Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4720/2023 27.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sumqayıt Su-Kanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 600603 nömrəli akta əsasən hesablanmış 2156,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsi ilə iddiaçı arasında Sumqayıt şəhəri, Şirvan yaşayış massivi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (kafe) su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2021-ci il tarixli, 152803 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı qeyri-yaşayış sahəsində sudan əvvəlcədən ödənişli (smart) sayğac vasitəsilə istifadə etmişdir. 2021-ci ilin dekabr ayında suya görə ödəniş edən zaman ödədiyi pulun bir hissəsinin qeydə alınmadığını müəyyən etmişdir. İddiaçı pulun tam qeydə alınmamasının araşdırılması üçün Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsinə müraciət etmişdir. Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları sudan qanunsuz istifadə etdiyi üçün xx.xx.2021-ci il tarixdə 600603 nömrəli aktın tərtib edildiyini, bu səbəbdən də 2156,40 manat cərimə hesablandığını, həmin pulun sayğaca yüklənilən puldan hissə-hissə tutulduğunu bildirdilər və qeyd olunan aktın surətini iddiaçıya verdilər. İddiaçıya təqdim olunan aktda guya qeyri-yaşayış obyektində sayğacdan keçmədən sudan qanunsuz istifadə etməyi qeyd olunmuşdur. Akt tərtib olunarkən iddiaçının məlumatı olmamış və iştirakı təmin edilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş akta əsasən 2156,40 manat cərimə hesablanmışdır. Cavabdeh hesablanmış məbləği abonent hesabına əlavə etmişdir. İddiaçı mübahisənin mediasiya yolu ilə həll olunması üçün cavabdehə təklif göndərmiş, lakin təklifdə göstərilən müddətdə cavabdeh heç bir münasibət bildirmədiyi üçün Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatında keçirilən ilkin mediasiya sesiyasında cavabdehin nümayəndələri iştirak etməmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023cü il tarixli, MŞB/18/2023-01129 nömrəli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Mediasiya xərci olaraq 60 manat iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı əsassız yazılmış 2156,40 manat borcun silinməsi üçün elektron pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və 3 gün ərzində borcun silinməsini təklif etmişlər. Lakin cavabdeh heç bir münasibət bildirməmiş, hərəkətsizlik göstərmişdir. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə əsassız borc yazmaqla bir istehlakçı kimi hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsində aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi ilə əlaqədar iddiaçıya heç bir bildiriş verilməmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” müvafiq bəndlərinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununa və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad olunmuşdur.
5. İddiaçıya məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və ya nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, su xəttinə baxış keçirilən zaman su xəttindən sayğacdan kənar qeyriqanuni istifadə aşkar edilmiş və xx.xx.2021-ci il tarixli, 600603 saylı akt tərtib olunmuşdur. İddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir.
7. Tərəflər arasında qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya xidmətlərinə dair xx.xx.2021-ci il tarixli, 152803 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə (müqavilənin mahiyyəti) əsasən bu müqavilə Cavabdeh ASCnin su təchizatı sistemindən abonentin tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
8. xx.xx.2021-ci il tarixli, 600603 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən istehlakçının obyektinə baxış keçirilmiş, sayğacdan keçməyən qeyri-qanuni su xəttindən istifadə olunduğu aşkar olunmuşdur. Aktın imza yerində obyektin nümayəndəsi qrafası boş saxlanılmışdır.
9. xx.xx.2023-cü il tarixli Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 2166 manat təşkil edir. Eləcə də, abonent haqqında məlumatdan görünür ki, Cavabdeh ASC tərəfindən 2021-ci ilin noyabr ayı üçün 2166 manat borc hesablanmışdır.
10. İddiaçı tərəfindən Cavabdeh ASC-yə pretenziya məktubu ünvanlanaraq əsassız hesablanmış 2156,40 manat borcun silinməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq
11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
12. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmənin mövqeyi
13. İddia tələbi cavabdeh xx.xx.2021-ci il tarixli 600603 nömrəli akta əsasən hesablanmış 2156,40 manat məbləğində borcun silinməsindən ibarətdir.
14. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
15. Belə ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
16. Qeyd edilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı (VÖEN:**********) 152803 abonent nömrəsi üzrə Cavabdeh ASC-nin Sumqayıt Su-Kanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 600603 nömrəli akta əsasən hesablanmış 2156,40 (iki min yüz əlli altı manat qırx qəpik) manat məbləğində borc silinməlidir.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (VÖEN:**********) 152803 abonent nömrəsi üzrə Cavabdeh ASC-nin Sumqayıt Su-Kanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 600603 nömrəli akta əsasən hesablanmış 2156,40 (iki min yüz əlli altı manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova