Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4707/2023 20.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair Kommersiya mübahisəsi (açar sözlər: elektrik enerjisi borcu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 5824,50 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Salyan rayonu Quyçu kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsində (şadlıq sarayı) sahibkar kimi fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsində qanunauyğun şəkildə elektrik enerjisindən istifadə üçün sayğac quraşdırılmış və cavabdeh təşkilatla müqavilə bağlamışdır. İşlətdiyi elektrik enerjisinin pulunu sayğac hesabatına əsasən vaxtında ödəyir. Cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən ona qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 050740 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən guya elektrik sayğacına müdaxilə etməklə elektrik Dövlət rüsumunun ödənilməsi haqqında məlumat enerjisindən qanunsuz istifadə edilmişdir. Cavabdeh tərəfindən ona xx.xx.2023-cü il il tarixli akta əsasən 5824.50 manat cərimə yazılıb. Cavabdehin nümayəndələri tərəfindən verilmiş şifahi izahata əsasən yazılmış cərimə elektrik sayğacına müdaxilə edilməsi ilə bağlı olmuşdur. "xxxx" ASC tərəfindən yazılmış 5824.50 manat borc qanunsuzdur. İddiaçı şadlıq sarayında işlətdiyi elektrik enerjisinin pulunu vaxtında ödəmişdir. Cavabdehin nümayəndələri ay ərzində demək olar ki 4-5 dəfə gəlib sayğacın sərfiyyatını qeyd edirlər. Belə olan halda sayğaca necə müdaxilə edilə bilər. Əgər sayğacda hər hansı bir nöqsan olsaydı cavabdehin nümayəndələri həmin nöqsanı görməli idi. İddiaçı yazılmış əsassız borcla bağlı dəfələrlə cavabdehin yerli təşkilatlarının qəbulunda olmuşdur. Onlar borcun yazılmasını guya sayğacın işləmə mexanizminə müdaxilə edilməsi ilə əsaslandırırlar. İddiaçının hesabına yazılmış əsassız borcun silinməsini tələb etdiyi üçün cavabdeh şadlıq sarayına elektrik enerjisinin verilməsini dayandırmış və yazılmış cərimənin dərhal ödənilməsini tələb edirlər. Şadlıq sarayının elektrik enerjisini kəsməklə sahibkar kimi iddiaçıya xeyli miqdarda ziyan vurmuşlar. Cavabdeh tərəfindən tərtib edilmiş abonentin saldosu adlanan sənədə baxış keçirdikdə iddia tələbimin tam haqlı olması, mübahisə edilən borcun əsassız yazılması öz təsdiqini tapır. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində yoxlama keçirilərkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi ilə əlaqədar ona heç bir bildiriş verilməmişdir. İddiaçının mübahisənin məhkəməyədək həll edilməsi və qanunsuz yazılmış cərimənin silinməsi ilə bağlı cavabdeh "xxxx" ASC-yə pretenziya qaydasında müraciət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən qeyd edilən normativ aktların tələblərinə riayət olunmamışdır. Mübahisənin mediasiya yolu ilə həll olunması üçün cavabdehə təklif göndərmiş, lakin təklifdə göstərilən müddətdə cavabdeh heç bir münasibət bildirmədiyi üçün Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Bakı 12 saylı Mediasiya Təşkilatında keçirilən ilkin mediasiya sesiyasında cavabdehlə heç bir razılıq əldə olunmamışdır. Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/xx/xx-00626 nömrəli ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sesiyasının xərci olaraq 100 manat xidmət haqqı ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, yoxlama reyestrdə qeydiyyatdan keçməmişdir, yoxlama zamanı aparılan video-foto çəkilişi təqdim edə bilməmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsinə əsasən abonetə illkin buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 70000 kVts və dəyəri 7700 manat müəyyən edilmişdir.
7. "xxxx" ASC-nin Şirvan RETSİ-nin xx.xx.2023-cü il tarixli, 050740 saylı aktına əsasən X3 məxsus obyektə baxış keçirilən zaman şadlıq sarayına məxsus transformatorun 0,4 kvt-lıq çıxışında quraşdırılmış c/t.lərin sxeminə müdaxilə olunduğu, sayğac dövrəsini qidalandıran hər üç fazada yerləşdirilmiş c/t-nin U1 və U2 qütbləri iynə vasitəsi ilə qısa qapanaraq sayğac sxeminə müdaxilə olunduğu, çəkiliş aparıldığı, abonentdən VÖEN tələb olunduğu,lakin təqdim edilmədiyi qeyd olunmuşdur.
8. "xxxx" ASC-nin “Şirvan RETSİ”-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən X3 abonent sayğacından kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi üçün 5824,50 manat məbləğində pul hesablanmış və xx.xx.2023-cü il tarixdə həmin məbləğ abonent haqqında olan uçot bölməsinə daxil edilmişdir.
9. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
10. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın:
12. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
13. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur.
14. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
15. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
16. Azərişıq” ASC-nin Şirvan RETSİ-nin xx.xx.2023-cü il tarixli, 050740 saylı aktına əsasən X3 məxsus obyektə baxış keçirilən zaman şadlıq sarayına məxsus transformatorun 0,4 kvt-lıq çıxışında quraşdırılmış c/t.lərin sxeminə müdaxiləolunduğu, sayğac dövrəsini qidalandıran hər üç fazada yerləşdirilmiş c/t-nin U1 və U2 qütbləri iynə vasitəsi ilə qısa qapanaraq sayğac sxeminə müdaxilə olunduğu, çəkiliş aparıldığı, abonentdən VÖEN tələb olunduğu,lakin təqdim edilmədiyi qeyd olunmuşdur.
17. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:
18. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
19. 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
20. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
21. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin:
22. 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
23. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
24. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
25. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
26. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, akt əsasında hesablanmış 5824,50 manat məbləğində borc silinməlidir.
V. Nəticə:
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən X3 hesablanmış 5824,50 manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova