Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-453/2021 02.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı (MMC) “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2020-ci il tarixli, BM/SM-S-20-88 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 1-ci fazanı təşkil edən yerinə yetirilmiş “Konseptual dizaynın hazırlanması” işlərinə görə ƏDV daxil 141989,40 manat, bu ödənişin gecikdirilməsinə görə 9889,88 manat cərimənin, müvəqqəti virtual server icarəyə götürülməsi ilə əlaqədar çəkilmiş ƏDV daxil 4602 manat zərərin əvəzinin, mütəxəssislərin 2-ci faza üzrə işlərinin haqqının ödənilməsi ilə əlaqədar 28611 manat məbləğində çəkilməli olan zərərin əvəzinin, 30 manat dövlət rüsumunun, ümumilikdə 185122,28 manat məbləğində pul vəsaitinin “xxxx” QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx” QSC arasında xx xxxxxx 2020-ci il tarixli, BM/SM-S-20-88 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC müqavilənin xüsusi şərtlərinin qoşmalarında qeyd edilən xidmət xüsusiyyətlərinə uyğun olaraq SAP proqram təminatının qurulması üzrə xidmətləri göstərməyi, “xxxx” QSC isə onun dəyərini ödəməyi və xidmət nəticələrini qəbul etməyi öhdəsinə götürmüşdür. SAP proqramı beynəlxalq proqram olmaqla müəssisələrin maliyyə, istehsal, anbar və s. kimi daxili proseslərinin idarəetməsinin avtomatlaşdırılmasına xidmət edir. Xidmətlərin ümumi dəyəri 473298 manat (ƏDV daxil) təşkil etmiş, satınalma müqaviləsi üzrə ödəmələrin satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilməsi fazalara bölünməklə mərhələli şəkildə razılaşdırılmışdır. “Konseptual dizaynın hazırlanması” işlərin 1-ci fazasını təşkil etmiş və bu işlərə görə xidmətlərin ümumi dəyərinin ƏDV daxil 141989,40 manat hissəsinin ödənilməsi şərtləşdirilmişdir. Cavabdeh tərəfdən layihəyə əməkdaşları Hüseyn Quliyev, Faiq Əhmədov, Namiq Yusubov, Eldar Rzayev, Bərxudar Bərxudarlı, Sevinc Alıyeva və qeyriləri, o cümlədən cavadehin təchizatçısı “xxxx” MMC-nin təmsilçisi Anar Əliyev cəlb edilmişdir. İddiaçının geniş heyətdə təmsilçilərinə cavadehin ərazisinə giriş icazələri verilmiş, müvafiq buraxılış vərəqələri təqdim edilmişdir. Tərəflərin nümayəndələrinin iştirakı ilə geniş toplantılar nəticəsində layihənin əhatə həcmini ehtiva edən konseptual dizayn müzakirə edilmiş, ilkin qeydlər yazılı şəkildə tərəflər arasında elektron poçt vasitəsi ilə mübadilə edilmiş və bundan sonra iddiaçı tərəfindən konseptual dizaynın ilkin redaksiyada nüsxələri hazırlanmış və yenə də elektron poçt vasitəsi ilə mübadilə edilmiş, fikir, rəy və düzəlişlər alınmış, yekun mətnlər razılaşdırılmışdır. Beləliklə, “Konseptual dizaynın hazırlanması” işləri iddiaçı tərəfindən tam yerinə yetirilmiş, konseptual dizayn tam hazırlanaraq 3 sənəd şəklində (“Fİ/CO Maliyyə nəzarəti/Nəzarət” X1, “PM Texniki Xidmət və Təmir” X1 və “MM Materialların İdarə edilməsi” X1) cavabdehin adları yuxarıda qeyd edilmiş 6 nəfər məsul işçisindən ibarət layihə qrupu üzvləri tərəfindən xx.xx.2020-ci il tarixində təsdiqlənmişdir. Bununla da müqavilə üzrə “Konseptual dizaynın hazırlanması” fazası iddiaçı tərəfindən bitirilmiş, xidmətin nəticələri cavabdehə təhvil verilmişdir. İcra edilmiş 1-ci faza üzrə işlərin dəyərinin ödənilməsi barədə çoxsaylı şifahi və yazılı elektron poçtla edilən müraciətlər nəticəsiz qalmış, 1-ci faza üzrə ƏDV daxil 141989,40 manat ödəniş cavabdeh tərəfindən təmin edilməmişdir. 1-ci fazanın yekunlaşmasından sonra müqavilə üzrə 2-ci “Standard proqram modullarının istifadəçilərə təqdim edilməsi və onların ehtiyaclarına uyğun modulların təkmilləşdirilməsi” fazasına keçilməsi üçün müvafiq texniki xüsusiyyətlərə malik olan serverin və bağlantının təmin edilməsi cavabdeh tərəfindən təmin edilməli idi. Serverin və bağlantının təmin edilməsi üçün çoxsaylı şifahi və yazılı elektron poçtla edilən müraciətlərə baxmayaraq nə cavadeh, nə də ki, onun təchizatçısı “Bakinity” şirkətinin təmsilçiləri lazımi texniki xüsusiyyətlərə malik serveri onların istifadəsinə verməmiş, müvvəqqəti serverin cavabdeh tərəfindən icarəyə götürülməsi təklifi də müsbət həllini tapmamışdır. 1-ci fazanın ödənişinin edilməməsinə baxmayaraq, layihə üzrə işlərin yubanmaması məqsədi ilə iddiaçı tərəfindən xx xxxx 2020ci il tarixdə müvəqqəti virtual server icarəyə götürülmüş, bu xidmətlə bağlı ƏDV daxil 4602 manat ödənilmiş və bununla bağlı cavadehin əməkdaşlarına və onun təchizatçısı “Bakinity” şirkətinin təmsilçilərinə rəsmi elektron məktub yazılmışdır. Müqavilə üzrə 2-ci fazanı “Standard proqram modullarının istifadəçilərə təqdim edilməsi və onların ehtiyaclarına uyğun modulların təkmilləşdirilməsi” təşkil etmiş və bu işlərə görə xidmətlərin ümumi dəyərinin ƏDV daxil 165654,30 manat hissəsinin ödənilməsi şərtləşdirilmişdir. 1-ci faza üzrə ödənişin edilməməsinə və ümumən koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasından irəli gələn çətinliklərə baxmayaraq iddiaçı tərəfindən layihənin 2-ci fazasını təşkil edən işlər icra edilməyə başlanılmış, məsləhətçilər işlərini davam etdirmiş, hər iki tərəfin layihə qruplarının iştirakı ilə çoxsaylı toplantılar keçirilmişdir. Belə ki, xx xxxxx 2020, xx xxxxx 2020, xx xxxxx 2020, xx xxxxx 2020, xx xxxxx 2020, xx xxxxx 2020, xx xxxxx 2020-ci il tarixlərdə keçirilmiş toplantılar iddiaçı tərəfindən, xx xxxxx 2020-ci il tarixdə keçirilən toplantı isə cavabdeh tərəfindən sənədləşdirilmiş və elektron poçtla layihə iştirakçılarına göndərilmişdir. Toplantılarda və toplantı arası dövrlərdə layihə üzrə işlər normal davam etmiş, layihənin əhatə dairəsini göstərən konseptual dizayn ilə bağlı hər-hansı bir irad irəli sürülməmiş, əksinə cavabdehin üzərində olan vəzifələrin icrasında müəyyən çətinliklər olmuşdur. Belə ki, 1-ci fazaya görə ödəniş edilməsi və iddiaçının hesabına müvəqqəti icarəyə götürülmüş virtual serverin əvəzinə cavabdeh tərəfindən lazımi texniki xüsusiyyətli serverin nəhayət ki, təqdim edilməsi məsələləri barədə rəsmi elektron poçtla layihə iştirakçılarına məlumat göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. xx xxxxx 2020-ci il tarixdə cavabdehin rəhbərliyi ilə telefon danışığı aparmaq cəhdi də uğursuz alınmışdır. İddiaçı əlavə olaraq mütəxəssislərinə 2-ci faza üzrə xidmət haqqının ödənilməsi üzrə 28611 manat borclanmışdır. Aprel ayında 2-ci faza üzrə xidmətlərin göstərilməsindən sonra serverin yenə də təqdim edilməməsi və ən əsası 1-ci faza üzrə xidmət haqqının ödənilməməsi may ayında xidmətlərin göstərilməsinə öz mənfi təsirini göstərmiş, 1-ci fazaya görə ödəniş edilməsi və serverin təqdim edilməsi məsələləri barədə təkrar rəsmi elektron poçtla müraciət bu dəfə də heç bir müsbət nəticə verməmişdir. May ayının sonunda 1-ci fazaya görə ödəniş edilməsi və serverin təqdim edilməsi ilə bağlı elektron poçt yazışmalarına reaksiya verməyən cavabdeh xx xxx 2020-ci il tarixli məktubla iddiaçıya qarşı tələblərini irəli sürmüşdür. Məktuba cavab olaraq iddiaçı xx xxx 2020-ci il tarixli məktubla cavabdehin tələblərinə bənd-bənd və ətraflı əsaslandırılmış cavab vermiş, konseptual dizaynla layihənin əhatə dairəsində daxil olmasa da demək olar ki, bütün tələblərin təmin ediləcəyini bildirmişdir. Əlavə olaraq məktubda cavabdehin öz öhdəliklərini, o cümlədən xidmət haqqı üzrə ödəniş öhdəliyini icra etməsi halında ən geci 3 ay ərzində layihəni bitirməyin mümükünlüyü bildirilmişdir. 27. Bundan sonra cavabdehin təmsilçiləri ilə xx xxx 2020-ci il tarixdə toplantı keçirməklə mövcud vəziyyətin həll edilməsi üzrə çıxış yolunun tapılması cəhdi də uğursuz olmuşdur. Cavabdehin yeni, xx xxxx 2020-ci il tarixli məktubu ilə əvvəlki xx xxx 2020-ci il tarixli məktubla iddiaçıya qarşı irəli sürülmüş tələblərin əksər hissəsinin təmin edilməsi müsbət qiymətləndirilsə də, çoxsaylı elektron poçt məktublarında və xx xxx 2020-ci il tarixli məktubda qaldırılmış məsələlərin üzərindən yenə də sükutla keçilmişdir. xx xxxx 2020-ci il tarixli məktubumda növbəti mərhələlərə keçmək üçün yeni layihə planını birlikdə müzakirə edərək yeni tarixləri müəyyənləşdirməyi təklif edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öz üzərinə düşən vəzifələri icra etmək üçün səy göstərmək əvəzinə xx xxxx 2020-ci il tarixli məktubla müqaviləni birtərəfli ləğv etmişdir. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixli pretenziya ilə cavabdehə müraciət edilsə də, sonuncunun xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə bunun mümkünsüzlüyü məlum olmuşdur. Cavabdeh müqavilə öhdəliklərini icra etməmişdir, onun müqaviləyə xitam verməsi hüquqdan sui-istifadədir və bütün bunlərın nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. İddiaçı müqavilə üzrə 1-ci fazada nəzərdə tutulmuş işləri yerinə yetirmiş, konseptual dizayn sənədlərini cavabdehə təhvil vermiş, bununlada müqavilə öhdəlilklərini icra etmişdir. 1-ci faza üzrə konseptual dizaynın hazırlanmasında cavabdehin məsul əməkdaşları iştirak etmiş, bu mərhələnin icrasına və nəticəsinə görə cavabdehlik daşımış və müvafiq hesabatlar təsdiq edilmişdir və bu əsasla görülmüş işlərin dəyəri cavabdeh tərəfindən ödənilməlidir. İşlər icra edilərək hesabatlar şəklində maddi olaraq cavabdehə təqdim edildiyindən və bu işlərin 1-ci fazasını təşkil etməklə, həmin işlərə mütənasib olan ƏDV daxil 141989,40 manat xidmət haqqı cavabdeh tərəfindən müqavilə xitam verildikdən sonra belə ödənilməlidir. Müqaviləyə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsinin xüsusi şərtləri ilə müəyyən olunmuş məbləğdə faiz hesablanır, sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Həmçinin, müqavilənin xüsusi şərtlərinə əsasən: fors major hallar istisna olmaqla, sifarişçi müqavilə ilə müəyyən olunmuş qaydada və ya müddətdə öz öhdəliklərini yerinə yetirmədikdə icraçı yerinə yetirilməyən öhdəliklərin hər günü üçün müqavilənin ümumi dəyərinin 0.01% məbləğində cərimə tətbiq edə bilər, sifarişçi və icraçı tərəfindən tətbiq edilən cərimə sanksiyaları məbləğinin yuxarı həddi müqavilənin ümumi dəyərinin 10 %-dən çox olmamalıdır. İddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdehə dəfələrlə pulun ödənilməsi ilə bağlı müraciət olunmuş, elektron poçt vasitəsilə akt və invoice göndərilmişdir. Müqavilədə nəzərdə tutulmuşdur ki, faza yekunlaşdıqca, təhvil-təslim aktlarına əsasən ödənişlər həyata keçiriləcəkdir. Avadanlığın icarəyə götürülməsi ilə bağlı tərəflər arasında razılaşma olmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1 saylı Qoşmasına əsasən layihə üçün tələb olunan avadanlıq və infrastruktur sifarişçi tərəfindən təmin ediləcəkdir. Lakin, cavabdeh avadanlığın təqdim etməmiş, işlərin görülməsi üçün mühit yaratmadığından, avadanlıq icarəyə götürülmüşdür. İşlərin görülməsi üçün cavabdehə email vasitəsilə müraciət edilmiş və xahiş olunmuşdur ki, iş üçün mühit yaratsın. İyunun 4-cü həftəsində işlər bitməli idi. Lakin hətta mart ayında cavabdeh tərəfindən mühit təmin edilməmişdir. Program təminatı üzrə hansı işlərin görülməsi barədə sənədlər, email-lar mövcuddur. X2 ilə bağlı elektron poçt yazışmaları var, layihələr emailvasitəsilə razılaşdırılmış, işlər bu qaydada görülmüşdür. X2 3 tərkib hissədən ibarətdir. Həmin sənədlərin birinci səhifəsində qarşı tərəfin lahiyə qrupunun işçilərinin (6 nəfər) imzası var və onlar öz imzaları ilə həmin işin təhvil almasını təsdiq etmişlər. İşin predmeti üzrə sonradan mübahisə düşməməsinə görə vaxt istənilmişdir. Tərəflər arasında işin görülmə planı razılaşdırılmış, işin görülməsi üçün avadanlıqla təmin edilməsi xahiş edilmişdir, lakin cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir, sonradan lazımi avadanlıq tərəfimizdən icarəyə götürülmüş və işlərin görülməsinə başlanılmışdır. Cavabdehə müraciət olunanda cavabdeh nə birinci faza üzrə pul ödəmiş, nə avadanlığın icarəyə götürülməsi ilə bağlı haqq ödəmişdir. Bundan başqa, cavabdeh konseptual dizayn üzrə razılaşdırılmış işlərdən əlavə işlərin görülməsini təklif olunmuş, bu təklifə etiraz edilməmişdir. 1-ci faza üzrə işlər təqdim edildikdən xeyli sonra birdən birə may ayında cavabdeh tərəfindən iddiaçıya irad bildirilmişdir. Həmin iradların nəzərə alınacağı cavabdehə bildirilmişdir. xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixlərində, serverin təqdim olunması üçün cavabdehə müraciət edilmiş, cavabdehin səlahiyyətli nümayəndəsi cavab vermişdir ki, bizim sistemə uyğun server onlarda mövcud deyildir. X2ni məsul şəxslər imzaladıqdan sonra bir nüsxəsi cavabdehə verlmiş, digər nüsxəsi iddiaçıda qalmişdir. Həmçinin, işlərin görülməsinə başlanılmışdır. Qarşı tərəfin lahiyə qrupunun üzvləri tərəfindən X2 imzalanmışdır. Bundan başqa bu layihələr elektron poçt vasitəsilə cavabdehin işçi qrupuna göndərilmiş, onların razılıqları alınmışdır. Təhvil-təslim aktının imzalanmasından cavabdeh imtina etməmişdir, ümumiyyətlə hər hansı hərəkət etməmişdir. Bu isə o demək deyildir ki, görülən işlərin əvəzi ödənilməməlidir. Konseptual dizayn sənədləri müxtəlif mərhələlərdə cavabdehin lahiyə qrupunun işçilərinə göndərilmiş, onlarla müzakirə edilmiş, sonradan son variant təsdiq edilmişdir. Bu sənəd mübadiləsi email vasitəsilə aparılmışdır. E-mail vasitəsilə aparılan yazışma “yazılı yazışma” kimi qəbul edilməlidir. Bundan sonra 3 ədəd hesabat cavabdehin layihə işçilərinə təqdim edilmiş, onlar tərəfindən imzalanmışdır. Hesab edirəm ki, müqavilənin 11.1-ci maddənin tələblərinə tam riayət edilmişdir. Bundan sonra təhvil-təslim aktının lahiyəsi, invoice və elektron qaimə poçt vasitəsilə cavabdehə göndərilmişdir. Cavabdehin maliyyə müdiri Şahin adlı şəxsə də sms vasitəsilə müraciət edilmişdir. Lahiyənin işçi qrupu səlahiyyətli şəxslərdir. Cavabdeh tərəfindən bu lahiyə çərçivəsində onlara səlahiyyət verilmişdir ki, onlar yazışmalar aparsın, lahiyəni müzakirə etsin, işi təhvil alsın. 1-ci faza fevral ayının əvvəllərində təhvil verilməli idi. Lakin, müqavilə planlaşdırıldığından daha gec, yəni 20 fevral tarixində bağlandığına görə, işlərin təhvili mart ayının əvvəlinə razılaşdırılmışdır. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı icrası başa çatdırılmayan, nə zaman və hansı şəraitdə cavabdehə təhvil verildiyi məlum olmayan 1-ci faza - Konseptual dizaynın hazırlanması üçün ödəniş tələb etməyə, cavabdehi ona aid olmayan öhdəliklər ilə yüklü etməyə səy göstərmişdir. İcraçının özünün təqdim etdiyi 1 saylı Razılaşma Protokoluna 2 saylı Qoşmanın “Faza 1 – Konseptual Dizaynın hazırlanması” adlı bölməsində müvafiq mərhələ zamanı həyata keçiriləcək əsas fəaliyyət və istehsal ediləcək əsas nəticələr aydın şəkildə qeyd olunmuşdur: İş prosesinin siyahısının sənədləşməsi, əsas məlumatları təsdiq edən sənəd, inkişaf siyahısının yaradılması, X2, layihə detallı planının tamamlanması, texniki qurğular. Lakin icraçı tərəfindən göstərilənləri ehtiva edən dizayn tam, qüsursuz, beynəlxalq standartlara və tərəflər atasında bağlanmış müqavilədə nəzərdə tutulmuş qaydada icra edilərək, sifarişçiyə təhvil verilməmişdir. İcraçı müqavilə şərtlərinə uyğun şəkildə müqavilənin xüsusi şərtlərində göstərilən xidmətlərin təhvil verilməsi öhdəliyi daşımasına baxmayaraq həmin öhdəliyi yerinə yetirməmişdir. İcraçı həm də aşkar olunan qüsurları aradan qaldırmaq barədə təminata əməl etməmiş, sifarişçinin qeyd etdiyi çatışmazlığı aradan qaldırmaq üçün heç bir hərəkət etməmişdir. İcraçı Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilədə göstərilən bütün öhdəlikləri yerinə yetirməli və işləri və xidmətləri Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməli idi. Müqavilənin Xüsusi Şərtlərinin 4cü maddəsinin 3-cü bəndinə əsasən, sifarişçi ödənişləri hər faza icra olunduqdan və Təhvil-təslim aktı imzalandıqdan sonra köçürmə yolu ilə 10 (on) bank günü ərzində həyata keçirməlidir – qaydası müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, icraçı 1-ci fazanın icrasını başa çatdırmaqla yuxarıda qeyd olunmuş nəticələri hazırlamalı, təhvil-təslim aktına əsasən sifarişçiyə təhvil verməli və sifarişçi tərəfindən qəbul edildikdən sonra müqavilədə qeyd olunan müddət ərzində ödəniş həyata keçirilməli idi. Lakin iddiaçı tapşırığın mahiyyətini tam anlamadan, öhdəliyinə aid olan işlərin icra edilməsini yekunlaşdırmadan və tərəflər arasında təhvil-təslim aktı imzalanmadığı halda, təhvil-təslim aktının imzalanmasına dair müqavilə tələbini ciddi şəkildə ört-basdır edərək sifarişçidən əsassız pul tələb etmək və işi davam etdirməkdən yayınmaq niyyəti ilə hərəkət etmişdir. İcraçı tərəfindən görülmüş işlər təhvil-təslim aktına əsasən sifarişçiyə təhvil verilmədiyindən, ödəniş tələbi və ödəniş edilməməsinə görə cərimə tətbiq olunması əsassızdır. Nə müqavilədə, nə də ona əlavə olunan sənədlərdə server və bağlantının sifarişçi tərəfindən təmin edilməsi öhdəliyi müəyyən olunmamış, bununla bağlı tərəflər arasında hər hansı razılaşma olmamışdır. Müqavilənin 22.1-ci bəndinə görə, müqavilə üzrə sənədləşdirmə yazılı şəkildə aparılmalı, qəbul edən tərəf müvafiq sənədlərin alınmasını təsdiqləməli idi. Göndərilən sənədlər digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir. Müqavilə üzrə 1-ci fazanın icrası ilə bağlı sifarişçinin iddiaçıya ünvanladığı xx xxx 2020-ci il tarixli, 40N-10/3-473 nömrəli məktubla sifarişçi SAP proqram təminatının metropoliten tərəfindən təqdim olunan texniki tapşırığa uyğun tətbiq olunması ilə əlaqədar iddiaçı tərəfindən yol verilən uyğunsuzluqlara, çatışmazlıqlara dair iradlar bildirirək, mövqeyini açıq şəkildə ifadə etmişdir. Cavabdeh SAP proqram təminatının “xxxx” QSC-də tətbiqi yalnız məktubda qeyd olunan məsələlər həll olunduqdan sonra mümkün olacağı barədə rəsmi xəbərdarlıq etmiş, iradların aradan qaldırılması və nəticəsi barəsində rəsmi cavab verilməsini xahiş etmişdir. Cavabdehin məktubuna xx xxx 2020-ci il tarixli cavabında iddiaçı layihəni uğurla başa çatdırmağa çalışdığını, hətta öz hesabına 3 aylığa server icarəyə götürdüyünü, qaldırılan məsələlərin 2020-ci ilin 02, 03, 04, 07 və 29 aprel toplantılarında müzakirə olunduğunu, hər bir addımın görüşüb dəqiqləşdirilməsi şərtilə layihənin ən geci 3 ay ərzində başa çatdırıla bilinəcəyini göstərmişdir. Cavabdehin göstərilən hüquqauyğun davranışa baxmayaraq, iddiaçı həmin məktubda qeyd olunanları nəzərə almamış, məktuba müqavilə şərtlərinə müvafiq olaraq cavab verməmiş, tapşırıqların icrasına və iradların aradan qaldırılmasına başlamamışdır. Cavabdehin xx xxxx 2020-ci il tarixli məktubuna iddiaçı xx xxxx 2020-ci il tarixli cavabında cavabdehin “texniki şərtlər və istəklərinin bizim növbəti mərhələlərdə artıq nəzərə alınıb və icra ediləcək” — kimi anlaşılmaz bir cavab verməklə yenə də əlavə 3 ay vaxt istəmişdir. Halbuki, icraçı zəmanət vermişdi ki, onun gördüyü işlər qanunvericilik və “SAP” keyfiyyət standartlarına, həmçinin digər beynəlxalq standartlara uyğun olacaqdır. İşin mərhələlərə ayrılması, onun ayrı-ayrılıqda müstəqil təyinata malik olması kimi anlaşıla və qəbul oluna bilməz. Belə yanaşma işin gedişatını müşahidə etmək, onun normal aparıldığına əmin olmaq üçün şərti xarakterə malik olmuşdur və müqavilə müddəaları da bu məqsədə müvafiq olaraq müəyyən edilmişdir. İş bütövlükdə və tam olaraq təyinata malik olmuşdur və yalnız belə nəticə sifarişçi üçün məna və əhəmiyyət kəsb etmişdir. Cavabdeh üçün iddiaçının qüsurların və iradların aradan qaldırılmadığı tam şəkildə aydın olduğundan, müqavilənin icra olunacağına inam itdiyindən və artıq icraçının xidmətinə heç bir maraq qalmadığından və xəbərdarlıq müddətindən 30 gündən çox vaxt keçdiyindən və pozuntuların aradan qaldırılmasına heç bir təminat olmadığından cavabdeh xx xxxx 2020ci il tarixli məktubu ilə müqaviləni bütövlükdə ləğv etdiyini iddiaçıya bildirmişdir. Müqavilənin “Müqavilənin icrası” adlanan 7.3-cü bəndində müəyyən olunmuşdur ki, sifarişçinin razılığı olmadan müqavilənin icra müddəti dəyişdirilə bilməz, əks halda icraçı müqavilədə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı müqavilənin istinad olunan maddəsinin də tələbini kobud şəkildə pozmuş, öz mülahizələrinə görə hərəkət edərək, müqavilənin icrası üçün razılaşdırılmış müddətlərdən kənara çıxmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - İddiaçı MMC ilə “xxxx” QSC arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, BM/SM-S-20-88 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin və həmin müqavilənin xüsusi şərtlərinin surətindən görünür ki, İddiaçı MMC müqavilənin xüsusi şərtlərinin qoşmalarında qeyd edilən xidmət xüsusiyyətlərinə uyğun olaraq SAP proqram təminatının qurulması üzrə xidmətləri göstərməyi, “xxxx” QSC isə onun dəyərini ödəməyi və xidmət nəticələrini qəbul etməyi öhdəsinə götürmüş, ümumi işlərin dəyəri 473298 manat müəyyən edilmişdir (1-ci faza – konseptual dizaynın hazırlanması – 141989,40 manat, 2-ci faza – standard proqram modullarının istifadəçilərə təqdim edilməsi və onların ehtiyaclarına uyğun modulların təkmilləşdirilməsi – 165654,30 manat, 3-cü faza – sistemə məlumatların yüklənməsi, tədris materiallarının hazırlanması və istifadəçilər üçün təlimlərin keçirilməsi – 94659,60 manat, 4-cü faza - SAP Sistemə yekun tətbiqlərin edilməsi və istifadəçilərlə birgə SAP modullara nəzarət edilməsi – 70994,70 manat); - İddiaçı MMC tərəfindən hazırlanmış X1nın surətindən görünür ki, həmin hesabat Hüseyn Quliyev, Faiq Əhmədov, Namiq Yusubov, Eldar Rzayev, Bərxudar Bərxudarlı, Sevinc Alıyeva tərəfindən təsdiq edilmişdir. - xx xxxx 2020-ci il tarixli təhvil – təslim aktının surətindən görünür ki, İddiaçı MMCnin kirayələdiyi Virtual serverə xidmət ilə əlaqədar olaraq ƏDV daxil 4602 manat dəyərində xidmət “xxxx” MMC tərəfindən təhvil verilmişdir. - xx xxxx 2020-ci il tarixli ödəniş tapşırığının və köçürmənin aparılması barədə bildirişin surətindən görünür ki, İddiaçı MMC tərəfindən müvafiq olaraq 3900 manat məbləğində pul vəsaiti “xxxx” MMC-yə ödənilmiş, 702 manat məbləğində isə ƏDV ödənilmişdir. - “xxxx” QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx xxx 2020-ci il tarixli məktubda SAP proqram təminatının metropoliten tərəfindən təqdim olunan texniki tapşırığa uyğun tətbiq olunması ilə əlaqədar tərəflər arasında keçirilən görüşlər və skype – toplantıları nəticəsində uyğunsuzluqların aşkar edilməsi, iradların aradan qaldırılması və nəticəsi barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. - İddiaçı MMC tərəfindən “xxxx” QSC-yə ünvanlanmış xx xxx 2020-ci il tarixli məktubda SAP proqram təminatının tətbiqi ilə bağlı iradlara münasibət bildirilmiş və ödənişin aparılması xahiş edilmişdir. - “xxxx” QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubda müqavilə öhdəlikləri pozulduğundan və pozuntuların aradan qaldırılması üçün heç bir təminat olmadığına görə həmin tarixdən müqavilənin ləğv olunması bildirilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İddiaçı MMC iddia ərizəsini və məhkəmə araşdırması zamanı iddianın 141989,40 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı hissəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixli, BM/SM-S-20-88 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 1-ci fazanı təşkil edən yerinə yetirilmiş “Konseptual dizaynın hazırlanması” işləri başa çatdırılmış və “xxxx” QSC-yə təhvil verilmişdir. Həmçinin, təhvil verilmə onunla əsaslandırılmışdır ki, layihə sifarişçinin 6 işçisi tərəfindən təsdiq edilmiş və elektron poçt vasitəsilə də sifarişçiyə göndərilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, BM/SM-S-20-88 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 22.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə üzrə sənədləşdirmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiq etməlidir. Göndərilən sənədlər (məlumatlar) digər tərəfə çatdırıldığı tarixdən qüvvəyə minir. Həmçinin, müqavilənin xüsusi şərtlərinin 4.3-cü bəndində qeyd olunmuşdur ki, sifarişçi ödənişləri hər faza icra olunduqdan və təhvil – təslim aktı imzalandıqdan sonra köçürmə yolu ilə 10 bank günü ərzində həyata keçirir. İddiaçı təhvil verilmə anını layihə sifarişçinin 6 işçisi tərəfindən təsdiq edilməsi və elektron poçt vasitəsilə də sifarişçiyə göndərilməsi ilə əsaslandırsa da, müqavilənin qeyd olunan bəndlərində sənədləşdirmənin yazılı şəkildə aparılması, hər faza icra olunduqdan sonra təhvil – təslim aktının imzalanması nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş, hazırkı mübahisəyə aidiyyatı olmasa da, digər müqavilə üzrə əsasında görülən işlər üzrə təhvil – təslim aktının (xx xxxxxx 2019-cu il tarixli, 2019-006 saylı müqavilə əsasında görülən işlər üzrə təhvil-təslim aktı) surətindən də görünür ki, tərəflər arasında xidmətlərin göstərilməsi üzrə görülən işlər akt əsasında təhvil verilmiş, səlahiyyətli şəxslərin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur. Yəni, tərəflər arasında əvvəlki müqavilələr üzrə işlərin görülməsini təsdiq edən sənəd kimi təhvil-təslim aktının imzalanması ilə bağlı praktika mövcud olsa da, hazırkı mübahisə üzrə belə bir akt imzalanmamışdır. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədə layihənin işçi qrupu tərəfindən təsdiqlənməsi və təhvil verilməsi ayrı-ayrı bəndlərdə əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, layihənin sifarişçinin 6 işçisi tərəfindən təsdiq edilməsi və elektron poçt vasitəsilə də sifarişçiyə göndərilməsi 1-ci faza üzrə nəzərdə tutulmuş işlərin sifarişçiyə təhvil verilməsi kimi qiymətləndirilə bilməz və iddianın “Konseptual dizaynın hazırlanması” işlərinə görə ƏDV daxil 141989,40 manat, bu ödənişin gecikdirilməsinə görə 9889,88 manat cərimənin tutulması barədə hissəsi rədd edilməlidir. İddianın müvəqqəti virtual server icarəyə götürülməsi ilə əlaqədar çəkilmiş ƏDV daxil 4602 manat zərərin əvəzinin ödənilməsi barədə hissəsi ilə bağlı onu qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavələrdə server və bağlantının sifarişçi tərəfindən təmin edilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin, serverlə təmin olunma işin 1-ci fazası başa çatdırıldıqdan, təhvil – təslim aktı imzalandıqdan sonra həyata keçirilməli olan mərhələdir. Lakin yuxarıda qeyd olunduğu kimi 1-ci faza üzrə görülən işlər təhvil verilmədən, müqavilədə nəzərdə tutulmadan, sifarişçinin razılığı olmadan müvəqqəti virtual server icarəyə götürülməsi ilə bağlı xərclərin tutulması ilə bağlı tələbi də məhkəmə əsassız hesab edir. İddianın mütəxəssislərin 2-ci faza üzrə işlərinin haqqının ödənilməsi ilə əlaqədar 28611 manat məbləğində çəkilməli olan zərərin əvəzinin ödənilməsi barədə hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28611 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı sənəd təqdim olunmadığından, həmçinin, iddia ərizəsində iddiaçının həmin məbləğdə borclandığı qeyd olunduğundan bu zərər Məcəllənin 21.2-ci maddəsində göstərilən “hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkməli olduğu xərc” kimi qiymətləndirilməlidir və bu xərclərin mövcud olmasını, sifarişçinin hərəkətləri nəticəsində yarandığını sübut etmək vəzifəsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından iddiaçının üzərinə düşür. Lakin qeyd olunan xüsusatlarla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Müqavilə üzrə 1- ci fazanın icrası ilə bağlı sifarişçinin iddiaçıya ünvanladığı xx xxx 2020-ci il tarixli, 40N-10/3-473 nömrəli məktubda sifarişçi SAP proqram təminatının metropoliten tərəfindən təqdim olunan texniki tapşırığa uyğun tətbiq olunması ilə əlaqədar iradlar bildirmiş, iradların aradan qaldırılması və nəticəsi barəsində rəsmi cavab verilməsini xahiş etmişdir. İcraçı tərəfindən göndərilmiş xx xxx 2020-ci il tarixli məktubda layihəni uğurla başa çatdırmağa çalışılması, layihənin ən geci 3 ay ərzində başa çatdırıla bilinəcəyi qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, BM/SM-S-20-88 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 24.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Sifarişçinin müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq icraçının təqdim edilmiş sənəd əsasında 30 gün müddətində tədbir görməməsi barədə pozuntular əsaslı sayılır. Müqavilənin xüsusi şərtlərinin 7.3-cü bəndində qeyd olunmuşdur ki, sifarişçinin razılığı olmadan müqavilənin icra müddəti dəyişdirilə bilməz, əks halda icraçı müqavilədə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcələsinin: - 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. - 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. İşin hallarından görünür ki, öhdəliklərin icrası müqavilədə nəzərdə tutulmuş müddət ərzində həyata keçirilməmişdir. Eyni zamanda plenum qərarında ifadə olunmuş mövqeyə görə müqavilədə nəzərdə tutulmuş məqsədə nail olunmadığından və hüquqi nəticə mövcud olmadığından sifarişçinin həmin işlərə marağı olmadığına görə onun zərərin əvəzini ödəmək öhdəliyi də yarana bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-453/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-453/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver