Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4878/2023 28.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tullantı sularının qanunsuz axıdılması, reyestrdə qeydə alınmamış yoxlamanın nəticəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 040888 saylı abonent koduna hesablanmış 1642 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. ünvan 1 ünvanında İddiaçı fəaliyyət göstərir. İddiaçı bütün kommunal xidmətlərdən müqavilə əsasında istifadə edir. Bu mənada iddiaçı ilə cavabdeh aramda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə müqavilə bağlanmışdır (müqavilə nömrəsi 040888). İddiaçı tərəfindən müqavilənin tələblərinə yüksək səviyyədə riayət olunur. 2.2. Son illər iddiaçıya suyun verilməsində ciddi problemlər yaranmışdır. Demək olar ki, bəzən günlərlə su verilmir ya da suyun təzyiqi çox zəifdir. Bununla bağlı dəfələrlə Nizami Rayon Sukanal İdarəsinə müraciət edilsə də, nəticə olmamışdır. Ona görə də iddiaçı Cavabdeh ASC-nin rəis müavininə 05 oktyabr 2022-ci il tarixdə adıçəkilən sukanal idarəsinin hərəkətlərindən şikayət etmiş, bundan sonra onun xəbəri olmadan xx.xx.2022ci il tarixdə öz aralarında akt tərtib etmişlər. Cari ilin may ayında iddiaçıya suyun verilişi dayandırılanda aktın yazıldığı barədə məlumat verilmişdir. 2.3. Həmin akt tərtib edilərkən qanunun tələbləri pozulmuş və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılmışdır. Sahibkarlıq sahəsində yoxlama vahid məlumat reyestrində qeydə alınmadan aparılırsa (rəsmi icazə olmadan), hüquqi nəticəsi yoxdur. Bu ilin may ayında iddiaçıya cavabdehin əməkdaşları tərəfindən 2022-ci ilin oktyabr ayının 21-də 007315 nömrəli cərimə aktı ilə 1642 manat cərimə yazıldığı məlum olmuşdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Su təchizatı və tullantı suları haqqında” Qanun) 5.1.5, 30.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1-ci maddələrinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehin əməkdaşları tərəfindən yoxlama onun iştirakı olmadan aparılmışdır. Lakin xx.xx.2022-ci il tarixli aktda guya onun imzalamaqdan imtina etdiyi göstərilmişdir.
6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz etdi və qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə İddiaçı yerləşdiyi ünvana baxış keçirilərkən iddiaçının artezian quyusundan su çəninə su doldurduğu və həmin çəndən çirkab suyunun Cavabdeh ASC-yə məxsus kanala ötürüldüyü aşkar olunmuşdur. Bu səbəbdən də çirkab suyun axıdılmasına görə akt tərtib edilərək iddiaçı cərimələnmişdir.
7. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, iddiaçının ünvanında aparılan xx.xx.2022-ci il tarixli yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Məlumat vərəqinin adında və daxilində çirkab su əvəzinə su sərfiyyatı yazılması isə aktın formasının birtipli olması ilə əlaqədardır.
8. İddiaçı tərəf sonuncu məhkəmə iclasında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Əsassız hesablanmış borcun silinməsi tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddiaçı (müəssisə qismində) ilə cavabdeh (istehlakçı qismində) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 040888 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilənin şərtlərinə əsasən, xidmət ünvanı M.Əliyev, 30 olmaqla bu Müqavilə Müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir (1.1). Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 m3 xammal suya görə hesablaşma ƏDV ilə - manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0,3 manat müqabilində müəyyən edilir.
13. Məhkəməyə təqdim edilən 21 oktyabr 2022-ci il tarixli 007315 nömrəli aktdan görünür ki, iddiaçıya məxsus Mikayıl Əliyev, 30 ünvanında yerləşən obyektdə su sayğacından keçməyən və qeydiyyatsız d=20 həcmində quyu aşkar olunmuş, həmin quyu vasitəsilə yaxınlıqda yerləşən su çənin doldurulduğu məlum olmuşdur.
14. İş materiallarına əlavə edilmiş abonent kodu 040888 olan İddiaçınə məxsus obyektdə su təchizatı xəttində aşkarlanmış kənar xəttə görə hesablanacaq sərfiyyat haqqında məlumat vərəqindən görünür ki, gün fərqi 360, 1 saatda keçən su sərfinin miqdarı 1,14, sudan sutkada istifadə müddəti 4 saat (quyu) olmaqla qanunsuz istifadəyə görə hesablanacaq suyun miqdarı və dəymiş ziyan məbləği 1641,60 (1,14*4*360) manat müəyyən olunmuşdur.
15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonent haqqında məlumatdan (sol orta hissədə; kod 14 sətri üzrə) görünür ki, çirkab sudan qanunsuz istifadəyə görə 1642 manat borc hesablanmış, həmin borc üzrə 74 manat silinmiş, 1568 manat cari tarixə qalıq mövcuddur.
16. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli 040888 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh istehlakçının tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı isə cavabdeh tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin əməkdaşları iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvana gəlməklə çirkab sularının axıdılması üzrə qanunsuz qoşulma aşkar etmiş, xx.xx.2022-ci il tarixli akt tərtib etmiş və nəticə də 1641,6 manat cərimə hesablamışlar. Həmin yoxlama isə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. İddiaçı həmin cərimə üzrə 74 manat ödəniş etmişdir.
17. İddiaçı sözügedən aktın qanunsuz olduğunu və 1642 manat cərimənin silinməsini xahiş edir.
18. Cavabdeh yoxlamanın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığı, lakin çirkab sularının qanunsuz olaraq cavabdehə məxsus kanalla axıdıldığını qeyd edərək iddianın təmin olunmamasını xahiş edir.
19. Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
20. “Su təchizatı və tullantı suları haqqında” Qanununun 34-cü maddəsinin 3-cü bəndinə əsasən, kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
21. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22. Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.18-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
23. Göründüyü kimi, tullantı sularının axıdılması sahəsində tənzimləməni həyata keçirən qanunvericilik aktlarında birbaşa təsbit edilmişdir ki, kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir və sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) halları müəyyən edildikdə, məhz həmin Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi təşkil edilməlidir.
24. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
25. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
26. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
27. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
28. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
29. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
30. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
31. İş materiallarında görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.
32. Lakin tətbiq edilən 1641,6 manat (abonent haqqında məlumata və cavabdehin sisteminə 1642 manat kimi daxil edilmişdir) cərimədən 74 manat ödənildiyindən həmin hissədə də məhkəmə tərəfindən silinmənin aparılması mümkün deyildir. Belə ki, iddiaçının tələbini borcun silinməsi təşkil edir və bu halda yalnız cavabdeh tərəfindən hesablanmış və iddiaçının tələbinin faktiki əsasına uyğun olan mövcud borcun silinməsi mümkündür.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə aparılan yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından onun hüquqi nəticəsi yoxdur. Bu səbəbdən də iddiaçıya məxsus 040888 saylı abonent koduna hesablanan 1568 (1642 manat cərimə məbləği – 74 manat iddiaçı tərəfindən edilən ödəniş) manat borc silinməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
34. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/2-03070 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər 14 iyul 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödənmişdir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
37. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
38. Göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak fiziki və hüquqi şəxslər üçün mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
39. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq bu nəticəyə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 57 manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçınə ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçınə məxsus 040888 saylı abonent koduna hesablanmış 1568 (min beş yüz altmış səkkiz) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 57 (əlli yeddi) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova