Məhkəmə qərarları › İş №e-2-2(113)-4912/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4912/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4912/2021 22.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20.12.2019-cu il tarixli, 0811 saylı xidmət müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün ƏDV xaric 400.000 (manat, yəni ƏDV daxil 472.000 manat, ilkin mediasiya sessiyası üçün 400 manat, əldən çıxmış fayda üçün 60.000 manat, ödənilmiş dövlət rüsumu üçün 30 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20.12.2019-cu il tarixli, 0811 saylı xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtinə görə, cavabdeh sifarişçi statusunda özünün geodeziya və idarəetmə işlərini icraçı qismində iddiaçıya həvalə edir və əvəzində onun dəyərini təşkil edən 400.000 (ƏDV-siz) manat pul vəsaitini iddiaçının hesabına köçürməli idi. Müqavilənin şərtinə görə, cavabdeh onlar tərəfindən təqdim edilmiş görülmüş işlərin hesabat sənədləri əsasında ilkin olaraq müqavilənin ümumi dəyərini təşkil edən 400000 manat pul vəsaitinin 25%-ni onların bank hesabına köçürməli idi. Yerdə qalan 75%-i isə təhvil-təslim aktı imzalandıqdan sonra 15 gün ərzində onların hesabına köçürülməli idi. Lakin bütün işlər onlar tərəfindən uğurla icra edilsə də, cavabdeh müqavilənin ümumi dəyərini təşkil edən 400.000 manat pul vəsaitindən heç bir ödəniş etməmiş və özünün öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə onların hüquqları kobud şəkildə pozulmuş, mənafelərinə ziyan vurulmuş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Müqavilə şərtlərinə uyğun vicdanla yerinə yetirdikləri işin dəyərini ala bilməmişlər. Nəticədə bu illər ərzində maddi itkilərlə qarşılaşmış, işlərin yerinə yetirilməsi zamanı avadanlıqların istismar xərclərini qarşılaya bilməmişlər. Odur ki, artıq hüquqlarının məhkəmə müdafiəsinə ehtiyac yaranmışdır. Çünki cavabdehdən haqları olan pulu başqa cür almaq imkanı yoxdur. Hazırki vəziyyətdə bu iş üzrə çəkdikləri əldən çıxmış faydanın ümumi həcmini müqavilənin dəyərini təşkil edən 400.000 manat pul vəsaitinin 15%-i həcmində qiymətləndirirlər ki, bu məbləğ də 60.000 manat təşkil edir və onun təmin edilməsi qanunvericiliyin ümumi prinsiplərindən irəli gəlir. Qanunvericiliyin tələblərinə görə, kommersiya mübahisələrinin məhkəmədə tənzimlənməsindən öncə ilkin mediasiya sessiyasından keçməsi tələb olunur. Bu məqsədlə 15.09.2021-ci il tarixində Mediasiya Şurasının üzvü, mediator İlham Mehtiyev tərəfindən keçirilmiş ilkin mediasiya sessiyasında cavandeh iştirak etməkdən boyun qaçırmışdır. İlkin mediasiya sessiyası barəsində cavabdehə 5 gün əvvəlcədən poçt rabitəsi vasitəsilə məlumat verilsə də, son nəticədə cavabdeh tərəf mediasiya prosesindən qərəzli şəkildə yayınmışdır. Beləliklə, işin məhkəmələr tərəfindən tənzimlənməsinə zərurət yaranmışdır. İlkin mediasiya sessiyası üçün Mediasiya Şurasına 400 manat pul vəsaiti köçürtmüşlər. Həmin vəsaitin də iddia tələbinə daxil edilməsi və məhkəmə tərəfindən təmin edilməsi zərurətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi mübahisəli xidmət müqaviləsi üzrə iddiaçıya borclarının olduğunu etiraf etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 20 dekabr 2019-cu il tarixdə 0811 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı tərəfindən sifarişçinin geodeziya və idarəetmə işləri yerinə yetiriləcək, sifarişçi tərəfindən isə həmin işlərin və bu müqavilə ilə müəyyən olunmuş dəyərini, nəzərdə tutulmuş şərtlər əsasında icraçıya haqq ödəməsini təmin ediləcəkdir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən müqavilənin ümumi qiyməti (ƏDV-siz) 400.000 manat təşkil edir. 1.1-ci bəndinə əsasən icraçının təqdim ediləcək yerinə yetirilmiş işlərin hesablaşma sənədlərinə əsasən sifarişçi dəyərin ilk 25%-ni avans şəklində xidmət göstərən icraçının bank hesabına köçürür. İcraçı tərəfindən göstərilən işlərin sifarişçini qane edən tərzdə tam şəkildə təsdiq edən ikitərəfli Təhvil-Təslim Aktı imzalandığı tarixdən sonra sifarişçi müqavilənin ümumi qiymətinin qalan 75% məbləğini hesablaşma sənədlərinə əsasən 15 bank günü ərzində icraçıya ödəyəcəkdir. 2.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 4 ay müddətinədək etibarlı hesab olunur. 4.1-ci bəndinə əsasən bu müqavilədən irəli gələn və tərəflər arasında müzakirə yolu ilə həll oluna bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll olunacaqdır. Müqavilə sifarişçinin və icraçının imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan qiymət razılaşdırılma protokolunda görüləcək geodeziya işlərinin qiyməti cəmi (ƏDV-siz) 400.000 manat məbləğində müəyyən edilmişdir. Protokol hər iki tərəfin imzası və möhürü ilə müvafiq olaraq təsdiq edilmiş və razılaşdırılmışdır. - 20 dekabr 2019-cu il, 0811 saylı xidməti müqaviləyə və qiymət razılaşdırılma protokoluna əsasən 21.01.2020-28.09.2020-ci il tarixli dövrləri əhatə edən İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş aktlarda “Ümid-Babək” dəniz blokunun işlənmə layihəsi çərçivəsində Daşgil Terminalının tikintisi obyektində müxtəlif səpkili geodeziya işlərinin görüldüyü qeyd olunmuşdur. Aktlar hər iki tərəfin imzası və möhürü ilə müvafiq olaraq təsdiq edilmiş və razılaşdırılmışdır. - 13.10.2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında tərtib edilmiş dolğukipləşdirmə işləri haqqında aktlarda (o cümlədən cizgilərdə) “Ümid-Babək” dəniz blokunun işlənmə layihəsi çərçivəsində Daşgil Terminalının tikintisi obyekti üzrə qoşmadakı topoqrafik cizgilərə və layihə tələblərinə uyğun olaraq ərazinin müvafiq olaraq “A”, “B”, “C”, “D”, “G” və “H” sektorlarında dolğu-kipləşdirmə işləri tamamlandığı və “Neftqaztikinti” trestinə təhvil verildiyi qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya (xəbərdarlıq) məktubu ünvanlanaraq şirkətə olan borcun 01.10.2021-ci il tarixinə qədər ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə aidiyyəti orqanlara müraciət edəcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20 dekabr 2019-cu il tarixdə 0811 saylı geodeziya işləri üzrə xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə geodeziya işləri üzrə xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətlərin haqqını ödəməmiş, nəticədə iddiaçıya ƏDV daxil 472000 manat (ƏDV-siz 400.000 manat) məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə İddiaçı MMC-yə ƏDV daxil 472.000 (ƏDV-siz 400.000) manat məbləğində borcunun yarandığını, İddiaçı MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas borcunun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, cavabdehdən ƏDV daxil 472.000 (ƏDV-siz 400.000) manat məbləğində əsas borc tutulmalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində əldən çıxmış faydaya görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən (AR Mərkəzi Bankının) bank uçot dərəcəsi ilə hesablanmış 60.000 manat məbləğində faizlərin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas müəyyən edilmir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən (yəni 88,72%) təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 350 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20 dekabr 2019-cu il tarixdə 0811 saylı xidmət müqaviləsi üzrə ƏDV daxil 472.000 (dörd yüz yetmiş iki min) manat məbləğində borc və mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyevaİnvestisiya Korporasiyası” ASC-yə göndərilmişdir.edilərək eitəsilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar