Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-452/2022 02.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “Vertico Service" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tərəflər arasında imzalanmış 03 saylı, 03 oktyabr 2018-ci il tarixli alqı-satqı və podrat müqaviləsinə əsasən cavabdehə ödənilmiş 6000 ABŞ dolları məbləğində əsas məbləğin, 900 ABŞ dolları məbləğində faiz borcu, 20000 manat məbləğində maddi ziyanın, mediasiya sesiyasında hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat, mediasiya xərci olaraq mediatora ödənilmiş 200 manat məbləğində pulun, məhkəmədə hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun, ümumilikdə 6900 ABŞ dolları məbləğinin ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 21200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 14.01.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən tərəflər arasında imzalanmış 03 saylı, 03 oktyabr 2018-ci il tarixli alqı-satqı və podrat müqaviləsinə əsasən cavabdehə ödənilmiş 6000 ABŞ dolları məbləğində əsas məbləğin, 900 ABŞ dolları məbləğində faiz borcu, 52000 manat məbləğində maddi ziyanın, mediasiya sesiyasında hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat, mediasiya xərci olaraq mediatora ödənilmiş 200 manat məbləğində pulun, məhkəmədə hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun, ümumilikdə 6900 ABŞ dolları məbləğinin ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və 53200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03 saylı, 03 oktyabr 2018ci il tarixli alqı-satqı və podrat müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Podratçı” bu müqavilədə müəyyən edilmiş smetaya uyğun olaraq və müqavilədə müəyyən edilmiş müddətə avadanlıqların (1 ədəd sərnişin liftinin quraşdırılması), onun quyusu və quyunun şüşələndirilməsi üzrə (quraşdırma işləri, çatdırılma, gömrük rüsumları) görülməsini, “Sifarişçi” isə həmin işləri qəbul etməsini və “Podratçı”ya müqavilə ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi qiyməti 20000 ABŞ dolları təşkil etmişdir. Müqavilənin qiyməti konstruktiv dəyişiklik üçün 1000 ABŞ dolları təşkil etmişdir. İddia ərizəsinə əlavə olunan qəbzlərdən müəyyən olunur ki, iddiaçı cavabdehə 26.10.2018-ci il tarixdə 1000 ABŞ dolları, 29.03.2019-cu il tarixdə 5000 ABŞ dolları pul vəsaiti ödəmişdir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 6000 ABŞ dolları ödənilməsinə baxmayaraq, cavabdeh müqavilənin tələblərinə uyğun olaraq, xidmət göstərməmiş, müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, sərnişin liftini quraşdırmamışdır. Bunun nəticəsində iddiaçı maddi ziyana uğramışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmədiyinə görə, iddiaçı digər şirkət ilə müqavilə bağlayaraq liftin quraşdırılmasını təmin etmiş və bunun nəticəsi olaraq bir sıra maliyyə xərcləri çəkmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nümayəndəsinin dedikləri ilə razıdır, belə ki, o, həm fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir, həm də "xxxx" MMC-nin direktorudur. Hazırkı müqaviləni fərdi sahibkar kimi bağlamışdır. Belə ki, tərəflər arasında müqavilə imzalanmış, həmin müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən cavabdehə ümumilikdə 6000 ABŞ dolları ödənilməsinə baxmayaraq müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir. Belə ki, ödənilmiş vəsaitin 1000 ABŞ dolları əvvəlki köhnə liftin sökülməsi, yeni liftin kabinəsinin quraşdırılması üçün ödənilmiş, qalan hissəsi yeni liftin sifarişi üçün ödənilmişdir. Lakin həmin işlər cavabdeh tərəfindən icra edilmədiyindən müqavilə bağlandıqdan təxminən 1 il sonra digər şirkətlə müqavilə bağlamış, həmin mehmanxanada digər şirkət tərəfindən yeni lift quraşdırılmışdır. Bunun nəticəsində ona 52000 manat ziyan dəymişdir. Əgər onun müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək və ödənişlər etmək niyyəti olmasaydı, yeni şirkətlə müqavilə bağlayıb daha artıq məbləğə razılaşmazdı. Hazırda ödədiyi vəsaitin geri qaytarılmasını və ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən dövri olaraq cavabdehə ödənişlər edilməli idi, lakin iddiaçı tərəfindən cəmi 6000 ABŞ dolları pul ödənilmiş, qalan vəsait ödənilmədiyi üçün liftin sifariş verilməsi və quraşdırılması mümkün olmamışdır. Bundan əlavə, həqiqətən ona köhnə liftin sökülməsi və yeni liftin quraşdırılması üçün 1000 ABŞ dolları ödənilmişdir, lakin həmin işlər tərəfindən icra edilmiş, köhnə lift sökülmüşdür. Həmin işlərin görülməsi cavabdeh şirkətin işçiləri tərəfindən deyil, digər usta və fəhlələr tərəfindən icra edilmişdir. Bundan əlavə, ona yenidən ödəniş edilmədiyi üçün yeni liftin quraşdırılması işlərini davam etdirməmişdir. Bundan əlavə, iddia ərizəsinin maddi ziyanın ödənilməsi hissəsində də əsassız hesab edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnamədən görünür ki, fiziki şəxs İddiaçı ********** saylı qeydiyyat nömrəsi ilə 28.06.2013-cü il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 03.10.2018-ci il tarixli alqı-satqı və podrat müqaviləsinə əsasən “Podratçı” bu Müqavilə ilə müəyyən edilmiş smetaya uyğun olaraq və Müqavilədə müəyyən edilmiş müddətə avadanlıqların (1 ədəd sərnişin liftinin quraşdırılması), onun quyusu və quyunun şüşələndirilməsi üzrə (quraşdırılma işləri, çatdırılma, gömrük rüsumları) görülməsini, “Sifarişçi” isə həmin işləri qəbul etməsini və “Podratçı”ya Müqavilə ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürürlər. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin ümumi qiyməti 20000 ABŞ dolları təşkil edir. Konstruktiv dəyişiklik üçün ödəniş 1000 ABŞ dolları təşkil edir. İlk ödəniş liftin sifarişi üçün 5000 ABŞ dolları təşkil edir. İkinci ödəniş lift kabinasının hazırlanması üçün 5000 ABŞ dolları təşkil edir. Üçüncü ödəniş lift avadanlığının fabrikadan çıxarılması üçün 3000 ABŞ dolları təşkil edir. Dördüncü ödəniş 3000 ABŞ dolları təşkil edir və 30.06.2019cu il tarixində ödənilməlidir. Beşinci ödəniş 3000 ABŞ dolları təşkil edir və 30.07.2019-cu il tarixində ödənilməlidir. Ödəmə nağd şəkildə həyata keçirilir. Müqavilənin 4-cü bəndinə əsasən işlərini müəyyən olunmuş müddət çərçivəsində icra etmək; işlərin təhvil verilməsinə dair təhvil-təslim aktı vermək; bu müqavilədə nəzərdə tutulan bütün öhdəlikləri vaxtında və müqavilənin şərtlərinə uyğun icra etmək podratçının öhdəlikləridir. Müqavilənin 5-ci bəndinə əsasən Sifarişçi müqavilənin şərtlərinə uyğun olaraq müqavilə qiymətini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. 26.10.2018-ci il tarixli 0047 saylı hesab-fakturaya əsasən 1700 manat, 29.03.2019cu il tarixli ödəniş qəbzinə əsasən 5000 ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 03 saylı, 03 oktyabr 2018-ci il tarixli alqı-satqı və podrat müqaviləsinə üzrə yaranmış 6000 ABŞ dolları məbləğində dəymiş maddi ziyanın və əldən çıxmış fayda olaraq 5000 ABŞ dolları məbləğində pulun 05 iş günü müddətində ödəməsini tələb etmiş, əks təqdirdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 10 noyabr 2021-ci il tarixli MŞİH-05672 nömrəli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən toplanmış materiallardan görünür ki, 28.01.2020-ci il tarixində İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 03.10.2018-ci il tarixdə alqı-satqı və podrat müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 6000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin nümayəndəsi ayrı-ayrılıqda həmin vəsaitdən 1000 ABŞ dolları məbləğində pulun köhnə liftin sökülməsi və yeni liftin kabinəsinin hazırlanması üçün ödənildiyini, müqavilədə konstruktiv dəyişiklik ifadəsinin də məhz həmin işlərin görülməsini ehtiva etdiyini, qalan 5000 ABŞ dolları məbləğində vəsaitin isə yeni liftin sifariş verilməsi ilə bağlı ödənildiyini bildirmişlər. İddiaçı iddia ərizəsində, habelə məhkəmə iclasında həmin işlərin cavabdeh tərəfindən icra edilmədiyini, yalnız köhnə liftin qapılarının söküldüyünü, habelə yeni liftin sifariş verilmədiyini bildirmişdir. Cavabdeh iddiaya etiraz edərək köhnə liftin söküldüyünü, yeni liftin kabinəsinin hazırlandığını, habelə yeni liftin sifariş edildiyini bildirmişdir. Bu halda, həmin işlərin görülməsini, yeni liftin sifariş verildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi hallara dair MPM-nin 77.1-ci maddəsinin tələblərinə uyğun əsaslı şübhədən kənar sübutlar təqdim edə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin 03.10.2018-ci il tarixli müqavilə üzrə öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya podrat müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı və podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi ödənilmiş 6000 ABŞ dolları məbləğində pulun geri qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 900 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi də tələb edilir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddiaçı iddia tələbində cavabdehdən 900 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 900 ABŞ dolları pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Bununla yanaşı, iddia ərizəsində iddiaçı cavabdehdən ona dəymiş ziyanın əvəzi olaraq 52000 manat maddi ziyanın ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, iddia ərizəsində ilkin olaraq liftin vaxtında quraşdırılmaması səbəbindən mehmanxanaya qonaqların gəlməsinin ləngiməsi nəticəsində iddiaçıya 20000 manat ziyanın vurulması göstərilmiş, daha sonra iddia ərizəsi dəqiqləşdirilərək yeni liftin quraşdırılmasının digər şirkətə həvalə edilməsi nəticəsində 52000 manat vəsait ödənildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iddiaçı tərəfindən bununla əlaqədar təqdim edilmiş 13.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi və əlavə edilmiş sənədlərdən görünür ki, icraçı, yəni “X1” MMC tərəfindən 1 ədəd 5 mərtəbəli sərnişin liftinin quraşdırılması ilə əlaqədar işlərin görülməsi üçün sifarişçi, yəni "xxxx" MMC (VÖEN” **********) tərəfindən 52000 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi, iddiaçı yeni liftin quraşdırılması ilə əlaqədar olaraq 52000 manat məbləğində vəsait ödədiyini bildirsə də, həmin liftin iddiaçı tərəfindən deyil, "xxxx" MMC (VÖEN” **********) tərəfindən sifariş verildiyi, həmin vəsaitin də "xxxx" MMC (direktor İddiaçı) tərəfindən ödənildiyi təqdim edilmiş müqavilələr və hesabdan çıxarışlarla da təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Bundan başqa iddia ərizəsində vəkilin göstərdiyi hüquqi yardıma görə ümumilikdə 1000 manat xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddiaçı ilə Vəkil arasında bağlanılmış 11.11.2021-ci il tarixli, 1071 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və ona əlavə olunan 12455 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Vəkil 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6000 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 500 (beş yüz) manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 6000 (altı min) ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 500 (beş yüz) manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-452/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-452/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver