Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4631/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə (hazırkı adı "xxxx" MMC) qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.” (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə (hazırkı adı "xxxx" MMC) (bundan sonra – cavabdehlər) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.221.357,00 ABŞ dollarının (ödəniş günü manata olan məzənnə ilə), habelə ödənilmiş dövlət rüsumunun əvəzində 1828,15 manat məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehlərin sifarişi ilə Bakı şəhəri, 1033-cü məhəllə ünvanda yüksək mərtəbəli ofis binasının (Park Tower) toplam 4.677.000 ABŞ dolları dəyərində Fore kazık, Jet grout və Ankraj işlərinin görülməsi nəzərdə tutulmuş, müqavilənin icrası nəticəsində 2.351.357,00 ABŞ dolları dəyərində Fore kazık, Jet grout və Ankraj işləri görülmüş, müqavilə üzrə görülmüş işlərin dəyəri olaraq razılaşdırılmış 2.351.357,00 ABŞ dolları məbləğindən 1.130.000,00 ABŞ dolları cavabdehlər tərəfindən iddiaçıya ödənilmiş, görülmüş işlərin dəyərinin 1.221.357,00 ABŞ dolları məbləğində qalan hissəsi ödənilməmiş, iddiaçının qalan hissənin ödənişi ilə bağlı müraciətlərindən sonra 2020-ci ildə cavabdehlər iddiaçı ilə əlaqə saxlayaraq borcla bağlı sənədlərin təqdim edilməsini xahiş etmiş və bildirmişlər ki, sənədlər təqdim edildikdən sonra borc ödəmə proqramına salınacaq və ödəniləcəkdir. İddiaçı tələb edilən sənədləri təqdim etmiş, lakin borc cavabdehlər tərəfindən bu günədək ödənilməmişdir. İddiaçı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə üzrə görülmüş işlərin dəyərinin 1.221.357,00 ABŞ dolları məbləğində qalan (ödənilməmiş) hissəsinin ödənilməsi ilə bağlı cavabdehlərə pretenziyalar göndərilmiş, lakin cavabdehlərdən Cavabdeh2 MMC pretenziyanı alsa da, ona cavab verməmiş, Cavabdeh1 MMC isə pretenziyanı almaqdan imtina etmişdir. Bundan sonra pretenziyalar cavabdehlərə elektron qaydada göndərilmişdir. Cavabdeh2 MMC iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilənin başlığında Cavabdeh2 MMC qeyd olunsa da, müqaviləyə digər cavabdehin möhürü vurulmuş, müqaviləni kimin imzalaması da onlara bəlli deyildir. Əlavə edilən sənədlərdə də onların imzaları və möhürləri yoxdur. Əlavə edilən “X11 görə Türk şirkətinə ödənilən maliyyə vəsaiti haqqında xx.xx.2012-ci il tarixinə məlumat”ın altında Cavabdeh1 MMC qeyd edilmişdir. “Hakediş Raporunda” Cavabdeh2 MMC tərəfindən məlum olmayan şəxs tərəfindən “Aldım” sözü yazılıb imza edilmişdir. Digər raporda isə ümumiyyətlə Cavabdeh2 MMC tərəfindən təhvil alınma barədə hər hansı bir qeyd yoxdur. Əlavə edilən əlyazma hesab-məlumatda Cavabdeh1 MMC-nin baş mühəndisi Qurbanov X.Q. adlı şəxs tərəfindən imza edilmişdir. Əlavə edilən maliyyə cədvəlində "xxxx" MMC qeyd edilmişdir. Bu da Cavabdeh2 MMC işə aidiyyatı olmamasına dair bir sübutdur. İddiaçı tərəfindən iş üzrə görülən işlər üzrə Cavabdeh2 MMC tərəfindən rəsmi ödənişlər barədə sənəd mövcud deyil, hər hansı bir qaimə, təhviltəslim aktı, ödəniş tapşırığı, ödənilmiş pul vəsaiti barədə müvafiq sübutlar yoxdur. İddia ərizəsi isə ümumiyyətlə əsaslandırılmamışdır. Bu səbəbdən iddia tələblərini tam əsassız hesab edirlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı Türkiyədə fəaliyyət göstərən hüquqi şəxsdir, Bakı şəhəri, 1033-cü məhəllə ünvanda yüksək mərtəbəli ofis binasının (Park Tower) layihəsinin təməl işlərinin görülməsi ilə bağlı Gilan adlı şirkətlə razılıq əldə edilmişdir. İddiaçı sifarişçi və tərəfdaş qismində Gilan adlı şirkəti bilmişdir. Həmin müqavilə üzrə işlər 2010-cu ilin əvvəllərinə qədər görülmüş, lakin ödənişlərdə yubanmalar olduğu üçün görülməsi nəzərdə tutulan işlərin yalnız təxminən yarısı icra edilmiş, qalan işlərin görülməsindən sifarişçi tərəfindən ödənişlər tam şəkildə edilmədiyi üçün imtina edilmişdir. Həmin müqavilə üzrə sifarişçi tərəfindən mütəmadi olaraq ödənişlər edilmiş, son ödəniş 2010-cu ilin fevral ayında edilmişdir. Həmin ödənişlər nağd qaydada sifarişçi şirkət tərəfindən iddiaçıya Bakı şəhərində edilmiş, lakin bu barədə hər hansı sənədləşdirmə aparılmamış, ödənişlər rəsmiləşdirilməmişdir. İşlərin təhvil-qəbulu ilə bağlı da rəsmiləşdirmə aparılmamışdır. Yaranmış mübahisənin həlli ilə bağlı mediasiya sessiyasına müraciət edildikdə iddiaçıya məlum olmuşdur ki, Azərbaycan Respublikasında adında Gilan sözü olan bir neçə şirkət mövcuddur, müqavilə araşdırılmış, bəlli olmuşdur ki, müqavilədə Cavabdeh2 MMC sifarişçi kimi qeyd edilməsinə baxmayaraq, müqaviləni digər cavabdeh olan Cavabdeh1 MMC möhürləmişdir. Bu səbəbdən həmin MMC-lərin hər ikisini hazırkı iş üzrə cavabdehlər qismində cəlb etmiş, borcun onlardan birgə tutulmasını xahiş edir. Əlavə olaraq nümayəndə bildirdi ki, ödənişlərin konkret olaraq hansı cavabdeh tərəfindən edildiyini, müqavilədə göstərilən rekvizitlərin hansı cavabdehə məxsus olduğunu bilmir, müqavilənin tərəfinin konkret olaraq hansı cavabdeh olduğu barədə dəqiq məlumatları yoxdur. Bundan əlavə, Cavabdeh1 MMC-nin baş mühəndisi Xidmət Qurbanov öz əlyazmasında həm sifarişçinin, həm də iddiaçının bildirdiyi rəqəmlər əsasında ödənişlər və qalıq borc barədə sənəd tərtib edib imzalamışdır. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi İhsan Mert iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı şirkətin icra orqanının rəhbəridir, işlərin görülməsi ilə bağlı Azərbaycanda Gilan adı ilə tanınan şirkətlə müqavilə bağlanılmış, həmin müqaviləni qarşı tərəfdən özünü Gilanın direktoru kimi təqdim edən adını dəqiq bilmədiyi şəxs imzalamış, həmin müqavilə üzrə təməl işləri görülmüşdür. Gilan adlı şirkətlə digər layihələri də olmuş, lakin həmin layihələrlə bağlı ödənişlərdə hər hansı problem olmamışdır. Hazırkı müqavilə üzrə işlər müqavilə imzalan kimi görülməyə başlamış, işlər təxminən 2010-cu ilin əvvəlində (yanvar-fevral aylarında) sifarişçinin tələbi ilə yekunlaşdırılmışdır. Sifarişçi ilə razılıq əldə edilsə tərəflərindən həmin işlər davam etdirilə bilər. Həmin müqavilə üzrə ödənişlər nağd qaydada Bakıda, sifarişçinin ofisində edilmişdir, lakin həmin ərazinin dəqiq olaraq harada olması barədə məlumatı yoxdur. İşlərin yarısı tərəflərindən görülmüş, işlərin müqavilədə nəzərdə tutulan müddət ərzində tam şəkildə yekunlaşdırılmamasının səbəbi sifarişçinin ərazi ilə bağlı sənədləşmə işlərində olan problemləri ilə bağlı idi. Müqavilə üzrə işlərin gündəlik olaraq hesabatı aparılmış, lakin həmin hesabatlar tərəflərin imzaları ilə təsdiq edilməmiş, özləri tərəfindən də imzalanmamışdır. Həmin hesabatlar sifarişçinin nümayəndələrinə təqdim edilirdi. 2020ci ildə ödənişlə bağlı sifarişçiyə xəbərdarlıq edilmiş, Gilanın direktoru kimi özünü təqdim edən Elvin İsmayılov onunla ********** nömrəsi ilə vatsapda əlaqə saxlamış, borcun hazırda 706000 ABŞ dolları olduğunu bildirmiş, bu barədə imzalı olmayan cədvəl göndərmiş, əlavə olaraq bildirmişdir ki, borc hissə-hissə olmaqla ödəniləcəkdir. Daha sonra pandemiya elan edilmiş, daha sonra isə hər hansı ödəniş edilməmiş, bu səbəbdən hazırkı iddia ilə Məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, materiallardan da göründüyü kimi müqavilə Cavabdeh2 MMC ilə bağlanmamış, Cavabdeh2 MMC tərəfindən iddiaçıya hər hansı işlərin görülməsi sifariş verilməmiş, tərəflərindən iddiaçıya hər hansı vəsait ödənilməmişdir. Borcun onlardan tələb edilməsi barədə iddiaçının iddia tələbi əsassızdır. Əlavə olaraq iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş, göstərmişdir ki, iddiaçının özünün bildirdiyi kimi işlər 2010-cu ilin əvvəlində tamamlanmış, həmin vaxtda da sonuncu ödəniş edilmişdir. Lakin iddiaçı məhkəməyə 12 ildən sonra müraciət etməklə, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia əsassızdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilənin onlara hər hansı aidiyyatı yoxdur. Belə ki, onlarla iddiaçı arasında hər hansı müqavilə imzalanmamış, iddiaçıya hər hansı ödəniş edilməmiş, iddiaçı tərəfindən onlara hər hansı xidmət göstərilməmişdir. Bundan əlavə, Cavabdeh1 MMC özü podratçı kimi tikinti işlərini icra edir, lakin o, yaradıldığı gündən ümumiyyətlə hər hansı şirkətlə sifarişçi kimi podrat müqaviləsi bağlamamışdır. Əlavə olaraq iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmiş, göstərmişdir ki, iddiaçı məhkəməyə vaxtında müraciət etməmiş, bununla da podrat müqaviləsindən irəli gələn tələblər üzrə müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. İddia tələblərinin əsassız olması səbəbindən rədd edilməsini xahiş edir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 MMC-yə (hazırkı adı "xxxx" MMC) məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə Cavabdeh1 MMC-nin (hazırkı adı "xxxx" MMC) nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Materiallarda olan xx.xx.2008-ci il tarixli iksa (podrat) müqaviləsinə əsasən müqavilənin predmetini Xİ Park Tower layihəsi çərçivəsində qazıntı işləri üçün lazımi şəraitin yaradılması və sahəyə su girişinin qarşısının alıması məqsədilə istehsal olunacaq 80/88 sm ölçüsündə fore qazıntı, 60 ölçüsündə jet grout (jet2), 120 ölçüsündə jet grout (jet2) və beton işlərinin görülməsi təşkil edir. İşin görüləcəyi yer kimi Bakı şəhəri, Tiflis yolu istiqaməti göstərilmişdir. Müqavilə müddəti ərzində tikinti sahəsindəki zəminin Azərbaycan Elmi Tədqiqat və Layihə-X2 tərəfindən 2007-ci ildə tikilən qazıntı loqlarında və hazırlanan zəmin smeta hesabatında qeyd olunduğu kimi üstdə qum, altda orta qatlıqda gil, daha aşağıda ayrılan əhəngdaşı, ən altda isə orta qatılıqda gil təbəqəsinin olduğu işəgötürən tərəfindən qəbul olunmuş və öhdəliyə götürülmüşdür. Zəmin informasiya məsələsində gələcəkdə yarana biləcək və podratçı üçün əlavə xərc yaranacağı halda, müqavilənin vahid qiymətlərinə görə həyata keçirilməsində çətinlik yaradacaq və ya həyata keçirilməsi mümkün olmayan hallar müəyyənləşdirilərsə, bu halda podratçı razılaşdırılan yeni qiymətlə əsasında işinə davam da edə bilər, müqavilənin üzrlü səbəblə ləğv də edə bilər. Podratçı müqaviləni ləğv edəcəyi halda 12-ci maddənin müddəaları tətbiq olunur. Müqavilənin 6-cı bəndinə əsasən işlərin ümumi qiyməti ******* ABŞ dolları (ƏDV-siz) təşkil edir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra müqavilə dəyərinin 25 %-i nisbətində ilkin ödəniş 1 həftə ərzində nağd qaydada ödəniləcəkdir. Müqavilənin 9-cu bəndinə əsasən ödənişlər müəyyənləşdirildikdən sonra 5 iş günü ərzində təsdiqlənmiş hesab olunaraq faktura tərtib olunur. Faktura ödənişi 10 gün ərzində nağd və ya Türkiyədə və ya bank vasitəsilə aidiyyatı hesaba ödənilir. Müqavilənin 11-ci bəndinə əsasən podratçı işə başladığı tarixdən etibarən 15 gündən bir bazar günü istirahət etmək şərti ilə ən gec 180 iş günündə tamamlayacaqdır. Təhvil verilmə qismən olacağı halda gecikdirilən müddət əlavə olunacaqdır. Müqavilədə tərəflər qismində sifarişçi olaraq Cavabdeh2 MMC, podratçı olaraq iddiaçı göstərilmiş, müqavilə iddiaçı və Cavabdeh1 MMC tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli **********259100 nömrəli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, hüquqi şəxs xx.xx.2006-cı il tarixdə Cavabdeh1 MMC adı ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2022-ci il tarixdə ad dəyişikliyi ilə əlaqədar hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilərək möhürü ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə Cəmiyyətin adı dəyişdirilək "xxxx" MMC (VÖEN: **********) kimi adlandırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli **********258400 nömrəli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, İdarədə olan reyestrə əsasən xx.xx.2008-ci il tarixdən hazırkı tarixədək Cavabdeh2 MMC-nin (VÖEN:**********) qanuni təmsilçilik funksiyasına malik direktoru Qanuni nümayəndə1dur. "xxxx" MMC-nin (VÖEN: ********** (əvvəlki adı xx.xx.2022-ci il tarixədək Cavabdeh1 MMC) xx.xx.2008-ci il tarixdən hazırkı tarixədək qanuni təmsilçilik funksiyasına malik direktorları adları aşağıda qeyd edilən şəxslər olmuşdur. xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək X4; xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək X3; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qanuni nümayəndə2; xx.xx.2022-ci il tarixdən hazırkı tarixədək X5. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsində iddiaçı cavabdehlərlə iddiaçı arasında podrat müqaviləsinin imzalandığını, podrat müqaviləsi üzrə üzərilərinə düşən öhdəliklərin bir qisminin, yəni ******* ABŞ dolları hissəsinin icra edildiyini, həmin məbləğin 11300000 ABŞ dolları hissəsinin ödənildiyini, qalıq borc olan ******* ABŞ dollarının ödənilmədiyini göstərmişdir. Cavabdehlər iddiaya etiraz edərək iddiaçı ilə hər hansı müqavilə imzalanmadığını, həmin müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyini, iddiaçı tərəfindən onların sifarişi əsasında hər hansı işin icra edilmədiyini bildirmişlər. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də xx.xx.2008-ci il tarixli podrat müqaviləsi üzrə işlərin görüldüyünü, həmin işlərə görə ödənilməli olan borcun 1.221.357,00 ABŞ dolları təşkil etdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı bununla bağlı Məhkəməyə görülmüş işlərə dair çoxsaylı hesabatlar (hakediş raporları) təqdim etmişdir. Lakin Məhkəmə hesab edir ki, həmin sənədlər hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edildiyini təsdiq edən mötəbər sübutlar qismində nəzərə alına bilməz. Belə ki, həmin sənədlər imzalanmamış, nəinki cavabdehlər, ümumiyyətlə iddiaçının özü tərəfindən də təsdiq edilməmiş, bu halı iddiaçıların nümayəndələri də Məhkəmədə verdiyi izahatlarında təsdiq etmişlər. Bundan əlavə, iddiaçı Məhkəməyə işlərin görüldüyünü iddia etdiyi torpaq sahəsinin fotoşəkillərini təqdim etmiş, iddiaçının nümayəndələri öz izahatlarında fotoşəkillərdə olan torpaq sahəsində qazıntı və təməl işlərinin iddiaçı tərəfindən onun öz texnikası ilə apardığını, həmin sahənin hazırda da bu vəziyyətdə olduğunu bildirmişlər. Məhkəmə hesab edir ki, həmin fotoşəkillər də hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə alına bilməz. Belə ki, həmin fotoşəkillərin hansı şəraitdə, harada çəkilməsi, orada olan texnikanın iddiaçının bildirdiyi kimi həqiqətən ona məxsus olması bəlli deyildir, bundan əlavə həmin şəkillərdə olan qazıntı işlərinin həqiqətən də iddiaçı tərəfindən, habelə cavabdehlərin sifarişi əsasında görülməsini təsdiq edən sübut qismində nəzərə alına bilməz. Bundan əlavə, iddiaçı Məhkəməyə ödənişlərin hansı tarixdə edilməsi barədə tərtib edilmiş sənəd (həmin sənəddə imza və möhür yoxdur, aslı gibidir qeydi ilə təsdiq edilmişdir) təqdim etmişdir. Məhkəmə həmin sənədin hazırkı müqavilə üzrə ödənişləri təsdiq edən mötəbər sənəd qismində nəzərə alınmamalı olması qənaətinə gəlir. Belə ki, həmin sənəddə ödənişlərin məbləğləri, ödəniş tarixləri konkret olaraq göstərilsə də, həmin məlumatların nəyin əsasında cədvəldə əks etdirildiyi, bundan əlavə ödənişlərin həqiqətən edilməsi, konkret olaraq hansı cavabdeh tərəfindən, hansı qaydada, harada edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı bununla bağlı Cavabdeh1 MMC-nin baş mühəndisi X.Q.Qurbanovun imzası olduğunu iddia etdiyi (belə ki, həmin sənədin əsli deyil, surəti təqdim edilmiş, həmin surət də aslı gibidir qeydi ilə təsdiq edilmişdir) yazılı əlyazma təqdim etmişdir. Belə ki, həmin əlyazmanın başlığında qeyd edilmişdir: “Tbilisi prospekti, 1033-cü məhəllə, yüksək mərtəbəli ofis binasının tikintisi üçün Təməltaş firması ilə Cavabdeh1 MMC firması arasında bağlanmış müqaviləyə əsasən görülən işlərə dair ödənilməli olan məbləğlər”. Həmin əlyazmada Təməltaş firmasına Cavabdeh1 MMC tərəfindən cəmi ödənilən məbləğ kimi 930000 ABŞ dolları qeyd edilmiş, əlavə olaraq xx.xx.2010-cu ildə 200000 ABŞ dollarının ödənildiyi, ümumilikdə ******* ABŞ dollarının verildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən yazılı sənədlər sübut hesab olunur. Hər hansı sənədin (kağızın) yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənədin aşağıdakı şərtlərə cavab verməsi tələb olunur, başqa sözlə yazılı sübutun həqiqiliyi prezumpsiyası aşağıdakılarla bağlıdır: - sənədin əsli olmalı; - sənəddə tarix olmalı; - sənəd onu tərtib edən və ya müvafiq şəxs tərəfindən imzalanmalı; - sənədə düzəliş edilməməli-qaralanmamalıdır. Sübut mübahisələndirildiyi halda həmin şərtlərdən hər hansı birinin olmaması həmin sübutun həqiqiliyini şübhə altına alır. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş barədə həmin sənədin kim tərəfindən, hansı qaydada, hansı tarixlərdə tərtib edilməsi müəyyən edilmir, bundan əlavə həmin sənəd nə iddiaçı, nə də cavabdehin səlahiyyətli nümayəndəsi (belə ki, baş mühəndisin səlahiyyətlərini təsdiq edən sənəd də təqdim edilməmişdir) tərəfindən imzalanmamış, bundan əlavə həmin sənədin əsli deyil, surəti Məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Məhkəməyə X11 görə Türk şirkətinə ödənilən maliyyə vəsaiti haqqında sonunda Cavabdeh1 MMC-nin adı qeyd edilmiş sənəd (cədvəl) təqdim edilmişdir. İddiaçı tərəfindən Məhkəməyə təqdim edilmiş həmin vərəqədə (cədvəl) göstərilmişdir ki, xx.xx.2012-ci il tarixinə olan məlumatdan görünür ki, Tbilisi prospekti, 1033-cü məhəllədə (Park Plaza) yerləşən layihə üçün 706186 ABŞ dolları qalıq vəsait mövcuddur. Həmin sənəddə Türkiyə şirkətinin tələb etdiyi borc kimi ******* ABŞ dolları, ödənilən vəsait kimi ******* ABŞ dolları, qalıq vəsait olaraq 706186 ABŞ dolları göstərilmişdir. İddiaçının nümayəndəsi İ.Mert məhkəmə iclasında verdiyi izahatında həmin sənədin ona özünü Gilanın direktoru kimi təqdim etmiş Elvin İsmayılov tərəfindən ********** nömrəsindən vatsap vasitəsilə göndərildiyini bildirmiş, əlavə olaraq Məhkəməyə onun həmin nömrədən göndərdiyi səs yazısını təqdim etmiş, həmin səs yazısında borcun 706000 ABŞ dolları olduğunun etiraf edildiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı izahatında xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək X1 Cavabdeh1 MMC-nin direktoru olduğunu bildirmişdir. Lakin iddiaçı həmin səs yazısının həqiqətən Cavabdeh1 MMC-nin qanuni təmsilçisinə malik olmasını, habelə həmin sənədi ünvanlayan şəxsin istifadəsindəki ********** olan telefon nömrəsinin həqiqətən qanuni təmsilçiyə məxsus olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə də, iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər iddiaçı tərəfindən iddia ərizində göstərilənlərin (cavabdehlərlə podrat müqaviləsinin bağlanaraq həmin müqavilə üzrə işlərinin yarısının icra edilməsi, həmin işlərinin dəyərinin bir hissəsinin ödənilməməsi) təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçı Məhkəməyə göstərilən halın araşdırılması üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh1 MMC-nin direktoru olmuş X1 şahid qismində dəvət olunub dindirilməli olması barədə vəsatət təqdim etsə də, həmin vəsatətdə dindirilməsini xahiş etdiyi şahidə dair qanunvericiliyin tələb etdiyi məlumatları (yaşadığı yeri) göstərməmiş, Məhkəmə tərəfindən həmin məlumatların Məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilsə də, bu mümkün olmamışdır. Bu səbəbdən iddiaçının həmin vəsatəti Məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, MPM-nin 104.6-cı maddəsinə əsasən şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. İddiaçı Məhkəməyə əlavə olaraq iki şahid ifadəsi təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur. İddiaçının 1-ci şahidinin ifadəsi: Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin İdarə Heyətinin üzvüdür. Hazırkı müqavilə üzrə işlər 2008-2010-cu illər ərzində görülmüşdür. İşlərin görülməsinə 2008-ci ildə başlanılmış və 2010-cu ilə qədər davam etmişdir. İşlərin görülməsinin müqavilə imzalanandan sonra bir il ərzində yekunlaşdırılması nəzərdə tutulmuşdu. Müqavilə imzalanan vaxt Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında fərq onlara izah edilməmişdi. Müqaviləni Cavabdeh1 MMC ilə imzalamışlar. Material iddiaçı tərəfindən təqdim olunurdu. Qarşı tərəf ödəniş etmədiyi üçün işləri tamamlamadılar. İşlərin Bakıda konkret olaraq harada görülməsi barədə məlumat verə bilmir. Qarşı tərəfdən işlərin görülməsinə Mərifət bəyin göstərişi ilə baş mühəndis Xidmət bəy nəzarət edirdi. Qarşı tərəfdən iddiaçıya təxmini 1 100 000 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Ödənişləri onlara mühasib təhvil verirdi. Ödənişlər nağd qaydada həyata keçirilirdi. Ödənişlərin nağd qaydada olması qarşı tərəfin tələbindən irəli gəlirdi. Avadanlıqları, texnikanı tırlar vasitəsilə Bakıya gətizdirmişlər. Qarşı tərəfin nümayəndəsi E.İsmayılov onlarla 2020-ci ildə əlaqə yaratmış, iddiaçı ona dedikləri məbləğin düz olmadığını və ödəniləcək məbləğin 1 130 000 ABŞ dolları təşkil etməsini bildirmişdir. Daha sonra 2020-ci ilin mart ayında baş verən pandemiya səbəbindən iddiaçı tərəf qarşı tərəflə əlaqə yarada bilməmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”də 2003-cü ildən hazırkı günədək çalışır. 2008-ci ildə Cavabdeh1 MMC ilə iddiaçı arasında müqavilə imzalanmış, həmin müqavilə üzrə 2008-2009-cu illər ərzində Bakıda fəaliyyət göstərmişlər. 2009-cu ilin sonlarında ödənişlərin davam etdirilməməsi səbəbindən işlərin görülməsini dayandırmışlar. İşlər Bakı şəhəri, Tbilisi prospekti ərazisində görülürdü. Tərəflərindən təməl işləri görülürdü. Hər gün üzrə görülmüş işlərin hesabatı tərtib edilirdi. İşlərın 2 000 000 ABŞ dolları hissəsi görülmüşdür. Hesabatları X.Qurbanova və digər əməkdaşlara təhvil verirdilər. İddiaçı tərəfdən təxmini 30 nəfər işçi orada işləyirdi. Texnika iddiaçı tərəfindən təqdim olunurdu. Ödənişləri Cavabdeh1 MMCnin ofisindən əldə edirdilər. Ödənişləri mühasib Rəşid bəydən əldə edirdilər. Sonuncu dəfə ödəniş xx.xx.2010-cu il tarixində həyata keçirilmişdir. Ümumi qarşı tərəfdən olunmuş ödəniş 1 130 000 manat məbləğində idi. Ödənişlərin olunmaması səbəbindən işlərin görülməsini dayandırmışlar. Materialların vaxtında verilməsi barədə bildiriş göndərməmişlər. Qeyd olunan tələbi şifahi qaydada bildirmişlər. İşlərin dayandrılması barədə heç bir sənəd tərtib olunmamışdır. Ödənişlərin nağd qaydada həyata keşrilməsi səbəbi qarşı tərəfin tələbindən irəli gəlirdi. Əldə etdikləri məbləği Türkiyəyə göndərirdilər. Ödənişlərin nağd qaydada və ya bank köçürməsi yolu ilə olunması iddiaçıya fərq etmirdi. Rəşid bəy Mərifət bəyin göstərişi ilə iddiaçıya ödəniş edirdi. Təməl işlərinin görülməsi odur ki, torpaq qazılır, torpaq çıxarılır və oraya sement və digər ləvazimatlar tökülür. Görülmüş işlərin ümumi dəyəri 2 350 000 ABŞ dolları təşkil edir. Beləliklə, iddiaçının təqdim etdiyi şahidlər ifadələrində materiallarda olan podrat müqaviləsi üzrə işlərin görüldüyünü, həmin müqavilə üzrə ödənişlərin bir qisminin artıq edildiyini bildirsələr də, lakin ödənişlərin konkret olaraq kimə, hansı şəraitdə ödənilməsi, eləcə də hansı tarixdə ödənilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (iddiaçı təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir. Beləliklə də iddiaçının təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə cavabdehlər tərəfindən ayrı-ayrılıqda təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizələrlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarına əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Həmin Qərara əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçı müvafiq subyektiv hüquqa malik olmadığından iddia müddətinin təbiq edilməli olması barədə ərizələr də əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olması işin araşdırılan halları ilə də öz təsdiqini tapdığı təqdirdə belə, iddiaçı həmin hüququnun müdafiəsi ilə bağlı Məhkəməyə 2013-cü ilə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin materiallardan görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 1828,15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə (hazırkı adı "xxxx" MMC) qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 1828,15 manat dövlət rüsumu iddiaçı “Temeltaş İnşaat Sanayi ve Ticaret A.Ş.”-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4631/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4631/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver