Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4732/2024 23.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-dən PMB0152/08 saylı, 03 yanvar 2019-cü il tarixli xidmət müqaviləsi üzrə 19.228,89 manat (ƏDV daxil), PMB0071/14 saylı, 01 fevral 2020-ci il tarixli xidmət müqaviləsi üzrə 29.736 manat (ƏDV daxil) olmaqla, ümumilikdə 48.964,89 manat (ƏDV daxil) qalıq borcun, həmçinin hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 1.500 manatın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 241,40 manat dövlət rüsumunun əvəzinin, cəmi 50.706,29 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" QSC arasında PMB0152/08 saylı, 03 yanvar 2019-cü il tarixli və PMB0071/14 saylı, 01 fevral 2020-ci il tarixli xidmət müqavilələri bağlanmışdır. PMB0152/08 saylı, 03 yanvar 2019-cü il tarixli xidmət müqaviləsinə görə, Sifarişçinin/Cavabdehin sifarişi əsasında İcraçı/İddiaçı Binəqədi Rayon Məhkəməsi binasında quraşdırılmış 4 ədəd Mitsubişi markalı liftin və 4 ədəd Mitsubişi markalı eskalatorun ayda 1 dəfə əvvəlcədən müəyyən olunmuş vaxtda texniki xidmətlərinin göstərilməsini, bunun müqabilində isə Sifarişçi razılaşdırılmış pulun İcraçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. PMB0071/14 saylı, 01 fevral 2020-ci il tarixli xidmət müqaviləsinə görə, Sifarişçinin sifarişi əsasında İcraçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin ünvan 1 ünvanında yerləşən Hərbi Tibb Baş İdarəsinin binasında quraşdırılmış 14 ədəd Mitsubişi markalı liftin ayda 1 dəfə əvvəlcədən müəyyən olunmuş vaxtda texniki xidmətlərinin göstərilməsini, bunun müqabilində isəSifarişçi razılaşdırılmış pulun İcraçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı hər iki müqavilə üzrə öhdəliyini lazımi şəkildə yerinə yetirərək, müvafiq xidmətləri göstərmiş və cavabdehə təhvil vermişdir. Lakin, cavabdeh tərəfindən hər iki müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının yerinə yetirdiyi işlərin (xidmətlərin) dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, onun iddiaçıya 48.964,89 manat (ƏDV daxil) borcu qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında PMB0152/08 saylı, 03 yanvar 2019-cü il tarixli və PMB0071/14 saylı, 01 fevral 2020-ci il tarixli xidmət müqavilələri bağlanmışdır.
10. PMB0152/08 saylı, 03 yanvar 2019-cü il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında icraçı Binəqədi Rayon Məhkəməsi binasında quraşdırılmış 4 ədəd Mitsubişi markalı liftin və 4 ədəd Mitsubişi markalı eskalatorun ayda 1 dəfə əvvəlcədən müəyyən olunmuş vaxtda texniki xidmətlərinin göstərilməsini, bunun müqabilində isə sifarişçi razılaşdırılmış pulun icraçıya ödənilməsini öz öhdəsinə götürmüşdür.
11. PMB0071/14 saylı, 01 fevral 2020-ci il tarixli müqaviləyə əsasən sifarişçinin sifarişi əsasında icraçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin ünvan 1 ünvanında yerləşən Hərbi Tibb Baş İdarəsinin binasında quraşdırılmış 14 ədəd Mitsubişi markalı liftin ayda 1 dəfə əvvəlcədən müəyyən olunmuş vaxtda texniki xidmətlərinin göstərilməsini, bunun müqabilində isə sifarişçi razılaşdırılmış pulun icraçıya ödənilməsini öz öhdəsinə götürmüşdür.
12. Müqavilələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
14. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən müqavilə üzrə xidməti göstərib-göstərməməsidir.
17. İş materiallarına əlavə olunmuş qrafikdən görünür ki, PMB0152/08 saylı, 03 yanvar 2019-cü il tarixli müqavilə üzrə göndərilmiş elektron qaimələr üzrə qalıq borc ƏDV daxil 19.228,89 manat (15.70,06 əsas, 3.468,83 ƏDV), PMB0071/14 saylı, 01 fevral 2020ci il tarixli müqavilə üzrə göndərilmiş elektron qaimələr üzrə qalıq borc 29.736 manat (25.200 əsas, 4.536 ƏDV) təşkil edir.
18. Bundan başqa, iş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixə İddiaçınə hər iki müqaviləyə əsasən əsas məbləğ üzrə 40.960,06 manat, ƏDV üzrə 8.004,83 manat olmaqla, 48.964,89 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
19. Göründüyü kimi, cavabdeh tərəf üzləşmə aktını imza və möhürü ilə təsdiq etməklə qeyd edilmiş dəyərdə xidmətlərin göstərildiyini və göstərilmiş xidmətlərə görə qeyd edilmiş məbləğdə borcunun olduğunu qəbul etmişdir.
20. Hazırda, iddiaçı tərəf cavabdehin PMB0152/08 saylı, 03 yanvar 2019-cü il tarixli müqavilə üzrə 19.228,89 manat və PMB0071/14 saylı, 01 fevral 2020-ci il tarixli müqavilə üzrə 29.736 manat məbləğində ödənilməmiş borcu tələb edir.
21. Cavabdeh tərəf məhkəmə iclasına gəlməməklə yanaşı, iddiaya da, etirazını bildirməmiş və qeyd edilmiş borcdan hər hansı bir məbləğin ödənilməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir.
22. Belə olan halda, məhkəmə hesab edir ki, iddia PMB0152/08 saylı, 03 yanvar 2019-cü il tarixli müqavilə üzrə 19.228,89 manat və PMB0071/14 saylı, 01 fevral 2020-ci il tarixli müqavilə üzrə 29.736 manat manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
23. Məhkəmə 241,4 manat məbləğində dövlət rüsumunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən 241,4 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənmişdir.
25. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 241,4 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Bundan başqa, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 1500 manat məbləğində pul Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına ödənmişdir.
27. Lakin, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci bəndini əsas tutaraq hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənməlidir.
28. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 19.228 (on doqquz min iki yüz iyirmi səkkiz) manat, 89 (səksən doqquz) qəpik məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 29.736 (iyirmi doqquz min yeddi yüz otuz altı) manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 241 (iki yüz qırx bir) manat, 40 (qırx) qəpik məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov