Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-487/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AYS X4. ve Tic. A.Ş” şirkəti ilə Cavabdeh arasında bağlanmış 14 fevral 2017-ci il tarixli “X3, Tedarik ve Montaj Sözleşmesi” müqaviləsinə, 10 dekabr 2018-ci il tarixli və 31 oktyabr 2019-cu il tarixli “Ek Protokol”lara əsasən 130,000.00 (bir yüz otuz min) ABŞ dolları məbləğində əsas borcun, 29,255.59 (iyirmi doqquz min iki yüz əlli beş dollar əlli doqquz sent) ABŞ dolları məbləğində dəbbə pulunun, ümumilikdə 159,255.59 (bir yüz əlli doqquz min iki yüz əlli beş dollar əlli doqquz sent) ABŞ dolları məbləğində pul vəsaitinin, eləcə də 410.00 (dörd yüz on) manat mediasiya xərclərinin və 150.73 (bir yüz əlli manat yetmiş üç qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “AYS X4. ve Tic.A.Ş” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “AYS X4. ve Tic. A.Ş” şirkəti ilə Cavabdeh Məhdud Məsuliyyətli şirkəti arasında 14 fevral 2017-ci il tarixli “X3, Tedarik ve Montaj Sözleşmesi” müqaviləsi imzalanmışdır. Bu müqavilə ilə tərəflər Bakı şəhəri, X2 ərazisində 5.5 hektar torpaq sahəsi üzərində müqavilə dəyəri və əlavələri ilə birlikdə, ümumi dəyəri 5,011,702.00 (beş milyon on bir min yeddi yüz iki) ABŞ dolları olan istixana kompleksinin quraşdırılmasını razılaşdırmışlar. Müqavilədə nəzərdə tutulan müddət ərzində “AYS X4. ve Tic. A.Ş” şirkəti tərəfindən öhdəliklər tamamilə icra edilmiş və istixana kompleksi cavabdehə təhvil verilmişdir. Lakin, Cavabdeh MMC tərəfindən öhdəliklərin icrasında gecikmələr olmuşdur. Bununla bağlı tərəflər arasında danışıqlar aparılmış və 31 oktyabr 2019-cu il tarixində müqaviləyə əlavə sayılan “Ek Protokol” imzalanmışdır. Göstərilən “Ek Protokol”un 5.1-ci bəndinə əsasən, xx.xx.2017-ci il tarixli müqavilə üzrə ümumi gecikdirilmiş məbləğ kimi 200,000.00 (iki yüz min) ABŞ dolları müəyyən edilmişdir. Bu protokolda “AYS X4. ve Tic. A.Ş”, onun öhdəliyi olmasa da, Cavabdeh MMC-nin xahişi üzərinə güclü külək nəticəsində kompleksə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan şərait yaradılacağı halda, texniki xidmət göstərməyi də qəbul etmişdir. “Ek Protokol” un 5.2-ci bəndinə əsasən, tərəflər bu Sazişin 5.1-ci bəndində nəzərdə tutulan ödənişlərin ardıcıllığını müəyyən etmişlər. Bu məbləğ (200,000.00 ABŞ dolları) Cavabdeh MMC-nin 14 fevral 2017-ci il tarixli müqavilədən qalan öhdəliyinin icrası üçün ödənilməli idi. Lakin, ödəniş vaxtında və tam şəkildə həyata keçirilmədiyi üçün Tərəflər protokolda qalıq məbləğin ödəniş ardıcıllığını müəyyən etmişlər. “Ek Protokol”un imzalanmasından sonra “AYS X4. ve Tic. A.Ş” şirkəti tərəfindən istixana kompleksinin bəpası istiqamətində dəstəyin göstərilməsi üçün lazımi avadanlıqlar Cavabdeh MMC-yə yollanmışdır. Lakin, sonradan bütün dünyada baş verən “COVİD-19” (koronavirus) pandemiyasına görə, şirkət tərəfindən texniki dəstək üçün əməkdaşların göndərilməsində problem yaranmışdır. Bu barədə də Cavabdeh MMC əvvəldən məlumatlandırılmışdır. Pandemiya bitdikdən və sərhədlər açıldıqdan sonra isə, cavabdeh tərəfindən iddiaçıya texniki dəstəyə artıq ehtiyac duyulmadığı bildirilmişdir. Lakin bundan sonra da, Cavabdeh MMC iddiaçı “AYS X4. ve Tic. A.Ş” şirkətinə olan borcunu tam şəkildə ödəməmişdir. 31 oktyabr 2019-cu il tarixli “Ek Protokol”da Cavabdeh MMC-nin “AYS X4. ve Tic. A.Ş” şirkətinə olan borcu kimi müəyyən edilmiş 200,000.00 ABŞ dolları pul vəsaitindən, cəmi 70,000.00 ABŞ dolları ödəniş edilmiş, qalan 130,000.00 (bir yüz otuz min) ABŞ dolları məbləğ isə bugünədək ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı “İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə izahatında iddiaya etiraz etdiklərini bildirərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. - AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “AYS X4. ve Tic. A.Ş” şirkəti ilə Cavabdeh arasında 14 fevral 2017-ci il tarixli “X3, Tedarik ve Montaj Sözleşmesi” müqaviləsi və müqaviləyə əlavə hesab olunan 10 dekabr 2018-ci il tarixli və 31 oktyabr 2019-cu il tarixli “Ek Protokollar imzalanmışdır.
8. Müqavilə və protokollar hər iki tərəfin imzası və cavabdehin möhürü ilə təsdiq edilmişdir.
9. Məhkəmə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərin irəli gələn hüquq münasibəti yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 14 fevral 2017-ci il tarixli müqavilə iddiaçı tərəfindən cavabdehə Abşeron rayonu, 3 nömrəli X1 54.912 kv. istixana sisteminin quraşdırılması ilə bağlı olmuşdur.
10. Tərəflər arasında bağlanmış 14 fevral 2017-ci il tarixli müqavilənin 10-cu bəndindən görünür ki, görülməli olan işlərin ümumi dəyəri 5,011,702 (beş milyon on bir min yeddi yüz iki) ABŞ dolları təşkil edir.
11. Bundan sonra tərəflər arasında 14 fevral 2017-ci il tarixli müqaviləyə 10 dekabr 2018-ci il tarixdə əlavə protokol imzalanmış və 14 fevral 2017-ci il tarixli müqavilənin qüvvədə olma müddəti 2022-ci ilin sonuna kimi uzadılmışdır.
12. Sonradan tərəflər arasında 14 fevral 2017-ci il tarixli müqaviləyə 31 oktyabr 2019-cu il tarixli əlavə protokol imzalanmışdır.
13. Qeyd edilmiş əlavə protokolun 5.1-ci bəndinə əsasən, tərəflər 14 fevral 2017-ci il tarixli müqaviləyə əsasən podratçıya olan ümumi qalıq borc məbləğinin 200.000 ABŞ dolları məbləğində dəqiqləşdirilməsini qəbul etmişlər
14. Həmin əlavə protokolun 5.2-ci bəndindən görünür ki, 5.1-ci bənddə göstərilən qalıq məbləğin protokol imzalandıqdan sonra 70.000 ABŞ dolları, avadanlıqlar sahəyə gəldikdən sonra 65.000 ABŞ dolları və möhkəmləndirmə işləri başa çatdıqdan sonra 65.000 ABŞ dolları pulun köçürmə yolu ilə ödəniləcəyi razılaşdırılmışdır.
15. Həmin əlavə protokolun 5.3-cü bəndindən görünür ki, 14 fevral 2017-ci il tarixli müqavilə ilə razılaşdırılmış və bu protokolun 5.1-ci bəndində göstərilən məbləğdən qalan 200.000 ABŞ dolları bu protokolun 5.2-ci bəndində göstərilən şərtlərlə podratçıya ödənildikdən sonra tərəflər xx.xx.2017-ci il tarixli müqavilədən irəli gələn bir öhdəlik qalmayacağını qəbul etmişlər.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçı tərəfindən Bakı şəhəri, X2 ərazisində 5.5 hektar torpaq sahəsi üzərində müqavilə dəyəri və əlavələri ilə birlikdə, ümumi dəyəri 5.011.702 ABŞ dolları olan istixana kompleksinin quraşdırıldığını, həmin məbləğdən 353.462,48 ABŞ dollarının güzəşt edildiyini, 31 oktyabr 2019-cu il tarixli Ek Protokolun bir növ tərəflər arasında bağlanmış üzləşmə aktı olduğunu, həmin protokola əsasən cavabdeh tərəfindən iddiaçıya əlavə görülmüş hansısa işlərə görə vəsait ödənilməsinin nəzərdə tutulmadığını, 31 oktyabr 2019-cu il tarixli “Ek Protokoldan da göründüyü kimi, protokol imzalanan tarixə cavabdehin iddiaçıya olan qalıq borcunun 200.000 ABŞ dolları təşkil etdiyini, cavabdeh tərəfindən həmin məbləğdən 70.000 ABŞ dollarının ödənildiyini, qalıq 130.000 ABŞ dollarının bugünədək ödənilmədiyini bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddiaya etiraz ərizəsi ünvanlayaraq, iddia tələbini qəbul etmədiyini, 200.000 manat ABŞ dolları borcdan iddiaçı tərəfindən görülmüş işlər üzrə 70.000 ABŞ dollarının ödənildiyini, protokol üzrə işlərin görülmədiyini, yəni 130.000 ABŞ dolları hissəsində iş görülmədiyindən həmin ödənişin həyata keçirilmədiyini bildirmiş, eyni zamanda, tələb olunan borc məbləğinin xx.xx.2017-ci il tarixli müqavilədən irəli gəldiyi üçün iddia müddətinin ötürüldüyünü qeyd edərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iddiaçı tərəfindən istixana kompleksinin hazır edilibedilməməsi soruşulmuş, cavabdeh tərəf istixananın iddiaçı tərəfindən hazır edildiyini bildirmiş ancaq 14 fevral 2017-ci il tarixli müqaviləyə 31 oktyabr 2019-cu il tarixli əlavə protokolu üzrə işlərin tam icra edilmədiyini bildirmişdir.
19. Məhkəmə iclasında 14 fevral 2017-ci il tarixli müqaviləyə 31 oktyabr 2019-cu il tarixli əlavədə qeyd edilmiş avadanlıqlarının sahəyə gətirilib-gətilməməsi, möhkəmləndirmə işlərinin aparılıb aparılmaması iddiaçı tərəfindən soruşulmuş, iddiaçı tərəf də, hər bir işin icra edildiyini bildmişdir.
20. Bundan başqa məhkəmə iclasında cavabdeh tərəfdən istixananın hal-hazırda fəaliyyət göstərib-göstərməməsi soruşulmuş, cavabdeh tərəf də, fəaliyyət göstərdiyini bildirmişdir.
21. Bundan sonra məhkəmə iclasında cavabdeh tərəfdən “əgər işlər iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edlibsə bu barədə sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuş” ancaq cavabdeh tərəf bu “yarımçıq işlərin” nədən ibarət olması, onların kim tərəfindən tamamlanması barədə məhkəməyə hər hansı bir sənədi təqdim etməmişdir.
22. Bu xüsusda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 14 fevral 2017-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş bütün öhdəliklər icra edilmişdir.
23. Belə ki, 14 fevral 2017-ci il tarixli müqaviləyə 31 oktyabr 2019-cu il tarixli əlavə protokol bir növ tərəflər arasında bağlanmış olan yekun hesabat sənədidir. Cavabdeh tərəf də, qeyd edilmiş yekun hesabat sənədini imza etməklə qeyd eilmiş müqavilə üzrə 200.000 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmiş və qeyd edilmiş puldan 70.000 ABŞ dolları ödəmişdir.
24. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 52974,52 ABŞ dolları, xx.xx.2018ci il tarixdə 11230 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 400.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 996.600 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 100.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 898250 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 999585 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 70.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 999.600 ABŞ dolları olmaqla, cəmi 4.528,239.52 ABŞ dolları ödənilmişdir.
25. Məhkəmə qeyd edir ki, müqavilənin ümumi dəyərindən (5,011,702.00 ABŞ dolları) güzəşt edilən məbləğ (353462,48 ABŞ) və ödəniş edilən məbləğ (4.528,239.52 ABŞ dolları) çıxıldıqda müəyyən olunur ki, cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixli müqavilə üzrə 130.000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır.
26. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları bildirir.
27. İş materiallarında olan 10 dekabr 2018-ci il tarixli Əlavə Protokolun 3.2-ci bəndindən görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə aralarında bağlanmış müqavilənin və ona edilən bütün əlavələrin qüvvədə olma müddətini 2022-ci ilin sonuna qədər uzatmışlar.
28. Həmin protokolun 3.3-cü bəndindən və 31 oktyabr 2019-cu il tarixli “Ek Protokolun 6.2-ci bəndindən görünür ki, tərəflər bu protokolları aralarında bağlanmış 14 fevral 2017-ci il tarixli “X3, Tedarik ve Montaj Sözleşmesi” müqavilənin davamı olaraq qəbul etmişdir.
29. Bundan başqa, xx.xx.2017-ci tarixli müqavilənin 6.1-ci bəndinə əsasən bu müqaviləyə aid olan 10 əlavə var və əlavələr müqavilənin ayrılmaz hissəsidir.
30. Məhkəmə xx.xx.2017-ci il tarixli müqavilənin müddətinin 2022-ci ilin sonunadək uzadıldığını, əlavələrin müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin 3 il olduğunu, iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklifin cavabdehə xx.xx.2023-cü il tarixdə göndərildiyini, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət edildiyini nəzərə alaraq qeyd edir ki, iddiaçı tərəfindən müqavilə öhdəlikləri üzrə iddia müddəti ötürülməmişdir.
31. Belə olan halda, məhkəmə hesab edir ki, iddia 130.000 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Həmçinin məhkəmə qeyd edir ki, borclu olan hüquqi şəxs Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs olduğundan və ödənilməli pul Azərbaycan Respublikasında həyata keçirilməli olduğundan, pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla tutulmalıdır.
33. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia 29,255.59 ABŞ dolları məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
36. Qeyd edilmiş normaların məzmunundan göründüyü kimi dəbbə pulu ya qanundan irəli gəlməli, ya da müqavilə nəzərdə tutulmuş olduğu halda tələb edilə bilər. Hazırkı halda isə, nə alqı-satqı müqaviləsi və ya göndərmə müqaviləsi üzrə alıcının malın dəyərini ödəməməsi ilə bağlı gecikdirilmiş gün üçün cərimənin hesablanması ilə bağlı norma, nə də müqavilədə bu barədə hər hansı bir bənd yoxdur.
37. Ona görə də, iddia cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.
38. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01767 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 410 manat məbləğində pul Bakı 11 saylı Mediasiya Təşkilatına ödənmişdir.
39. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Məhkəmə 150.73 manat məbləğində dövlət rüsumunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
41. İş materiallarına əlavə olunmuş ********** nömrəli qəbzə əsasən dövlət rüsumunun əvəzi olaraq 150,73 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
42. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
43. Məhkəmə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməli olan rüsum məbləğinin 510 manat təşkil etdiyini, həmin məbləğdən 410 manatın mediasiya ilə əhatə olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
44. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 14 fevral 2017-ci il tarixli müqaviləyə, 10 dekabr 2018-ci il tarixli və 31 oktyabr 2019cu il tarixli “Protokol”lara əsasən 130.000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov