Məhkəmə qərarları › İş №e-2-2(113)-4671/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4671/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4671/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh X7 qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər) (xidmət müqaviləsi üzrə borcun ödənilməsi, sübutetmə yükü) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçı X1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh X7 qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X3 cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fiziki şəxs və sifarişçi X5 müqavilə üzrə ödəməli olduğu 15.000 manat xidmət haqqı, ödənilmiş 61 manat mediasya rüsumu, 140 manat dövlət rüsumu, vəkil xidmətindən istifadə üçün ödədilən 300 manat, ümumilikdə 15501 manat pul məbləğinin vavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03 iyul 2023-cü il tarixli 23/3 saylı xidməti müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə X11 “sifarişçi”, X3 isə “icraçı” tərəflər olaraq çıxış etmişdir. Xidmət müqaviləsinin predmentini isə X1 “Xəzər FM”-də yayımlanmaqda olan “İşBilən” radio verilişində X8 baş sponsor kimi təqdim edərək hər efir vaxtı 17:00-18:00 arasında 2 (iki) reklam blokunda həkim haqqında 20-25 saniyəlik reklam çarxı, ayda 4 dəfə həkimin efirdə 1 saatlıq canlı yayımda çıxışı və əlavə olaraq sosial şəbəkələrdə paylaşmaq məqsədi ilə video çarxlar və şəkillər təqdim olunması təşkil etmişdir. Bu xidmətin qarşılığında isə sifarişçi, yəni X11 hər ay 2500 manat işlərin icraçısı olan X1 bank hesabına ödəməyi öz üzərinə götürmüşdür. Qeyd edilən müqavilə tərəflərin qarşılıqlı razılığı ilə 6 (altı) ay müddətində nəzərdə tutulmuşdur. Bu müddətdə isə daim qeyd edilən verilişdə müqavilə üzrə icraçının üzərinə düşən öhdəliklər qeyd-şərtsiz həyata keçirilmişdir. Quliyev Nazim dəfələrlə möhlətlər istəmiş, ödənişin həyata keçirilə bilməməsinin səbəbini xarici ölkələrdə oxuyan övladlarının təhsil alması olduğunu qeyd etmişdir. X9 Fəridə arasında işgüzar münasibətə dayanan etibar olmuşdur. Cavabdeh dəfələrlə Bayramlı Fəridədən qısa müddətli borclar da istəmişdir. Lakin bu borcların göstərilmiş xidmətlə heç bir əlaqəsi olmamışdır. 6 ay iştirak 2500 manata hesabla 15.000 manat öhdəlik edir. Həmçinin mediasiya prosesi zamanı cavabdeh tərəfə dəfələrlə güzəştlər təklif eedilmiş, lakin mediasiya təşkilatına gələrək ödəyəcəyi barədə sözlər versə də heç bir hərəkət etməmişdir, ödənişlərdən və öhdəliklərindən boyun qaçırmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, xx.xx.2024-cü ildə ilk iclas olmuş və 4 dəfə təxirə salınmışdır. Bu müddət ərzində şəxs öhdəliklərdən təkidlə boyun qaçırmışdır. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə arasında 6 ay müddətinə xidmət müqaviləsi bağlanılmış, həmin müqaviləyə uyğun olaraq iyul, avqust, sentyabr və oktyabr ayları olmaqla 4 ay ərzində xidmət göstərilmişdir. Lakin cavabdeh tərəfindən bu günədək həmin xidmətlə əlaqədar olaraq heç bir ödəniş həyata keçirilməmişdir. Hazırda cavabdehdən 4 ay üzrə 10 min manat məbləğində göstərilən xidmətin dəyərini ödənilməsini tələb edir. Qalan 2 ay ərzində başqa şəxsi “Xəzər FM”-də çıxış etməsi üçün cəlb etmək mümkün olmamış və bununla da ona maddi ziyan dəymişdir. Buna görə də cavabdehdən 6 ay üzrə hesablanmış tam məbləğin ödənilməsini tələb edir. Yazışmalarda qeyd etdiyi 4875 manat yalnız son 2 ay üzrə hesablanmış borcdur. Cavabdehlə arasında hazırkı müqavilə münasibəti yaranmazdan əvvəl cavabdeh “Xəzər FM” radioda fərdi çıxışlar etmişdir, həmin ödənişlərin bir hissəsi onunla bağlıdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, radio verilişində 2023-cü ilin iyul, avqust, sentyabr ayları və oktyabr ayında isə yarım ay olmaqla 3 ay yarım çıxış etmişdir, oktyabr ayında maddi vəziyyətində çətinlik yaranmış və verilişdə çıxış etməyi dayandırmaqla bağlı Fəridə xanımla qarşılıqlı razılığa gəlmişlər. Müqavilə ilə aylıq 2500 manat məbləğində müəyyənləşdirilən xidmət haqqını 2 ay üçün tam, avqust ayı üçün isə 2000 manat məbləğində ödəmişdir. “Elektron Məhkəmə” İnfomasiya Sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş yazışmalardan da görünür ki, Fəridə xanım ona 4875 manat borcu olduğunu bildirir. Belə ki, Fəridə xanım özü qeyd edir ki, bu borc avqust ayı üzrə 500 manat, sentyabr ayı üzrə tam 2500 manat, oktyabr ayı üzrə isə təxmini yarım ay çıxış etdiyi üçün 1875 manat manat olmaqla cəmi 4875 manat məbləğində hesablanmışdır. Təqdim edilmiş yazışmada etdiyim ödənişlərin bir qismi görünür, lakin qalan hissəsini verilişdə olarkən nağd şəkildə ödəmişdir. Qalan məbləğ - 4875 manat borcla bağlı hər hansı ödəniş etməmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. “Sifarişçi” X11 və “İcraçı” X3 arasında bağlanmış 03 iyul 2023-cü il tarixli, 23/3 nömrəli Xidmət müqaviləsinin: 1.1-ci bəndinə əsasən, İcraçı Sifarişçinin müəyyən etdiyi qaydada bu müqaviləyə razılaşdırılmış əlavələrdə qeyd olunan reklam xidmətlərini göstərməyi, Sifarişçi isə Maddə 3də qeyd olunan qaydada xidmət haqqını İcraçının bank hesabına köçürülməsini öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, xidmətlərin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. 2.2-ci bəndinə əsasən, İcraçının yerinə yetirdiyi xidmətlər xidmətlərin təhvil-təslim aktı imzalanmaqla Sifarişçi tərəfindən təhvil alınır. 4.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq Sifarişçi İcraçıya razılaşdırılmış xidmət haqqını İcraçı tərəfindən təqdim olunmuş hesab fakturaya əsasən işin icrasından sonra 5 iş günündən gec olmayaraq ödəyir. 5.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il qüvvədə qalır.

8. 03 iyul 2023-cü il tarixli 3 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, göstərilən xidmətin aylıq məbləği 2500 manat təşkil etmişdir. Əlavə xx.xx.2023-cü il tarixdən etibarən qüvvəyə minir və xx.xx.2024-cü il tarixə qədər qüvvədədir.

9. İş materiallarına əlavə edilmiş “vatsap” yazışmalarından görünür ki, Fəridə Bayramlı cavabdehə avqust ayı üzrə 500 manat qalıq, sentyabr ayı üzrə 2500 manat və oktyabr ayı üzrə 1875 manat olmaqla, cəmi 4875 manat ödənilməmiş pul olduğunu qeyd etmişdir.

10. Bakı 6 X6 tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası xərcinin məbləği 60 manat təşkil etmişdir, ödəniş Fəridə Bayramlı tərəfindən həyata keçirilmişdir.

11. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesabına 300 manat ödəniş həyata keçirilimişdir.

12. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz üzrə 123 manat, xx.xx.2024-cü il tarixli 61233194 nömrəli qəbz üzrə 17 manat olmaqla, cəmi 140 manat dövlət rüsumu Bakı Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir.

13. 28 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi vəsatət təqdim edərək cavabdeh tərəfindən sübut kimi əlavə edilmiş yazışmalar müqavilə bağlanmasından əvvəlki tarixə aid olduğu üçün sübut kimi qəbul edilməməsini xahiş etmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 03 iyul 2024-cü il tarixli, 23/3 nömrəli Xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

16. Məhkəmə qeyd edir ki, mübahisə üzrə tərəflər arasında “reklam xidmətlərinin göstərilməsi” barədə müqavilə bağlandığından, İddiaçı müqavilə üzrə ödənilməmiş xidmət haqqını tələb etdiyindən, Cavabdeh isə müqavilə üzrə xidmət haqqının qismən ödənildiyini bildirdiyindən, MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanmış müqavilə üzrə xidmət haqqının ödənilməsinin sübut etmək yükü cavabdehin üzərinə düşür.

17. Belə ki, 03 iyul 2023-ci il tarixli, 23/3 nömrəli xidmət müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə 6 ay (iyul-dekabr) “Xəzər FM” radioda reklam xidmətlərinin göstərilməsi barədə razılığa gəlmişlər. Müqaviləyə əsasən xidmət haqqının məbləği aylıq 2500 manat müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehə 4 ay (iyul, avqust, sentyabr, oktyabr) xidmət göstərildiyini, lakin cavabdeh tərəfindən ümumiyyətlə ödəniş həyata keçirilmədiyi bildirərək 15000 manat pul məbləğinin tutulmasını tələb edir. Cavabdeh isə müqavilə üzrə ödənişləri etdiyini və 4875 manat ödənilməmiş borc qaldığını bildirir.

18. Məhkəmə, cavabdeh tərəfindən sübut olaraq təqdim edilmiş “vatsap” yazışmalarına qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir.

19. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1 –ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2 –ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

21. Belə ki, təqdim edilən “vatsap” yazışmaları birbaşa iş üzrə tərəflər arasında olan danışıqları əks etdirir və iddiaçı məhkəmə iclasında həmin yazışmaların ona məxsus olmasını təsdiq etmişdir. Beləliklə məhkəmə elektron yazışmanın mətninin iş materiallarına əlavə edilməsini nəzərə alaraq hesab edir ki, AR MPM-in yuxarıda qeyd olunan maddələrinin tələbləri baxımından həmin yazışmaların yazılı sübut qismində qəbulu mümkündür.

22. Sözügedən yazışmalardan görünür ki, iddiaçı Fəridə Bayramova cavabdehə avqust ayı üzrə 500 manat qalıq, sentyabr ayı üzrə 2500 manat və oktyabr ayı üzrə 1875 manat olmaqla, cəmi 4875 manat ödənilməmiş borc qaldığını qəbul etmişdir. Qeyd edilənlər məhkəmə iclasında iştirak edən cavabdehin izahatında da öz təsdiqini tapmışdır.

23. Məhkəmə iddiaçının “qeyd edilən yazışmaların tərəflər arasında olan başqa münasibətlərin predmetini təşkil etməsi” ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin halların sübut edilməsi iddiaçının vəzifəsidir, lakin iddiaçı cavabdehin “Xəzər FM” radioda fərdi çıxışlar etdiyini və həmin ödənişlərin bir hissəsinin onunla bağlı olmasını təsdiq edən halları, habelə 2 ay ərzində başqa şəxsi radioda çıxış etməsi üçün cəlb etmək imkanına malik olmadığı üçün ona maddi ziyan dəyməsini sübuta yetirə bilməmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

25. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin öz öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq və məhkəməyə təqdim edilmiş yazışmalara sübut kimi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 4875 manat (500 manat qalıq + 2500 manat + 1875 manat) məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir.

26. İddiaçı həmçinin ödənilmiş 140 manat məbləğində dövlət rüsumunun və vəkil xidmətinə görə 300 manat pul məbləğinin də cavabdehdən tutulmasını xahiş edir. İş materiallarına əlavə edilmiş qəbzlər iddiaçı tərəfindən məhkəmə xərclərinin bütünlüklə ödənildiyini təsdiqləyir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

28. Məhkəmə hesab edir ki, cavabdehdən hüquqi yardım göstərilməsinə görə ödənilmiş 300 manat pul məbləği tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə 45 manat dövlət rüsumu tutulmasını məqsədəmüvafiq hesab edir.

29. İddiaçı tələbində eyni zamanda ödənilmiş 61 manat məbləğində mediasiya xərcinin də cavabdehdən tutulmasını xahiş edir.

30. Məhkəmə bununla bağlı qeyd edir ki, “Mediasiya haqqında” AR Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Buna baxmayaraq “Mediasiya haqqında” AR Qanununda dəyişiklik edillməsi barədə” Azərbaycan Respublikası Qanunun tətbiqi haqqında AR Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına müvafiq olaraq həmin tarixdən kommersiya mübahisələrinin ilkin mediasiya prossesindən keçirilməsi zərurəti aradan qalxmışdır. Hazırki iş üzrə ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə (mediasiya prossesindən keçirilməsi zərurəti aradan qalxdıqdan sonra) keçirilmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. 31.Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya xərci iddiaçının özünə aid edilməlidir.

IV. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X4 müqavilə üzrə 4875 manat xidmət haqqı, 45 manat dövlət rüsumu və 300 manat vəkil xidmətinə görə ödənilmiş pul, cəmi 5220 (beş min iki yüz iyirmi) manat pul məbləği tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar