Məhkəmə qərarları › İş №e-2-2(113)-4699/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4699/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4699/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 9913,42 manat cərimənin və xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1038,29 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 9913,42 manat, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1038,29 manat, xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 786,83 manat məbləğində cərimənin, ümumilikdə 11738,54 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır, o, Salyan şəhəri ərazisində ticarət obyektində (univermaq) sahibkar kimi fəaliyyət göstərir. Ticarət obyektində qanunauyğun şəkildə elektrik enerjisindən istifadə üçün sayğac quraşdırılmış və **********42042 nömrəli abonent kodu ilə qeydə alınmışdır. İşlətdiyi elektrik enerjisinin pulunu sayğac hesabatına əsasən vaxtında ödəyirəm. Cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən ona qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 055246 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən guya o elektrik sayğacından kənar elektrik xətti ilə elektrik enerjisindən qanunsuz istifadə etmiş. Cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixli akta əsasən 9913,42 manat cərimə yazılıb. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş aktla müəyyən olunur ki, yazılmış cərimə guya elektrik sayğacından kənar elektrik xəttindən enrjidən istifadə etdiyimizlə bağlı olmuşdur. O yazılmış cərimənin araşdırılması zamanı müəyyən etdim ki, cavabdeh tərəfindən mənə məxsus qeyri-yaşayış sahəsinə (univermaq) xx.xx.2022-ci ildədə enerjidən istifadə qaydalarının pozulması ilə bağlı 1038,29 manat borc yazılmışdır. O xx.xx.2022-ci ildə yazılmış 1038,29 manat borcun yazılmasına əsas olan sənədləri tələb etsəmdə mənə heç bir sənəd təqdim etmədilər. Qeyd etdiyim kimi mən heç vaxt enerjidən qanunsuz istifadə etməmişəm, cavabdehin nümayəndələri tərəfindən verilmiş sərfiyyat aktları, bildiriş əsasında istifadə etdiyim elektrik enerjisinin dəyərini ödəmişəm. Cavabdehin nümayəndələri ay ərzində 4-5 dəfə mənim obyektimin enerji təsərrüfatına baxış keçirirlər. Əgər mən qanunsuz enerjidən istifadə etsəm onda dərhal aşkar edər və tədbir görərdilər. Bildirirəm ki, tərtib olunmuş aktlarla bağlı mənim məlumatım olmayıb, akt tərtib edilən zaman iştirakım təmin olunmayıb. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 9913,42 manat cərimə və xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1038,29 manat cərimə qanunsuzdur. Belə bir qanunsuz istifadə halı olmuşdusa bu halda cavabdeh təşkilat bununla əlaqədar hər-hansı bir araşdırma aparmalı idi. Lakin, göründüyü kimi heç bir araşdırma aparmadan, ümumiyyətlə, heç bir qoşulma olmadan yuxarıda göstərilmiş aktı qeyri-qanuni tərtib etmişlər və heç bir əsas olmadan cərimə hesablamışlar.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aktlar iddiaçının xəbəri olmadan tərtib edilmiş, hətta üçüncü aktdan iddiaçı ümumiyyətlə məlumatsız olmuş, məhkəmə icraatı dövründə bu barədə məlumat aldıqdan sonra iddia tələbinin həcmi artırılmışdır.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hər üç aktın tərtib edilməsinin səbəbi iddiaçının kənar xətdən istifadə etməsi olmuşdur, aktlar tərtib edilərkən foto və video qeydiyyat aparılmamış, aparılmış yoxlamalar dövlət reyestrində qeydiyyata alınmamışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdehin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş 20 iyun 2022-ci il tarixli 004991 nömrəli aktdan görünür ki, EEİQ-nin istifadə qaydalarına uyğun olaraq baxış keçirən zaman məlum oldu ki, abonentə məxsus hesabat sayğacı qısqapanma nəticəsində əriyərək yararsız hala düşüb, ekran oxunmur. Mövcud yeni sayğac quraşdırılana qədər elektrik enerjisi ilə təmin olundu.

8. Cavabdehin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş 12 fevral 2023-cü il tarixli 050984 nömrəli aktdan görünür ki, abonentin şifahi sorğusuna əsasən hesabat sayğacına baxış keçirərkən məlum oldu ki, sayğacın arasında giriş və çıxış yuvlalarında boşluq var. Sayğac normal hesabat aparır, enerjini ötürür. Sayğacın yenisi ilə əvəz olunması məqsədinə uyğundur.

9. Cavabdehin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş 29 iyun 2023-cü il tarixli 055246 nömrəli aktdan görünür ki, EEİQ-nin istifadə qaydalarına uyğun olaraq baxış keçirən zaman məlum oldu ki, obyekt kənar xətt vasitəsilə sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Cavabdeh tərəfindən mütəmadi olaraq ay ərzində sayğaca baxış keçirilmiş, əvvəllər kənar xəttdən istifadə halları istifadə olunmayıb. Cavabdeh tərəfindən kənar xətt ləğv edildi, sayğac sistemi bərpa olundu.

10. Cavabdehin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş 04 iyul 2023-cü il tarixli 055248 nömrəli aktdan görünür ki, EEİQ-nin istifadə qaydalarına uyğun olaraq baxış keçirən zaman məlum oldu ki, abonentə məxsus hesabat sayğacının giriş və çıxış yuvaları əriyərək istismara yuvarsız hala düşmüşdür. Yeni sayğac quraşdırılana qədər obyekt sayğacsız eıelktrik enerjisi ilə təmin olundu.Transformatordan axan yük ampermetr vasitəsilə ölçüldü.

11. 80900117994 saylı abunəyə məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli RQ049991 saylı akt əsasında 1038,29 manat, xx.xx.2023cü il tarixində RQ055246 saylı akt əsasında 9913,42 manat, xx.xx.2023-cü il tarixində RQ055248 nömrəli akta əsasən 786,83 manat məbləğində borcu vardır.

12. 09.03.2022-ci il tarixli,050984 saylı aktdan görünür ki, sayğacın “A” faza xəttinin hər iki yuxarı termiki təciz nəticəsində əriyib, sayğac istismara yararsızdır.

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca üç dəfə baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə aktlar tərtib edilərək iddiaçıya xx.xx.2023-cü il tarixli akta əsasən 9913,42 manat, xx.xx.2022-ci il tarixli akta əsasən 1038,29 manat, xx.xx.2023-cü il tarixli akta əsasən 786,83 manat borc hesablanmışdır.

14. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sayğaca kənar müdaxilə edilməsi nəticəsində yaranmış nasazlıq səbəbindən sayğacın xətdən axan yükü tam qeydə almamasına istinad edilməklə hesablanmış borcdur.

15. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktlarda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.

16. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

17. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.

18. Materiallardan görünür ki, cavabdeh həmin aktlarla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.

19. Belə ki, cavabdeh tərəfindən sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edilməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

20. Məhkəmə həmçinin qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus sahədə quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Elektrik enerjisindən istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borc iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.

22. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

23. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

24. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

25. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

27. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

28. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

29. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

30. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

31. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır.

32. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

33. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

34. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya ümumilikdə 11738,54 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.

35. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 11738,54 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış borclar da əsaslı hesab edilə bilməz.

36. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin aktlara görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 11738,54 manat məbləğində borc silinməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 205 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 11738,54 (on bir min yeddi yüz otuz səkkiz manat əlli dörd qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASCyə həvalə edilsin. Ödənilmiş 205 (iki yüz beş) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar