Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-477/2023 16.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh hüquqi şəxs Odeion Construction MMC-dən 45036,4 manat məbləğində borcun, həmçinin ödənilmiş 230 manat dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qərar cıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq, Cavabdeh MMC ilə aralarında 01 dekabr 2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən, konkret olaraq, 1-ci bəndinə əsasən subpodratçı yəni İddiaçı MMC, podratçı, yəni Cavabdeh MMC-nin təchiz etdiyi materialla podratçı üçün həmin müqaviləyə əlavədə göstərilən qiymətlərə müvafiq elektrik işlərini yerinə yetirməyi, podratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edir ki, cavabdeh təşkilata 372.784 manat dəyərində işlər görülmüş, bununla əlaqədar elektron qaimə göndərilərək rəsmiləşdirilmiş, cavabdeh şirkət isə bu məbləğdən onlara 327.747,6 manat məbləğində ödəniş edərək, 45.036,4 manat pul məbləğini ödəməmişdir. Cavabdeh şirkətdən dəfələrlə borcun ödənilməsi barədə tələb edilsədə, cavabdeh şirkət bu pulu ödəməkdən imtina etmişdir. Qeyd edir ki, bununla bağlı cavabdehə dəfələrlə yazılı formada ərizə və pretenziyalar göndərərək, borc öhdəliklərini könüllü olaraq yerinə yetirmələrini xahiş etsələr də və həmin şirkət pretenziya, ərizələri və iddia ərizəsinin surətini qəbul etsə də borcunu ödəməkdən yayınmışdır. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, “Mediasiya haqqında” qanunun tələblərinə uyğun olaraq, mübahisə ilə bağlı barədə mediasiya sessiyası aparılsa da, cavabdeh sessiyada iştirak etməyərək borc pul məbləğini ödəməkdən imtina etdiyini açıq-aşkar göstərmişdir. Bütün bunları rəhbər tutaraq, qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmişlər. Cavabdehin qanuni təmsilçisi Tolqa Atıcı iddia ərizəsinə yazılı etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, Cavabdeh MMC-nin direktoru kimi bildirmək istəyir ki, İddiaçı MMC-nin direktoru Ramil Həmidov 29 iyun 2021-ci il tarixində ona “whatsapp” üzərindən yazaraq özünün işə ehtiyacı olduğunu bildirdi və ona köməklik göstərilməsini xahiş etmişdir. O, da daha əvvəl Sumqayıt şüşə zavodunda İddiaçı MMC ilə işləyərək gördüyü işlərdən razı qaldığından uzun illərdir birgə çalışdığı "xxxx" şirkəti ilə bağladığı Heydər Əliyev adina Neft Emali zavodunun Modernizasiya ve Rekonstruksiyasi Lahiyələri çərçivəsində əsas tikinti işləri - Paket B" layihəsi üzrə subpodrat müqaviləsinə əsasən yerinə yetirməli olduğu 260.000 manat dəyərində işlərin bir hissəsinin qiyməti 155.000 manat məbləğində müəyyən edilməklə subpodratçı qismində İddiaçı MMC tərəfindən görülməsi barədə razılığa gəlmişdir. Danışıqlar 2021-ci ilin avqust-sentyabr ayları arasında olmuşdur. Lakin 2021-ci ilin sentyabr-noyabr ayları arasında Cavabdeh MMC-nin hesablaşma hesablarında texniki problemlər olduğundan öncədən razılaşdırılmış avans məbləğinin ödənilməsi üçün sifarişçi “AS İnshaat N” şirkətinə məktub ünvanlanmış, həmin məktuba əsasən İddiaçı MMC ile "xxxx" MMC arasında 29 sentyabr 2021-ci ildə müqavilə bağlanmış, Cavabdeh MMC-nin texniki problemləri həll olunana qədər İddiaçı MMC tərəfindən avans olaraq Cavabdeh MMC-nin əvəzinə müxtəlif tarixlərdə 4 x 10.000 - 40.000 manat + ədv 7.200 manat = 47.200 manat olaraq məbləğində avans İddiaçı MMCyə ödənilmişdir. Cavabdeh MMC texniki məsələləri həll ediləndən sonra 29 noyabr 2021-ci il tarixində Cavabdeh MMC-nin əvəzinə İddiaçı MMC-yə ödənilən avans 40.000 manat çıxılmaqla Cavabdeh MMC ilə "xxxx" şirkəti arasında 220.000 manat məbləğində işlərin görülməsinə dair müqavilə bağlanmışdır. Cavabdeh MMC ilə İddiaçı MMC arasında 155.000 manat məbləğində razılaşma 115.000 manat məbləğində işlərin görülməsinə dair 01 dekabr 2021-ci il tarixində müqavilə ilə əvəzlənmişdir. Müqavilələrdə və məktublarda yazılanlar öz əksini tapır. Həmçinin müqaviləyə əsasən İddiaçı MMC-yə ödənilməli olan bütün ödənişlər yerinə yetirilib. İşin müqavilədə göstərilən həcmi “Azfen” tərəfindən artıtıldığından görülən işlərə görə işlərin dayanmaması üçün pulun bir hissəsi “Forma-2”lərə İddiaçı MMC-yə ödənilmiş, lakin "xxxx" MMC ilə OdeionCavabdeh MMC arasında edilən texniki hesabatlar və araşdırmalar sonrası aydın olmuşdur ki, İddiaçı MMC "xxxx" MMC-də bu işləri təşkil edən və nəzarət edən baş mühəndis Tofiq İslamov ilə əlbir olub İlkin Əmrahlı adlı İddiaçı MMC-də çalışan şəxsə VÖEN açıb mart 2022-ci il tarixində müqavilə bağlatdırıb eyni işlər və sahə üzrə Cavabdeh MMC-nin ödədiyi pullardan əlavə "xxxx" MMC-dən 75.493 manat ödənişləi almışdır, bundan sonra Tofiq İslamov ilə "xxxx" MMC-nin əlaqəsi kəsilmişdir. 26 avqust 2022-ci il tarixində İddiaçı MMC tərəfindən müqaviləyə əsasən sahədə görülmüş işlərin təhvil-təslim aktı imzalanmamış, eyni zamanda müqavilə xaricindəki əlavə görülən işlərə görə əlavə protokol tərtib edilməmişdir. Müqaviləyə əsasən 155.000 manatın 40.000 manat hissəsi İddiaçı MMC tərəfindən avans, 115.000 manat hissəsi isə Cavabdeh MMC tərəfindən tam ödənilmişdir və bundan başqa 223.747 manat əlavə ödənilmişdir. Bu pulun 17.000 manat hissəsi 28 may filialında əlbəəl olaraq Tolqa Atıcı tərəfindən verilmişdir. Göstərilən hal “Whatsapp” yazışmalarında öz əksini tapır. Bundan başqa Cavabdeh MMC-nin əvəzinə İlkin Əmrahlıya eyni işlərə görə 75.498 manat Tofiq İslamovun əli ilə ödənilmişdir. Fakturalar əvvəldən göndərildiyindən bu məsələlər təsbit edildiktən sonra ödənişlər dayandırılıb. İddiaçı MMC təhvil-təslim və son haqq-hesab edilməsi üçün çağırışlara cavab verməmişdir. Bundan başqa İddiaçı MMC-yə edilən artıq ödəmələr As-İnşaat N” MMC tərəfindən Cavabdeh MMC-ilə haqq-hesabda Cavabdeh MMC-dən kəsilmişdir. Üzləşmə və “Forma-3” təhvil-təslim hesabatları tamamlanmadan görülən işləri əhatə edən qaimələr keçərsizdir. Ödənişlərin icra olunması üçün müqavilə, razılaşma protokolu (işin həcmi), əlavələr razılaşması “Forma 2” və “Forma 3” təhvil-təslim aktları olmalıdır. İşin həcmində artımlar ola bilər, amma bunu təsdiq edən razılaşdırılmış əlavələr və təhvil-təslim aktları olmalıdır. Bu artıq ödənişlərə görə ayrıca iddia qaldıracaqlar. İddiaçının qanuni təmsilçisi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Qanuni təmsilçi R.Həmidov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdiki, 48.000 manat ilə bağlı elektron qaimə üzrə ödəniş edilib. 4600 manat dəyərində görülən işlər ilə bağlı təhvil-təslim aktı yoxdur, lakin həmin qaimə üzrə ödəniş edilib. 17.353 manat və 4955 manat məbləğində elektron qaimələr və 84.000 manat məbləğində qaimənin 21.000 manat dəyərində hissəsi ödənilməyib. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyib, iddiaya qarşı verilmiş etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə İ.Qurbanov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, "xxxx" MMC podratçı şirkətdir. İlk əvvəl 115.000 manat dəyərində işlərin görülməsi ilə bağlı müqavilə bağlanıb, lakin sonradan işin həcmi artırılıb. İşlər tam təhvil alınmayıb. 47.200 manat pul vəsaitini "xxxx" MMC ödəyib. 20.000 manat məbləği isə cavabdeh şirkətin direktoru ödəyib. Bununla bağlı səs yazıları var. "xxxx" MMC tərəfindən 40.000 manat dəyərində avans iddiaçıya Cavabdeh MMC-nin əvəzinə ödənilib. Həmin məbləğ geri qaytarılmayıb, daha sonra cavabdeh şirkətin direktoru iddiaçının qanuni təmsilçisinə 20.000 manat məbləğində ödəniş edib. Görülən işlərin dəyəri ödənilib. Onlar hesab edirlər ki, 283.648,99 manat dəyərində işlər görülüb və 399.147 manat məbləğində ödəniş edilib. Yəni iddiaçının onlara 115.498,01 manat məbləğində borcu var. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (direktor Qanuni nümayəndə) xx.xx.2021-ci il tarixli 002 nömrəli məktubla "xxxx" MMC-yə (baş direktor Nuşravan Cəlilov) müraciət edərək, hesablaşma hesablarında texniki problem olduğu üçün “Heydər Əliyev adına X11 Modernizasiya və Rekonstruksiyası Layihələri çərçivəsində Əsas Tikinti işləri- Paket B” layihəsi üzrə subpodrat müqaviləsini İddiaçı MMC ilə bağlanılmasını xahiş etmişdir. "xxxx" MMC (sub-subpodratçı) ilə İddiaçı MMC (sub-sub-subpodratçı) arasında 30 sentyabr 2021-ci il tarixdə 027/21 saylı Sub-Sub-Subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən sub-sub-subpodratçı hazırki müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində sub-subpodratçının təchiz etdiyi materialla və sub-subpodratçı üçün həmin müqaviləyə əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymətlərə müvafiq elektrik işlərini yerinə yetirir, sub-subpodratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəyir. Belə ki, sub-subpodratçı “Azfen” Birgə Müəsissəsi (bundan sonra – subpodratçı) ilə 24 iyul 2020-ci il tarixdə AZF-0104-005 saylı sub-subpodrat müqaviləsi bağlanmışdır. Sub-subsubpodratçı işlərin sub-subpodrat müqaviləsinə uyğun olaraq sub-subpodratçı tərəfindən yerinə yetiriləcək işlərin bir hissəsi olduğunu başa düşür. 30 sentyabr 2021-ci il Sub-Subpodrat müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılması protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş elektrik işlərinin miqdarı və qiymətləri 155.000,35 manat olaraq razılaşdırılmışdır. 30 sentyabr 2021-ci il Sub-Subpodrat müqaviləsinə əlavə olan HAOR PKB layihəsi üçün qeyd olunan həcmdə təklif olunan elektrik işlərinin qiymət razılaşma cədvəlinə əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş elektrik işlərinin miqdarı və qiymətləri 40.000,21 manat olaraq razılaşdırılmışdır. Yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında xx.xx.2021-ci il tarixli akta əsasən müəyyən edilir ki, 2021-ci ilin noyabr ayında “Heydər Əliyev adına X2rulması üzrə cəmi 88.416,93 manat dəyərində elektrik işləri yerinə yetirilmişdir. Akt sub-sub-subpodratçı İddiaçı MMC və sub-subpodratçı "xxxx" MMC-nin imzası ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli 598840-619 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 10.000 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (Neftçilər filialı) olan hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli OD1 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 10.000 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (Neftçilər filialı) olan hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli OD2 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 10.000 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (Neftçilər filialı) olan hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli OD5 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 10.000 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin "xxxx" ASC-də (Neftçilər filialı) olan hesabına ödənilmişdir. "xxxx" MMC (sub-subpodratçı) ilə Cavabdeh MMC (sub-sub-subpodratçı) arasında 29 noyabr 2021-ci il tarixdə 032/21 saylı Sub-Sub-Subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən sub-sub-subpodratçı hazırki müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində sub-subpodratçının təchiz etdiyi materialla və sub-subpodratçı üçün həmin müqaviləyə əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymətlərə müvafiq elektrik işlərini yerinə yetirir, sub-subpodratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəyir. Belə ki, sub-subpodratçı “Azfen” Birgə Müəsissəsi (bundan sonra – subpodratçı) ilə 24 iyul 2020-ci il tarixdə AZF-0104-005 saylı sub-subpodrat müqaviləsi bağlanmışdır. Sub-subsubpodratçı işlərin sub-subpodrat müqaviləsinə uyğun olaraq sub-subpodratçı tərəfindən yerinə yetiriləcək işlərin bir hissəsi olduğunu başa düşür. 29 noyabr 2021-ci il tarixli 032/21 saylı Sub-Subpodrat müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılması protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş elektrik işlərinin miqdarı və qiymətləri 221.000,71 manat olaraq razılaşdırılmışdır. Cavabdeh MMC (podratçı) ilə İddiaçı MMC (subpodratçı) arasında 01 dekabr 2021-ci il tarixdə 01/12/21 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən subpodratçı hazırki müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində podratçının təchiz etdiyi materialla podratçı üçün həmin müqaviləyə əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymətlərə müvafiq elektrik işlərini (bundan sonra – işlər) yerinə yetirir, podratçı isə yerinə yetirilmiş işlərin dəyərini ödəyir. Belə ki, “Azfen” Birgə Müəsissəsi "xxxx" MMC arasında 24 iyul 2020-ci il tarixdə AZF-0104-005 saylı müqavilə bağlanmışdır. Subpodratçı işlərin 24 iyul 2020-ci il tarixdə AZF-0104-005 saylı müqavilə üzrə yerinə yetiriləcək işlərin bir hissəsi olduğunu başa düşür. 2.1-ci bəndinə əsasən işlərin qiyməti müqaviləyə əlavə edilmiş və müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırlması protokoluna əsasən müəyyən edilir. 2.2-ci bəndinə görə işlər yerinə yetirilmiş işlərin qəbulu aktı (forma 2) ilə təhvil verilir. 2.3-cü bəndinə görə işlərin təhvil verilmə müddəti 90 təqvim günüdür. 2.4-cü bəndinə görə müqavilə imzalandıqdan və “Azfen” Birgə Müəsissəsi tərəfindən "xxxx" MMC-yə və, "xxxx" MMC tərəfindən podratçıya avans ödənişi etdikdən sonra subpodratçı tərəfindən təqdim edilmiş müvafiq bank təminat məktubu əsasında podratçı subpodratçıya işlərin dəyərinin 15%-i miqdarında avans ödənişi edəcək. 2.5-ci bəndinə görə ödənişin qalan hissəsi yerinə yetirilmiş işlərin qəbulu aktına (forma 2) müvafiq olaraq subpodratçının təqdim etdiyi hesab-faktura əsasında, hər forma 2 məbləğindən 15% avans ödənişi tutulmalıdır. 3.1.5-ci bəndinə görə yerinə yetirilmiş işlərə görə hesab-fakturanı podratçıya təqdim etmək subpodratçının öhdəliyidir. 3.2.2-ci bəndinə görə işlərin dəyərini müqavilədə göstərilən qaydada ödəmək podratçının öhdəliyidir. 5.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini yerinə yetirənədək qüvvədə olacaq. Müqavilə podratçının və subpodratçının imzası və möhürü ilə təsdiq edilmişdir. 01 dekabr 2021-ci il tarixli 01/12/21 saylı podrat müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılması protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş elektrik işlərinin miqdarı və qiymətləri 115.000,53 manat olaraq razılaşdırılmışdır. Yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında akta əsasən müəyyən edilir ki, 2021-ci ilin dekabr ayında “Heydər Əliyev adına X2rulması layihəsi üzrə cəmi 84.873,94 manat dəyərində elektrik işləri yerinə yetirilmişdir. Akt subpodratçı İddiaçı MMC və podratçı Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında akta əsasən müəyyən edilir ki, 2022-ci ilin yanvar ayında “Heydər Əliyev adına X2rulması layihəsi üzrə cəmi 112.946,25 manat dəyərində elektrik işləri yerinə yetirilmişdir. Akt subpodratçı İddiaçı MMC və podratçı Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, 2022-ci ilin fevral ayında “Heydər Əliyev adına X2rulması layihəsi üzrə cəmi 99.977,56 manat dəyərində elektrik işləri yerinə yetirilmişdir. Akt subpodratçı İddiaçı MMC və podratçı Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixində “Heydər Əliyev adına X2rulması layihəsi üzrə cəmi 17.353,13 manat dəyərində elektrik işləri yerinə yetirilmişdir (xx.xx.2022-xx.xx.2022-ci il tarixinə olan ödəniş (hakediş)). Akt subpodratçı İddiaçı MMC və podratçı Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Yerinə yetirilmiş elektrik işlərinin dəyəri haqqında xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixində “Heydər Əliyev adına X2rulması layihəsi üzrə cəmi 4.955,12 manat dəyərində elektrik işləri yerinə yetirilmişdir (xx.xx.2022xx.xx.2022-ci il tarixinə olan ödəniş (hakediş)). Akt subpodratçı İddiaçı MMC və podratçı Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC (baş direktor Nuşravan Cəlilov) xx.xx.2021-ci il tarixli 281 nömrəli məktubla Cavabdeh MMC-yə (direktor Qanuni nümayəndə) müraciət edərək, bildirmişdir ki, “Heydər Əliyev adına X11 Modernizasiya və Rekonstruksiyası Layihələri çərçivəsində Əsas Tikinti işləri- Paket B” layihəsi üzrə xx.xx.2021-ci il tarixli müraciəti əsasında xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə İddiaçı MMC arasında subpodrat müqaviləsi bağlanmış, yerinə yetirilmiş işlərə görə İddiaçı MMC-yə ƏDV daxil 47.200 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 439.885,12 (ƏDV xaric 372.784 manat) manat məbləğində, o cümlədən 5.520,04 manat (ƏDV xaric 4678 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 332764 saylı; 56.640 (ƏDV xaric 48.000) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 332690 saylı; 100.151,25 manat (ƏDV xaric 84873,94) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 589414 saylı; 133.276,58 manat (ƏDV xaric 112.946,25 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 189854 saylı; 117.973,52 (ƏDV xaric 99.977,56) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 235982 saylı; 20.476,69 (ƏDV xaric 17353,13 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 351803 saylı və 5.847,04 manat (ƏDV xaric 4955,12 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 616647 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, İddiaçı MMC-nin bank hesabına cəmi 327.747,56 manat məbləğində, o cümlədən xx.xx.2022-ci il tarixdə EBBP seriyalı, 332690 saylı elektron qaimə üzrə 48.000 manat, xx.xx.2022-ci il tarixdə EBBP seriyalı, 332764 saylı elektron qaimə üzrə 2.000 manat, xx.xx.2022-ci il tarixdə EBBP seriyalı, 332764 saylı elektron qaimə üzrə 1.000 manat, xx.xx.2022-ci il tarixdə EBBQ seriyalı, 589414 saylı elektron qaimə üzrə 48.800 manat, xx.xx.2022-ci il tarixdə EBBQ seriyalı, 589414 saylı elektron qaimə üzrə 15.000 manat, xx.xx.2022-ci il tarixdə EBBP seriyalı, 645773 saylı elektron qaimə üzrə 19.970 manat, xx.xx.2022-ci il tarixdə EBBS seriyalı, 189854 saylı və EBBQ seriyalı, 589414 saylı elektron qaimə üzrə 93.000 manat, xx.xx.2022-ci il tarixdə EBBQ seriyalı, 589414 saylı elektron qaimə üzrə 87.100 manat və xx.xx.2022-ci il tarixdə EBBU seriyalı, 235982 saylı elektron qaimə üzrə 12.877,56 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh tərəfindəın təqdim edilmiş hesabata (arayışa) əsasən müəyyən edilir ki, İddiaçı MMC-nin müqavilə üzrə görülmüş işlərinin dəyəri 499.899,56 manat olmuş, bunun müqabilində 575.397,57 manat ödəniş edilmiş və artıq ödəmə 75.498,01 manat olmuşdur. İş materiallarında olan “whatsapp” yazışmaları və “whatsapp” səsli danışıqların qeyd edildiyi flash-diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “X8” adlı “whatsapp” istifadəçisi (İddiaçının qanuni təmsilçisi Ramil Həmidov) ilə cavabdehin qanuni təmsilçisi Tolqa Atıcı arasında aparılan “whatsapp” yazışmalarında X12 Atıcıya müraciət edərək, istədiyi təqdirdə onun tərəfindən yerindən və həcmindən asılı olmayaraq elektrik işlərini yerinə yetirə biləcəyini bildirmiş, daha sonra X13 Həmidova Azfenə görə hesaba 10.000 manat avans və 48.000 manat pul vəsaitinin köçürüləcəyini bildirmiş, eləcə də xx.xx.2022ci il tarixdə Qanuni nümayəndə Ramil Həmidova pulun hesaba vurulması və yaxud əlbəəl verilməsi üçün bankın 28 may filialının önünə gəlməsini təklif etmişdir. “Whatsapp” vasitəsilə ilə aparılan danışıqlarında isə Ramil Həmidov ilə Qanuni nümayəndə aralarında müqavilə bağlanması barədə razılığa gəlmiş, Qanuni nümayəndə müqavilənin bağlanmasına razılıq vermiş, vaxtı yubatmadan işə başlamağı Ramil Həmidova bildirmiş, eləcə də tərəflər arasında X9 Atıcıya mart, aprel və may ayları üzrə “Forma 2”-lər üzrə ödənişlərin edilməsini xahiş etməsini, Qanuni nümayəndə tərəflərindən bütün ödənişlərin ediləcəyinin vəd edilməsini, o cümlədən Ramil Həmidova ödəmək üçün 20.000 ayırmasını bildirməsini əhatə edən digər danışıqlar aparılmışdır. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdehnə müraciət edərək, borcun 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və cabandehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC (subpodratçı) ilə Cavabdeh MMC (podratçı) ilə arasında 01 dekabr 2021-ci il tarixli 01/12/21 saylı podrat müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edərək sifariş edilmiş elektrik işlərini icra etsə də, görülmüş işlərin dəyərinin Cavabdeh MMC tərəfindən tam ödənilmədiyini iddia edir və ƏDV xaric 45036,4 manat məbləğində borcun ödənilməsini tələb edir. Cavabdeh MMC isə podrat müqaviləsi üzrə İddiaçı MMC tərəfindən icra edilmiş işlərin dəyərinin tam şəkildə ödənildiyini, hətta həmin müqavilə üzrə 75.498,01 manat məbləğində artıq ödəmənin də olduğunu, o cümlədən icra edilmiş işlərlə bağlı "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 47.200 (ƏDV daxil) manat məbləğində avansın, cavabdehin qanuni təmsilçisi Tolqa Atıcı tərəfindən iddiaçının qanuni təmsilçisi R.Həmidova 17.000 manat məbləğində pulun ödənildiyini, eləcə də “forma 2” aktları tərtib edilmədən göndərilmiş elektron qaimələrin işlərin görülməsini təsdiq etmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Göründüyü kimi mübahisəli podrat müqaviləsi üzrə İddiaçı MMC tərəfindən görülmüş işlərin həcmi, eləcə də görülmüş işlərə görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcunun olub-olmaması işin mübahisəli hallarını təşkil edir. Göstərilən məsələ ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsi üzrə ƏDV xaric cəmi 320.106,1 manat dəyərində işlərin görülməsi ilə bağlı “Yerinə yetirilmiş işlərinin dəyəri haqqında aktlar” tərtib edilərək hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin aktlar əsasında İddiaçı MMC tərəfindən cəmi ƏDV xaric cəmi 320.106 manat məbləğində işlərin görülməsinə dair elektron qaimələr, o cümlədən 100.151,25 manat (ƏDV xaric 84873,94) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 589414 saylı; 133.276,58 manat (ƏDV xaric 112.946,25 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 189854 saylı; 117.973,52 (ƏDV xaric 99.977,56) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBU seriyalı, 235982 saylı; 20.476,69 (ƏDV xaric 17353,13 manat) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 351803 saylı və 5.847,04 manat (ƏDV xaric 4955,12 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBW seriyalı, 616647 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. Sözügedən elektron qaimələr əsasında Cavabdeh MMC tərəfindən 276.747,56 manat məbləğində ödəniş edilmiş və hal-hazırda yuxarıda göstərilən görülmüş işlərnin dəyəri barədə aktlar və elektron qaimələr üzrə borc 43.358,4 manat təşkil edir. “Yerinə yetirilmiş işlərinin dəyəri haqqında aktlar”ın əslində görüləcək işlərin qiymətlərini razılaşdırılması protokolları olması barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla cavabdeh istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə sözügedən aktlarda istifadə edilən “yerinə yetirilmiş işlər”, “görülmüş işlərin dəyəri” ifadələri, eləcə də həmin aktlarda göstərilmiş işlərin görülməsi dövrünün aktların tarixinə münasibətdə keçmiş dövrü əhatə etməsi (məsələn, xx.xx.2022-ci il tarixli aktda həmin aktının xx.xx.2022/xx.xx.2022-ci il tarixinə olan dövr üçün tərtib edildiyi göstərilmişdir) həmin aktların məhz görülmüş işlərin təhvil-təslim aktlarının olması barədə nəticəyə gəlməyə əsas verir. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş iki ədəd elektron qaimənin - 5.520,04 manat (ƏDV xaric 4678 manat) məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 332764 saylı; 56.640 (ƏDV xaric 48.000) manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 332690 saylı elektron qaimələrin əsasında duran işlərin təhvil-təslimi aktları məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ƏDV xaric 48.000 manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 332690 saylı elektron qaimənin dəyəri cavabdeh tərəfindən təyinatı göstərilməklə xx.xx.2022-ci il tarixdə tam ödənilmişdir, yəni mübahisə predmeti olan borcun həmin qaimə ilə bağlılığı yoxdur. ƏDV xaric 4678 manat məbləğində işlərin görülməsinə dair xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 332764 saylı elektron qaiməyə gəldikdə məhkəmə qeyd edir ki, həmin qaimənin əsasında işlərin görülməsinə dair təhvil-təslim aktı durmasa da, cavabdeh tərəfindən həmin qaimə əsasında xx.xx.2022-ci il tarixdə 2.000 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat olmaqla cəmi ƏDV xaric 3.000 manat məbləğində ödəniş edilmiş və hazırda həmin elektron qaimə üzrə borcƏDV xaric 1678 manat təşkil edir. Sözügedən qaimə üzrə borca münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sözügedən elektron qaimənin düzəliş üçün qaytarılmaması, həmin qaiməyə hər hansı bir formada etiraz edilməməsi, eləcə də qaimənin dəyərinin çox hissəsinin ödənilməsi ona dəlalət edir ki, qaimədə göstərilən işlər cavabdeh tərəfindən yerinə yetirilmişdir. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli podrat müqaviləsi üzrə görülmüş işlərə görə cavabdehin iddiaçıya borcu ƏDV xaric 45.036,4 manat (43.358,4 manat+1678 manat) təşkil etməsi iş materialları ilə öz təsdiqini tapır. "xxxx" MMC tərəfindən iddiaçıya ƏDV daxil 47.200 manat məbləğində avans ödəniş edilməsi və həmin ödənişin mübahisəli podrat müqaviləsi üzrə ödəniş kimi nəzərə alınmalı olması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, sözügedən ödəniş "xxxx" MMC tərəfindən "xxxx" MMC (sub-subpodratçı) ilə İddiaçı MMC (sub-subsubpodratçı) arasında 30 sentyabr 2021-ci il tarixli 027/21 saylı Sub-Sub-Subpodrat müqaviləsi üzrə aparılmışdır. Göstərilən hal "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış məktubda da öz təsdiqini tapır (Belə ki, həmin məktubda "xxxx" MMC tərəfindən mübahisəli ödənişin 30 sentyabr 2021-ci il tarixli müqaviə üzrə yerinə yetirilmiş işlərə görə aparıldığı bildirilmişdir). Odur ki, həmin ödənişin mübahisəli podrat müqaviləsi üzrə ödəniş kimi nəzərə alınması üçün əsasların mövcudluğu müəyyən edilmir. Mübahisəli podrat müqaviləsində iddiaçı tərəfindən görülməsi nəzərdə tutulmuş elektrik işlərinin qiymətinin 115.000,53 manat olaraq müəyyənləşdirilməsi barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin təsdiq etdikləri “Yerinə yetirilmiş işlərin dəyəri barədə” aktlar ilə öz təsdiqini tapır ki, podrat müqaviləsi üzrə görülmüş və sözügedən aktlarda sadalanmış işlərin həcmi və dəyəri tərəflər arasında razılaşdırılmışdır. Odur ki, müqavilə üzrə görülmüş işlərin bir hissəsinin müqavilədə ilkin olaraq göstərilməməsi cavabdehi onun sifarişi əsasında görülmüş və qiymətləri razılaşdırılmış işlərə görə muzdu ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə cavabdeh tərəfindən iddiaya etirazının əsası kimi istinad etdiyi halları – yəni müqavilə üzrə artıq ödəmə etməsini təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi cədvəldən də görünür ki, cədvəldə İddiaçı MMC tərəfindən görülmüş işlərin müqavilə dəyərinin 499.899,56 manat təşkil etməsi göstərilmişdir. Göstərilən hal da öz növbəsində mübahisəli müqavilə üzrə razılaşdırılmış işlərin dəyərinin 115.000,53 manat olması barədə cavabdehin istinad etdiyi dəlilləri təkzib edir. 17.000 (cavabdehin nümayəndəsinin izahatında həmin məbləğin 20.000 manat olmasını bildirmişdir) manat məbləğində pul vəsaitinin iddiaçının qanuni təmsilçisinə əlbəəl verilməsi barədə cavabdehin etirazında göstərdiyi dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, həmin dəlili təsdiq etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi tərəflərin qanuni təmsilçilərin pulun verilməsi məqsədilə “28 may” metrosu yaxınlığında görüşmələri barədə razılığa gəlmələri, cavabdehin qanuni təmsilçisinin iddiaçının qanuni təmsilçisinə verilməsi üçün 20.000 manat ayırmasını bildirməsi barədə qanuni təmsilçilər arasında “whatsapp” vasitəsilə aparılmış yazışmalar və danışıqlar, eləcə də 19.500 manat məbləğinə dair kimin tərəfindən kimə verilməsi bəlli olmayan çekin kötüyü iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə 17.000 manat (və ya 20.000 manat) məbləğində pul vəsaitinin cavabdehə verilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. Mülki Məcəllənin: 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin mübahisəli podrat müqaviləsi üzrə İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyərinin bir hissəsini - 45.036,4 manat (ƏDV xaric) məbləğində pul vəsaitini ödəməməklə həmin müqavilə üzrə öhdəliklərini pozduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı həmin məbləğdə pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 205 manat və dövlət rüsumunun əvəzi olaraq 25 maant məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Odeion Construction” MMC-dən 45036,4 manat (ƏDV xaric) məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 205 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-477/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-477/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver