Məhkəmə qərarları › İş №e-2-2(113)-483/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-483/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-483/2023 07.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) X1, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 63.054,33 manat pul vəsaiti və 11.349,77 manat əlavə dəyər vergisi, ümumilikdə 74.404,1 manat pulun Cavabdeh1 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, 212.566,11 manat pul vəsaiti və 38.261,89 manat əlavə dəyər vergisi, ümumilikdə 250.828 manat pulun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 800 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 17 iyul 2017-ci il tarixdə 2331/SC0026 saylı “Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqavilə imzalanmışdır. Müqavilə üzrə öhdəliklər İddiaçı MMC tərəfindən icra olunmuş və 20 noyabr 2018-ci il tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında şəhadətnamə (sertifikat)” imzalanmışdır. 11 dekabr 2018-ci il tarixində tərəflər arasında yekun hesablaşma sənədi imzalanmışdır. Yekun hesablaşma sənədində işlərin ümumi dəyəri ƏDV xaric 502,567.17 ABŞ dolları (854,474.81 manat) müəyyən edilmişdir. İddiaçı MMC tərəfindən EAAC 536014, EAAD 454002, EAAE 057236, EAAH 013033, EAAO 325828, nömrəli elektron qaimələr təqdim olunmuşdur. Təqdim olunmuş qaimələr üzrə Cavabdeh1 MMC tərəfindən 791,420.50 manat ödəniş edilmişdir. Lakin qaimələr üzrə ƏDV xaric 63.054.33 manat (37,090.09 ABŞ dolları) ödənilməmiş məbləğ qalmışdır. 22 yanvar 2020-ci il tarixində tərəflər arasında digər bir yekun hesablaşma sənədi imzalanmışdır. Yekun hesablaşma sənədində qüsurlara görə öhdəlik daşıma müddəti ərzində əks xərclərin tətbiq olunacağı təqdirdə iddiaçıya ödənilməmiş qalan 63.054.,3 manat (37.090,09 ABŞ dolları) məbləğin iddiaçıdan tutulması nəzərdə tutulmuşdur. Qüsurlara görə öhdəlik daşıma müddəti 2020-ci ilin noyabr ayında bitmişdir. Belə ki, Müqaviləyə 1 saylı qoşmaya əsasən görülmüş işlərlə bağlı qüsurlara görə öhdəlik daşıma müddəti 24 ay müəyyən edilmişdir. İddiaçının işində hər hansı qüsurlar olmamış və ya hər hansı qüsurların aradan qaldırılması ilə bağlı tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən iddiaçıya müraciət olunmamışdır. Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında 20 fevral 2017-ci il tarixində 1330/SC-0038 saylı “Knightsbridge Paketi T7005 CY6 üçün MEP işləri” üzrə müqavilə imzalanmışdır. Müqavilə üzrə öhdəliklər İddiaçı MMC tərəfindən icra olunmuş və 04 dekabr 2019-cu il tarixində tərəflər arasında “İşlərin praktiki tamamlanması haqqında şəhadətnamə (sertifikat)” imzalanmışdır. 17 yanvar 2020-ci il tarixində tərəflər arasında yekun hesablaşma sənədi imzalanmışdır. Müqaviləyə edilmiş dəyişiklikdə və yekun hesablaşma sənədində işlərin ümumi dəyəri ƏDV xaric 2.558.801,90 ABŞ dolları müəyyən edilmişdir. Eyni zamanda görülmüş işlərlə bağlı qüsurlara görə öhdəlik daşıma müddəti ərzində əks xərclərin tətbiq olunacağı təqdirdə ƏDV xaric 212.566,11 manat (125.038,09 ABŞ dolları) qeyd olunan məbləğdən tutulması nəzərdə tutulmuşdur. Lakin görülmüş işlərlə bağlı qüsurlara görə öhdəlik daşıma müddəti 04 dekabr 2021-ci ildə tarixində bitmişdir. İddiaçının işində hər hansı qüsurlar olmamış və ya hər hansı qüsurların aradan qaldırılması ilə bağlı tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən iddiaçıya müraciət olunmamışdır. Lakin Cavabdeh2 MMC-yə qalan 212.566,11 manat (125.038,09 ABŞ dolları) məbləğin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilsə də ödəniş aparılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) X2 və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddianı şərti olaraq 2 hissəyə bölmək olar: birinci hissə İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı “Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqavilə üzrə borcun tələb edilməsi; ikinci hissə isə İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı “Knightsbridge Paketi T7005 CY6 üçün MEP işləri” üzrə müqavilə əsasında yaranmış borcun tələb edilməsi. Məhkəmə ilk növbədə iddianın birinci hissəsinə qiymət verilməsini zəruri hesab edir. İddianın qeyd edilən hissəsi ilə bağlı işin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi hallar aşağıdakılardan ibarətdir: 1.İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 17 iyul 2017-ci il tarixdə 2331/SC0026 saylı “Yanğınsöndürmə və sprinklər (çiləmə) sistemlərinin quraşdırılması”na dair müqavilənin bağlanması; Qeyd edilən müqavilə “Dəniz Mall”da yanğınsöndürmə sistemlərinin quraşdırılması ilə bağlı olmuşdur. Qeyd edilən müqavilə üzrə sifarişçi Cavabdeh1 MMC, podartçı isə İddiaçı MMC-dir. İlk öncə müqavilə üzrə görülməli olan işlərin dəyəri 808.805,57 manat müəyyən edilsə də, sonradan xx.xx.2018-ci il tarixdə müqavilənin qiymətində dəyişiklik edilmiş (Contract Amendment) və görülməli işlərin dəyəri 855.409,52 manat (505.567,17 ABŞ dolları) müəyyən edilmişdir; 2.Tərəflərin xx.xx.2018-ci il tarixdə İşlərin praktiki tamamlanması haqqında şəhadətnamənin (sertifikatın) imzalaması;

3. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilə üzrə yekun hesablaşma sənədinin tərtib edilməsi. Adıçəkilən sənəddən görünür ki, görülmüş işlərin ümumi dəyəri 502.567,17 ABŞ dolları təşkil edir. Qeyd olunan yekun hesabat sənədinin 1.6-cı bəndindən görünür ki, “əks xərclər tətbiq olunarsa (if applicable) 37.090,74 ABŞ dollarının tutulması imkanı nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iclasda həm iddiaçı tərəfə həm də, cavabdehlərin nümayəndəsi və vəkilinə 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilə və ona dair tərtib edilmiş sənədlərdə imza və möhürün Paşa İnşaat MMC-yə aid olduğu bildirilmiş və qeyd edilmiş müqavilə üzrə müqavilə tərəfinin kim olması soruşulmuşdur. Qeyd edilən halla bağlı iddiaçı tərəf müqavilə tərəfinin Cavabdeh1 MMC-nin olmasını, Paşa İnşaat MMC-nin onun adından imzaladığını bildirmiş, cavabdehlərin nümayəndəsi və vəkili də, adıçəkilən müqavilə üzrə tərəfin məhz Cavabdeh1 MMC olmasını, qeyd edilən halla bağlı hər hansı bir mübahisənin olmamasını və 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilə üzrə tərəflərin İddiaçı MMC və Cavabdeh1 MMC qəbul edilməsini bildirmişdir. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə göndərilmiş dəyəri 104.322,68 manat olan xx.xx.2017-ci il tarixli HP 368205 saylı, dəyəri 296.953,96 manat olan xx.xx.2017-ci il tarixli HP 937229 saylı, dəyəri 332.756,18 manat olan xx.xx.2017-ci il tarixli HQ 415860 saylı, dəyəri 160.494,56 manat olan xx.xx.2018-ci il tarixli HR 591843 saylı, dəyəri 113.752 manat olan xx.xx.2018-ci il tarixli HW 385738 saylı elektron vergi hesab-fakturalarından görünür ki, məhz bağlanmış olan 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqaviləyə istinad olunmuşdur. Məhkəmə bu xüsusda qeyd edir ki, həm İddiaçı MMC-nin, həm də Cavabdeh1 MMCnin 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilə üzrə tərəf olduqlarını mübahisələndirmədikləri üçün qeyd edilmiş müqavilənin tərəfləri kimi qəbul edilməli və işin araşdırılması ona uyğun aparılmalıdır. 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilənin məzmunundan, eyni zamanda İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında olan işgüzar münasibətlərdən görünür ki, tərəflər arasında podrat münasibətləri yaranmışdır. Ona görə də, mübahisənin həll edilməsi üçün Mülki Məcəllənin podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Yuxarıda sadalanmış normalardan göründüyü kimi, podrat müqaviləsi üzrə öhdəlik ilk növbədə podratçının üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra sifarişçinin muzd ödəmək öhdəliyi yaranır. Hazırda İddiaçı MMC 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilə üzrə öhdəliklərini tam icra edərək, 502.567,17 ABŞ dolları dəyərində olan işlərin icra etdiyini, ancaq qeyd edilmiş məbləğdən 37.090,74 ABŞ dolları məbləğində pulun ödənilmədiyini bildirir. Cavabdeh1 MMC-nin nümayəndəsi isə buna etiraz olaraq görülmüş işlərdə qusurların olduğunu, işlərin icra müddətinin gecikdirildiyini bildirərək, 37.090,74 ABŞ dolları məbləğində pulun əsaslı olaraq ödənilmədiyini bildirir. Göründüyü kimi, Cavabdeh1 MMC 37.090,74 ABŞ dolları məbləğində pulun ödənilməməsinin dəlili kimi, nəzərdə tutulmuş işlərin icra edilmədiyinə deyil, işlərin qüsurlu olması və gecikdirilməsinə istinad edir. Məhkəmə iddiaçının işlərin icra edilməsi ilə bağlı dəlili ilə razılaşaraq, cavabdehin etirazının dəlilini əsassız hesab edir. Belə ki, xx.xx.2018-ci il tarixdə İşlərin praktiki tamamlanması haqqında şəhadətnamədə (sertifikat) müəyyən qüsurların olması göstərilsə də, qeyd edilmiş tarixdən sonra yəni xx.xx.2020-ci il tarixdə 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilə üzrə yekun hesablaşma sənədində, qüsurlarla bağlı hər hansı bir bənd yoxdur. Qeyd edilmiş yekun hesablaşma sənədində ancaq 1.6-cı bəndində “əks xərclər tətbiq olunarsa (if applicable) 37.090,74 ABŞ dollarının tutulması imkanı nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tərəflərdən qeyd edilmiş “əks xərclərin” hansı mənanı ifadə etməsi soruşulmuş və iş üzrə tərəflərin hər ikisi qüsurların olacağı təqdirdə tutulmaların olmasını nəzərdə tutulduğunu qeyd etmişlər. Belə olan halda Məhkəmə qeyd edir ki, qeyd edilmiş sonuncu 1.6-cı bəndin məzmunu 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilənin “Müqavilə məlumatları” hissəsinin “C” bəndi və 11.5-ci bəndinin məzmunu baxımından təfsir edilməlidir. 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilənin “Müqavilə məlumatları” hissəsinin “C” bəndindən görünür ki, qüsurlara görə öhdəlik daşıma müddəti (defects liability period) 24 ay müəyyən edilmişdir. 17 iyul 2017-ci il tarixli 2331/SC0026 saylı müqavilənin 11.5-ci bəndindən görünür ki, “tikinti rəhbəri və müştəri son ödəniş tarixinə qədər 3 iş günündə müştərinin məbləğ tutma niyyəti ilə bağlı ticarət podratçısına yazılı bildiriş (imtina bildirişi) verəcək. Həmin bildirişdə tutulacaq məbləğlər və həmin məbləğlərin tutulma səbəbləri göstəriləcək”. Göründüyü kimi, podratçı İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli yekun hesablaşma sənədi tərtib edildikdən sonra Cavabdeh1 MMC tərəfindən qüsurlarla bağlı hər hansı bir bildiriş və yaxud pretenziya məktubu verilməmiş və qeyd edilən sənədin tərtib edilməsindən sonra 24 ay müddət keçmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə qeyd edilmiş tarixdən sonra İddiaçı MMC-yə qüsurlarla bağlı bildiriş verilib-verilməməsi soruşulmuş, o isə qeyd edilmiş tarixdən sonra hər hansı bir bildirişin verilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, işə elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən əlavə edilmiş yazışmalar məhz xx.xx.2020ci il tarixli yekun hesablaşma sənədi tərtib edilməmişdən əvvəlki tarixi əhatə edir. Bununla bağlı Məhkəmə belə nəticəyə gəlir ki, İnşaat Servisez” MMC tərəfindən yekun hesablaşma sənədi imzalandıqdan sonra İddiaçı MMC-yə qüsurlara dair hər hansı bir bildiriş verilmədiyindən, sonuncu müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam icra etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh1 MMC görülmüş işlərin dəyərini ödəmək öhdəliyi yaranmışdır. Ona görə də, 63.053,15 (37.090,09 ABŞ dolları x 1,7) manat məbləğində pul və qeyd edilmiş məbləğin ƏDV-si 11.349,56 manat mələğində pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə iddianın ikinci hissəsi olan İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı müqavilə ilə bağlı hissəsi üçün aşağıdakıları qeyd edir. İddianın qeyd edilən hissəsi ilə bağlı işin mübahisələndirilməyən halları aşağıdakılardır. 1.İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı müqavilənin bağlanması. Qeyd edilən müqavilə Ağ şəhərdə yerləşən Knightbridge layihəsində işlərin görülməsi ilə bağlıdır. Müqavilə üzrə sifarişçi Cavabdeh2 MMC, podartçı isə İddiaçı MMC-dir. İlk öncə müqavilə üzrə görülməli olan işlərin dəyəri 3.581.263,96 manat müəyyən edilsə də, sonradan xx.xx.2019-cu il tarixdə müqavilənin qiymətində dəyişiklik edilmiş (Contract Amendment) və görülməli işlərin dəyəri 4.057.815,04 manat (2.258.801,91 ABŞ dolları) müəyyən edilmişdir; 2.Tərəflərin xx.xx.2019-cu il tarixdə İşlərin praktiki tamamlanması haqqında şəhadətnamənin (sertifikatın) imzalanması; 3.Tərəflər arasında xx.xx.2020-ci il tarixdə 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı müqavilə üzrə yekun hesablaşma sənədinin tərtib edilməsi. Adıçəkilən sənəddən görünür ki, görülmüş işlərin ümumi dəyəri 2.258.801,91 ABŞ dolları təşkil edir. Qeyd olunan yekun hesabat sənədinin 1.6-cı bəndindən görünür ki, “əks xərclər tətbiq olunarsa (if applicable) 125.038,89 ABŞ dollarının tutulması imkanı nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddianın bu hissəsi üzrə də, mübahisənin həlli zamanı Mülki Məcəllənin yuxarıda sadalanmış podrat müqaviləsinə dair normalar tətbiq edilməlidir. İddiaçı MMC 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı müqavilə üzrə üzrə öhdəliklərini tam icra etdiyini, ancaq razılaşdırılmış məbləğdən 212.566,11 manat (125.038,89 ABŞ dolları) məbləğində pulun ödənilmədiyini bildirir. Cavabdeh2 MMC etirazında işlərin icrasının 113 həftə gecikdirildiyini, işlərin gecikdirilməsinə görə müqavilədə cərimə bəndinə əsasən 245.643,36 ABŞ dollar tuta biləcəkləri təqdirdə cəmi 125.038,89 ABŞ dollar tutulduğunu, bundan başqa işlər görüldükdən sonra tullantıların daşınmasına 35.092,24 ABŞ dolları xərc çəkildiyini qeyd edərək pulun əsaslı olaraq ödənilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, hazırkı müqavilə üzrə də, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı müqavilə üzrə yekun hesablaşma sənədi imzalamış və görülmüş işlərin ümumi dəyəri 2.258.801,91 ABŞ dolları olduğu qeyd edilməklə, 1.6-cı bəndində “əks xərclər tətbiq olunarsa (if applicable) 125.038,89 ABŞ dollarının tutulması imkanı nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, əks xərclərə dair qətnamədə yenidən təkrara yol verməmək üçün yuxarıda qeyd edilmiş əsaslandırma bu hissəyə də, tətbiq olunmalıdır. Belə ki, İddiaçı MMC tərəfindən 20 fevral 2017-ci il tarixli 1330/SC-0038 saylı müqavilə üzrə nəzərdə tutulmuş bütün işlər görülmüş və yekun hesablaşma sənədi imzalanmışdır. Bundan sonra da 24 ay müddətində işlərin qüsuru ilə bağlı iddiaçıya bildiriş verilməmişdir. Digər tərəfdən də, məhkəmə qeyd edir ki, cavabdehin dəlili olan işin icrasının 113 həftə gecikdirilməsi halı görülmüş işlərin dəyərinin ödənilməməsi üçün əsas deyildir. Cavabdehin digər dəlili olan tullantıların daşınmasına 35.092,24 ABŞ dolları pulun sərf edilməsi ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir. İşə Cavabdeh2 MMC tərəfindən əlavə edilmiş, Cavabdeh2 MMC ilə "xxxx" MMC arasında tərtib edilmiş təhvil-təslim aktlarından görünür ki, sonuncu tərəfindən tullantıların daşınması xidməti xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. Yəni göründüyü kimi, qeyd edilmiş tullantıların daşınması xidməti hətta İşlərin Praktiki tamamlanması haqqında şəhadətnamə imzalanmış olan xx.xx.2019-cu il tarixdən də, əvvəl həyata keçirilmişdir. Bu isə onu deməyə əsas verir ki, qeyd edilən tullantılar məhz İddiaçı MMC-nin görmüş olduğu işlərlə heç bir bağlılığı yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC-nin görülmüş işlərin dəyərini ödəmək öhdəliyi yaranmışdır. Ona görə də, 212.564,75 (125.038,089 ABŞ dolları x 1,7) manat məbləğində pul və qeyd edilmiş məbləğin ƏDV-si 38.261,88 manat mələğində pul Cavabdeh2 MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 800 manat məbləğində rüsumun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-6469 saylı arayışlardan görünür ki, İddiaçı MMC tərəfindən 800 manat məbləğində pul Bakı şəhər 6 saylı Mediasiya təşkilatının hesabına ödənilmişdir. Məhkəmə iddianın qiymətinin 325.232,1 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, Mediasiya təşkilatının 800 manat deyil, iddianın qiymətinə mütənasib olaraq 615 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 63.053 (altmış üç min əlli üç) manat 15 (on beş) qəpik, əsas borcun ƏDV məbləği olaraq 11.349 (on bir min üç yüz qırx doqquz) manat 56 (əlli altı) qəpik, cəmi 74.402 (yetmiş dörd min dörd yüz iki) manat 71 (yetmiş bir) qəpik məbləğində pul Cavabdeh1ndən tutularaq İddiaçınə verilsin. İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti ilə “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılan xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 212.564 (iki yüz on iki min beş yüz altmış dörd) manat 75 (yetmiş beş) qəpik, əsas borcun ƏDV məbləği olaraq 38.261 (otuz səkkiz min iki yüz altmış bir) manat 88 (səksən səkkiz) qəpik, cəmi 250.826 (iki yüz əlli min səkkiz yüz iyirmi altı) manat 63 (altmış üç) qəpik məbləğində pul “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. Dövlət rüsumunun əvəzi olaraq 615 (altı yüz on beş) manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar