Məhkəmə qərarları › İş №e-2-2(113)-4722/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4722/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4722/2023 25.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, təhvil aktları, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya ödənilməmiş qalıq borc olan 93370,51 manatı, əsas borca görə əlavə 5% hesablanmaqla, 1493.24 manat məbləğində pul vəsaiti, 19221 manat əldən çıxmış fayda və iddia ərizəsinə görə ödənilmiş 405 manat dövlət rüsumu, ümumilikdə cəmi 114489.75 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10 oktyabr 2022-ci il tarixli, AK-10/2022-01saylı Podrat müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən “Podratçı” qismində Cavabdeh MMC, “Subpodratçı” qismində İddiaçı MMC çıxış etmişdir. Tərəflər arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli, AK-10/2022-01 saylı Podrat müqaviləsinə əsasən Subpodratçı podratçının təchiz etdiyi metal materialı ilə podtarçının istehsal sahəsində müqavilənin əlavəsində qeyd edilən metal konstruksiya (qaynaq emalı, metal konstruksiyanın yığılması, emalatxanadan iş sahəsinə daşınması və quraşdırılması) işlərinin görülməsi və xidmətlərinin göstərilməsini, Podratçı isə işlərin yerinə yetirilməsinin əvəzində Subpodratçıya haqq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü maddəsinə əsasən müqavilənin qiyməti və işlərin həcmi bu müqavilənin əlavəsindəki qiymətləərə əsasən, yerinə yetiriləcək işlərə müvafiq olaraq müəyyən ediləcəkdir. Subpodratçı tərəfindən iş sahəsində istənilən növ materialın quraşdırılması işin miqdarının bir hissəsi kimi qəbul olunacaq və qiymət razılaşma protokolundakı razılaşdırılmış qiymət ilə hesablanacaqdır. Müqavilənin imzalandıqdan sonra Podratçı mobilizasiya işlərinin yerinə yetirilməsi üçünSubpodratçıya Müqavilə qiymətinin 20%-i məbləğində avans ödənişi həyata keçirəcəkdir. Ödənişin qalan hissəsi yerinə yetirilmiş işlərin qəbulu aktı (forma 2) əsasında hər forma 2 məbləğindən müvafiq avans ödənişi saxlanılmaqla elektron qaimə əsasında 10 təqvim günü ərzində təmin ediləcəkdir. Tərəflər arasında Müqavilənin Əlavəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli X1 əsasən ümumi dəyəri ƏDV daxil 294292 azn olan Metal konstruksiyaların yığılması və quraşdırılması işlərinin görülməsi nəzərdə tutulmuşdur. Subpodratçı tərəfindən aşağıda qeyd edilən ardıcıllıq üzrə işlər görülmüş və elektron qaimələr göndərilmişdir: 1. 2022-ci ilin oktyabr ayı üzrə görülən işlərlə bağlı xx.xx.2022-ci il tarixli EBCİ 116332 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 57471 AZN məbləğində (bu qaimə üzrə borc tam ödənilmişdir); 2. 2022-ci ilin noyabr və dekabr ayları üzrə görülən işlərlə bağlı xx.xx.2023-cü il tarixli EBCM 716246 saylı elektronqaiməyə əsasına ƏDV daxil 109463 AZN məbləğində; 3. 2023-cü ilin yanvar ayı üzrə görülən işlərlə bağlı xx.xx.2023-cü il tarixli EBCO 918901 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 48203 AZN məbləğində; 4. 2023-cü ilin fevral və aprel ayları üzrə görülən işlərlə bağlı xx.xx.2023-cü il tarixli EBDİ 773003 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 43857,06 AZN məbləğində. Podratçı tərəfindən xx.xx.2022-ci il tarixli EBCİ 116332 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 57471 AZN məbləğində borc tam şəkildə ödənilmiş, xx.xx.2023-cü il tarixli EBCM 716246 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 109463.43 AZN məbləğində borc üzrə isə 100799,98 AZN (84102,17 AZN əsas borc və 16697,81 AZN ƏDV olmaqla) ödəniş edilmiş və8663,45 AZN əsas borc qalmışdır. Həmçinin,xx.xx.2023-cü il tarixli EBCO 918901 saylı elektron-qaiməyə əsasına ƏDV daxil 48203 AZN məbləğində borc üzrəisə 7353 AZNƏDV ödənişi həyata keçirilmiş və 40850 AZN əsas borcisə ödənilməmişdir.xx.xx.2023-cü il tarixli EBDİ 773003 saylı elektronqaiməyə əsasına ƏDV daxil 43857,06 AZN məbləğində borcüzrə isə heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunan elektron qaimələr üzrə Podratçı tərəfindən ümumilikdə 93370,51 (86680,45 AZN əsas borc və 6690,06 AZN ƏDV borcu) AZN məbləğdə borc bu günədək ödənilməmişdir. Daha sonra İddiaçı (Subpodratçı) tərəfindənxx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərilmiş qalıq borc olan 93370,51 (86680,45 AZN əsas borc və 6690,06 AZN ƏDV borcu) AZNvəsaitin ödənilməsi xahiş edilmişdir. Pretenziya məktubu xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin elektron sistemi üzərindən göndərilmiş və qarşı tərəfə çatdırılmışdır. Lakin Cavabdeh tərəfindən pretenziya məktublarına da heç bir münasibət bildirilməmiş və qalıq borc üzrə heç bir ödəniş edilməmişdir. Cavabdeh ödənilməmiş ümumi borc olan93370,51 (86680,45 AZN əsas borc və 6690,06 AZN ƏDV borcu) AZNməbləği, əsas borca görə əlavə 5% hesablanmaqla, 1493.24 AZN məbləğində vəsaiti, habelə əldən çıxmış faydanı şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Operativ xidmət göstərən, daim müasir standartlarla çalışan bir şirkət kimi bizə məxsus olan pul vəsaitinin vaxtında bizə ödənilməməsi bəzi ödənişlərin (kommunal, icarə haqqı, əmək haqqı və s.) vaxtında edilməsində çox böyük çətinliklər yaratdı, vergi və dövlət sosial müdafiə fonduna olan borcların ödənilməsində yaranmış gecikmələrə görə dəbbə pulu tərəfimizdən ödənildi, həmçinin bir sıra layihələrdə şirkət olaraq iştirak etməyimizi mümkünsüz hala gətirdi. Yaranmış bu çətinlik şirkət daxilində gərginlik yaratdı və işçilər arasında motivasiyanın aşağı düşməsinə səbəb oldu. Bu səbəbdən əldən çıxmış faydanı minimum 19 221.0 AZN olaraq dəyərləndirirlər. Cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilə öhdəliklərinə əməl etmir və iddiaçıya pul vəsaitini ödəmir. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş rüsum, digər xərclər cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da cavabdeh ödəməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya nağd qaydada ödəniş edilməmiş, borcun əvəzinə naturada hər hansı əşya verilməmişdir. Ödənişlər daim nağdsız qaydada edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya hazırkı müqavilə üzrə 132806,42 manat vəsait ödənilmişdir. Cavabdeh qaimələr üzrə qismən ödəniş etməklə dolayı olaraq qalıq borcunu qəbul etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İ.Qurbanov izahatında bildirdi ki, cavabdehin iddiaçıya hazırda borcu 50000 manat civarındadır. Belə ki, iddiaçının göstərdiyi ödənişlərdən əlavə, iddiaçının direktoruna cavabdehin direktoru tərəfindən 10000 manat nağd qaydada vəsait ödənilmiş, lakin həmin halı təsdiq edən sübut təqdim edə bilmir. Bundan əlavə, cavabdehə məxsus təxminən 30000 manat dəyərində avadanlıq iddiaçıya məxsus ərazidə qalmışdır. Bu səbəbdən 10000 manat nağd qaydada ödənilmiş vəsait (hər iki qanuni təmsilçi türk olmuş, cavabdehin direktoru həmin vəsaiti etibar edərək nağd qaydada ödəmişdir) və iddiaçıya verilmiş 30000 manat dəyərində avadanlıq nəzərə alınmaqla, iddia ərizəsi qismən təmin edilməlidir. Bundan əlavə, "xxxx" MMC tərəfindən onlara ödənilməli olan vəsait ödənilmədiyi üçün iddiaçı qarşısında öz öhdəliklərini icra edə bilmirlər.

III.Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (subpodratçı) və cavabdeh (podratçı) arasında bağlanmış 10 oktyabr 2022ci il tarixli AK-10/2022-01 saylı podrat müqaviləsinə əsasən subpodratçı podratçının təchiz etdiyi metal materialı ilə podratçının müəyyən etdiyi istehsal sahəsində müqaviləsinin əlavəsində qeyd edilmiş metal konstruksiya (qaynaq emalatı, metal konstruksiyanın yığılması, emalatxanadan iş sahəsinə daşınması və quraşdırılması) işlərinin görülməsini və xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür.

7. X2 Protokolunda görüləcək işlərin dəyərinin 294292 manat olması razılaşdırılmışdır.

8. xx.xx.2023-cü il tarixli təhvil aktına əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş işlərin dəyəri 109463,43 manat təşkil edir.

9. 25.05.2023-cü il tarixli təhvil aktına əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş işlərin dəyəri 43857,06 manat təşkil edir.

10. xx.xx.2023-cü il tarixli təhvil aktına əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş işlərin dəyəri 48203 manat təşkil edir.

11. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə vəziyyəti haqqında arayışdan görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli AK-10/2022-01 saylı podrat müqaviləsi üzrə cavabdehin ödənilməmiş əsas borcu 86680,45 manat, qalıq ƏDV borcu 6690,06 manat olmaqla, ümumilikdə 93370,51 manat təşkil edir.

12. İddiaçı tərəfindən cavabdehə EBDİ 773003 nömrəli xx.xx.2023-cü il tarixli (43857,06 manat), EBCO 918901 nömrəli xx.xx.2023-cü il tarixli (48203 manat), EBCM 716246 nömrəli xx.xx.2023-cü il tarixli (109463,43 manat), EBCİ 116332 nömrəli xx.xx.2022-ci il tarixli (57471,02 manat) elektron qaimələr göndərilmişdir.

13. İddiaçı tərəfindən veriljmiş xx.xx.2023-cü il tarixli əldən çıxmış fayda barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin gecikməsinə görə iddiaçının 19221 manat məbləğində əldən çıxmış faydası olmuşdur. Vergilər Nazirliyinə gecikdirilmiş vergi ödənişinə görə faiz ödəməsi – 106 manat, Məcburi Dövlət Sosial Sığortası üzrə vəsaitin çatışmamasına görə penya ödənişləri 1230 manat, İcbari Tibbi Sığorta üzrə vəsaitin çatışmamasına görə penya ödənişi 35 manat, müştəri tərəfindən verilmiş sifariş üzrə olan malların alınması üçün vəsait çatışmadığı üçün sifarişin ləğv olunması 17850 manat.

14. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli gecikdirilmiş borc üzrə illik beş faiz hesablanması barədə arayışdan görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli AK-10/2022-01 saylı podrat müqaviləsi üzrə cavabdehin ümumi hesablanmış faiz borcu 1493,24 manat təşkil edir.

15. Cavabdeh tərəfindən verilmiş ödəniş sənədlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 23704,25 manat, xx.xx.2023-cü il tarixdə 27102,17 manat, xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 17000 manat, xx.xx.2023-cü il tarixdə 35500 manat, xx.xx.2022-ci il tarixdə 25000 manat vəsait ödənilmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 10 oktyabr 2022-ci il tarixli podrat müqaviləsi imzalanmış, iddiaçı öz öhdəliklərini lazımınca yerinə yetirsə də, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya 10 oktyabr 2022-ci il tarixli podrat müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

24. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

25. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 10 oktyabr 2022-ci il tarixli nömrəli podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 93370,51 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 93370,51 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

26. Cavabdeh iddiaya etiraz edərək hazırkı borcun tələb edilən borcdan az olmasını bildirmişdir. Cavabdehin bununla bağlı mövqeyi ondan ibarət olmuşdur ki, 10000 manat ödəniş nağd qaydada edilmiş, 30000 manat dəyərində avadanlıq isə iddiaçıya borcun əvəzinə təqdim edilmişdir.

27. İddiaçı isə cavabdehin dəlillərinə etiraz edərək, göstərilən halların həqiqəti əks etdirmədiyini bildirir.

28. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.

29. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.

30. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni borcun əksər hissəsinin ödənildiyini cavabdeh sübut etməlidir.

32. Cavabdeh borcun bir qisminin nağd, bir qisminin naturada ödənildiyini təsdiq edən belə bir sənəd, sübut təqdim edə bilmir.

33. Bu səbəbdən məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.

34. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 1493,24 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

36. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

37. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

38. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

39. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

40. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

41. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

43. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan, cavabdeh tərəfindən də təkzib edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

44. Bundan başqa, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 19221 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

45. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

46. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

47. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

48. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

49. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

50. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

51. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

52. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

53. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

54. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

55. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

56. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

58. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

59. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

60. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 19221 manat məbləğində maddi ziyanın tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

61. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 93370,51 manat məbləğində əsas borc, 1493,24 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 405 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 93370,51 manat məbləğində əsas borc, 1493,24 manat faiz borcu, ödənilmiş 405 manat məbləğində dövlət rüsumu, ümumilikdə 95268,75 (doxsan beş min iki yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar