Məhkəmə qərarları › İş №e-2-2(113)-4832/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4832/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4832/2024 23.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 508 manat, ümumi məbləğə görə isə 91,44 manat ƏDV borcu, ümumilikdə isə 599,44 manat əsas borcun, müqavilənin 4.7-ci maddəsinə əsasən 15.399 manat pulun, ümumilikdə 15 998,44 manat pulun, 320 manat hüquqi xidmət pulunun və 144 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında 20 dekabr 2023-cü il tarixində Podrat müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1.ci maddəsinə əsasən bu müqavilənin predmetini “Sifarişçi”-nin proyekti sahəsində “Sifarişçi” tərəfindən bu müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş şərtlərin təmin edilməsi ilə “Podratçı” tərəfindən su deposunun daxildən izolyasiya işlərinin görülməsi təşkil edir. “Sifarişçi” isə bu işlərin müqabilində bu müqavilənin 2.1-ci bəndində müəyyən olunmuş məbləği “Podratçı”ya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən isə bu müqavilə üzrə izolyasiya işlərinin ümumi dəyəri (ƏDV xaric) 9.075 (doqquz min yetmiş beş) manat müəyyən edilir. Tərəfindən müqavilə ilə nəzərdə tutulmuş bütün öhdəliklər icra olunmuşdur. Tərəfindən Tovuz rayonunda mövcud olan sahədə müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrası kimi izolyasiya işi görülmüş, daha sonra ərazidə görülmüş izolyasiya işlərinin yoxlanılması məqsədilə su testi edilmişdir. İş görülmüş sahədə testin və baxışın keçirilməsi nəticəsində izolyasiya işlərinin texniki normalara tam uyğun olaraq yerinə yetirildiyi, işin icrası zamanı heç bir qüsura yol verilmədiyi və təyin olunmuş nəticənin əldə edildiyi müəyyən edilmişdir. İzolyasiya işlərinin keyfiyyətlə görülməsi, qüsursuz olması və hər hansı bir çatışmazlığın aşkarlanmaması işlərin təhvil-təslim edilməsinə dair Dekabr 2023-cü il tarixli Forma2 (Akt) ilə müəyyən edilərək təsdiq edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (podratçı) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında 20 dekabr 2023-cü il tarixində podrat müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini “Sifarişçi”-nin proyekti sahəsində “Sifarişçi” tərəfindən bu müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş şərtlərin təmin edilməsi ilə “Podratçı” tərəfindən su deposunun daxildən izolyasiya işlərinin görülməsi təşkil edir. “Sifarişçi” isə bu işlərin müqabilində bu müqavilənin 2.1-ci bəndində müəyyən olunmuş məbləği “Podratçı”ya ödəməyi öz öhdəsinə götürür.

11. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə işlərin dəyəri müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşma protokolu ilə müəyyən edilir. Müqavilə üzrə müəyyən edilmiş sahə işlərin yekunlaşmasından sonra yenidən hesablanacaq və yekun sahə qarşılıqlı razılaşma ilə təhvil-təslim aktı və Forma 2 vasitəsilə təsdiqlənəcək.

12. Müqavilənin 6.2-ci bəndinə əsasən işlərin təhvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına (Forma 2) əsasən 3 iş günü ərzində həyata keçirilir.

13. xx.xx.2023-cü il tarixli müqaviləyə dair qiymətlərin razılaşdırılması prtokoluna (Əlavə 1) əsasən su deposunun daxildən izolyasiya işlərinin görülməsi cəmi ölçüsü 605 kv.m olan sahənin 1 kv.m üçün 15 manat (toplam qiymət 9.075, ƏDV 1.633 olmaqla cəmi 10.708,5 manat) razılaşdırılmışdır.

14. Müqavilə və qiymətlərin razılaşdırılması protokolu tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.

16. Qeyd edilməlidir ki, podrat müqaviləsi üzrə ilk növbədə işlərin icra edilməsini sübut etmə vəzifəsi podratçı olan İddiaçı üzərinə düşür.

17. İşə əlavə edilmiş, hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş “20 dekabr 2023-cü il tarixli podrat müqaviləsi üzrə dekabr 2024-cü ildə yerinə yetirilmiş işlərin və istifadə olunmuş materialların qəbulu” aktından görünür ki, İddiaçı tərəfindən ƏDV daxil 10.708,50 manat (əsas 9.075 manat, ƏDV 1.633 manat olmaqla) dəyərində işlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti də həmin aktı imza və möhürü ilə təsdiq etməklə işlərin görüldüyünü qəbul etmişdir.

18. Göründüyü kimi, cavabdeh tərəf qeyd edilən aktı imza etməklə iddiaçı tərəfindən dəyəri 10.708,50 manat (əsas 9.075 manat, ƏDV 1.633 manat) dəyərində işlərin görülməsini qəbul etmişdir.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili 10.708,50 manat məbləğdən cavabdehə müəyyən güzəşt edildiyini qeyd edərək iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə əsasən əsas borc üzrə 508 manat, ƏDV borcu üzrə 91,44 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

20. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən əsas borc üzrə xx.xx.2023-cü il tarixdə 4.537,50 manat, xx.xx.2024-cü il tarixdə 1.000 manat, ƏDV borcu üzrə xx.xx.2023-cü il tarixdə 816,75 manat, xx.xx.2024-cü il tarixdə 180 manat, 291,24 manat olmaqla, cəmi 1.287,99 manat məbləğində pul İddiaçınə ödənmişdir.

21. Məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə (xx.xx.2024-cü il) cavabdehin əsas borcu 2.126 manat olmuş, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh əsas borcdan 1.618 manat məbləğində ödəniş etmiş, cavabdehin müqavilə üzrə 508 manat (2.126-1.618) ödənilməmiş əsas borcu qalmışdır.

22. İddiaçı tərəfin də, 508 manat pulu tələb etməsi halını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsaslıdır.

23. Məhkəmə, ƏDV məbləğinin məhz güzəşt edilmiş əsas borc məbləğinə əsasən hesablandığını nəzərə alaraq hesab edir ki, ƏDV məbləği cavabdeh tərəfindən tam həcmdə ödənmişdir.

24. Ona görə də, iddia ƏDV borcu üzrə 91,44 manat məbləğində pulun tutulması hissəsində təmin edilə bilməz.

25. Məhkəmə, müqavilənin 4.7-ci maddəsinə əsasən 15.399 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

26. Məhkəmə qeyd edir ki, 20 dekabr 2023-cü il tarixli podrat müqaviləsinin 4.7-ci maddəsinə əsasən müqavilə üzrə işlərin dəyərinin ödənilməsi gecikdirildikdə, hazırkı müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi, o cümlədən müqavilə üzrə işlərin dəyərinin ödənişinin on günədək gecikdirilməsi zamanı sifarişçi podratçıya ödənişin gecikdirildiyi hər günə görə görülən işlərin ümumi dəyərinin 0,5% miqdarında penya ödəməyi öhdəsinə götürür.

27. Göründüyü kimi, tərəflər 20 dekabr 2023-cü il tarixli podrat müqaviləsinin 4.7-ci bəndi ilə işlərin dəyərinin ödənilməsi gecikdirildikdə cərimə ödənilməsini razılaşdırmışlar.

28. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində, iddia qismən əsaslıdır.

29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 50 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

31. Məhkəmə, 144 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.

32. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə 144 manat pul ödəmişdir.

33. Lakin, Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (iddia qaldırılan zaman əsas borcun 2.126 manat olması nəzərə alınmaqla) ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Bundan başqa, məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.

35. Belə ki, işdən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən Abşeron Rayon Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul ödənmişdir.

36. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 508 (beş yüz səkkiz) manat, cərimə borcu üzrə 50 (əlli) manat olmaqla, cəmi 558 (beş yüz əlli səkkiz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar