Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4641/2023 14.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 944000 manat məbləğində maddi zərərin, 300000 manat məbləğində mənəvi zərərin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilən 410 manat rüsumun, iddia ərizəsinin verilməsinə görə ödənilən 1002 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizənin verilməsinə görə ödənilən 141,20 manat dövlət rüsumunun, ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arayışına görə ödənilən 200 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 944000 manat məbləğində maddi zərərin, 300000 manat məbləğində mənəvi zərərin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilən 410 manat rüsumun, iddia ərizəsinin verilməsinə görə ödənilən 1002 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizənin verilməsinə görə ödənilən 141,20 manat dövlət rüsumunun, ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arayışına görə ödənilən 200 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mayıllı” firması 20 may 1994-cü il tarixində təsisçilər Cavabdeh 55 faiz, X19 25 faiz və Əhməd (Əhmədov) Çingizxan İsax oğlu 20 faiz nizamnamə kapitalında payları əmlak və puldan ibarət olmaqla 1 nömrəli protokol ilə təsis edilmiş, 18 avqust 1994-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq 15145 saylı şəhadətnamə verilmişdir. Həmin vaxtdan hal-hazıra kimi firma faktiki olaraq fəaliyyətdədir. Cavabdeh natəmiz əməllərindən bezən digər təsisçi X19 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək firmanın nizamnamə kapitalındakı 25 faiz payına mütənasib şəkildə payının natura şəklində ayırmasına müvəffəq olmuşdur, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-2672 2002 saylı qətnaməsi ilə iddia təmin edilərək 18 avqust 1994-cü il tarixdə 15145 № ilə dövlət qeydiyyatından keçmiş “Mayıllı” firmasının bütün əmlakının 25 faizi naturada ayrılaraq X13 verilməsi, Bakı şəhəri Tİ və MHQİ tərəfindən “Mayıllı” firmasınıa xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 25 faizinə ayrıca qeydiyyat vəsiqəsi vermək vəzifəsi həvalə olunması, “Mayıllı” firmasına məxsus bütün dəzgah və avadanlıqlar təyinatına zərər vurulmadan bütün kommunal və digər xidmətlərdən istifadə qaydaları ilə bərabər mütənasib şəkildə bölünərək 25 faizi X14 verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-2672 2002 saylı qətnaməsi icraya yönəlmişdir. X1 “Mayıllı” firması nizamnaməsindəki 25 faiz payının naturada “Mayıllı” firması əmlakından ayrılmasına mane olduğuna və özbaşınalıq etdiyinə görə Nizami rayon Məhkəməsinin 02 iyun 2006-cı il tarixli 1-10 2006 saylı hökmü ilə Cavabdeh AR CM-nin 309.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat miqdarında cərimə edilmişdir. Daha sonra Cavabdeh X1 “Mayıllı” firması nizamnaməsindəki 25 faiz payının naturada “Mayıllı” firması əmlakından ayrılmasına mane olması və 11 may 2011-ci il tarixində yenə də icra yerində icra məmurlarına mane olmaqla şəxsi maraqları naminə qanunsuz əməllərini davam etdirərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu səbəbdən Nizami rayon Məhkəməsinin 03 aprel 2013-cü il tarixli 1(007)-3/2013 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi iə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib ona 3 (üç) il müddətində dövlət və qeyri dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilat-sərəncamverici və ya inzibati təsərrüfat vəzifələrini tutmaq hüququndan məhrum edilməklə ona 6000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bu hallardan qəzəblənən Cavabdeh 2011-ci ilin avqust ayından 2013-cü ilin 20 iyun tarixinə kimi “Mayıllı” firması təsisçilərinin yeddi protokol qərarlarının qəbul edilməsinin təşəbbüskarı olmuşdur. Həmin protokol-qərarlar ziddiyyətli olmalarına rəğmən, onun nizamnamə kapitalındakı payının artırılmasına səbəb olmuşdur. Protokol qərarlarda təsisçilərin payları aşağıdakı kimi əks olunmuşdur. 2011-ci il avqust ayında tərtib olunmuş protokol-qərarda Cavabdeh qudası X8 firmanın direktoru təyin edilmişdir. Təsisçilərin nizamnamə kapitalındakı payları: Cavabdeh-55%, Əhmədov Ə.İ.-25% İddiaçı-20%(bu protokol qərarı Cavabdeh hamıdan gizlədib), xx.xx.2011-ci il tarixli 03 №li Protokol-qərarda X8 yeni təyin edilmiş direktor kimi qeyd olunub. Təsisçilərin nizamnamə kapitalındakı payları: Cavabdeh-55%, Əhmədov Ə.İ.-25%, Əhməd C.İ.-20 % olmuşdur. xx.xx.2011-ci il tarixli 2 №li Protokol-qərarda "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə audit yoxlamasının nəticəsinə görə guya təsisçilərin nizamnamə kapitalındakı payları: Cavabdeh-99,991% Əhmədov Ə.İ.-0.005%, İddiaçıİ-0.004%-olmuşdur. Bundan 15 gün sonra, yəni 2011-ci ilin 15 dekabr tarixində tərtib olunmuş və 30 dekabr 2000-ci il tarixinə aid edilməklə saxtalaşdırılmış 1 №li protokol qərarda isə göstərilmişdir ki, guya təsisçi X19 təsisçilikdən çıxarıldığı üçün “Mayıllı” firmasının nizamnaməsində dəyişiklik edilsin. 15 dekabr 2011-ci il tarixində tərtib edilərək 30 dekabr 2000-ci il tarixə saxtalaşdırılaraq aid edilən 1 № Protokol-qərara 13 fevral 2012-ci il tarixində “Mayıllı” firmasının təsisçilərinin növbəti saxta qərarında öz əksini tapır və bu qərarın əsasında 09 mart 2012-ci il tarixdə “Mayıllı” firmasının nizamnaməsində dəyişiklik edilir(və təsisçi X19 bu qərarla faktiki olaraq qeyri qanuni “Mayıllı” frması təsisçiliyindən çıxarılır) Yuxarıda sadalanan auditor rəylərinə istinadən Cavabdeh təkidi ilə qəbul olunan “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarı “Mayıllı” firmasının digər təsisçilərinə məxsus olan 44.996 faiz təsisçilik paylarının Cavabdeh tərəfindən mənimsənilməsinə gətirib çıxarır. 15 dekabr 2012-ci il tarixli qərarla “Mayıllı” firmasının ləğvetmə komissiyası yaradılır. 20 iyun 2013-cü il tarixində isə təsisçi Cavabdeh digər təsisçi, nizamnamə kapitalındakı payı 20%-dən 0.004% endirilən İddiaçı təsisçilikdən çıxarılmasına dair təkbaşına qərar qəbul edərək X4 Dövlət Qeydiyyatı İdarəsinə müraciət edir və “Mayıllı” firmasının digər təsisçilərinin cəm 45% nizamnamə kapitalındaki paylarının tam mənimsənilməsini qanuniləşdirmək istəyir. KHŞDQİ-si “Mayıllı” firmasının təsisçisi Cavabdeh əməllərindən çoxlu şikayətlər olduğuna görə sonuncu dəyişikliyə dair müraciəti yerinə yetirmir. Cavabdeh sadalanan protokol qərarları qanuniləşdirmək məqsədi ilə 2010-cu ilin yanvar ayından 2014-cü ilin aprel ayına kimi xüsusi sifarişlə beş auditor rəyi tərtib etdirmişdir. Həmin auditor rəyləri özü özülüyündə ziddiyyətli olmaqla yanaşı “Mayıllı” firması təsisçilərinin ziddiyyətli protokol-qərarlarını da əks etdirdiyi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2017-cü il tarixli 2(005)-460/2017 saylı qətnaməsi ilə "xxxx" MMC-nin 12 iyun 2013-cü il tarixli auditor hesabatını, sərbəst auditor X9 tərəfindən verilmiş 28 yanvar 2010-cu il tarixli S.A.Seriyalı, N47466 №-li auditor rəyi, "xxxx" MMC-nin 10 dekabr 2011-ci il tarixli və 20 dekabr 2012-ci il tarixli 12 №-li və “RR-VAM” X5” MMC-nin 28 aprel 2014-cü il tarixli AR 15 №-li auditor rəyini etibarsız hesab edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 25 oktyabr 2017-ci il tarixli 2(103)-7672/2017 saylı qətnaməsinin 32, 33, 36 və 37 səhifələrində, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası 03 iyul 2018-ci il tarixli 2(102)-2728/2018 saylı qərarının 8, 9 və 10-cu səhifələrində “Mayıllı” firması təsisçilərinin müxtəlif vaxtlara aid protokol-qərarlarının ziddiyyətli və anlaşılmayan olmaları xüsusi ilə vurğulanmışdır. “Mayıllı” firmasından zorən uzaq saxlanıldığına görə Cavabdeh iddiaçıya bildirdiyi bu yalanları isbat edə biləcək dəlil əldə etməkdən belə məhrum etmişdir. Ona görə də necə ki, auditor rəyləri mübahisələndirilməmiş və etibarsız sayılmamışdırsa “Mayıllı” firmasının 13 fevral 2012-ci il tarixli qərarının da mübahisələndirilməsinin yeri yox idi. 03 iyul 2018-ci il tarixində yuxarıda sadalanan beş auditor rəylərinin etibarsız sayılmasına dair məhkəmə aktı qanuni qüvvəsini alandan sonra Cavabdeh "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli auditor rəyinin guya düzgünlüyünü və həmin rəydə göstərilən təsisçilərin paylarının həqiqətə uyğun olmasını müəyyən etmək üçün təkrar audit yoxlaması keçirilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının "X15" MMC tərəfindən verilmiş 805-saylı xx.xx.2018-ci il tarixli auditor rəyinə əsasən firmanın nizamnamə kapitalı 2369774,27 manat həcmindədir və hər biri 10 manat olmaqla 236977,4 paydan ibarətdir. Təsisçilərin nizamnamə kapitalındakı payları göstərilən kimi olmuşdur. İddiaçı-0,004 faiz 98,26 manat, 9,83 ədəd pay 3,05 manat pul şəklində, 95,21 manat əmlak şəklində, Cavabdeh-99,996 faiz 2369676,01 manat, 236967,6 pay 8,39 manat pul şəklində, 2369667,62 manat əmlak şəklində, təkrar auditor rəyindan görünür ki, firmanın nizamnamə kapitalında təsisçilərin payları dəyişməmişdir, etibarsız hesab edilmiş "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli auditor rəyində göstərilən təsisçilərin payı ilə eynidir. Heç bir rəqəm dəyişikliyi aşkar edilməmişdir. Yenə də yalan, yenə də saxtakarlıq. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2353/2021 saylı qərarında göstərilmişdir ki, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, “Mayıllı” firmasının idarəedici orqanı (qanuni təmsilçisi) mövcud deyil, müəssisənin cəmi iki təsisçisi olmaqla, təsisçilərin ümumi yığıncağı keçirilməmişdir. Lakin Cavabdeh, buna səlahiyyətli olmadan, müəssisənin adından “X16” MMC ilə 05 oktyabr 2018-ci il tarixdə audit xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamışdır. Yəni həmin müqavilə müəyyən edilmiş prosedura riayət edilməməklə və müəssisənin adından belə səlahiyyətlə çıxış etmək hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Bu səbəbdən, işin faktiki hallarını araşdıran məhkəmələr cavabdehlər arasında bağlanmış həmin müqavilənin etibarsız hesab etməklə düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh “X16” MMC ilə müqaviləni təsisçi kimi öz adından deyil, Firmanın adından imzalamışdır ki onun buna hüququ və səlahiyyəti olmamışdır, bu səbəbdən də Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2021-ci il tarixli 02-101 saylı cavab məktubunda deyilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2353/2021 nömrəli iş üzrə 2021-ci il 24 may tarixli qərarı Palataya da daxil olmuşdur. “X16” MMC-nin auditoru X18 Palataya dəvət edərək yuxarıda qeyd olunan Qərarların icrası ilə bağlı izahatı alınmışdır. Bununla əlaqədar “X16” MMC-nin direktoru X10 tərəfindən xx.xx.2021-ci il tarixində Palataya göndərilən məktubda “Mayıllı” firması ilə bağlanmış müqavilə və həmin müqavilənin şərtlərinə əsasən tərtib olunmuş 08 oktyabr 2018-ci il tarixli auditor rəyinin ləğv olunması qeyd olunmuşdur. Yəni Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının artıq icra olunmasını İddiaçı bildirmişlər. Cavabdeh tərəfindən xüsusi sifarişlə öz xeyrinə yazdırtdığı altıncı auditor rəyi də məhkəmə tərəfindən etibarsız sayılandan sonra “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız sayılmasına əsas yarandı. Belə ki, “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarı saxtalaşdırılmış yəni tam yalan və uydurma auditor rəylərinindən götürülmüş rəqəm və tarixlərə istinadən tərtib olunması sübuta yetmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli, 2(102)-2728/2018 saylı qərarının 12-ci səhifəsinin birinci abzasında da qeyd olunmuşdur ki, “Cavabdeh “Mayıllı” firmasının digər təsisçilərindən gizli mühasibat xidməti göstərən “AZEL İŞ LTD” firmasına müraciət edib, “Mayıllı” firmasının keçmiş illərə aid mühasibat sənədlərini yenidən tərtib etdirərək 31 iyul 2007-ci il tarixli aktı əldə etmişdir. Həmin akta əsasən “Mayıllı” firmasının təsisçilərinin nizamnamə kapitalındakı payları Cavabdeh-99,989%, X19-0,006%, İddiaçı- 0,005% göstərilmişdir. Lakin nizamnamə kapitalının artırılması mütləq şəkildə təsisçilərin ümumi yığıncağının qərarı ilə həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulsa da, belə bir qərarın olmaması həmin aktda öz əksini tapmışdır (səh. 14, 9-cu abzas). İş materiallarından göründüyü kimi mübahisələndirilən auditor rəyləri tərtib olunan zaman ilkin mühasibat sənədləri tələb olunmadan, ilkin mühasibat sənədlərinə istinad olunmadan “AZEL İŞ LTD” firmasının 31 iyul 2007-ci il tarixdə tərtib olunmuş aktına əsasən tərtib olunduğundan düzgün olaraq məhkəmələr tərəfindən etibarsız hesab edilmişdir.” Bununla da Cavabdeh tərəfindən “Mayıllı” firmasının digər təsisçiləri olan doğma qardaşlarının nizamnamə kapitalındakı paylarını mənimsəmək məqsədi ilə “Mayıllı” firmasınin ilkin mühasibat sənədlərini tamamilə məhv edərək öz saxtakarlığına uyğun yenisini tərtib etdirməsi sübuta yetmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-33/2022 saylı qətnaməsi ilə “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. Bundan sonra yuxarıda sadalanan altı auditor rəylərinin və “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilmələrinə dair məhkəmə qərarlarının qanuni qüvvəsini almasına əsaslanaraq Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-1/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadı Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2- 1(103)-168/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi və cavabdehin üzərinə iddiaçının “Mayıllı” firmasının nizamnaməsinə dəyişikliyin etibarsız hesab edilməsi və əvvəlki təsisçilik payının bərpa edilməsi” barədə müraciətinə bu qərarda göstərilənlər nəzərə alınmaqla yenidən baxılması öhdəliyi qoyulmuşdur, qərar icraya yönəlmiş və Cavabdeh tərəfindən mənimsənilən digər təsisçilərin nizamnamə kapitallarındakı payları özlərinə qaytarılaraq ilkin variantdakı kimi Cavabdeh 55 faiz, X19 25 faiz və Əhməd (Əhmədov) Çingizxan İsax oğlu 20 faiz olmasına dair çıxarış Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən **********015200 nömrə ilə xx.xx.2023-cü il tarixində verilmişdir. Yuxarıda qeyd olunan qanuni qüvvəsini almış və icra olunmuş məhkəmə qərarları ilə tam sübüt olunmuşdur ki, Cavabdeh iddiaçıya qarşı mülkihüquq pozuntusu törətmişdir. Cavabdeh iddiaçıya qarşı məqsədyönlü şəkildə mülki-hüquq pozuntusu törətməsinə dair ilkin məlumatı 2013-cü ilin oktyabr ayında əldə edə bilmişdir. Belə ki, 09 sentyabr 2013-cü il tarixinə kimi cavabdehlə aralarında bir problem olmamış, cavabdeh “Mayıllı” firmasının prezidenti kimi bütün səlahiyyətlər əlində olduğundan firmanın vergi hesabatını verirdi, Vergilər İdarəsinə DSMF-na ödəmələri edirdi, digər vəzifələri yerinə yetirməklə yanaşı nizamnamə kapitalında (onun təşəbbüsü və təkidi ilə) 2012-ci ilin mart ayında edilən dəyişikliklərə rəğmən əvvəlki kimi yenə də “Mayıllı” firmasının nizamnamə kapitalındakı 20 faiz payına uyğun hər ay gəlirini də iddiaçıya şəxsən ödəyirdi. Lakin cavabdehin məkirli niyyətindən xəbəri olmadığı və 20 faiz payına uyğun gəlirini vaxtaşırı verdiyindən onun əslində hansı saxtakarlıqlar etməklə qarşıda nə kimi müsibətlər gətirəcəyindən tam məlumatsız idi, ağlına belə gəlməzdi ki, cavabdeh iddiaçının üzünə gülə-gülə iddiaçını “Mayıllı” firmasının təsisçiliyindən çıxarmaqdan ötəri 20 iyun 2013-cü il tarixində təkbaşına qərar qəbul edərək iyul ayında X4 Dövlət Qeydiyyatı İdarəsinə müraciət etsin. Həmin 20 iyun 2013-cü il tarixli “Mayıllı” firmasının təsisçisi Cavabdeh qərarının surəti iddiaçıya 2014-cü ilin fevral ayında Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təqdim olunmuşdur, o vaxta kimi belə bir qərarın mövcudluğundan xəbərsiz idi. X4 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 20 iyun 2013-cü il tarixli “Mayıllı” firmasının təsisçisi Cavabdeh qərarına istinadən verilmiş ərizəsinə imtina cavabı veriləndən sonra o əvvəldən planlaşdırdığı sonuncu addımı ataraq iddiaçının "xxxx" MMC-nin baş direktor vəzifəsindən azad olunmasına dair 09 sentyabr 2013-cü il tarixində cəfəng, həqiqətdən kənar və tam iftira ilə dolu olan bir əmr vermişdir. Halbuki “Mayıllı” firmasının təsisçisi olmaqdan əvvəl xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “İnter Turan” Elmi istehsalat X2 hüquq və kadr məsələləri üzrə vitse-prezident (prezident Cavabdeh) vəzifəsində işləmiş, avqust 1992-ci il tarixində “Mayıllı” firması ilk dəfə təsis ediləndə 20 faiz təsisçi payı olmaqla yanaşı həmdə “Mayıllı” firmasının prezidenti vəzifəsində işləmiş, “Mayıllı” firması 20 may 1994-cü il tarixində təsisçilər Cavabdeh 55 faiz, X19 25 faiz və İddiaçı 20 faiz nizamnamə kapitalında payları olmaqla yenidən təsis edilərək 18 avqust 1994-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmasından əvvəl Cavabdeh təsisçilər tərəfindən firmanın prezidenti seçilmişdir. xx.xx.2006-cı il tarixdə Cavabdeh tərəfindən yeni təsis edilən "xxxx" MMC-nin baş direktoru vəzifəsinə təyin olunmuşdur. "xxxx" MMC-nin 2011-ci ilin 12 may tarixinə kimi balansında heç bir əmlakı olmayıb, “Mayıllı” firmasına məxsus və balansında olan əmlakın bir hissəsini Cavabdeh "xxxx" MMC-yə icarə müqaviləsi əsasında təmənnasız ötürəndən sonra həmin əmlakda fəaliyyət göstərmişdir, eyni zamanda “Mayıllı” firmasının əmlaklarında avtodayanacaq, ticarət, iaşə, məişət, tibbi, müxtəlif çeşidli sexlər və s. obyektlər bu gündə fəaliyyət göstərir, bəziləri icarəyə verilib bəziləri isə Cavabdeh tərəfindən işlədilərək gəlir əldə edilib mənimsənilir və digər təsisçilərə bir manat belə ödənilmir. Cavabdeh iddiaçıya qarşı mülki-hüquq pozuntusu törətməsində əsas məqsəd “Mayıllı” firmasının nizamnamə kapitalındaki 20 faiz payını mənimsəməklə yanaşı həmin faizə uygun hər ay iddiaçıya verilən gəlirdən məhrum etmək, “Mayıllı” firmasının əmlakındakı 20 faiz payını da öz adına keçirmək olmuşdur ki, iddiaçıda digər təsisçi X7 nizamnamə kapitalındakı payına mütənasib 20 faizinə uyğun çıxarış ala bilməsin. Beləliklə faktiki olaraq 2013-cü ilin avqust ayında Cavabdeh firma prezidenti kimi iddiaçıya sonucu dəfə “Mayıllı” firmasının nizamnamə kapitalındaki 20 faiz payına mütənasib 9700 manat pul verdi, yəni 20 faiz firmanın aylıq gəlirlərinə bağlı olduğu üçün ölkə ərazisindəki qiymət artımlarına əsasən gəlirlərdə ilbəil artırdı. “Mayıllı” firmasının gəlirlərinə gəldikdə sonralar anlamışdır ki, Əhmədov X11 İdarəsini də aldadırmış vergi ödəməkdən yayınırmış. Sonralar bunlar barədə dəfələrlə Vergilər Nazirliyinə şikayətlər etmiş və nəticə etibarı ilə “Mayıllı” firması və "xxxx" MMC dəfələrlə cərimələndi və hətta cinayət işi açıldı. 2023-cü ilin sentyabr ayında düz on il olur ki, Cavabdeh iddiaçıya qarşı mülki-hüquq pozuntusu törətməsi nəticəsində bəlkə iki yüzdən çox məhkəmə çəkişmələrində olmuş, nizamnamə kapitalındakı 20 faiz payına uyğun gəlirdən məhrum edilmiş, mənəvi əzab və maddi sıxıntı çəkmişdir. Cavabdeh isə iddiaçıya çatası gəlirləri mənimsəmişdir. İndi iddiaçıya çatası gəlirlərin qaytarılma vaxtı artıq çatmışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarları ilə isbat oldu ki, o məkirli niyyəti ilə iddiaçının başına nələr gətirib, həmin qərarlarda onun bütün fırıldaqları, saxtakrıqları, hiyləgərliyi tam üzə çıxıb. “Mayıllı” firmasının əmlakına gəldikdə bildirir ki, 10 oktyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Maliyyə Nazirliyi nəzdində “Azəraudit” mərkəzinin rəyinə görə “Mayıllı” firmasının daşınar daşınmaz əmlakının dəyəri 9247011,23 ABŞ dolları təşkil etmişdir. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən 5847 kv.m-dən ibarət olmuşdur, halbuki faktiki istifadədə olan sahə xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən 6725.5 kv.m-dən ibarətdir. Həmin qeyri-yaşayış sahəsi 2013cü ildən hal-hazıra kimi Cavabdeh sərəncamındadır, əmlakdan gələn bütün gəlirləri də o götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Göstərilənlərə əsasən müraciət edən mülki məhkəmə icraatının səmərəliliyinin təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddia mötəbər sübutlara əsaslanmır. İddia tələbi yalnız çöldən çəkilmiş şəkillərlə müəyyən olunur. Hesab edir ki, maddi əsas üçün mütləq öhdəlik yaranmalıdır. Lakin belə bir öhdəlikdən söhbət gedə bilməz. Hazırda iddia tələbi üzrə maddi hüquq normasına əsaslanılmamışdır. Mövcud halda iddia əsassızdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, “Mayıllı” firması xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
10. Təsis müqaviləsindən görünür ki, “Mayıllı” firmasının nizamnamə fondunda paylar Cavabdeh 55%, X13 25% və X3 20% məxsusdur.
11. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışından görünür ki, “Mayıllı” firmasının təsisçiləri Cavabdeh, X19 və X6 olmaqla, onların nizamnamə kapitalında mayalarının miqdarı Cavabdeh - 55%, X19 - 25% və X6 - 20% müəyyən edilmişdir.
12. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
13. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
14. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
15. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, hazırki mübahisə “Mayıllı” firmasının gəlirlərinin 2013-cü ilin avqust ayından hazıradək 20% payının ödənilməsi ilə əlaqədar maddi zərərlə bağlıdır və bu tələb firmanın təsisçisi olan iddiaçı tərəfindən digər təsisçisi olan cavabdehə qarşı irəli sürülmüşdür.
16. Göründüyü kimi “Mayıllı” firmasının təsisçisi iddiaçı tərəfindən pulun ödənilməsi digər təsisçi olan cavabdehdən tələb edilir ki, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra cavabdeh məsuliyyət daşımadığından iddia təmin oluna bilməz. Belə ki, göstərilən maddədə hüquqi şəxsin təsisçilərinin məhz onun yaradılması ilə bağlı məsuliyyəti nəzərdə tutulmuşdur. Nə qədər ki, hüquqi şəxsin təsisçilərinin onun yaradılması ilə bağlı fəaliyyəti hüquqi şəxsin dövlət qeydiyyatına alınana qədər həyata keçirilir, onların məsuliyyəti də bu dövrlə məhdudlaşır. Belə ki, yaradılmış hüquqi şəxs öz hərəkətləri üçün özü məsuliyyət daşıyacaq. Təsisçilərin hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyətləri nəzərdə tutulmuşdur. Birgə məsuliyyət mülki hüquq məsuliyyəti növləri arasında daha sərt olduğundan ancaq qanunda və ya müqavilədə nəzərdə tutulduqda tətbiq olunur. Ümumi qaydaya görə birgə məsuliyyəti birlikdə ziyan vurmuş şəxslər daşıyırlar. Nə qədər ki, hüquqi şəxsin yaradılmasında bərabər hüquqlu və birgə vəzifəli bir neçə təsisçi iştirak edir, onlar yaranmış öhdəliklər üçün birgə məsuliyyət daşıyırlar.
17. Odur ki, hazırkı vəziyyətdə cavabdeh iddia tələbi üzrə cavab verməli olan şəxs olmadığından iddiaçının iddia tələbi təmin oluna bilməz.
18. Məhkəmə iddianın mənəvi zərər tələb edilməsi ilə bağlı qeyd edir ki, iddia tələbinin mənəvi zərər tələbi eyni faktlara və maddi ziyanın vurulmasına əsaslandığından və yuxarıda göstərilənlərə əsasən iddia həmin hissədə rədd olunduğundan iddia mənəvi zuyanın tutulması hissəsində də təmin oluna bilməz.
19. Beləliklə, işin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehi iddia tələbini ona qarşı irəli sürməyə imkan verən cavabdeh kimi qəbul etmək mümkün olmadığından iddia rədd olunmalıdır.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı cavabdehdən 944000 manat məbləğində maddi zərərin, 300000 manat məbləğində mənəvi zərərin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilən 410 manat rüsumun, iddia ərizəsinin verilməsinə görə ödənilən 1002 manat dövlət rüsumunun, müvəqqəti təminat tədbirlərinin tətbiqi haqqında ərizənin verilməsinə görə ödənilən 141,20 manat dövlət rüsumunun, ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arayışına görə ödənilən 200 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev