tarixli 05 nömrəli protokolla bağlı suallarına münasibətdə qanuni təmsilçi bildirdi ki, həmin protokol üzrə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında "xxxx" MMC-nin inşa etdiyi uşaq bağçasında məfəzlər və ventilyatorlar quraşdırılmışdır. Ümumilikdə ƏDV xaric 1054 manat dəyərində işlər görülmüş, 2020-ci ilin mart ayında cavabdehə təhvil verilmişdir. Lakin görülmüş işlərin dəyəri ödənilməmişdir.
11. Məhkəmənin 20 fevral 2020-ci il tarixli 06 nömrəli protokolu ilə əlaqədar suallarına qanuni təmsilçi göstərdi ki, həmin protokol üzrə Yeni Günəşli qəsəbəsində "xxxx" MTK-nın inşa etdiyi birinci binada avtomatik yanğın söndürmə, yanğın siqnalizasiyası və havalandırma sistemlərinin quraşdırılması razılaşdırılmış, işlərin ümumi dəyəri ƏDV xaric 26000 manat şərtləşdirilmişdir. Cavabdehin direktorunun xahişi ilə işlərin qiyməti maya dəyərində protokolda əks olunmuşdur. Razılaşdırılan işlərdən 19200 manat dəyərində iş görülərək xx.xx.2020-ci il tarixdə yekunlaşmış, vəsait ayrılmadığı üçün protokol üzrə iş tam görülə bilməmişdir. Adıçəkilən protokol üzrə 10000 manat məbləğində pul nağd qaydada avans formasında cavabdehin direktoru tərəfindən ödənilmişdir. 06 nömrəli protokol üzrə 9200 manat dəyərində görülmüş işin əvəzi isə ödənilməmişdir. Görülmüş işlərin əvəzi olaraq cavabdehin direktorunun MTK-nın inşa etdiyi binadan mənzil aldığı barədə məlumat eşitmişdir.
12. Məhkəmənin 19 may 2020-ci il tarixli 07 nömrəli protokolu haqqındakı suallarına cavab olaraq qanuni təmsilçi qeyd etdi ki, həmin protokol üzrə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişçi, "xxxx" MMC-nin baş podratçı kimi çıxış etdiyi “Yasamal” yaşayış kompleksində 32 və 33 saylı doqquz mərtəbəli yaşayış binalarının birinci mərtəbəsində yerləşən uşaq bağçası üçün ƏDV-siz 13000 manat dəyərində işlərin görülməsi razılaşdırılmış, 2020-ci ilin avqust ayında sonuncu iş görülmüşdür. Ümumilikdə 10474 manat dəyərində işlər görülmüş, vəsait ayrılmadığı üçün üç ədəd split kondisioner quraşdırılmamışdır.
13. Məhkəmənin 19 may 2020-ci il tarixli 08 nömrəli protokolla bağlı suallarına münasibətdə qanuni təmsilçi göstərdi ki, həmin protokol üzrə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişçi, "xxxx" MMC-nin baş podratçı kimi çıxış etdiyi “Yasamal” yaşayış kompleksində 6 saylı on iki mərtəbəli yaşayış binasında tüstüsorma sistemlərinin quraşdırılması razılaşdırılmışdır. İşlərin dəyəri ƏDV-siz 7500 manat şərtləşdirilsə də, 1000 manatlıq iş görülmüş, vəsait olmadığı üçün işlər davam etdirilməmişdir. İşlər 2020-ci ilin 6cı ayında yekunlaşdırılmışdır. 08 nömrəli protokol üzrə cavabdehin direktoru tərəfindən 3000 manat nağd ödənilmiş, 1000 manatlıq iş görüldüyündən 2000 manat artıq ödəmə yaranmış, iddia tələbində həmin məbləğ nəzərə alınmışdır.
14. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda qeyd etdi ki, cavabdehin nümayəndəsi hal-hazırda təhvil-qəbul aktları, “Forma-2”-lər tələb etsə də, dəyəri ödənilən elektron qaimələrin də əsaslandığı həmin qəbildən olan hər hansı akt mövcud deyildir.
15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən 4 xüsusi lisenziyaya malikdir və yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri sahəsində fəaliyyət göstərir. Bu mənada podrat müqavilələri üzrə görülməli işlərin bir qisminə iddiaçını subpodratçı kimi cəlb etmişdir. İddiaçı tərəfindən görülən bütün işlərin dəyəri ödənilmişdir. Lakin iddiaçı bəzi işləri yarımçıq saxlamış, cavabdeh də digər şəxslərlə müqavilələr bağlayaraq, özü icra edərək yarımçıq işləri tamamlamışdır. Eyni zamanda iddiaçı tərəfindən görülən bəzi işlər qüsurlu olmuş, buna rəğmən cavabdeh tərəfindən işlərin dəyəri tam ödənilmişdir. İddiaçı gördüyünü iddia etdiyi işlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki podrat müqaviləsi üzrə işlərin görülməsi izahatlarla deyil, təhvil-qəbul aktları, “Forma-2”-lərlə təsdiqlənir. Cavabdeh tərəfindən edilmiş bütün ödənişlər rəsmi qaydada – köçürmə yolu ilə edilmişdir. Sonuncu, nağd qaydada edilən heç bir ödənişi qəbul etmir.
16. Məhkəmənin elektron qaimə-fakturalarla bağlı suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, 16000 manat işlərin görülməsi üçün tərtib edilən EBBW 696296 seriya və nömrəli elektron qaimə dəfələrlə cavabdeh tərəfindən geri qaytarılmışdır. Lakin iddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iş saatından sonra həmin qaimə göndərilmiş, növbəti günlər də Qurban bayramı ilə bağlı qeyri-iş günləri olduğundan elektron qaimə-faktura sistem tərəfindən təsdiq edilmişdir. Digər qaimə isə (EBBV 972191) iddiaçının nümayəndəsi Anar Davudovun şəxsi xahişi əsasında təsdiqlənmişdir (sistem tərəfindən).
17. Məhkəmənin protokollarla bağlı suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili qeyd etdi ki, iddiaçı tərəfindən 2020-ci ilin yay aylarına qədər işlər görülmüşdür. 1-4-cü protokollar üzrə görülmüş işlərin dəyəri ödənilmiş, 5, 7 və 8-ci protokollar üzrə iddiaçı tərəfindən işlər görülməmişdir. 6-cı protokolda isə "xxxx" MTK tərəfindən inşa edilən binada işlərin görülməsi razılaşdırılmış, lakin sonuncu ilə cavabdeh arasında razılıq əldə olunmamış, hər hansı müqavilə bağlanmamışdır. Bu mənada iddiaçının cavabdehin subpodratçısı kimi həmin binada işlər görməsi mümkün deyildir.
III. Məhkəmə baxışının hədləri:
18. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Podrat müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
21. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli subpodrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh daxili yanğınsöndürmə sisteminin, avtomatik yanğınsöndürmə sisteminin, havalandırma sisteminin, tüstüsorma sisteminin, yanğın siqnalizasiya sisteminin quraşdırılmasını, bu işlərin həyata keçirilməsi üçün zəruri olan materialların tam təchizatını sifariş verərək iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada adı çəkilən işləri icra etməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 12 sentyabr 2019-cu il tarixli 01 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13 nömrəli uşaq bağçasının daxili yanğınsöndürmə sistemi üçün ƏDV xaric 5000 manat, 17 sentyabr 2019-cu il tarixli 02 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 13 nömrəli uşaq bağçasının havalandırma sistemi üçün ƏDV xaric 22779,5 manat, 06 dekabr 2019-cu il tarixli 03 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Pirallahı rayonu, "xxxx" zavodu üçün ƏDV xaric 70000 manat, 28 yanvar 2020-ci il tarixli 04 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yaşayış kompleksinin 6 saylı binasının 1-ci və 2-ci seksiyalarında havalandırma və tüstüsorma sistemi üçün ƏDV xaric 43000 manat, 29 yanvar 2020-ci il tarixli 05 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağça üçün ƏDV xaric 1054 manat, 20 fevral 2020-ci il tarixli 06 nömrəli protokol imzalanaraq “ünvan 1 ünvanlı yanğın siqnalizasiya sistemi, sulu söndürmə sistemi və avtodayanacaq havalandırma üçün ƏDV xaric 26000 manat, 19 may 2020-ci il tarixli 07 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yaşayış kompleksində uşaq bağçasının havalandırma sistemi üçün ƏDV xaric 13000 manat və 19 may 2020-ci il tarixli 08 nömrəli protokol imzalanaraq Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 6 saylı 12 mərtəbəli yaşayış binasının tüstüsorma sistemi üçün ƏDV xaric 7500 manat dəyərində işlərin görülməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən 01 və 02 nömrəli razılaşma protokolları üzrə görülmüş işlərin dəyəri tam ödənilmiş, 03 nömrəli protokol üzrə ƏDV xaric 37700 manat, 04 nömrəli protokol üzrə ƏDV xaric 27000 manat ödəniş edilmişdir.
22. İddiaçı ƏDV-siz 03 nömrəli protokol 32300 manat, 04 nömrəli protokol üzrə 16000 manat, 05 nömrəli protokol üzrə 1054 manat, 06 nömrəli protokol üzrə 9200 manat, 07 nömrəli protokol üzrə 10474 manat məbləğində borcun olduğunu, 08 nömrəli protokol üzrə 2000 manat artıq ödəniş nəzərə alınmaqla ümumilikdə 67028 manat məbləğində pulun tutulmasını tələb edir.
23. Cavabdeh iddiaya etiraz edərək, görülmüş işlərin dəyərinin ödənildiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.
24. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
26. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
27. Hazırkı mübahisə 2019-cu il tarixli MS41 nömrəli subpodrat müqaviləsindən əmələ gəlmişdir və həmin müqavilə podrat müqaviləsinin növü hesab olunduğundan bu münasibətlərə Mülki Məcəllənin 39-cu fəslinin (“podrat”) normaları tətbiq olunur. Belə ki, Mülki Məcəllənin 755-ci maddəsinə uyğun olaraq, müəyyən hallar istisna olmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır, podratçı və subpodratçı arasındakı münasibətlərə müvafiq qaydada və şərtlərlə (mutatis mutandis) sifarişçi və podratçı arasındakı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilir.
28. Bu mənada iddiaçının görülmüş işlər üçün muzdun ödənilməsi tələbinin hüquqi əsası qismində Mülki Məcəllənin 753.1-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
29. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli hal tərəflər arasında müvafiq protokollarla razılaşdırılan işlərin görülüb-görülməməsidir.
30. Mübahisəli 03 nömrəli protokol üzrə xx.xx.2019-cu il tarixli EBAE 261332 seriya və nömrəli elektron qaimə ƏDV xaric 32200 manat, xx.xx.2020-ci il tarixli EBAP 426871 seriya və nömrəli elektron qaimə ƏDV xaric 2500 manat, xx.xx.2020-ci il tarixli EBAQ 449632 seriya və nömrəli elektron qaimə ƏDV xaric 3000 manat olmaqla ümumilikdə 32300 manat dəyərində görülmüş iş üçün tərtib edilmiş, elektron qaiməfakturalar cavabdeh tərəfindən təsdiqlənmiş, həmin işlərin dəyəri köçürmə yolu ilə ödənilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda yerləşən "xxxx" zavodunda ƏDV xaric 22300 manat dəyərində görülmüş işlər üçün xx.xx.2022-ci il tarixdə EBBV 972191 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiq edilmiş və dəyəri ödənilməmişdir. Cavabdehin nümayəndəsi elektron qaimə-fakturanın sistem tərəfindən təsdiq edilməsini iddiaçının nümayəndəsinin xahişi ilə əlaqələndirmiş, Anar Davudov xahiş etdiyi üçün qaimənin təsdiqinə göz yumulduğunu bildirmiş, lakin həmin qaimənin alt sənədinin, yəni təsdiqedici sənədinin olmadığını vurğulamışdır.
31. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərar).
32. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi “Forma-2”-nin, təhvil-qəbul aktının olmamasına istinad edərək xx.xx.2022-ci il tarixli EBBV 972191 seriya və nömrəli elektron qaimənin mötəbərliyini şübhə altına almağa çalışsa da, tərəflərin işgüzar münasibətlərinə nəzər saldıqda işlərin görülməsinin təhvil alınması qismində yalnız elektron qaimələrin çıxış etdiyi aydın olur. Doğrudur, bütün protokollarda, o cümlədən 03 nömrəli protokolda yekun ödəmənin təhvil-təslim aktının tərtibindən sonra edildiyi şərtləşdirilsə də, tərəflər arasında hətta mübahisəsiz qəbul edilən 01 və 02 nömrəli protokolların dəyərinin də təhvil-təslim aktı tərtib edilməklə ödənildiyi iş materialları ilə təsdiq edilməmişdir. Belə olan halda, cavabdehin məhkəmə icraatında təhvil-təslim aktına, “Forma-2”-yə istinadı doğru olmamışdır. Belə ki, tərəflər arasında işgüzar münasibət görülmüş işlərə dair elektron qaimə əsasında, ona istinad etməklə ödənişlərin edilməsi istiqamətində formalaşmışdır.
33. Digər tərəfdən, cavabdehin nümayəndəsi adıçəkilən elektron qaimənin sistem tərəfindən təsdiqlənməsinin məqsədli olduğunu bildirmiş, bunu Anar Davudov xahişi ilə əlaqələndirmişdir. Halbuki kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Bu zaman kommersiya hüquqi şəxsinin görülməyən, gələcəkdə dəyərinin ödənilməsi öhdəliyi yaradacaq hüquqi faktı iradəli surətdə qəbul etməsi sonradan onun istisna edilməsi imkanını aradan qaldırır.
34. Üçüncü tərəfdən, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən 09 yanvar 2024-cü il tarixli R1/2024 nömrəli məktubla məhkəməyə daxil olan sonuncu ilə cavabdeh arasında bağlanan 05 dekabr 2019-cu il tarixli ATİS 774/19 nömrəli podrat müqaviləsinə 01 nömrəli protokoldan görünür ki, həmin protokolla razılaşdırılan işlər və 03 nömrəli protokolla razılaşdırılan işlər tamamilə eynilik təşkil edir və cavabdeh tərəfindən təqdim edilən 13 fevral 2020-ci il tarixli AT-001/20 və AT-002/20 nömrəli təhvil-təslim aktına əsasən avtomatik yanğın əleyhinə avtomatik xəbərvermə (siqnalizasiya) sistemi və sulusöndürmə (“sprinkler”) sistemi sonuncu tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Həmçinin məhkəmənin baxış iclasında şahid qismində dindirilən X3 da 2020-ci ilin fevral ayında iddiaçının işçisi kimi "xxxx" zavodunda tüstü detektorlarının bağlanılmasında iştirak etdiyini təsdiq etmişdir.
35. Qeyd olunanları, cavabdehin nümayəndəsinin iddiaçı tərəfindən razılaşdırılan işlərin 2020-ci ilin yay aylarına qədər görüldüyünü qeyd etdiyini və "xxxx" MMC-yə görülən və 03 nömrəli protokolla razılaşdırılan işlərin 13 fevral 2020-ci il tarixdə təhvil verildiyini nəzərə alan məhkəmə hesab edir ki, 03 nömrəli protokol iddiaçı tərəfindən tam icra edilmişdir.
36. Cavabdehin qüsurlu icra ilə bağlı arqumentlərinə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Başqa sözlə, cavabdeh icranın qüsurlu olması ilə bağlı ağlabatan müddətdə iddiaçıya hər hansı pretenziya irəli sürmədiyindən məhkəmə icraatında həmin hala istinad edə bilməz.
37. Cavabdehdən 03 nömrəli protokol üzrə tutulmalı məbləğlə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən X1 Sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmiş pretenziya məktubdan görünür ki, 14 iş günü müddətində (xx.xx.2022-ci il tarixədək) 03 nömrəli protokol üzrə məhz 22300 manat məbləğində pulun ödənilməsi tələb edilir. Digər tərəfdən, iddiaçının iddianın faktiki əsasının sübutu kimi təqdim etdiyi nümayəndələri arasında vatsap vasitəsilə aparılan danışıqlarda istinad edilən və məhkəməyə təqdim edilən 22 dekabr 2020-ci il tarixli birtərəfli olaraq tərtib edilmiş üzləşmə aktından 03 nömrəli protokol üzrə xx.xx.2020-ci il tarixdə 10000 manat nağd ödənişin edildiyi və 22300 manat borcun qaldığı görünür.
38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 03 nömrəli protokol üzrə iddiaçının dəyəri ödənilmiş 10000 manat həcmində işə də istinad etməsi əsassız olmuşdur. Bu səbəbdən 06 dekabr 2019-cu il tarixli 03 nömrəli protokol üzrə 22300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrində tutulmalıdır.
39. Mübahisəli 04 nömrəli protokol üzrə xx.xx.2020-ci il tarixli EBAF 576478 seriya və nömrəli elektron qaimə ƏDV xaric 12000 manat, xx.xx.2020-ci il tarixli EBAK 506161 seriya və nömrəli elektron qaimə ƏDV xaric 15000 manat ümumilikdə 27000 manat dəyərində görülmüş iş üçün tərtib edilmiş, elektron qaimə-fakturalar cavabdeh tərəfindən təsdiqlənmiş, həmin işlərin dəyəri köçürmə yolu ilə ödənilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yaşayış kompleksinin 6 saylı binasının 1-ci və 2-ci seksiyalarında ƏDV xaric 16000 manat dəyərində görülmüş işlər üçün xx.xx.2022-ci il tarixdə saat 18:08:38-də EBBW 696296 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, həmin qaimə sistem tərəfindən təsdiq edilmiş və dəyəri ödənilməmişdir. Cavabdehin nümayəndəsi elektron qaimə-fakturanın sistem tərəfindən təsdiq edilməsini qaimənin iş saatından sonra təsdiq edilməsi və növbəti günlərin Qurban bayramı ilə bağlı qeyri-iş günü olması ilə əlaqələndirmişdir.
40. “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 dekabr 2021-ci il tarixli 375 nömrəli Qərarının 1-ci bəndinə əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilmişdir.
41. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üstüstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
42. Məhkəmə 2022-ci ilin iyul ayının 9 və 10-nun şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alaraq qeyd edir ki, 2022-ci il iyul ayının 9-12-si qeyri-iş günləri olmuşdur.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
44. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə saat 18:08:38-də cavabdehə təqdim edilmiş EBBW 696296 seriya və nömrəli elektron qaimə üçün təsdiq tarixi cavabdehin qeyd etdiyi kimi qeyri-iş günlərində deyil, 13 iyul 2022-ci il tarixdə başa çatmışdır. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin elektron vergi-hesab fakturaları ilə bağlı yuxarıda adıçəkilən hüquqi mövqeyinə uyğun olaraq, tərəflər arasında subpodrat müqaviləsinin bağlandığını, elektron qaimənin predmetini təşkil edən işin dəyərinin müvafiq protokol ilə razılaşdırıldığını, tərəflər arasındakı işgüzar münasibətlərin “elektron qaimə-ödəniş” formasında inkişaf etdiyini nəzərə almalı olan cavabdeh adıçəkilən elektron qaimə sistem tərəfindən təsdiq edildikdən sonra onu mübahisələndirməmiş, iddiaçıya hər hansı pretenziya irəli sürməmişdir. Halbuki istinad edilən işlərin görülmədiyini iddia edən cavabdeh elektron qaiməyə dərhal etiraz etməli idi.
45. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən 05 mart 2024-cü il tarixli 0001 nömrəli məktubla məhkəməyə daxil olan sonuncu ilə cavabdeh arasında bağlanan 26 noyabr 2019-cu il tarixli ATİS 778/19 nömrəli podrat müqaviləsinə 01 nömrəli protokoldan görünür ki, həmin protokolla razılaşdırılan işlər və 04 nömrəli protokolla razılaşdırılan işlər tamamilə eynilik təşkil edir və cavabdeh tərəfindən təqdim edilən 05 may 2020-ci il tarixli AT-004/20 nömrəli təhvil-təslim aktına əsasən yanğın əleyhinə avtomatik sulusöndürmə (“sprinkler”) sistemi sonuncu tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.
46. Belə olan halda, məhkəmə yuxarıda qeyd edilənlərə (bax §31-33, 35-36) əsasən hesab edir ki, 28 yanvar 2020-ci il tarixli 04 nömrəli protokol üzrə 16000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrində tutulmalıdır.
47. Məhkəmə dəyəri tələb edilən 05, 06 və 07 nömrəli protokollarla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
48. İşdə iştirak edən şəxslər nəzərə almalıdır ki, mülki məhkəmə icraatında məhkəmənin səlahiyyətləri, prosessual statusu onun üçün obyektiv həqiqətin müəyyənləşdirilməsini qeyri-mümkün edir. Bu mənada məhkəmə icraatının həqiqəti müəyyənləşdirilməsi konstitusion vəzifəsi mülki məhkəmə icraatında “hüquqi həqiqət”in müəyyən edilməsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi göstərmişdir ki, ümumiyyətlə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərar).
49. Göstərilənlər onu deməyə əsas verir ki, müqavilədən irəli gələn münasibətlərdə tərəflər öhdəliyin icrası ilə bağlı hərəkətlərin lazımi qaydada rəsmiləşdirilməməsi, yazılı sənədlərin, o cümlədən təhvil-qəbul aktlarının tərtib olunmaması, ödənişlərin qeyri-rəsmi edilməsinin riskini daşıyırlar və bu zaman müvafiq sübutlarının olmaması səbəbindən obyektiv həqiqətin müəyyənləşdirilməsi məqsədilə sübutların toplanması və sübutetmə vəzifəsini məhkəməyə həvalə edə bilməzlər. Belə ki, tərəflər mülki məhkəmə icraatında hüquqi həqiqətin müəyyən olunduğunu nəzərə almalıdırlar.
50. İddiaçı tərəfindən X1 Sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmiş pretenziya məktubdan görünür ki, sonuncudan yalnız iki elektron qaimə üzrə ƏDV xaric 22300 manat və 16000 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Halbuki pretenziya məktubunun göndərildiyi xx.xx.2022-ci il tarixdə iddiaçının qanuni təmsilçisinin də istinad etdiyi kimi tərəflər arasında işgüzar münasibətlər 2 ilə yaxın idi ki, başa çatmışdı. Belə olan halda, iddiaçının yalnız iki elektron qaiməyə istinadının səbəbləri qeyri-müəyyən qalmışdır. Eyni qaydada digər görüldüyü iddia edilən işlər üçün elektron qaimənin göndərilməməsi səbəbləri də məhkəmə tədqiqatı zamanı müəyyənliyə qovuşmamışdır. Halbuki yuxarıda göstərildiyi kimi tərəflər arasındakı əvvəlki işgüzar münasibətlərin “elektron qaimə-ödəniş” formasında olduğu aşkardır.
51. Digər tərəfdən, 06 nömrəli protokol "xxxx" MMC-nin Yeni Günəşlidə inşa etdiyi birinci bina üçün tərtib olunsa da, məhkəmənin sorğusuna cavab olaraq sonuncu, cavabdehlə həmin protokoldakı işlərin görülməsi üçün danışıqların aparıldığını, razılığın əldə edilmədiyini və müqavilə imzalanmadığını bildirmişdir. Belə olan halda, həmin protokol əsasında iddiaçının cavabdehin subpodratçısı kimi "xxxx" MMC-də hər hansı işləri görməsi istisna olunur.
52. Həmçinin 05 nömrəli protokol üzrə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağça üçün 60 ədəd məfəzin, 1 ədəd vurucu ventilyatorun, 8 kv.m havalandırma kanalının, 1 ədəd əks klapanın və s. quraşdırılması nəzərdə tutulsa da, cavabdeh tərəfindən təqdim edilən 05 may 2020-ci il tarixli AT-008/20 nömrəli təhvil-təslim aktından yanğın əleyhinə daxili yanğın su kranlarının, 8 ədəd daxili yanğın su kranının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bağçada quraşdırılması ilə bağlı işlərin təhvil verildiyi görünür. Həmin işlərin görülməsi isə 05 nömrəli protokol üzrə öhdəliyin məzmununu təşkil etmir.
53. 07 nömrəli protokola gəldikdə isə göstərilməlidir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yaşayış kompleksində uşaq bağçasının havalandırma sistemi üçün işlərin görülməsi razılaşdırılmışdır. Qeyd edilən protokola nəzərə saldıqda həmin protokolla cavabdehlə X10 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa edilmiş 47 nömrəli 125 yerlik uşaq bağçası və körpələr evində havalandırma sisteminin quraşdırılması barədə 10 sentyabr 2020-ci il tarixli müqaviləyə 01 nömrəli protokolun eynilik təşkil etdiyi aydın olunur. Həmin işlər üzrə X10 tərəfindən elektron qaimənin isə xx.xx.2020-ci il tarixdə təqdim edildiyi görünür. Halbuki iddiaçı həmin işlərin 10474 manatlıq hissəsinin 2020-ci ilin avqust ayında görüldüyünü iddia edirdi. Digər tərəfdən, 47 nömrəli uşaq bağçası üzrə görülmüş işlər baş podratçıya 25 iyul 2022-ci il tarixdə təhvil verilmişdir ki, həmin tarixlərdə iddiaçı və cavabdeh arasında əməkdaşlığın pozulduğu işin mübahisəsiz halıdır. Bu isə həmin işlərin iddiaçı tərəfindən görülməsini istisna edirdi. Həmçinin məhkəmənin baxış iclasında şahid kimi dindirilən "xxxx" MMC-nin mübahisəli işlər görülərkən direktor müavini olan X4 təhvil-təslim aktlarının işlər yekunlaşdıqdan dərhal sonra imzalandığını, faktiki olaraq 2020-ci ildə təhvil verilib 2021-ci il tarixdə aktlaşdırılan işin olmadığını təsdiq etmişdir.
54. 05, 06 və 07 nömrəli protokollardakı işlərin görülməsinə dair təqdim edilən vatsap yazışmalarına isə qiymət verərək məhkəmə qeyd edir ki, X8 Davudov arasında aparılan danışıqlar sübut kimi çıxış edə bilsə də, X12 Cəfərov və mühasib arasında aparılan danışıqların Şövkət İbadullayevə göndərilən hissəsi əsasında həmin danışıqların məzmunu sübut oluna bilməz. Həmin sübut yalnız danışığın olub-olmamasının təsdiqi kimi çıxış edə bilər. Belə ki, cavabdehin mühasibi Hamlet adlı şəxs tərəfindən Anar Davudova göndərilən cədvəl sonuncu tərəfindən Şövkət İbadullayevə göndərildiyindən həmin cədvəldə dəyişikliyin edilməsi ehtimalı ağlabatandır (nə qədər ki cavabdeh həmin cədvəli qəbul etmir). Yalnız belə bir cədvəlin əldə edilmə mənbəyinə əsaslı şübhə olmadıqda ona sübut kimi istinad edilə bilərdi. Bu hal isə həmin cədvəlin birbaşa Hamlet adlı şəxsdən gəldiyi zaman mümkündür. Başqa sözlə, nə qədər ki X12 Cəfərov və mühasib arasında aparılan danışıqlar birinci mənbədən, yəni həmin şəxslərin hər hansı birinin mobil telefonundan əldə edilə bilmir, onlar mötəbər sübut kimi çıxış edə bilməz.
55. Beləliklə, məhkəmə hesab edir ki, 03 və 04 nömrəli protokollar üzrə işlərin görüldüyü təsdiq olunduğundan və iddiaçı tərəfindən 08 nömrəli protokol üzrə 2000 manat artıq ödəniş nəzərə alınmaqla iddia tələbi irəli sürüldüyündən 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli müqavilə üzrə 36300 (03 nömrəli protokol üzrə 22300 manat + 04 nömrəli protokol üzrə 16000 manat – 2000 manat) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Podrat müqaviləsi üzrə faizin tutulması tələbi ilə bağlı
56. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% ilə hesablanmaqla 6702,8 manat faiz borcunun da cavabdehdən tutulmasını xahiş edir.
57. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
58. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
59. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).
60. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
61. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
62. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
63. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
64. Lakin nə tərəflər arasında imzalanmış 12 sentyabr 2019-cu il tarixli MS41 nömrəli müqavilədə, nə də ona əlavə olan razılaşma protokollarında öhdəliyin icrası üçün təqvim günü şərtləşdirilmişdir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqini istisna edir.
65. İddiaçının xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubunu X1 Sistemi vasitəsilə çatdırmaqla xx.xx.2022-ci il tarixədək pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5% hesablamanın başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmaqla iddia ərizəsi verilən xx.xx.2024-cü il tarixə qədər 462 gün üçün həyata keçirilməlidir.
66. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 2297,34 manat (36300 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 462 gün (gecikdirilən gün sayı) təşkil edir.
67. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin olunmalı, 2297,34 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
68. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
69. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/6-0600 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 400 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənmişdir.
70. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
71. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
72. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
73. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
74. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
75. Beləliklə, iddianın qismən təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 216 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
76. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 36300 (otuz altı min üç yüz) manat əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 2297 (iki min iki yüz doxsan yeddi) manat 34 (otuz dörd) qəpik pul olmaqla ümumilikdə 38597 (otuz səkkiz min beş yüz doxsan yeddi) manat 34 (otuz dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 216 (iki yüz on altı) manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova