Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4794/2023 25.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması və cərimənin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən, iddiaçı "xxxx" MMC-nin icarəsində olan 3301 kv.m torpaq sahəsindən çıxarılması, həmin sahənin "xxxx" MMC-yə təhvil verilməsi və "xxxx" MMC-dən 5.000.000 manat cərimənin, ilkin mediassiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2.890 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən podratçı "xxxx" MMC öz maliyyə vəsaiti hesabına sifarişçi "xxxx" MMC-nin icarəsində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, Ş.Əzizbəyov, M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində yerləşən 3301 kv.m torpaq sahəsində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 04 saylı tikintiyə icazəyə əsasən 1-ci blok, 1 girişli, 2 mərtəbəli qaraj və “0” səviyyəsindən yuxarı, texniki mərtəbə xaric 18 mərtəbəli yaşayış binasını tikib müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində istifadəyə verməyi, sifarişçi isə müqavilənin 1.3 bəndində göstərilən sahələr və hissələr çıxılmaqla qalan bütün hissə və sahəni görülmüş işlərin muzdu olaraq natura şəklində podratçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Podratçı podrat müqaviləsinin 1.2, 2.1.1 və 2.1.2 bəndlərinə əsasən müqavilə qüvvəyə mindiyi gündən 6 ay ərzində sakinlərin köçürülməsi, tikintiyə hazırlıq işlərinin görülməsi də daxil olmaqla binanın özülünün qazılıb qaraj mərtəbəsinin tikintisinə başlamalı, müqavilə qüvvəyə mindiyi gündən 36 ay ərzində binanı tam olaraq tikib təhvil verməli olduğu halda müqavilə ilə müəyyən olunmuş müddətlərin başa çatmasına baxmayaraq öhdəliyini icra etməmişdir. Daha sonra iddiaçı iddia həcminin azaldılması barədə ərizə verərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması və "xxxx" MMC-dən 5.000.000 manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2.890 manat pulun tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə şikayət ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması və işin mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-643/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5129/2022 nömrəli qərardadından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2-2(113)-5129/2022 nömrəli qərardadı ləğv edilmiş və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İş Bakı Kommersiya Məhkəməsinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddianın əsasının dəyişdirilməsi barədə ərizə verərək tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması və "xxxx" MMC-dən 5.000.000 manat cərimənin, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 2.890 manat pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə iddiaçı "xxxx" MMCnin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması, cərimənin tutulması tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın əsasının dəyişdirilməsi barədə ərizə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək aralarında bağlanmış podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Daha sonra Bakı Apellyasiya məhkəməsi iş üzrə yeni qətnamə qəbul etmiş, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası rədd etmişdir. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli müqavilənin 3.2.1-ci və 3.3.5-ci bəndləri sifarişçi (iddiaçı) tərəfindən icra edilmədiyindən və tikinti işlərinin həyata keçirilməsi üçün zəruri olan sənədlər podratçıya təqdim olunmadığından sakinlərin tam köçürülməsini təmin etmək və tikinti işlərinə başlamaq mümkün olmamış, müqavilə şərtlərinin podratçı tərəfindən icra edilməməsində sifarişçi təqsirli olmuşdur. Eyni zamanda iddiaçının tələb etdiyi 5.000.000 manat məbləğə də qeyd etdiyi məhkəmə aktında münasibət bildirilib. İddiaçının qeyd etdiyi əsaslara münasibətdə nəzərə çatdırmaq istəyir ki, sakinlərin binadan köçürülməsini onlarla şifahi qaydada razılaşaraq təmin edə bilməzlər. Həmin şəxslərlə rəsmi müqavilə bağlanılmalıdır. AR Ali Məhkəməsi öz qərarında da gösətirib ki, bu tip mübahisələrdə sakinlər ilə bağlanan müqavilədə sakinlərə veriləcək mənzilin bloku və nömrəsi dəqiq göstərilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv edilməsinə əsas kimi cavabdehin həmin müqavilə üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirilir. Odur ki, hazırkı halda müqavilənin ləğvi hissədə işə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin ləğv olunması tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4794/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4794/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver